"Bəşər şəklində Quran" - Nəsimi şeirində üzün vəsfi

 

 

 

Klassik şeirimizdə ayrı-ayrı üz cizgiləri ilə yanaşı, üzün özünün vəsfi də mühüm yer tutur. Qurani- Kərimdə yer üzərində hər şeyin fani olması, yalnız əzəmət və kərəm sahibi olan Allahın Üzünün əbədi qalacağı bildirilir (Q. 55: 26-27). Digər şairlərlə müqayisədə üzün vəsfi Nəsimi şeirində daha çalarlı, daha rəngarəngdir.  Nəsimi şeirində Gözəlin üzü ilə bağlı metaforlar bir qayda olaraq müqəddəs kitab və onun çeşidli variantları, yəni Quran və onun adları, atributları ətrafında cərəyan edir. Hürufilikdə Kamil İnsan Haqqın manifestasiyası olduğu kimi, həm də müqəddəs yazını əks etdirir. Təsadüfi deyil ki, Nəsimi Gözəlinin üzü daha çox Qurana və Quranı bildirən, lakin müəyyən məna fərqlərini də əks etdirən Müshəf, Umm əl-Kitab, Fürqan, Nur və s. bənzədilir. Təfsir kitablarından hər bir adın özünəxas cəhətlərə malik olub öz aralarında fərqləndikləri anlaşıldığı kimi, öz-özlüyündə Qurana fərqli, batini yanaşma əks etdirən Nəsimi şeirində də hər bir adın öz mənası, öz çaları var. Bu yazıda müqəddəs kitabımızın birinci və ən əsas adı olan Quranın poetik mətnə Nəsimi Gözəlinin üz yazısı kimi cəlb edilməsini araşdırırıq.

 

Ümumiyyətlə, müfəssirlər bəzən Quranın bir sıra xüsusiyyətlərini bildirən məcid, kərim, əziz və s. təyinlərini də ad hesab edərək, onun doxsan doqquz adı olmasını bildirirlər. "Quran" adının əsasında "oxumaq", "qiraət" dayanır.  Müshəfdə kitabın özü, səhifələri, tərtib olunmuş bir nüsxəsi nəzərdə canlanır. Quranda Müshəf sözünə deyil, ona yaxın suhuf sözünə rast gəlinir (Q. 20:133; 87:19 və s.). Hədislərdə həm suhuf, həm müshəf işlənir.  Arami kökündən olan Furqan (Q. 2:185; 3:4; 8:29; 8:41; 25:1 və s.) haqqı batildən ayıran kitab olaraq dəyərləndirilir. Bəzən Fürqanı Quranla yanaşı müqəddəs kitabın ən mühüm adlarından sayırlar. Xüsusilə sufilər bu ada önəm verirdilər. Onların fikrincə, Quran elmləri bütöv, cəm halında ehtiva edir, Fürqan isə onları bir-birindən ayırıb fərqləndirir. Huda, Nur, Bəyan Quranın funksiyası, insanları Haqq yoluna çıxarması ilə bağlı adlardır. Ayrıca olaraq Kitab (Q. 2:213; 3:81; 5:48; 7:2; 14:1; 35:25; 40:70; 57:25 və s. ) sözünün özü isə "kətəbə" yazmaq ilə bağlı olub Quranın yazılı abidə olmasını vurğulayır, bununla da şifahi oxu ilə yazılı qeydləri fərqləndirir. Lövh-i Məhfuz (Q. 85-22) bütün müqəddəs kitabların əsasında dayanan meta-kitab, arxetipdir.  Ona çox yaxın olan Umm əl-Kitab (Q. 3:7; 13:39; 43:4) isə kitabın arxetipi olmaqla bərabər, həm də Fatihə surəsini bildirir. Tənzil isə Quranın nazil olmasını, özü də bir dəfəyə deyil, hissə-hissə nazil olmasını bildirir (Q. 26:192; 18:106).

