Azərbaycanın və dünyanın nadir mədəniyyət xəzinəsi – Miniatür Kitab Muzeyi
“Kitab
heç
aldatmayan bir yoldaşdır” – deyib
dahilərdən biri.
Kitablar ölçülərinə
görə fərqlənməz,
əhəmiyyətinə görə
seçilər. Ancaq ölçüləri ilə seçilən kitablar da var. Bakıda analoqu olmayan bir kitab
muzeyi var ki, dünyanın ən kiçik kitabları burada toplanıb. Bu kitabların ölçüsü
kiçik olsa da dəyəri böyükdür. Onlar həmişə
öz zərif, nəfis tərtibatı ilə diqqəti cəlb edib. Bu cür kitablar
qədim zamanlardan indiyədək sevilən və yaşayan sənət incisi kimi qiymətləndirilib.
Kiçik həcmi və
ölçüsü onları
insanların dostuna, yol yoldaşına çevirib. Qədim Şərqdə
və Qərbdə incəsənət nümunəsi
kimi dəyərləndirilən
miniatür kitablar həmişə bilik mənbəyi, maariflənmə
vasitəsi kimi geniş yayılıb, populyarlıq qazanıb.
Bu üstünlüklərinə
görə miniatür
kitablar uzaq səfərə çıxan
insanları daha çox cəlb edib. Qədim zamanlarda belə
kitablar daha çox dini mətnləri əks etdirərdi. Onlar ən
çox əlyazma şəklində olur, təsviri sənət təsiri bağışlayardı.
Müasir dövrdə müxtəlif
çeşid və məzmunda bu cür kitablar buraxılır. Kiçik ölçülü
həmin nəşrlər
indi yalnız bilik vermək, mütərəqqi ideyalar
yaymaq vəzifəsini
daşımır. İndi miniatür
kitablar daha çox hobbiyə çevrilib, onları sevən insanların maraq dünyasından xəbər verir, ümumiyyətlə, hamıda
xoş duyğular oyadır. Bu kitablar zövq
oxşasa da, onları toplamaq, kolleksiyalar düzəltmək
böyük hövsələ
və səbir tələb edən işdir. Ona görə də
dünyada belə insanların sayı çox azdır, bəlkə də hər ölkədə onları barmaqla saymaq olar. Bu cür nadir insanlardan
biri Bakıdakı Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə xanım Salahovadır.
Zərifə Salahova Bakının qədim ziyalı kökləri olan əsilzadə nəsillərindən
birinin övladıdır. Görkəmli
ictimai xadim Zərifə xanım
1932-ci il fevralın
2-də Bakı şəhərində doğulub.
1952-ci ildə Sabir adına Pedaqoji
məktəbi bitirib.
1952-1956-cı illərdə M.F.Axundov adına
Azərbaycan Pedaqoji İnstitutunda filoloq təhsili alıb. 10 ildən çox
Azərbaycan KP MK-nin təşkilat-partiya işi
şöbəsinin partiya
informasiya sektorunun müdiri olub.
1993-cü ildən isə “Kitab” Cəmiyyəti İdarə
Heyətinin sədridir.
Azərbaycanın Əməkdar Mədəniyyət
İşçisidir.
Ataların bir misalı
var: “Ot öz kökü üstə bitər”. Zərifə
xanımın da ən yaxşı xüsusiyyətləri məhz
həmin kökdən
qidalanıb. Belə
ki, onun doğulub böyüdüyü
ailədə Azərbaycanın
dünya şöhrətli
rəssamı Tahir Salahov, rəssam-kalliqraf Sabir Salahov, sənətşünas Mahir
Salahov, ədəbiyyatçı
Leyla Salahova kimi xalqına gərəkli olan şəxsiyyətlər də
yetişiblər.
Zərifə xanım bir çox vəzifələrdə
çalışsa da,
özünün ən
sevimli işi bu qeyri-adi kitabları
yığmaq olub. Lakin miniatür
kitablar kolleksiyasını
toplamaq ideyası tamamilə təsadüfən
ortaya çıxıb.
1982-ci ilin noyabrında
Moskvada, Ümumittifaq Könüllü Kitabsevərlər
Cəmiyyətində Zərifə
xamıma İ.Krılovun
təmsillərinin tam külliyyatının
kiçik formatlı faksimile nəşrini 23 rubla almağı təklif ediblər. Bu zaman pul ödəyərkən orada
ilk dəfə mini kitablara
rast gəlib. O gündən etibarən mini
kitablar kolleksiyasını
toplamağa başlayıb.
Bu gün isə
artıq bu kolleksiya nümunələri
Miniatür Kitab Muzeyində toplanıb.
Miniatür Kitab Muzeyi
2002-ci il aprelin 23-dən fəaliyyətə
başlayıb. Bu tarix isə təsadüfi seçilməyib.
Dünya ədəbiyyatının
klassikləri Vilyam Şekspir və Migel Servantes eyni gündə – 1616-cı il aprelin 23-də vəfat ediblər.
UNESCO-nun qərarı ilə
bu iki dahi
şəxsiyyətin xatirəsini
əbədiləşdirmək məqsədilə hər
il aprelin
23-ü bütün dünyada
Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü
kimi qeyd edilir.
İçərişəhərin sakit güşələrindən
birində – Şirvanşahlar
Sarayının bir neçə addımlığında
yerləşən bu muzeyin eksponatları bapbalaca kitablardır.
