Mir Möhsün Nəvvabın poeziyası
Paşa ƏLİOĞLU
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun direktor əvəzi
XIX əsrin
ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatının, Qarabağ ədəbi mühitinin
inkişafında özünəməxsus rolu olmuş şəxsiyyətlərdən
biri də dövrünün ensiklopedik zəkaya malik
ziyalısı, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi
Mir Möhsün Hacı Seyid Əhməd oğlu Nəvvab
Ağamirzadə (1833-1916) olmuşdur. Akademik Feyzulla Qasımzadə
Şuşa şairlərinin “Məclisi-fəramuşan”
adlı ədəbi məclisinin yaradıcısı və rəhbəri
Mir Möhsünün xidmətləri barədə yazır:
“Məclisin rəhbəri Mir Möhsün ağa Nəvvab
köhnə təhsil almasına baxmayaraq, yeniliyə meyl
edirdi; mədəni mərkəzlərlə əlaqə
saxlayır, məclis üzvlərini dünya hadisələri
və mədəni yeniliklərlə tanış etmək
üçün Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya”,
“Kəşkül” qəzetlərini, Hindistandan fars dilində nəşr
olunan “Həblül-mətin” məcmuəsini alırdı”.
Elmin müxtəlif sahələrini kamil bilən Nəvvab
30-dan artıq əsər müəllifidir. Bunların içində “Kəşfül-həqiqə”
(3 cilddə), “Bərhül-hüzən”, “Kənzül-mühən”,
“Vüzuhül-ərqam”, “Təzkireyi-Nəvvab”, “Məzamir”,
“Şəmsül-hidayə”, “Şərhi-üstürlab”, “500
nəsihət” (“Nəsihətnamə”), “Müseyibnamə”,
“Ziyaül-ənvar”, “Nurül-ənvar”, “1905-1906-cı illərdə
erməni-müsəlman davası” və digər əsərlərin
adını çəkmək olar. Azərbaycan ədəbiyyatının
öyrənilməsi üçün böyük əhəmiyyəti
olan “Təzkireyi-Nəvvab” 1913-cü ildə Bakıda Orucovlar
mətbəəsində nəşr edilmişdir. Lakin müəllif onu 1891-ci ildən yazmağa
başlamışdır.
Təzkirənin
daha dolğun, tam nüsxəsi AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar
İnstitutunda saxlanılır.
Mir
Möhsün Nəvvabın poetik irsi əsasən onun Azərbaycan
və fars dillərində tərtib etdiyi
divanlarında, təzkirəsində toplanmışdır. Şairin 148 səhifədən ibarət farsca
divanı 1897-ci ildə, 128 səhifədən ibarət azərbaycanca
divanı 1898-ci ildə özünün Şuşadakı
şəxsi daşbasma mətbəsində çap edilibdir.
Qeyd etmək istərdik ki, şairin ana dilindəki
divanı daha tam əlyazma variantı əsasında 1999-cu ildə
“Şuşa” nəşriyyatında nəşr edilmişdir (Nəşrə
hazırlayanlar Əli Məmmədbağıroğlu və
Arif Ramazanovdur).
Mir Möhsün Nəvvabın Azərbaycan dilindəki
divanında klassik şeirin bir sıra janlarında
yazılmış şeirlər – qəzəl, mürəbbe,
müxəmməs, müsəddəs, müəşşər,
şarparə, fərdlər, o cümlədən, şivahi
xalq ədəbiyyatı üslubunda yazılmış
qoşmalar toplanmışdır. Qeyd etmək
lazımdır ki, bu divandakı şeirlər klassik divanlara məxsus
qaydada düzülməmişdir.
Ümumiyyətlə, şeirlərin
düzülüşündə heç bir qaydaya riayət
olunmamışdır. Əsər dibaçə ilə
başlanır. Burada müəllif
özü haqqında bioqrafik məlumat, əsəri
yazmağa başladığı tarixi və əsərlərinin
siyahısını vermişdir.
Mir Möhsün Nəvvabın divanını oxuyarkən
onun Azərbaycan klassik poeziyasının görkəmli
nümayəndələri, xüsusilə də Füzuli və
Vaqif ənənələri ilə sıx surətdə
bağlı olduğunu görürük. Şair
maraqlı bir üsuldan istifadə etmiş, Füzulinin “Leyli və
Məcnun” poemasından iki qəzələ bir qəzəllə
nəzirə yazmışdır. Füzulinin “Leyli və
Məcnun” poemasında eyni qafiyəli – “Yar rəhm etdi məgər
naləvü əfğanimizə” misrası ilə başlanan
7 beytlik və “Küfri-zülfin salalı rəxnələr
imanimizə” misrası ilə başlanan 6 beytlik qəzəllərinə
Nəvvab
Qəm
qübarı yatıb əzbəs dili-viranəmizə,
Kafər
ağlar bizim əhvali-
pərişanimizə
– mətləli 17 beytlik nəzirə ilə cavab
vermişdir.