İlk öncə qeyd etmək istərdim ki, son tədqiqatlarda müxtəlif mistik sistemlərdə insan bədəninin tutduğu yerə xüsusi diqqət yetirilir (məsələn, Şahzad Bəşirin "Sufi Bodies", Seyyid Hüseyn Nasrın, "The Wisdom of Body"əsərlərini qeyd etmək olar).  Digər mistik təlimlərlə müqayisədə İslam mistisizmdə ruh, can və bədən arasında ilişgi və vəhdət daha güclüdür. Sufi təlimində bu məsələdə iki cəhət diqqəti cəlb edir: Bir tərəfdən cismin, bədənin ruhi anlamları ifadə etməsi, digər tərəfdən isə ruhi anlamların, məfhumların özlərinin bir növ cisimləşməsi, bədən halına gəlməsi müşahidə olunur. Bəzi sufilər iddia edirdilər ki, peyğəmbərlərin, imam və övliyaların bədənində müqəddəs ruhlar qərar tutur, bəzən də daha irəli gedib onların bədəninin İlahi Zatın hicabı, pərdəsi olması fikrini irəli sürürdülər.  Şiə imamlarının "Bizim ruhlarımız bədənlərimiz, bədənlərimiz isə ruhlarımızdır" (arvahuna əcsəduna va əcsəduna  arvahuna) demələri, Seyyid Hüseyn Nasra görə,  esxatoloji və alximik mənalarla yanaşı, İslami düşüncədə həm də ruh, can və bədənin mütləq vəhdətinə işarə edir. Adəm övladının cismani varlığından öncə Nur-i Muhamməd (Məhəmmədin nuru) kimi tanınan lətif bir incinin yaranması sufi kosmogoniyasının əsas təlimlərindəndir. Amma bəzən klassik sufi traktatlarında bu lətif, ruhvari varlığın da yalnız lətif işıq, nur kimi deyil, bədəni, qaşı, gözü, əli, qolu və s. olan insan kimi təsvir olunmasını görürük, amma bu halda da bütün bu üzvlərin mücərrəd anlamları, ruhani, nurani, uca olanları ifadə etməsi vurğulanır (bax: Braginsky, "Universe-Man-Text). Mahmud Şəbüstərinin "Gülşən-i Raz" əsərində ayrı-ayrı üz cizgilərinin və bədən üzvlərinin sufizmdəki rəmzi mənaları incəliklərinə qədər açılır və ayrıca olaraq üzün Haqqın təcəllisi olması bildirilir: "Gözəl üzdə nur, lütf, rəhmət, yəni Camal sifətlərin təcəllisi müşahidə edilir" . Üzün xətt ilə bağlı mənaları barədə isə deyilir: "Üz Haqqın substansiyasına işarədir, ad və sifətlərin kəsrət aləmində təzahürü üzdə gerçəkləşir. Xətt isə ruhlar aləminin müəyyənlik qəlibində təzahürüdür, varlıq mərtəbəsində Haqqa və qeyb aləminin mahiyyətinə ən yaxın mərhələdir... Hüsn və Camalın timsalı olan üz Haqqın ad və sifətlərini tam əks etdirir." (tərc. Nəsib Göyüşovundur)

 

Təsəvvüf üzərində bərqərar olub onun bir sıra prinsiplərini inkişaf etdirmiş hürufilik təlimində bədən və üz cizgiləri ilə yanaşı, insanın dərisi də xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki,  Nəsiminin dərisi soyulmaqla qətlə yetirilməsi bu müdhiş edamın baş verdiyi zamandan bəri hər kəsin diqqətini cəlb etmişdir. Şairin bədəninə bu dərəcədə əzab verilməsi, özü də məhz dərisi ilə işgəncələrə məruz qoyulması düşündürməyə bilməz. Hürufilik tarixində Nəsimin rolu Fəzlullah Nəiminin rolu qədər böyükdür. Hürufiliyin əsas qaynağı olan "Cavidannamə" hələ də nəşr edilmədiyindən, bu təlimin bir çox prinsiplərini öyrənmək baxımından Nəsimi şeiri müstəsna əhəmiyyətə malikdir. Abdülbaki Gölpınarlının "Hurufi metnleri kataloqu"nda şairin Hürufiliklə bağlı Azəri türkcəsində yazdığı "Muqaddəmət əl-haqaiq" adlı bir nəsr əsərinin olması onun hürufiliyin yalnız şairi deyil, həm də mütəfəkkiri, ideoloqu olmasını düşünməyə əsas verir.  Təsadüfi deyildir ki, İbn Həcər Əsqilaninin "Ənbə əl-ğamr bi-əbnə əl-umr fi əl-tərix" əsərində hürufilik təliminin Suriya və Misirdə yalnız "hürüfiyyə" kimi deyil, "nəsimiyyə" kimi tanınması da bildirilir .

