Ömürdən qalan izlər
Uzun
müddətdir ki, Qərbi Azərbaycanın ən
böyük kəndlərindən biri olan Güllübulaq və
onun ziyalıları ilə bağlı bir kitab üzərində
işləyirəm. Kitabın maraqlı fəsillərindən
biri də bu yaxınlarda dünyasını dəyişmiş
Ermənistanın ilk azərbaycanlı qadın Əməkdar
müəllimi Şəfiqə xanım Məhərrəmovaya
(Avşarova) həsr olunmuşdur. Şəfiqə
xanımın ruhu qarşısında sonsuz ehtiramla baş əyərək
kitabdakı bəzi məqamları hörmətli oxuculara təqdim
etməyi özümə mənəvi borc bildim.
Qərbi
Azərbaycanın Ağbaba mahalının ucqar rayonlarından
biri olan Amasiya Türkiyə və Gürcüstanla həmsərhəd
bir ərazidə yerləşir. Ağbaba mahalının
yalnız bu rayonunun əhalisinin böyük əksəriyyəti
azəri türklərindən ibarət idi. 1988-ci ilin
statistikasına görə Amasiyada 21 min nəfər əhali
yaşayırdı ki, onların da 18 mindən çoxunu azərbaycanlılar,
3 minə qədərini isə ermənilər təşkil
edirdi. Rayonda 27 kənd var idi. Bu kəndlərin iyirmi birində
azərbaycanlılar, beşində ermənilər, rayon mərkəzi
Amasiyada isə ermənilərlə azərbaycanlılar
qarışıq yaşayırdılar. Güllübulaq kəndi
yalnız Amasiyanın yox, Qərbi Azərbaycanın ən
böyük azərbaycanlı kəndlərindən biri idi.
1988-ci ilin statistikasına əsasən, 3147 nəfər əhalisi
olan bu kəndin tarixi çox-çox uzaqlara gedib
çıxır. Belə ki, ötən əsrin əvvəllərində
Güllübulaq kəndində ibtidai rus-tatar məktəbi fəaliyyət
göstərib. Kənddə yüksək biliyə malik təqribən
70-dən çox din xadimi - 6 Axund, 5 Hacı, 36 Kərbəlayi,
18 Məşədi və çox savadlı mollalar olub.
Güllübulaq kəndi ziyalı və təhsilli
insanların sayına görə Ağbaba mahalında digər
kəndlərdən öndə gedib. Güllübulaqda elə
bir ailə tapmaq olmazdı ki, o evdə heç olmazsa, bir-iki nəfər
ali təhsilli olmasın. Təkcə kəndin bir məhəlləsində
- Dığırlıda yüzdən çox ali təhsilli
müxtəlif elm və peşə sahibləri var idi. Yalnız 1965/1966-cı tədris
ilində Güllübulaq kənd orta məktəbini bitirən
məzunlardan 12 nəfəri qızıl və
gümüş medallar almışlar ki, onların da demək
olar ki, hamısı birinci imtahandan əla qiymət alaraq
müxtəlif qabaqcıl ali məktəblərin nüfuzlu
ixtisaslarına qəbul olunmuşdular.
Xüsusi vurğulanmalıdır ki, Güllübulaq kəndində
elm və təhsilə olan bu cür yüksək
marağın yaranmasında vaxtilə açıqfikirli din
xadimlərinin ənənə xarakteri daşıyan tövsiyələrinin
əhəmiyyətli rolu olmuşdur. Kəndin din xadimlərinin
böyük bir dəstəsi xalq arasında elmi, savadı təbliğ
etməklə yanaşı ətraf kənd və mahallarda da
nüfuz sahibinə çevrilmişdilər. Deyilənlərə
görə, rusların Ağbabanı işğalından
sonra Türkiyədən Gümrüyə
köçürülən ermənilərin birinə məktub
gəlir. Məktub ağ vərəqədən
ibarət imiş. Məktubu alan şəxs
ağ vərəqdə nəyə işarə olunduğunu
anlaya bilmir. Çox axtardıqdan sonra ona deyirlər ki, Güllübulaqda
Molla Hacı Baba adlı mötəbər bir şəxs
yaşayır, bilsə-bilsə bu sirri o bilər. Məktubu
ona gətirib ağ vərəqin sirrini
açmasını xahiş edirlər. Molla
Hacı Baba məktuba baxıb pəncərələri
bağladır. Bir şam yandırıb
onun işığında yazılanları oxuyur. Deyir ki, məktub sarımsağın dişləri
ilə yazılıb, ona görə də hərflər
oxunmur. Hamı onun elminə "əhsən"
deyir.
