“Sənə olan eşqimi sənə də alçaltmaram...”

 

 

Alman yazıçısı Brext Bertold yazırdı ki, incəsənətin bütün növləri sənətin ən böyüyünə-həyatda yaşaya bilmək sənətinə xidmət edir. Məncə, yazıçı bu fikrilə incəsənətin üzərinə çox böyük missiya və məsuliyyət yükləyib. Bu məsuliyyəti də hər şeydən öncə incəsənəti yaradanlar hiss etməlidir. Tanrıdan başqa əbədi heç nəyin olmadığı kainatda baqi deməzdim, amma qalıcı sənət nümunəsi yaratmağa iddialı olan sənətkar da  bu amili gözaltına almalı, ortaya elə əsər  qoymalıdır ki, sənətlərin ən böyüyü, eyni zamanda ən çətini olan yaşaya bilmək sənətinə xidmətə yarasın.

40 illik bir filmi –”Baladadaşın ilk məhəbbəti”ni söhbət mövzusu etmək istəyirik. Zaman hakimi-mütləqdir, məhək daşıdır, hər şeyin əsl dəyəri zaman keçəndən sonra bəlli olur. Əbədiyyət gözlüyündən baxanda 40 il an misalıdır, amma həm də bir igidin ömrüdür. Düşündük ki, filmin yaradıcı heyətinin 40 illik sənət xatirələrini dinləmək, kadrarxasında qalan məqamlara yenidən işıq salmaq cəhdi oxucularımızın da ürəyincə olacaq.

“Baladadaşın ilk məhəbbəti” Xalq artisti Həsən Seyidbəylinin layihəsi olan, 1974-cü ildə, “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Ömrün səhifələri” adlı kinoalmanaxdakı üç novelladan sadəcə biridir.

“Rəqiblər” novellasında küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı rəqabət filmin məğzini təşkil edir. Amma rəqiblər arasında bu çəkişmələr düşmənçilik xarakteri daşımır. Filmin rejissoru  Teymur Bəkirzadə, ssenari müəllifləri  Ramiz Fətəliyev, Teymur Bəkirzadə, operatoru Arif Nərimanbəyov, rəssamı Firəngiz Qurbanova, bəstəkarı Aqşin Əlizadədir. Rolları Fazil Salayev (Fazil) və Eldəniz Zeynalov (Eldəniz) ifa edib.

 “Nəğmə dərsi” novellasının mövzusunu şəxsi həyatı alınmayan cavan fəhlənin (Əliabbas Qədirov) I sinifdə oxuyan oğlu-Fəxrəddinlə gizli və alt yapısında kədər, həsrət gizlənən görüşləri təşkil edir. Ata oğlunu sevir və ona özünü sevdirməyə çalışır. Filmdə valideynlərin öz uşaqları üçün məsuliyyət hiss etmələri məsələsi önə çəkilib.  Ekran əsərinin rejissoru Gülbəniz Əzimzadə, ssenaristi Rüstəm İbrahimbəyov, operatoru Valeri Kərimov, rəssamı Firəngiz Qurbanova, bəstəkarı Fikrət Əmirovdur. Rollarda Əliabbas Qədirov (ata), F.Həsənov (oğul) rolunda çıxış ediblər.

“Baladadaşın ilk məhəbbəti”ndə isə ilk sevginin saflığından, ülviliyindən bəhs olunur.  Lakin bu qarşılıqsız sevgidir və Baladadaş (Şamil Süleymanov) bu təktərəfli sevgidən sarsılmır, “böyüyür”.