Nəsimi şeirində ruh və bədən anlamlarının yeri daim maraq doğurur. Məlumdur ki,  "Nəsimi" adi meh, külək olmayıb ilahi ruha, lətif substansiyaya işarədir; "Nəsimi" bir növ cisimsizlik, materiyadan uzaqlıqdır. Təbii ki, insan bədəninin ruh üçün bir qəfəs olması hürufilikdə də qəbul olunmuşdu. Bu mənada Nəsiminin bəzi beytləri ilə böyük ərəb filosof şairi Əbül-Əla əl-Məərrinin yaradıcılığı arasında da paralellər apara bilərik. Ruha bu qədər önəm verən şair bədənin, cismin hədsiz dərəcədə incidilməsi, üzülməsi ilə əlaqəli bir tərzdə qətlə yetirilmişdir. Orta əsrlərdə edam üsulları rəngarəng idi və edam hökmü verənlərin fantaziyası da sərhədsiz idi.  Böyük şairi isə məhz dərisi ilə qətlə yetirdilər. Nə üçün baş, bədən yox, məhz dəri? O dəri ki, o aşılanır, ondan vərəqlər, vərəqlərdən də kitablar hazırlanırdı. Qurani-Kərimdə müqəddəs kitabın aşılanmış dəri üzərində yazılması bildirilir: "Aşılanmış dəri üzərində yazılmış kitaba and olsun ki" - deyilir. (va kitəbin məsturin fi raqqin mənşurin, Q. 52: 2-3) Nəsimi şeirində də bu məna əks olunub:

 

Yeddi ayətdir ki, yazmış dəsti pakı ləm yəzəl

Xətti miskin, rəqq-i mənşur üstünə məsturdur.

 

Beytdə aşılanmış dəri Gözəlin üzü, dəri üzərindəki yazı isə hər biri bir Quran ayəsi sayılan anadangəlmə türk cərgələridir. Xətt adlanan bu cərgələr Quranın başlanğıcında yerləşən Fatihə surəsinin ayələri kimi yeddidir. Fatihə Umm əl-kitab (Kitabın anası) adlanır. İnsanı dünyaya gətirən ana (umm) - Həvva da öz-özlüyündə bir kitab olduğundan bu yeddi cərgə anadangəlmə tük sanki müqəddəs kitabın yazısıdır. İslami düşünə tərzində zahirdə olan hər bir şeyin bir batini olduğu kimi, bu yeddi cərgə tükün də batini vardır və beləliklə zahiri və batini mənalar birlikdə on dörd edir, bu isə müqəddəs 28 rəqəminin yarısıdır. Başqa bir beytində Nəsimi deyir:

 

Kuh-i Tur oldu vücudun rəqq-i mənşur ilə,

Eylə bil həqqi ki, şimdi "lən tərani" səndədir.

 

Tur dağı ilahi təcəllinin rəmzidir. Musa peyğəmbərə Allah Təala məhz dağda təcəlli etmişdir.  Həm də aşılanmış dəri (rəqq-i mənşur) ifadəsi Quranın məhz Tur surəsində yer alır. Hürufilikdə insan siması üzərində ilahi hikmətlər yazılmış aşılanmış dəri sayıldığından İlahi təcəllini xatırladır. Qurana görə, Allah Təala özünü Musa peyğəmbərə göstərməyərək,  "sən məni görə bilməzsən" - demişdir (Q. 7:143). Eynilə, İnsan simasının sirləri də görülməz. Məhz buna görə də, Nəsimi Tur dağında Allahın dilində səslənmiş "lən tərani"  sözlərini iqtibas kimi beytin içərisində verir.