Güllübulaqla bağlı bu cür əhvalatlar
çoxdur. Bunlardan birini qeyd etməklə demək istəyirəm
ki, belə bir tarixi-mədəni, dini-ürfani mühitdə
özünəməxsus elm və sənət ənənələri
yaranmışdı. Kəndin
tanınmış ziyalıları bu ənənələri
layiqincə yaşadıb nəsildən-nəslə
ötürdülər. Bu istiqamətdə
Güllübulaq kənd orta məktəbinin, onun
pedaqoqlarının böyük rolu var idi.
Belə unudulmaz pedaqoqlardan biri də Şəfiqə
xanım Məhərrəmova idi. O Şəfiqə xanım ki,
yalnız Güllübulaq kənd orta məktəbində
deyil, ətraf kəndlərdə də tanınıb sevilirdi.
Hamı onun adını böyük
sayğı və hörmətlə çəkirdi. Bu unudulmaz insan 40 ilə yaxın Amasiyanın müxtəlif
kəndlərində müəllimə işlədi.
İndi onun dərs dediyi uşaqların arasında neçə-neçə
tanınmış insan- alim, həkim, müəllim, mühəndis
var. Onlar harada Şəfiqə xanımı görsələr,
ehtiramla onun qarşısında dayanıb salam
verər, əhvalını soruşar və mütləq
keçmiş günlərdən yada salıb, şirin xatirələrdən
söhbət açardılar. Mənalı
ömürdən qalan izlər heç vaxt silinmir. Bu gün Şəfiqə xanım aramızda olmasa
da, adı və əməlləri yenə də tükənməz
məhəbbətlə anılır.
Ana yurda, doğma torpağa bağlılıq
insanları saflaşdırır, onları bu dünyanı
sevməyə və sevdirməyə, xeyirxahlığa,
qurub-yaratmağa çağırır. Görünür
ki, Şəfiqə xanımı da həyatın
daşlı-kəsəkli, dolanbac yollarında
ömür-gün yoldaşı Məmmədəli müəllimlə
birgə addımlamağa, böyük bir ailənin
qayğılarını zərif çiyinlərində
çəkməyə bu cür hisslər vadar edib. Şəfiqə xanım 1925-ci ildə İrəvan
şəhərində anadan olmuşdu. Dörd
qardaşın yeganə bacısı idi. Qədim
bir nəslin - Avşarların törəməsi olan bu nəsil
İrəvanda sayılıb-seçilən şəxsiyyətləri
ilə tanınırdı. Şəfiqə
xanımın atası Məşədi Ələsgər,
anası Zəhra xanım, ata nənəsi Hacı Səkinə,
babası Hacı Mehdi İrəvan elitasının
tanınmış nümayəndələri idilər. Məşədi Ələsgər maarifpərvər,
zəmanəsinin oxumuş, açıq
dünyagörüşlü adamlarından biri idi. Hacı Mehdi ağanın İrəvanda 50-yə
yaxın iri mülkü var idi. Uluxanlının
bir çox kəndləri Hacı Mehdiyə məxsus idi.
İrəvandakı keçmiş Lenin
meydanının yanındakı Mərkəzi poçtun
binası Hacı Mehdinin qızı Hacı Səkinənin
şəxsi mülkü olub.
Şəfiqə
xanımgil İrəvanın ən mərkəzi yerlərindən
birində - Daşlı küçədə yaşayırdılar. Türk və İran konsulluqları da burada yerləşirdi.