Rejissor Fikrət Əliyev kinoda ilk işi olan “Baladadaşın ilk məhəbbəti”ni xalq yazıçısı Elçinin ssenarisi əsasında ekranlaşdırıb. Filmin operatoru Valeri Kərimov, rəssamı Elbəy Rzaquliyev, bəstəkarı Emin Sabitoğludur. Səs operatoru Kamal Seyidov, redaktoru Ədhəm Qulubəyov, direktoru Yusif Yusifzadədir. Novellada səslənən mahnıların mətninin müəllifi Xalq şairi Fikrət Qocadır. Baş rollarda  Şamil Süleymanov və Ruhəngiz Musəvi çəkilib. Sevincin anası rolunu Mirvari Novruzova, nişanlısı rolunu Yusif Muxtarov  ifa edib.

Göründüyü kimi filmi təşkil edən hər bir novella ayrı-ayrılıqda böyük bir kollektivin, yaradıcı heyətin zəhməti hesabına başa gəlib.  “Ömrün səhifələri”ndən “Baladadaşın ilk məhəbbəti”ni seçib ayrıca işıqlandırmaqda məqsədimiz həm bütövlükdə  kinoalmanaxı və orada əməyi keçənləri xatırlatmaqdır, həm də böyüklü-kiçikli hər kəsə doğma, məhrəm olan əzəli-əbədi eşq mövzusunu yada salmaqla keçmişə boylanmaqdır...

lll

Keçdiyin bütün yolla

Qəlbimdən keçib gedir.

Gözlərin bu dünyaya

Sevilməyi öyrədir...

 

Kipriklərinlə qorun

Saçlarınla yaşın, yar

Amandı, yar, baxışla

Gözəlliyin daşınar...

lll

“Baladadaşın ilk məhəbbəti”nin bu qədər sevilməyi mənim xoşbəxtliyimdir

          

Gözdən söhbət düşmüşkən, ibarəli desək, “Baladadaşın ilk məhəbbəti” rejissor Fikrət Əliyevin kinoda gözünün ilk ovudur. Flober yazırdı: “Sənətkar öz əsərində Tanrı kainatda mövcud olduğu kimi mövcud olmalıdır-hər şeyi görməli və gözə görünməməlidir”. Yəqin, bu fikri rejissorlara daha artıq şamil etmək olar. Bizə hər şeyi göstərən, ancaq özü görünməyən rejissorlara...

Kinodakı uğurlu debütü haqqında rejissor Fikrət Əliyevin dedikləri: “İnstitutda oxuyanda Pirşağıda bağımız vardı. O bağı da çəkirdim, institutda oxuya –oxuya özüm üçün qeydlər aparırdım. 4 il kinostudiyada işlədim, sonra Moskvaya ikiillik kursa oxumağa getdim. Ordan qayıdanda əvvəllər apardığım həmin qeydlər və etüdlər əsasında film çəkmək istədiyimi Ədil müəllimə dedim. Ədil müəllim dedi ki, heç kim öz ssenarisi əsasında film çəkməyəcək. Siz rejissorluğu eləyin, amma ssenarini başqası yazsın. O vaxt Xalq yazıçısı Elçin də mənim qeydlərimlə tanış oldu, işlədi və ortaya həddindən artıq gözəl bir ssenari qoydu. Həmin vaxt Anar, Rüstəm İbrahimbəyov, Elçin çox gözəl ssenarilər yazırdılar. Elçinin yazdığı ssenari –”Baladadaşın ilk məhəbbəti” mənim ürəyimdən xəbər verirdi, çünki mən həmişə qəlbən dənizlə, o uşaqlarla, bağa köçənlərlə yaşayırdım. Elçin əsəri elə gözəl yazmışdı ki, buna müdaxilə eləmək artıq idi.Təbii ki, filmdə mənim də epizodlarım vardı, ancaq əsər özü çox professional yazılmışdı...

