Ümummilli Lider Azərbaycan
ədəbiyyatının klassikləri haqqında
“Xalqımızın tarixində ədəbiyyat qədim dövrlərdən öz yerini tutub və xalqımızın inkişafında çox böyük rol oynayıb”.
Heydər
Əliyev
Hələ lap qədimlərdən ədəbiyyat həmişə
dünyanın qüdrətli
dövlət xadimlərinin
həyatında, siyasi
fəaliyyətlərində mühüm yer tutub. Hələ onların arasından
elələri olub ki, onlar ədəbiyyatın
ən fəal mütaliəçisi kimi
tanınıblar.
Görkəmli dövlət xadimi Heydər Əliyevin də həyatında və siyasi fəaliyyətində ədəbiyyatın
yeri və rolu danılmazdır. Bu faktı
Heydər Əliyev özü bu sözlərlə təsdiq
edib: “Mənim ədəbiyyata olan münasibətimi sübut
etməyə elə bir ehtiyac yoxdur.
Bunu Azərbaycanda yaxşı
bilirlər. Bu, mənim vəzifəmə
görə deyildir, mənim təbiətimdir,
içimdən gələn
hissiyyatlarımdır. Məndə həmişə - hələ
uşaq, gənc yaşlarımdan şerə,
ədəbiyyata, incəsənətə,
mədəniyyətə çox
böyük həvəs
olubdur, həmişə
maraqlanmışam. İndi, dövlət
işi ilə məşğul olanda da mən bunun
nə qədər əhəmiyyətli olduğunu
bilirəm, dərk edirəm. Ona görə də
əlimdən gələni
edirəm”. Bu fikri ilə yanaşı böyük tarixi şəxsiyyət bədii ədəbiyyatın
şəxsi taleyindəki
böyük rolunu özü də nəzərə çarpdırıb.
O, 1997-ci ildə, müstəqillik
dövründə keçirilən
Azərbaycan yazıçılarının
10-cu qurultayındakı nitqində
bu gerçəkliyi aşağıdakı
kimi etiraf edib: “Şəxsən mən ədəbiyyatı
çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat
nümunələrini oxuyandan
ədəbiyyatı sevmişəm...
Mənim
bir insan kimi formalaşmağımda,
təhsilimdə, əxlaqımda,
mənəviyyatımda ədəbiyyatın,
mədəniyyətin çox
böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının
bütün əsərlərini
sevə-sevə oxumuşdum...
O illərdə, o uşaqlıq
və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları
unutmamışam. Bu, “oxumuşam, unutmamışam”
sözləri sadəcə
bir fikir deyil. Yəni onlar mənə
təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi
qida almışam”.
Heydər Əliyev ədəbiyyata
adi, sadə prizmadan baxmayıb.
O, ədəbiyyata xalqın
milli varlığının,
mənəviyyatının təməli kimi baxıb, mənsub olduğu xalqı ədəbiyyatı ilə
birlikdə bir yerdə bir bütöv kimi götürüb. Görkəmli
dövlət xadimi hələ 1972-ci ildə Azərbaycan yazıçılarının
5-ci qurultayındakı tarixi
nitqində məsələnin
bu cəhətini ön mövqeyə çəkərək demişdi:
“Azərbaycan ədəbiyyatı
həmişə öz
xalqının həyatının
ön sıralarında
irəliləmişdir. Bu ədəbiyyat xalqımızın
qəhrəmanlıq tarixini
ədəbiləşdirib bizə
çatdırmış, bizim
qarşımızda bütün
əzəməti ilə
açmışdır”.
Heydər Əliyev Azərbaycanın klassik ədəbiyyatına xüsusi
diqqət və həssaslıqla yanaşıb. Elə
bu diqqət və həssaslığın
nəticəsidir ki, ulu
öndər klassiklərimizə daim sahib çıxıb, onların dünya səviyyəsində
tanınmaqlarına nail olub.
1981-ci ildə Nizami Gəncəvinin ədəbi
irsinin öyrənilməsi haqqında qərar
qəbul edildi. Nizami Gəncəvinin 840 illiyini böyük bir təntənə ilə qeyd
edən zaman bu tarixin yuvarlaq
olmadığnı və bu səbəbdən
yubileyin keçirilməsini irad tutanlara Heydər
Əliyev keçmiş
İttifaq səviyyəsində ən
yüksək siyasi dairələrdə böyük cəsarətlə belə cavab vermişdi: “Nizami Gəncəvi elə bir
şəxsiyyətdir, tarixdə, dünya
mədəniyyətində elə bir iz qoyub getmişdir
ki, onun yubileyi hər il
keçirilə bilər”. Nizami Gəncəvinin yubileyi bu böyük sənətkarın
timsalında Azərbaycanın əvvəlcə keçmiş Sovetlər İttifaqında, daha sonra isə bütün mədəni dünyada
tanıma missiyasına xidmət edib. Ümummilli lider hər dəfə
Nizamidən danışarkən ondan
yalnız şair kimi
bəhs etmir, onu həm
də böyük filosof
kimi təqdim edir. Heydər
Əliyev Nizami
yaradıcılığına və onun irsinin qorunub
saxlanılması yolundakı xidmətlərindən böyük fəxrlə söz
açıb: “Nizaminin xatirəsinə
mənim bir xidmətim də olubdur. İndi burada fürsətdən istifadə edib onu da
demək istəyirəm ki, Nizami Gəncəvinin əsərlərinin bir qismini 1948-ci ildə onun 800 illik yubileyi keçiriləndə rus
dilinə tərcümə etmişdilər. Biz onun 840 illik yubileyini keçirəndə, əsərlərinin
tamamilə rus dilini tərcümə
olunması və Moskvada böyük
tirajla nəşr olunması barədə
qərar qəbul etdik. Əgər burada ədəbiyyatçılardan varsa, bilərlər, Moskvada
“Xudojestvennaya literatura”
nəşriyyatı var idi.