Quranı insan dərisi üzərində yazılmış kitab kimi görən hürufi şair bəlkə də bu səbəbdən bu cür müdhiş bir tərzdə qətlə yetirilmişdi. Digər tərəfdən, şair özünü də mütəmadi olaraq kitab adlandırır. Aşağıdakı beytdə o, öz varlığı ilə Lövhü Məhfuzu, Tövrartı, Zəburu, peyğəmbərlərə nazil olan yazıları (suhuf) , həm də Quranı özündə cəmləşdirir:

 

Həm Lövh-i Tövratü Zəbur, İncili Fürqan-i suhuf,

Həm mən kəlam-i natiqəm, həm cəm-i Quran gəlmişəm.

 

Təbii ki, bu cür şeirlərdə əks olunmuş İnsan-Quran, İnsan-Yazı tipləri  hürufiliyə qədərki fikir tarixindən bol-bol bəhrələnmişdir. Hürufiliyin qaynaqları cərgəsində xüsusi yer tutan kabbalistikada yazı prosesinin özü yarıerotik və antropomorfik bir tərzdə təqdim edilir; burada yazı yazan qələm fallosla, qələmin ucundan daman mürəkkəb nütfə ilə, üzərində yazı yazılan vərəq isə qadın orqanizmi ilə müqayisə edilir. Hürufilikdə yazı prosesinin başlanğıcında olan nöqtə  (???? )  ilə insanın özəyi olan nütfənin (???? )  yazılış bənzərliyinin xüsusi vurğulanması bir növ bu cür fikirlərin davamıdır. Nəsimidən təxminən bir əsr öncə yaşamış Əzizəddin Nəsifi "Zübdət əl-Həqaiq" əsərində insanın makroaləm - kainat müqabilində mikroaləm olmasını bildirir. Makroaləm olan kainat isə öz-özlüyündə bir Kitabdır. Allahı dərk etməyin yolu onun yaratdığı bu Kitabı oxumaqdan keçir: " Biz insan övladları çox kiçik olduğumuz halda, bu kitab çox böyük idi və bizim baxışlarımız onu əhatə edib oxuya bilmirdi. Bu işdə bizim zəifliyimizi görən Uca Ustad Kitabın həcmini kiçiltdi. Birinci kitab böyük (makrokosmik) kitab, ikinci isə kiçik (mikrokosmik)  kitab oldu. Bu kiçik kitabı oxuyan hər kəs böyük kitabı oxumuş kimidir." (R. Şükürov, "Azizaddin Nasafi",)

Təsəvvüf tarixində Qurani-Kərimin müstəsna yeri danılmazdır. Aleksandr Knış bu barədə yazır ki, sufilər Quranın alleqorik mənalarına xüsusi önəm verir, onun ezoterik mənalarını anladıqlarını iddia edirdilər. Özlərinin ilahi vəhyə sadiqliyini bildirən sufilər öz əsərlərində Qurandan bir çox sitatlar gətirirdilər. Sufi təcrübəsində Quran qiraəti xüsusi önəm daşıyırdı. Səhl əl-Tustari (896 v.e.) yeddi yaşında ikən Quranı əzbər bilirdi. Malik ibn Dinar (748v.e.) həyatın həqiqi ləzzətini Quran oxumaqda (tilavət) görürdü. İbn Xəfif İxlas surəsini namaz zamanı bəzən minlərlə dəfə təkrarlayır, beləliklə də bütün gününü ibadətdə keçirirdi.   Bundan əlavə Qurani-Kərimdə Allahın İnsana yaxınlığını bildirən, Allahla insan arasındakı sevgini vurğulayan bir sıra ayələr (Q. 2:115; 5:54; 20:7; 50:16 və s.)  Sufilər tərəfindən öz doktrinalarının isbatı üçün daim vurğulanmışdır.