Konsulluğun yaxınlığında Ömər
Xəyyam küçəsindəki 17-ci və 19-cu binalar
onların şəxsi mülkləri idi. Daşlı
küçə ilə üzbəüz İrəvan
gimnaziyası yerləşirdi. Azərbaycanın
görkəmli şəxsiyyətləri Əziz Əliyev,
Mustafa Topçubaşov və başqaları bu gimnaziyada
oxumuşdular. Şəfiqə xanım ilk
təhsilini Haşımbəyin məktəbində
almışdı.
Evlərində böyüklərin söhbətlərindən
bilirdi ki, onların nəsli ermənilər tərəfindən
dəfələrlə deportasiyalara, zorakılıqlara məruz
qalıb. 1905-ci, 1917-1918-ci illərdə Şəfiqə
xanımın ailəsi ermənilərin İrəvandakı vəhşiliklərindən
baş götürüb İrana getməyə məcbur
olmuş, onların İrəvandakı mülklərini ermənilər
zəbt etmişdilər. Sovet hakimiyyəti
illərində Avşarlara, onların qohumlarına olan təzyiqlər
daha da güclənir. Şəfiqə
xanımın əmiləri təqiblərdən və təzyiqlərdən
yaxa qurtarmaq üçün Gəncəyə, anasının
əmisi Əhməd ağa isə əvvəlcə Şəkiyə,
sonra Bakıya köçməyə məcbur oldular. Azərbaycan Respublikasının Xalq artisti - əmisi
oğlu Muxtar Avşarovun ilk səhnə fəaliyyəti Gəncədə
keçib. Əhməd ağanın qızı biologiya
elmləri doktoru, professor Arifə Aydınbəyova
isə Azərbaycanda biologiya elminin inkişafında
böyük xidmətlər göstərmişdir.
Sonuncu -
1988-ci il deportasiyası Avşarlar nəslini
də pərən-pərən saldı. İndi
Avşarların didərgin övladları bir-birini axtara-axtara
qarlı dağların o üzündəki qürbətdə
qalan vətənə sarı boylanır, doğma yurda qayıdış,
düşməndən intiqam almaq ümidi ilə
yaşayıb-yaradırlar. Gün gələcək
qəbul olunmuş ədalətsiz fərmanlar,
imzalanmış sənədlər öz qüvvəsini itirəcək,
gec-tez haqq öz yerini tapacaq. Məşhur türk
ozanı Aşıq Dadaloğlunun bir qoşmasında deyildiyi
kimi: "Fərman padşahındı, dağlar bizimdir". Padşahların fərmanları dağlara, qayalara
heç nə edə bilməz. İllahda
ki, Avşar ellərinin köç elədiyi dağlar
yağı əllərində heç vaxt qalmayacaq.
Şəfiqə xanım evin tək qızı
olduğundan qardaşları onu çox istəyirdilər. Tez-tez İrəvanın
gəzib görməli yerlərinə seyrə
çıxırdılar. Sərdar
sarayı, İrəvan məscidi onların ən çox
sevdikləri yerlər idi. Bəzən
şəhərin yaxınlığındakı Toxmaq
gölünün sahilinə gedər, saatlarla onun ayna
sularına tamaşa etməkdən doymazdılar. Sonralar Şəfiqə xanım Amasiya rayonunun
Sultanabad kəndinə işləməyə gələndə
Arpa gölünün qırağında dolaşar, Keçəl
təpəyə, gölün o biri sahilində evləri
qaralan Güllücəyə, Quzukəndə, Qarabulağa
tamaşa edərdi. Bəlkə də,
İrəvanda yaşayan Şəfiqə xanımın xəyalına
gəlməzdi ki, o, haçansa ucqar dağ rayonlarının
birində - Amasiyada uzun illər müəllimə işləyəcək.