Mir
Möhsün ağa Füzulinin “Ey məzaqi – canə
dövrün şəhdü şəkkər tək ləziz”
misrası ilə başlanan 7 beytlik qəzəlinə
Ey ləbi-ləlin
ləbimdə şirü şəkkərtək ləziz,
Şərbəti-abi-dəhanın
abi-kövsərtək ləziz
–mətləli 6 beytlik nəzirə yazmışdır.
Nəvvab divanında Füzuli şeirlərinə
yazılmış digər nəzirələrə də rast
gəlirik. Qarabağ ədəbi mühitinin əksər
nümayəndələri kimi, Mir Möhsün də Molla Pənah
Vaqif təsirindən kənarda qalmamışdır.
Şairin “Yox qəmi ol kimsənin kim, dilbəri
dilbər ola” misrası ilə başlanan 6 bəndlik mürəbbesində
Vaqifin
Xublar
arığından yarımaq olmaz,
İgidin
həmdəmi gərək çağ ola
– misraları ilə başlanan
qoşmasının təsiri aydın görünməkdədir.
Mürəbbedə Vaqif qoşmasındakı qədər
erotik təsvir olmasa da, gözəllər qarşısında
qoyulan tələblərdə oxşar məqamlar vardır:
Nazilə
nazik baxanda dinü imanı ala,
Qəmzəsi
ahənrüba tək cismdən canı ala,
Bir xumar
baxmaqlan İranü Turanı ala,
Əhdü
peymanda vəfadarü vəfapərvər ola.
Nəvvabın
bir neçə şeirində, o cümlədən,
“Gülşəni-ruyində bimisl bülbüli-şeydayə
bax” misrası ilə başlanan qəzəlində (7,s.20) və “İkinci dəfə baş
vermiş erməni-müsəlman münaqişəsinə həsr
edilmiş şeir” adlı mürəbbesində Vaqifin
Ey Vidadi,
gərdişi-dovrani-kəcrəvtarə bax,
Ruzigarə
qıl tamaşa, karə bax, kirdarə bax
– mətləli qəzəlinin təsiri
özünü göstərir.
Vaqif qəzəlində qəddar hökmdarın gecə
onu qətlə yetirəcəyini vəd edib, səhər
meyidi tapıldığından danışırsa, bu hadisədən
ibrət götürülməsini istəyirsə, Nəvvab
Qarabağda nahaq qanlar tökmüş ermənilərin cəzalandırılmalarından
danışır, bu hadisələri ibrət gözü ilə
dəyərləndirir.
Mir Möhsünün şeirlərində Xurşidbanu
Natəvan, Seyid Əzim Şirvani və bir sıra digər
müasirlərinin əsərlərindən bəhrələndiyini
də görürük. Görkəmli ədəbiyyatşünas
Əliabbas Müznib “Natəvan Xurşidbanu” adlı
kitabında Natəvanın həyat və
yaracılığına dair məlumatları, əsərlərini,
şeirlərinə yazılmış nəzirələri
toplamışdır. Burada Mir Möhsün Nəvvabın
aşağıdakı beytlərlə başlanan şeirlərinin
Xurşidbanunun qəzəllərinə nəzirə olduğu
göstərilir:
Əğyarlar
ayırdı məni-kuyi-yardan,
Oldum kənar, heyf o gülgun üzardan.
Zindani-qəmdə
oldu günüm qarət, ağlaram,
Sevdayi-eşqin ilə çəkib zillət, ağlaram.
Keçdi
ahü zar ildə günüm, oldu qəra sənsiz,
Nə lazımdır mənə olsa əgər bu masəva
sənsiz.
Aşıq
oldum nagəhan bir çuxi-bipərvayə mən,
Saldım axır özümü bir əcəb
qovğayə mən.
Fəraqi-yarda
karım olub fəğan, ölürəm,
Solubdu
gül kimi pəjmürdə cismü can,
ölürəm.
Qeyd etmək
istərdik ki, Nəvvabın Natəvan şeirlərinə
yazdığı nəzirələri bu sadalananlardan daha çoxdur.