Quranın mətni, ayə və surələri sufilərin mistik təcrübəsində xüsusi yer tuturdu. İlahi vəcdəgəlmədə Quran ayələrinin oxunması və Allah Təalanın Gözəl Adlarının təkrarından ibarət olan zikr misilsiz nəticələr doğurur, İlahi varlığa qovuşmaq yolunda mühüm şərt sayılırdı. Cəfər əs-Sadiq (762 v.e.) demişdir: "Mən Quran  ayələrini qəlbimdə o qədər təkrarladım ki, axırda onları Uca Natiqin öz dilindən eşitdim".

Orta əsrlərdə batiniliklə bağlı təlimlərdə varlığın dörd mühüm cəhəti arasında sıx bağlılıq görürük: Allah, İnsan, Kainat və Müqəddəs yazı. Sufizmdə Kamil İnsan Mütləq İlahi Varlığın, eləcə də Müqəddəs Quranın manifestasiyası sayılır. Hürufilik əsas diqqəti Müqəddəs yazıya yetirib öz təlimini İlahi Kəlamı, səsləri ifadə edən hərflərin müqəddəsliyi üzərində qurur. Digər tərəfdən isə, başqa təlim və düşüncə tərzlərində olduğu kimi, bu məsələdə də zahir-batın məsələsi öndə dayanır. Yəni zahirdə gördüyümüz hərflərin arxasına gizli arxetipik yazı və hərflər olması da bildirilir.  Şahzad Bəşir göstərir ki, hürufiliyin özündən əvvəlki hərf təlimlərindən fərqi məhz meta-dil, arxetipik lisan anlamlarını araya gətirməsidir. Arxetipik lisanın adi lisandan, hərf və səslərdən fərqi odur ki, onlar görmə, eşitmə üzvləri ilə deyil, qəlblə dərk edilir. Bu dil varlığın əsasında dayanır. Fəzlullahın özündən əvvəlki ariflərdən fərqi məhz bu dili, arxetipik hərfləri bilməklə varlığın sirlərinə yiyələnməsidir. Beləliklə, hürufi təlimində İnsan, Allah və müqəddəs hərf, yazı anlamlarının sıx ilişgisi müşahidə olunur. Fəzlullaha görə, insanın namaz zamanı aldığı vəziyyətlər özü Allah (əlif, ləm və hə hərfləri) sözünü əks etdirir. Qiyama vəziyyəti əlifə, rüku ləmə, səcdə isə həyə bənzəyir.

Hərflərin məhz bu cür arxetipik mahiyyətini dərk etmək ilahi vəcdəgəlmə, mistik ekstaz halı yaşama tələb edir. Bu barədə azərbaycanlı mistik Eyn əl-Qüzat əl-Həmədani yazırdı:

"Heyhat! Quranda bizim gördüklərimiz yalnız  vərəq üzərindəki qara yazılardır. Nə qədər ki, sən vücudunlasan görünən yalnız bu qara və olacaq. Amma varlığından təcrid olduqdan sonra, Allahın kəlamı olan Quran səni öz mahiyyəti ilə bürüyür və sən Quranı bütün varlığınla təsdiq edirsən. Belə bir halda sən daha qara hərfləri və vərəqləri görmürsən. Ona görə də, ayədə "Umm əl-Kitab onun öz yanındadır" (Q.13-39) söylənilir. Ey igid! Quran bəşər nəslinə minlərlə pərdəyə bürünmüş bir halda nazil olub. Əgər bu kitabdakı bəsmələnin bə-sinin altındakı nöqtə yerə və ya göylərə düşərdisə, onlar hər kisi dağılıb yox olardı."

Nəsimi şeirində İnsan -Yazı, İnsan-Kitab konsepsiyalarının bir sıra maraqlı cəhətləri ilə rastlaşırıq:

 

Camey-i cümlə xəlayiq nüsxey-i Ummu l-Kitab

Olduğiçin, bu bəşər şəklində Quran göstərir.