Bu qədim mahalın dağı, dərəsi, çayı,
çeşməsi ona doğmalaşacaq və nə vaxtsa o,
bu doğmalaşmış yerlərə həsrət
qalacaq, bütün azərbaycanlıları görünməmiş
vəhşiliklə bu torpaqlardan qovacaqlar.
Şəfiqə
xanım pedaqoji fəaliyyətə 1942-ci il
noyabrın 22-də Sultanabad kənd yeddiillik məktəbində
başlamışdı. O, İrəvan Azərbaycanlı
Pedaqoji Texnikumunun üçüncü kursunda oxuyarkən Ermənistan
Maarif Nazirliyinin səfərbərlik haqqında əmri
çıxdı. Kənd yerlərində müəllim
çatışmadığından oğlanları əsgərliyə gedən
texnikumun üçüncü kursunda oxuyan on üç nəfər
qızı Amasiya rayonunun kəndlərində işləmək
üçün səfərbərliyə aldılar. Şəfiqə xanım həmin tədris ilində
Sultanabadda işlədikdən sonra taleyini Güllübulaqla
bağladı. Müharibə davam edirdi,
atası Məşədi Ələsgər vəfat
etmişdi. Şəfiqə xanım İrəvana -
doğma ata torpağına qayıtmaq istəsə də, şəxsi həyatında baş
verən mühüm dəyişiklik- Böyük Vətən
Müharibəsi iştirakçısı, Güllübulaq kənd
orta məktəbində müəllim işləyən Məmmədəli
müəllimlə ailə həyatı qurması onu
ömürlük bu ellərə
bağladı.
Güllübulaq məktəbində müəllimə
işləyən Şəfiqə xanım, demək olar ki,
dincliyin nə olduğunu bilmirdi. Dərs demək, təsərrüfat
işləri ilə məşğul olmaq, ailə
qayğıları onun bütün vaxtını əlindən
alırdı. Bunlardan əlavə, Böyük Vətən
müharibəsi illərində Güllübulaqda
açılan toxuculuq sexinə rəhbərlik etmək, ərləri
müharibədə olan qadınlara təsəlli olmaq,
onların qayğısına qalmaq, bəzən dərddən
başını itirmək dərəcəsində olan dul
qadınlara təskinlik verib onları yaşamağa, həyatı
sevməyə ruhlandırmaq elə də asan məsələ
deyildi. Zaman bütün dərdləri
sağaldır. Get-gedə elə bil qara xəbərlər
adiləşdi. Ancaq yenə də qara xəbər alan qadınlardan kimsə toxuculuq sexində
işə çıxmayanda Şəfiqə xanımın
qayğıları birə-beş artırdı. Müharibənin öz qanunları var idi,
bütün itkilərə, iztirablara baxmayaraq verilən
tapşırıqlar yerinə yetirilməliydi. İşə
çıxmayan qadınların öhdəsinə düşən
norma mütləq ödənilməliydi. Belə vaxtlarda Şəfiqə xanım işçilərlə
birlikdə sexdə qalır, bəzən gecə
yarısınadək işləyib normanı ödəyirdilər.
Səhər tezdən sinif otaqlarında onu
gözləyən şagirdlərin qumral saçlarını
sığallayanda elə bil ona bütün dünyanı
bağışlayırdılar, dünənki yorğunluqdan əsər-əlamət
qalmırdı, özündə qəribə bir
yüngüllük hiss edirdi. Elə bil gecə
yarısınadək işləyib əldən-dildən
düşən o deyildi. İndi vaxtilə
həmin illərdə onun dərs dediyi uşaqlardan həyatda
qalanı da, dünyadan köçəni də var. Ancaq o
ağır illərin iztirabları da, sevinc və kədəri
də, nisgili, həsrəti ürəklərdə qalır.
Ailə qayğılarının
ağırlığına baxmayaraq, Şəfiqə
xanım kəndin ictimai işlərində fəal iştirak
edirdi. Elə bil Tanrı onu da, Məmmədəli müəllimi
də bir-biri üçün yaratmışdı. Məmmədəli
müəllim də, Şəfiqə xanım da kənddə
elə bir hadisə
olmazdı ki, orada fəal iştirak etməsinlər.