O, ən yüksək səviyyəli, tarixi
şəxsiyyətlərin kitablarını nəşr edirdi. Bu asan
bir iş deyildi. Mən buna da nail oldum,
bu qərar da qəbul edildi.
Ancaq elə oldu ki,
bu qərar həyata keçirilənə
qədər mən Bakıdan Moskvaya işə keçdim.Təbiidir
ki, orada da mənim səlahiyyətlərim
böyük idi.
Bu işə nəzarət
etdim və Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında
Nizami Gəncəvinin
beş cilddən
ibarət poemalarının
çox nəfis şəkildə nəşr
edilməsinə nail oldum.
Bunun böyük əhəmiyyəti
var. Çünki Nizamini
biz tanıyırıq, Şərq
ölkələri tanıyır.
Amma lazımdır ki, Avropa da yaxşı
tanısın. Avropada da
tədqiqatçılar tanıyırlar,
bir çox kitabxanalarda onun kitabları var. Ancaq rus dili böyük
dildir. Rusiya böyük ölkə
olduğuna görə
- o vaxtlar biz Sovet İttifaqının tərkibində
idik - bu əsərlərin rus dilində yaxşı, yəni yüksək səviyyədə nəşr
olunması o vaxt bizim üçün böyük bir nailiyyət, böyük bir hadisə idi. Mən qürur hissi keçirirəm ki, Nizaminin yolunda az iş
görməmişəm. Onun
xatirəsini əbədiləşdirmək,
irsinin daha da təbliğ olunması, yayılması
üçün, kitablarının
nəşri üçün
çox iş görmüşəm. Buna görə də mən Nizami Gəncəvinin qarşısında
öz borcumu yerinə yetirmişəm.
Ancaq mən hesab etmirəm ki, bütün borclarımı
qaytarmışam. Mən hələ
çox illər yaşayacağam və bütün borclarımı
da yerinə yetirəcəyəm. Yəni açıq
desək, mənim borcum yoxdur. Amma borcum olmasa da,
nə qədər ki, çalışıram,
xalq mənə etimad göstərir, xalq, millət, ölkə, dövlət,
doğma torpaq qarşısında o qədər
də özümu borclu hesab edirəm”.
Rusiyanın Sankt-Peterburq şəhərində
dahi Nizamiyə heykəl ucaldılıb. O heykəlin
açılışında iştirak edən ulu öndərin çıxışı zamanı
keçirdiyi fəxarət
hissi diqqətlərdən
yayına bilməzdi:
“Nizami fəlsəfəsinin
mərkəzində varlığın
ən böyük sərvəti, mənəvi
zənginlik və müdrikliyin tükənməz
mənbəyi olan insan dayanır. Nizami insanın cəmiyyətdəki
rolunu özünün
dünyagörüşü süzgəcindən keçirərək,
yaradıcılığında antik yunan və
Roma irsini, Şərq
fəlsəfəsini və
Şərq poeziyasının
çoxəsrlik ənənələrini
əks etdirə bilmişdir. Nizaminin ürəkləri
vəcdə gətirən
təkrarolunmaz lirikası
və qəhrəmanlıq
eposunda onun həqiqi humanizm ideyalarını ehtiva edən fəlsəfı konsepsiyası öz əksini tapmışdır.
Məhəbbətin yenilməz qüdrəti,
həyatın və ölümün mənası,
ideal cəmiyyət, dünyanın
və kainatın möhtəşəm sirləri
haqqında yaratdığı
poemalar əsrlər boyu Şərqdə əsl sənət nümunəsi olaraq qalmışdır. Onun poemalarının
xüsusiyyətləri və
yaratdığı poetik
obrazların dərinliyi
Qərbin dahi Höte kimi mütəfəkkirlərini heyran
qoymuşdur. Zənnimcə, məhz Nizaminin bütün əsərlərində
bəşər övladının
misilsiz qüdrətinin
tərənnüm edilməsi
sayəsində Azərbaycan
xalqının dahi oğluna bu gün Sankt-Peterburqun təkrarolunmaz görkəminin
ayrılmaz hissəsinə
çevrilmək şərəfı
qismət olmuşdur”.
Azərbaycan ədəbiyyatı tarixində
elə bir dəyərli ədib yoxdur ki, Heydər
Əliyev onun yaradıcılığına, şəxsiyyətinə biganə
yanaşsın, ona diqqət yetirməsin. Dahi Azərbaycan şairi Məhəmməd Füzuli
də ulu öndərin nəzərindən
yayınmadı.
(Ardı var)
Aytən MƏMMƏDOVA, filoloq
525.-2014.-5 avqust.-S.4.