Zərifə xanım
30 il ərzində 7000-dən çox miniatür kitab toplayıb. Bu gün muzeydə 145 kv.m-lik sahədəki 37 şüşə vitrində
dünyanın 71 ölkəsində
nəşr edilən 5500 kitab saxlanılır. Ekspozisiyada nümayiş etdirilən
mikro-kitabların üçü
ən nadir nüsxələrdir.
Yaponiyanın “Toppan” nəşriyyatının
buraxdığı həmin
nəşrlərin ölçüsü
2x2 mm-dir. Muzey ekspozisiyası
ilə tanışlıq
Azərbaycanda nəşr
edilən kitablardan başlanılır. Bunlar
fəaliyyəti geniş
əks olunan ümummilli
lider Heydər Əliyev haqqında və Azərbaycanın daxili və xarici siyasətində baş verən hadisələr barədə
olan miniatür kitablardır. Burada həmçinin Azərbaycan
ədəbiyyatının klassikləri,
elm və incəsənət
xadimləri geniş təqdim olunur. Bu kimi nəşrlər Nizami, Füzuli, Nəsimi, Vaqif, Natəvan, M.F. Axundov, Səməd Vurğun, Mir Cəlal Paşayev, İlyas Əfəndiyev, Üzeyir Hacıbəyli, Qara Qarayev, Bülbül,
Şəmsi Bədəlbəyli,
Fərhad Bədəlbəyli,
Hüseyn Əliyev və Tahir Salahovla
bağlı kitablardır.
Türkiyə dövlətinin banisi
Mustafa Kamal Atatürkün
üçcildliyi, “Fidel Kastro-
Kuba xalqının lideri” ikicildliyi də muzeydə öz yerini alıb. Rus şair və
yazıçıları, alimləri
– M.Qorki, S.Yesenin, R.Kazakova, A.Safronov və başqaları haqqında da muzeydə kitablar var.
Muzeydə ən qədim kitab Səudiyyə Ərəbistanında XVII əsrdə
nəşr olunan “Qurani-Kərim”dir. Burada həmçinin digər səmavi
dinlərlə bağlı
nəşrlər – “İncil”
(1906), katolik dua kitabçası, Tövrat,
“Buddist hekayələri”
toplanıb. 60 ölkədən gətirilən
bu miniatür kitablar Azərbaycan, ingilis, rus, alman
dillərindədir.
Muzeydəki vitrinlərin birində uzun müddət bağlı olduğumuz qonşu Rusiyanın tarixini əks etdirən, Romanovlar rus imperator sülaləsi, çar nazirləri haqqında kitablar sərgilənir. V. Qilyarovskinin Moskva haqqında 5 cildlik hekayələri, “Moskvanın fəxri vətəndaşları” seriyası, keçmiş SSRİ-nin, Rusiya Federasiyasının və sovet sosialist respublikalarının himni və konstitusiyaları da cəlbedici nəşrlərdir. Puşkin yaradıcılığı burada keçmiş SSRİ-də, Rusiyada və uzaq xaricdə nəşr edilən 350 miniatürlə təmsil olunur. Muzeyə gələnlərin diqqətini Omskda , Sankt-Peterburqda nəşr edilən kitablar və E. Nasibulinin illustrasiya etdiyi miniatürlər cəlb edir.
Muzeyə kitablar, əsasən, hədiyyə şəklində verilir. Muzeydəki ən kiçik kitab güllər haqda 22 səhifədən ibarət nəşrdir. Yaponiyada nəşr olunan bu kitabın ölçüsü 0,75 mmdir. Kitab o qədər kiçikdir ki, onu adi gözlə görmək mümkün deyil. Bu kitabları oxumaq üçün onların yanındakı xüsusi lupalardan istifadə olunur. Kolleksiyadakı digər ən kiçik kitablar da Yaponiyada çap edilib. Bu kitablar “Doğum daşı”, “Zodiak nişanları və onun rəmzləri”, “Güllərin dili” adlanır.
Miniatür Kitab
Muzeyinə, ötən 11 ildən çox müddətdə
190 mindən çox ziyarətçi gəlib.
Onlar arasında yaşlılar, uşaqlar, tələbələr, məktəblilər
və respublikaya gələn turistlər var. Bura gələn turistləri
heyrət bürüyür. Çünki dünyanın heç
bir yerində belə bir
muzey yoxdur. Düzdür, beynəlxalq tədbirlərdə
miniatür kitablar
ayrıca guşələrdə sərgilənir, amma tam halda
miniatür nəşrlər muzeyi başqa heç bir ölkədə
fəaliyyət göstərmir. Muzeyə gələnlər üçün rəy kitabı qoyulub. Ziyarətçilər öz
qeydlərində bu heyrətamiz, misilsiz kolleksiyaya görə
Zərifə xanım Salahovaya səmimi
minnətdarlıqlarını bildirirlər. Bu
kitabda nəsrlə və şeirlə
yazılan 9900-dən çox rəy var. Muzey bazar
ertəsi və cümə axşamından başqa
hər gün saat 11-dən
17:00-dək, giriş pulsuz
olmaqla fəaliyyət göstərir.
Samirə QULİYEVA
525-ci qəzet.-2014.-2
avqust.-S.25.