M.M.Nəvvabın poetik yaradıcılığı
mövzu etibarı ilə olduqca zəngin və rəngarəngdir. Onun şeirlərini
mövzusuna görə yeddi yerə bölə bilərik: 1)
Lirik-aşiqanə şeirlər; 2) Dövrün müxtəlif
şəxsiyyətlərinə həsr edilmiş şeirlər
və ya mənzum məktublar; 3) Həyatdan, dünyanın vəfasızlığından
şikayət ruhlu şeirlər; 4) Riyakar mollaları tənqid
edən şeirlər; 5) Beynəlxalq hadisələrə həsr
edilmiş şeirlər; 6) Vətənpərvərlik ruhlu
şeirlər; 7) Dini mövzulu şeirlər.
Lirik-aşiqanə məzmunlu qəzəllərində
şair klassik poeziya ənənələrinin
davamçısı kimi çıxış edir. Bu əsərlərdə
klassik şeir nümunələrində rast gəldiyimiz obraz
və ifadələr əsasən müxtəlif formalarda təkrar
olunur. Nəvvabın anlaşıqlı, sadə dillə
yazdığı, maraqlı, təravətli obrazlar işlətdiyi
lirik şeirləri az deyil. Qəzəllərindən
birində, o, sevgilisinə müraciət edərək deyir ki,
bahar gözəlliyini görüb özünü sənə
oxşadıbdır. Orijinal fikirdir.
Çünki adətən gözəli bahara,
gül-çiçəklərə bənzədirlər:
Gülşənin
güllərilə zinət edib,
Oxşadıbdır özün bahar sənə.
Başqa bir
şeirində Mir Möhsün gözəli cazibədarlığına,
onu özünə cəzb etdiyinə görə maqnitə bənzədir:
Əcəb
miqnat kimi cəzb qıldın əqlimi sərdən,
Əzizim, gözlərim, canım, məgər ahənrübasanmış?
Nəvvab
qəzəllərində dəfələrlə lirik qəhrəman-aşiqi
eşqi yolunda yandığına görə əfsanəvi səməndər
quşuna bənzətmişdir:
Gətirməz
yadına Nəvvabı bir oğrun nigahilə,
Deməz eşqində biçarə, Səməndər
kimi nar aldı.
Hicrində
odlaşan qanadı bu Səməndərin,
Ümmidi-vəslilən edir yüz şəhpər arzu.
Mir Möhsün dövrünün müxtəlif
şairlərinə şeir həsr etmiş, onlara nəzmlə
məktublar yazmışdır. Onun şeir həsr etdiyi şəxslər
arasında Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani, Həsənəli
xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Mirzə
Əbdül Şahin, Mənzun, Kəminə, Məşədi
Cəfərqulu, Məşədi Hüseyn, Mirzə Cəfər
Qasımzadə, Hacı Aslan Aşurov, Hüseyn Əfəndi,
Bəhram bəy Fədai, Ərdəbilli Rüstəm
xanın qızı Ziba xanım, Göyçə sakini
Hacı Əli bəy Əmiraslan Ağazadə və
başqaları vardır. Bundan başqa o, “Məclisi-üns”,
“Məclisi-fəramuşan” ədəbi məclislərinin
üzvlərinə müraciətən şeirlər
yazmışdır. “Məclisi-üns” ədəbi
məclisinin başçısı Xurşidbanu Natəvan
övladını itirdikdən, başına bir çox
müsibətlər gəldikdən, xəstələndikdən
sonra bir müddət evdən çıxmamış, məclisdən
uzaqlaşmışdı. Nəvvab böyük hörmət
bəslədiyi şairəyə
Əliyyeyi-aliyyə
Ağayi-cəlilə,
Neçün əş’arınız olmaz hüveyda.
Qamu əş’arlar
əncamə yetdi,
Sizinkindən
əsər olmazmı peyda
–bəndi
ilə başlanan 7 bəndlik qoşma şəklində məktub göndərmişdir.
Natəvan bu məktubdan ruhlanaraq, onun
cavabında “Əya, Nəvvab, valayi-süxəndan” misrası
ilə başlanan mənzum cavab yazmışdır.
Nəvvab daha çox yaxın dostu Həsənəli xan
Qaradağiyə mənzum məktublar yazmışdır. Şairin Həsənəli
xan xəstə olarkən və öldükdən sonra ona həsr
etdiyi şeirləri xüsusilə təsirlidir.