 

Burada maraqlı cəhət insanın Qurana bənzədilməsi deyil, bəşər olmuş, insana dönmüş Qurandan bəhs edilməsidir. Korbinə görə, "Quran olmaq Allahın ad və atributlarını özündə əks etdirən Kamil İnsan mərtəbəsinə yüksəlməkdir". Hürufi şeirində Gözəlin üzünün müqəddəs kitaba, üz cizgilərinin Quranın ayə və surələrinə bənzədilməsi  poetik arsenalın əsas tutumunu təşkil edir. Hürufiliyə qədərki poeziyada da bu cür bənzətmələr çox olmuşdur, amma hürufilik  yazı ilə bağlı məcazlar sisteminə xüsusi önəm vermişdir. Yuxarıdakı şeirdə də gördüyümüz kimi, burada yalnız insan cizgiləri yazıya bənzədilməmiş, əks prosesə, yazının özünün insana çevrilməsinə də işarələr edilmişdir. Bu cəhətdən Nəsiminin şeiri ilə İbn Ərəbinin tərcümeyi-halı ilə bağlı bir rəvayət arasında paralelləri görməmək olmur. İbn Ərəbi çox gənc ikən ona qeyri-adi qabiliyyətlər verildikdən sonra bir müddət ağır xəstə yatır. Vəziyyəti o dərəcədə pis olur ki, canvermə halına gəlir və gözünə cürbəcür şeytanvari məxluqlar, dəhşətli surətlər görsənir. Bu zaman olduğca gözəl, insanı valeh edici ətri olan bir insan peyda olur. İbn Ərəbi, "Sən kimsən?" - deyə soruşur. O, "Mən Yasin surəsiyəm"-deyir. Bu zaman oğlunun ölüm ayağında olduğunu zənn edən atası həqiqətən də onun başının üstündə Yasin oxuyurdu (6, 39). Korbinə görə İlahi Kəlamın İnsanla birləşməsi dini düşüncə tarixində rast gəlinən bir haldır. Qurani-Kərimdə İsanın "Allahın Məryəmə çatdırdığı Söz" (Q. 4:171. (kəlimətuhu alqahə ilə Məryəm) olmasının bildirilməsi də buna sübutdur.

Qeyd etdiyimiz kimi, "Quran" sözünün mənası "qiraət", "oxu", "avazla oxuma"dır. Nəsimi şeirində sufi-hürufi ideyalarının əksi ilə yanaşı, Quranın adı ilə bağlı bu incəliklərin də xüsusi vurğulandığını görürük:

 

Kiprigin, qaşu zülfü rüxsarın,

Həqq kəlamıdır, oxu Quranı!

 

Bu beyt Quranın "İqra" (Oxu!) əmri ilə başlayan ilk ayəsini (Q. 96:1) xatırladır, amma burada oxunmalı olan Cəbrailin Məhəmməd peyğəmbərə (s.a.s.) göstərdiyi yazılar deyil, Gözəlin üz yazısıdır.

Sufi poeziyasında Gözəl anlamının əhatə dairəsi çox geniş olub Allahı, peyğəmbəri, imam və övliyaları, gözəl qadını, bığ yeri yenicə tərləmiş cavanı, ayrıca olaraq bidətçi cərəyanlarda ilahiləşdirilən ayrı-ayrı şəxsləri bildirir. Nəsimi şeirində bu çeşidli gözəllərdən biri və əsası Fəzlullah Nəimidir. Aşağıdakı beytdə Nəsimini natiq edənin Fəzlullah olduğu görsənir. Beytdə "natiq" və "qövl" sözlərinin işlənməsi ilə müqəddəs kitabın müxtəlif adları içərisində Quranın məhz oxu, şifahi nitqlə əlaqəli olması bir daha vurğulanır. Beləliklə, Nəsimi qarşısına əsas məqsəd olaraq hürufi təliminin təbliğini qoysa da, şeirlərini Quranın ümumi çərçivəsi əhatəsində səsləndirir. Bu hal onun  Müshəf, Lövh-i Məhfuz, Furqan və b. Quran adları ilə bağlı beytlərində də özünü göstərir, yəni Gözəlin üzü bənzədiyi kitabın məhz Qurandakı əlamətlərini xatırladır:

 

Çün Nəsimidir bu gün Quran-i natiq Fəzl ilə,

Sirr-i Yəzdan, Nur-i Sübhan, qövl-i Quran oldu faş.