Müharibə illərində arxa cəbhədə
ictimai-siyasi vəziyyətə xüsusi diqqət yetirilir, əhali
arasında mənəvi tərbiyəyə böyük əhəmiyyət
verilirdi. Həmin dövrdə demək olar
ki, hər kənddə, hər qəsəbədə Qadınlar
Şurası təşkil olunmuşdu. 1970-ci
illərin əvvəllərinədək bu Şuranın rolu
böyük idi. Şəfiqə xanım
Güllübulaqda, Oxçoğluda Qadınlar
Şurasının sədri olarkən neçə-neçə
ailənin dağılmasının qarşısını
almış, neçəsinə xoşbəxtlik
qapısını açmışdı.
Qadın
istənilən cəmiyyətdə böyük rol oynayır.
Analıq şəfqəti, qadınlıq duyğusu bu zərif
məxluqlara ulu tanrının bəxş etdiyi əbədi
bir nemətdir. Bu nemətin işığında
tanrının hökmü ilə qadın ürəyi daha ədalətli,
daha mərhəmətli olur. Şəfiqə xanım bu neməti
qəlbində gəzdirə-gəzdirə cəmiyyətdə
və ailədə heç vaxt laqeyd mövqe
tutmamışdır. Uzaqgörən və geniş
dünyagörüşlü valideynlər kimi Məmmədəli
müəllimlə Şəfiqə xanıma tanrı yalnız bu günlər üçün deyil, gələcək
günlər, cəmiyyətin mənafeyi üçün
dörd oğul, üç qız bəxş etmişdi.
Onların yetişdirdiyi övladlar, nəvələr bu
gün Azərbaycan cəmiyyətində özünəməxsus
yer tutan nüfuz sahibləri, akademik, ictimai xadimdirlər. Məmmədəli
müəllim bəzən işdən yorğun gələndə,
xüsusən kolxoz sədri işlədiyi dövrlərdə
uşaqlara o qədər də diqqət yetirə bilmirdi.
Dövlət planlarının yerinə yetirilməsi, müxtəlif
öhdəliklər, uzun-uzadı sürən iclaslar,
kolxozçuların qayğıları onu həddən
artıq yorurdu. Belə anlarda Şəfiqə xanım
analıq duyğusu və sövq-təbii ilə hiss edirdi ki,
uşaqların təlim-tərbiyəsi Məmmədəli
müəllimin bir dəqiqə də olsun yadından
çıxmır. Ona görə də Şəfiqə
xanım Məmmədəli müəllimin müəyyənləşdirdiyi
tərbiyə prinsiplərinə, ailə intizamına ciddi əməl
edirdi. Bu prinsiplər onun övladlarının həyatdakı
gələcək uğurlarının bünövrəsi idi.
Güllübulaqlılar da bunu görür, Şəfiqə
xanımın yalnız öz övladlarına deyil,
bütün kənd uşaqlarına göstərdiyi analıq
məhəbbətinin, müəllim əməyinin mütləq
bəhrə verəcəyinə ürəkdən
inanırdılar.
Analar dünyada həmişə ucadır, əzizdir. Ulu tanrı onların ürəyinə işıq salıb ki, bu işıqdan hamıya zərrə-zərrə pay düşsün. Bu işığın zərrələrini daşıyanlardan biri də Şəfiqə xanım idi. Anaların anası, xanımların xanımı Şəfiqə xanım Məhərrəmova...Deyirlər insanlar cənnəti bu dünyada qazanırlar. Xeyirxah əməlləri, nəcib işləri, insanlara köməyi, bir də yaxşı övladları ilə. Bu amillərə görə Sizə cənnət qapıları açıq olmalıdır, Allah Sizə rəhmət eləsin, Şəfiqə xanım!
Avtandil AĞBABA
Respublikanın əməkdar jurnalisti
525-ci qəzet.-2014.-
30 aprel.- S.8.