Mir Möhsünün Seyid Əzim Şirvaniyə
yazdığı 10 bəndlik mürəbbe şəklində
məktubu Seyid Əzimin Abdulla bəy Asiyə
yazdığı mənzum məktubla bağlıdır. Məlum olduğu kimi, Natəvan
əri knyaz Xasay xan Usmiyev vəfat etdikdən sonra rəiyyətdən
olan Seyid Həsənə ərə getdiyinə görə,
Abdulla bəy Asi şairəyə biədəb bir həcv
yazmışdı. Seyid Əzim Şirvani də
Natəvanı müdafiə etmək məqsədi ilə
Abdulla bəy Asiyə bunun cavabında həcv yazmış, bu
həcvində Natəvanla bərabər Seyid Həsəni
müdafiə etmiş, Abdulla bəyi isə təhqir
etmişdi. Bu həcvdə Seyid ƏzimAbudlla bəy Asi tərəfindən təhqir edilən Seyid
Həsəni həm də özü kimi Peyğəmbər nəslindən
olan seyid olduğuna görə müdafiə edirdi. Ona görə
adi bir peşə sahibi olduğunu bəhanə gətirib Seyid
Həsəni rəiyyət adlandırmaq olmaz, o ali
bir nəslin övladıdır. Mir Möhsün Nəvvab
Seyid Əzimə mənzum məktubunda deyirdi ki, Seyid Həsənin
gözəl xasiyyətini, ali nəslin
övladı olduğunu biz də bilirik. Lakin sən bilməlisən
ki, bizim kimi Peyğəmbər nəslindən olanlar dilinə
biədəb söz gətirməməlidirlər:
Sən əgər
ali-Əlisən, hanı qeyrət, de görüm,
Haşimisən,
qüreyşisən, hanı qeyrət, de görüm,
Allah,
Allah, nədi bir belə qisavət, de görüm,
Sakit ol, samit otur, sən demə peyman, Əzim.
Mir Möhsün, ümumiyyətlə, dövründə
geniş yayılmış şairlərin həcvlə məktublaşıb
bir-birini təhqir etməsinə çox mənfi münasibət
bəsləmişdir. Onun ayrı-ayrı şəxslərə,
ədəbi məclis üzvlərinə yazdığı mənzum
məktublardan əsas məqsədi qələm əhlini,
yaradıcı qüvvələri yaxınlaşdırmaq, birləşdirmək,
mehribanlaşdırmaq, həyatda müxtəlif problemlərlə
üzləşən adamlara təsəlli vermək idi.
Həyat, ölüm, dünyanın vəfasızlığı
məsələləri klassik poeziyanın əksər
nümayəndələri kimi Nəvvabı da
düşündürmüşdür.
Şair
şeirlərində oxucularını peyğəmbərlərin
övliyaların, padşahların belə tərk etdikləri
bu dünyaya etibar etməməyə çağırır:
Bu dəni
dünyayə bavər eyləmə, bel bağlama,
Uyma xabi-qəflətə, yol üstə getdi karvan.
Ənbiyavü
övliyavü övsiyalar getdilər,
Padşahlar cümləsi xak içrə oldular nihan.
Şair
“Dünyanın vəfasızlığı haqqında”
adlı 6 bəndlik müəşşər janrında
yazdığı şeirində bu mövzuya toxunur, hər kəsə
həmişə dünyadan köçəcəyini
düşünməyi, tövbə etməyi məsləhət
görür:
Tövbə,
yarəb, bexəta rahinə getdiklərimə,
Bilib etdiklərimə, bilməyib etdiklərimə.
Cəmiyyətdə hörmətli bir seyid, dindar bir şəxs
olan Mir Möhsün ağa şeirlərində dini hörmətdən
salan riyakar mollaları, gündə bir təriqət
yaradıb islamı içindən parçalayan
yalançı şeyxləri tənqid etmişdir. Şair Həsənəli
xan Qaradağiyə mənzum məktublarından birində ona
zahidlərə inanmamağı məsləhət görür:
Otuz dəfə
dad etmişəm sənə mən,
Zahidlərə uymagilən, ağa, sən.
Gecə-gündüz
bular ilə düşmüşəm,
Görməmişəm heç birində vəfa mən.