 

Təbii ki, Quranın qiraəti olan yerdə onun xətmi də olur. Nəsimi Quranın məhz Gözəlin camalında xətm olunduğunu bildirir:

 

Ey camalın səfhəsində xətmi-Quran buldum uş,

Saçının hər tarəsində küfr-ü iman buldum uş.

 

Nəsimi şeirində bəzi məqamlarda Gözəlin üzü Qurana bənzədilərkən, cəm  sözü ilə də üzləşirik. Aşağıdakı beytdə də bu görsənir. Beyt Qurani-Kərimin əl-Qiyamət surəsinin 16-17 ayələri ilə bağlıdır: "Quranı tələsik öyrənmək üçün dilini tərpətmə, Onun cəm edilməsi və qiraəti bizə aiddir" (lə tuharrik bihi lisənəkə litəcalə bihi, innə aleynə cəmahu va Quranəhu Q. 75:17-18). Nəsimi deyir:

 

Aleynə cəmahu bəs lə tuhərrik,

Günəş müstəğnidir şərhi bəyandan.

 

Gördüyümüz kimi, Nəsimi bu beytdə Qurandan birbaşa iqtibaslar (Aleynə cəmahu, lə tuhərrik) gətirmişdir. Quranın Sufi təfsirlərində bu ayələrə xüsusi diqqət yetirilir. əl- Suləmi (h. 412) Haqaiq əl-Təfsir əsərində "cəm" sözünün batini sirləri, "qiraət"in isə zahiri tərəfləri, aşkarlığı bildirdiyini söyləyir və Peyğəmbərdən deyilən bir hədisə istinadən Quranın cəminin qəlblə əlaqəli olduğunu, yəni Quranın insanın qəlbində cəmləndiyini, hifz olunduğunu, lakin qiraətlə onun dilində səsləndiyini bildirir. Bir az öncə Eynəl Qüzat əl-Həmədaninin Quranı dərk etmək üçün insanın fəna halı yaşamasının labüdlüyünü söylədiyini qeyd etmişdik. Oxşar fikirlər İbn Ərəbidə də səslənir. Yuxarıdakı ayəni şərh edən sufi mütəfəkkiri deyir: "Sənə vəhy nazil olarkən onu qəbul etməyə tələsirsən. Bu sənin günahın olub vücudunun hicabından qurtulmamağından doğur...Qoy Quran səninlə vəhdət məqamında birləşsin, onda onun qiraəti bəzə aid olacaq (Quranı Allahın dilindən eşidəcəksən-A.Q.), bu zaman (vücudundan uzaqlaşıb) fəna halına düşəcəksən. Belə ki, sən aynül-cəmdə olub vücudunu itirəcəksən.

Başqa bir beyt:

 

Gəl ey Hüseyni came ol, sən ruh-i qüdsidən yanə,

Gördün yəqin çün hər nəfəs avazey-i Quran gəlir.

 

Ruh-i qüdsi Qurani-Kərimi nazil etmiş Cəbraildır (ə). Quran İnsanda,  bu şeirdə isə konkret olaraq Nəsimidə  cəm olmuşdur, ona görə də şairin hər nəfəsi, hər sözü ilə Quranın avazı gəlir.

Nəsimi şeirində məcazi bir tərzdə Gözəlin üz yazısı kimi təsvir olunan Quran iki cəhətdən maraq doğurur. Bir tərəfdən bu, İnsan və Müqəddəs yazının vəhdəti ilə bağlı hürufiliyə qədərki təlimlərlə səsləşir, digər tərəfdən isə bu mənalara sırf hərf simvolikası ilə bağlı çalarlar vurulur. Onu da qeyd etmək lazımdır ki, şair Quranın müxtəlif adlarına müraciətdə onların fərqli cəhətlərini də nəzərə alır və şeirlərində Quranın öz mətni ilə səsləşən fikir harmoniyası yaradır. Bu hal onun Quranın digər adları  - Müshəf, Fürqan, Umm əl-Kitab, Lövh-ü Məhfuz və s. ilə bağlı beytlərində də özünü göstərir.

 

 

Aida QASIMOVA

Bakı Dövlət Universiteti

aida_shahlar@mail.ru

525-ci qəzet.- 2014.- 30 aprel.- S.7.