Nəvvabın “Öz xeyrini fikirləşənlərə”
adlı 8 bəndlik mürəbbesi ictimai satiranın parlaq
nümunəsidir. Şair burada mollaların müxtəlif
sahələrdə vurduqları ziyanları, islama təfriqə
saldıqlarını, milləti avara qoyduqlarını
göstərir. Mömin bir şəxsin qələmindən
çıxdığına görə bu sözlər daha
inandırıcı səslənir:
Hər nə
danışsalar hamısı lafdır yəqin,
Xüdrə’yü
xüdpəsəndü kəlməbazü pürzi kin,
Avarə
qoydu milləti bu rəxnəsazi-din,
Təfriq
ümmət içrə salıb etdilər qəmin,
Gəldik cahana haqqı tapaq, molla qoymadı.
Qeyd
etdiyimiz kimi, M.M.Nəvvab Bakıdan “Əkinçi”, Tiflisdən
“Ziya”, “Kəşkül” qəzetlərini, Hindistandan “Həblül-mətin”
məcmuəsini alırdı. Dünyada baş
verənlərlə maraqlanan ədib qəzet və
jurnalların köməyi ilə beynəlxalq hadisələrdən
xəbərdar olurdu, rəhbərlik etdiyi “Məclisi-fəramuşan”
üzvlərinə də bunu məsləhət
görürdü. Beynəlxalq hadisələrə
həsr etdiyi şeirləri göstərir ki, geniş bilik
dairəsinə sahib olan Mir Möhsün XIX əsrin ikinci
yarısı – XX əsrin əvvəllərində get-gedə
mürəkkəbləşməkdə olan dünyada baş
verənlər barədə əsasən düzgün təsəvvürə
malik olmuşdur. Şair Sultan Əbdülhəmidin
dövründə Avropa dövlətlərinin yunanlardan istifadə
edib Osmanlı dövlətinə hücum etmələrinə,
türklər tərəfindən məğlub edilərək
geri oturdulmalarına tərcibənd həsr etmişdir. Bu şeirdə türk qoşunlarının Fələstin,
Fəsaliyə, Laris, Qlaqos kimi yerləri geri almaları, sərkərdə
Əhdəm paşanın və türk əsgərlərinin
qəhrəmanlığı vəsf edilir, bu hadisəyə
bütün müsəlmanların sevindiyindən
danışılır, Sultan Əbdülhəmidə
alqışlar deyilir. Hüseyn Əfəndiyə
yazdığı mənzum məktubunda da şair eyni hadisələri
təsvir etmiş, qələbə sevincini
bölüşmüşdür.
Nəvvabın
Britaniya imperializminin ifşasına, Mehdi Məhəmməd
Əhməd Sudaninin h.1300-cü ildə (m.1882-1883) üsyan edərək
Sudan, Bərbəristan və Xartumu tutmasına 24 bəndlik bir
mürəbbe həsr etmişdir. Vaqifdən bəhrələnərək
“Bax” rədifi ilə yazılmış bu əsəri həmin
dövrdə cərəyan edən hadisələri geniş, ətraflı
təsvir etdiyinə görə mənzum siyasi oçerk, poema
da adlandırmaq olar. Müəllif yazır
ki, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində
iki ölkəni bir-birinə qarşı salışdıran
Britaniya Afrika və Asiyada çoxlu torpaqları işğal
etdi. Lakin yerli xalq Məhəmməd
Əhməd Sudaninin başçılığı ilə
ayağa qalxaraq torpaqlarını geri almağa başladı.
Şeir
Britaniya müstəmləkəçiliyinə qarşı
üsyana qalxmış xalq qəhrəmanının mədhi
ilə qurtarır:
Mehdinin mədhini,
Nəvvab, etgilən sən intişar,
Qıl dua, ta ömrünü mümtədd
qılsın kirdigar.
Şəmini, əclalını gün-gündən
etsin aşikar.
Qeyrət
et, bir baş verən, candan keçən
mərdanə bax.
Fikrimizcə,
Mir Möhsün Nəvvab poeziyasının ən diqqətəlayiq
cəhəti onun əksər şeirlərinin vətənpərvərlik
ruhu ilə
aşılanmasından ibarətdir. Mir
Möhsün ağanın ictimai, ədəbi, elmi fəaliyyətində
vətənpərvərlik özünü qabarıq göstərir.
O, Şuşada daşbasma mətbəəsi açanda da, “Məclisi-fəramuşan”
ədəbi məclisini yaradıb ona başçılıq
edəndə də, elmin bir sıra sahələrinə həsr
edilmiş əsərlər yazanda da ilk növbədə
xalqını, millətini düşünmüşdür. O,
məlum səbəblərdən sovet dövründə nəşri
qadağan edilmiş “1905-1906-cı illərdə erməni-müsəlman
davası” adlı əsərində ermənilərin ruslarla əlbirliyni,
Tiflis, Təbriz, İrəvan, Naxçıvan, Şuşa, Gəncə
və digər yerlərdə törətdikləri cinayətləri
açıb göstərmiş, onların fitnəkar siyasətlərini,
təxribatlıqlarını ətraflı ifşa etmiş,
Azərbaycan xalqının bu qəddar düşmənlərə
qarşı qəhrəmanlıq mübarizəsini fəxrlə
mədh etmişdir. Xalqı birliyə
çağıran ədib göstərir ki, silahsız azərbaycanlılar
rusların silahlandırdığı ermənilərə ona
görə layiqli cavab verə bildilər ki, böyük təhlükə
qarşısında birləşdilər.
1905-1906-cı illər hadisələri zamanı Nəvvab
da qələmə sarılmış, xalqın öz
torpaqları, varlığı uğrunda qəhrəmanlıq
mübarizəsini mədh etmişdir. “İkinci dəfə baş
vermiş erməni-müsəlman münaqişəsinə həsr
edilmiş şeir” adlı 10 bəndlik müsəddəsdə
şair ermənilərin hücumu zamanı qaçıb gizlənmiş
Bağat əhlini qorxaqlığa və xəyanətə
görə lənətləyir, sonra isə hadisələri təsvir
edir: Ermənilərlə ruslar məscidi yandırırlar. Bunu eşidən İran azərbaycanlıları
köməyə gəlmək istəyəndə ruslar mane
olurlar. Lakin yerli Qarabağ camaatı özünü
itirməyib silaha sarılır, beş
gün gecə-gündüz döyüşdən sonra erməniləri
darmadağın edir. Şeirin sonunda müəllif
qorxub döyüşdən qaçan həmvətənlərini
lənətləyir, deyir ki, qeyrətsiz yaşamaqdansa, ölmək
yaxşıdır. Nəvvabın eyni
adlı 26 bəndlik “Bax” rədifli mürəbbesi
döyüş meydanlarından oçerk, poema xarakteri
daşıyır. Bu şeirdə müəllif
ruslarla ermənilərin birləşərək böyük
bir qoşunla hücum etdiyini, qarabağlıların ayağa
qalxıb onların qarşısını
aldığını təsvir edir, bu döyüşlərin
İbrahim bəy, Xacə Mircan kimi qəhrəmanlarını
alqışlayır. “Şuşa qalasında baş
vermiş erməni-müsəlman münaqişəsi
münasibətilə” adlı 20 bəndlk mürəbbesində
şair şəhərə ermənilərin hücum etdiklərindən,
çoxlu günahsız adamları öldürdüklərindən,
qətl-qarətlər etdiklərindən, evləri
yandırdıqlarından, yerli azərbaycanlıların birləşərək
onları darmadağın etmələrindən, bunu görən
rusların hər iki tərəfi sülhə dəvət etmələrindən
bəhs edir, təəssüflə deyir ki, belə
vicdansız düşmənlə barışmaq lazım
deyildi. Şeirin sonunda Nəvvab xalqı birliyə, qeyrətə
çağırır:
Müsləmana
təəssüb vacibdi, Nəvvabi-zar,
Böylə
fərman veribdir o rəsuli-tacidar,
Həmiyyəti
olanı hifz eləsin Kirdgar,
Qeyrətsiz əşxasla izn yox danışmağa.
Mir Möhsün “Millətin birləşməsi
haqqında” adlı 6 bəndlik müxəmməs-tərcibəndində
1905-1906-cı illərdə başına gələn faciələrdən
sonra xalqını bütün hərc-mərclikləri
unudaraq birləşməyə çağırır. Şairə
görə, bu, mlilətin qarşısında duran ən
böyük vəzifədir.
İttifaq
edib eyləyin səvab,
İttifaq
edin manəndi-dəvab,
Doğru
yoldur ki, göstərir Nəvvab,
Ayılın,
qardaş, xabi-qəflətdən
Əl çəkin bir dəm bu cəhalətdən.
Nəvvabın dini şeirləri əsasən məhərrəm
ayında Kərbəla şəhidlərini yad etmək məqsədi
ilə oxunmaq üçün yazılmış növhələrdən
ibarətdir.
Mir Möhsün Nəvvabın şeirləri
onun geniş dünya görüşünə malik ziyalı,
xalqı birliyə çağıran, həmvətənlərinə
doğru yol göstərən milli şair olduğunu sübut
edir.
525-ci qəzet.-2014.-2 avqust.-S.19.