Həmişə gənc aktyorlarla işləməkdən uzaq qaçmağa çalışmışam. Çünki onlar artistlik eləməyə başlayırlar. İşlədiyim aktyorları artistlik eləməyə qoymuram. Ən yaxşı artistlik artistlik eləməməkdi. Ömrü boyu buna çalışmışam. Təbii ki, lazım gələndə situasiyanı da duymaq, hiss eləmək lazımdı. Gənc aktyorlar 10-15 ildən sonra püxtələşəndə, aktyorluğun, əsl sənətin nə olduğunu başa düşəndən sonra sözün əsl mənasında, oynamağa başlayırlar. Amma cavan aktyorlar gələndə özlərindən çox razı olurlar, öz bildiklərini eləyirlər. Şamil isə gənc olsa da fərqli idi, nə desəm, onu eləyirdi. Şamili həmin filmdə çəkməyə  kinostudiyada qrimçi işləyən bir nəfər tövsiyə etmişdi. Rol üçün aktyor axtaranda dedi ki, bizim qonşuluğumuzda bu rola uyğun maraqlı, tipaj bir oğlan var, onu da çağıraq, bir bax. Şamili çağırdıq, mən buna nə dedimsə, elədi. Soruşdum ki, bütün bunları hardan bilirsən? Cavab verdi ki, əsəri oxumuşam. Bu da işin xeyrinə oldu. Deməli, o, artıq bu obrazla yaşayırdı. Durub desəm ki, bu obrazı mən belə gördüm, belə yaratdım, mübaliğəyə yol vermiş olaram. Təbii ki, o filmdə mənim də ürəyim, işim, dəst-xəttim var, amma rolları oynayan aktyorlar da var axı. Mən Şamili səmimiliyinə, daxili aləminin paklığına görə sevirəm və buna görə onunla çox işləmişəm. “Ölüm növbəsi” filmimdə də onu çəkmişəm.

Ruhəngiz Musəvini Sevinc roluna dəvət edənə qədər o, Şamil Mahmudbəyovun Sumqayıt haqqında çəkdiyi bir filmdə rol oynamışdı. Cavan qız idi, xarici görünüşü də pis deyildi. “Baladadaşın ilk məhəbbəti”ndə də mənə Ruhəngiz Musəvinin aktyor oyunu o qədər də lazım deyildi. Çünki burda artıq sözə yer yox idi. Filmdə Sevincin nişanlısı-Yusif roluna Tariyel Qasımovu da sınaqdan keçirmişdim, Yusif Muxtarovu da. Sınaq çəkilişindən sonra Ruhəngizdən soruşdum ki, bu oğlanlardan hansının sənin nişanlın olmasını istərdin? Dedi ki, Tariyel Qasımovun. Dedim, onda Yusifi seçəcəyəm. Çünki onlar bir-birinə zidd olmalıdır, bir-birinə uyğun olmamalıdırlar. Amma Tariyellə Ruhəngiz bir-birinə uyğun idilər. Ona görə də Yusif Muxtarovu seçdim.

Ədil İskəndərov o vaxt kinostudiyanın direktoru idi. O, mənə 4 il dərs deyib, sonra kinostudiyada işə götürüb. Diplom işimi çəkmək ərəfəsində Ədil müəllim başqa aktyorun seçimi üzərində dayandı. Mən isə öz rol seçimimdə israr elədim. Qayıtdı, ay bala, nöş tərslik eləyirsən? Cavab verdim ki, Ədil müəllim, institutda deyirdiniz ki, bildiyinizi atanıza da verməyin, mən də bu sözünüzə əməl eləyirəm. Ədil müəllim dedi, yaxşı, amma sonra bir şey olsa, ağlaya-ağlaya üstümə qaçma. Filmi görəndən sonra Ədil müəllim dedi ki, hə, indi səndən arxayın oldum. Sonra bu qısametrajlı filmi “Ömrün səhifələri” kinoalmanaxına əlavə etdilər. 40 ildi baxılır, düşünürəm ki, bundan sonra hələ 100 il də baxılacaq. Bilirsiniz, orda rejissorluqdan çox insan hissləri var. “Baladadaşın ilk məhəbbəti” lirikadı, poeziyadı. O vaxt da filmi bəyənirdilər, indiyə kimi də bəyənirlər. “Baladadaşın ilk məhəbbəti”nin bu qədər sevilməyi mənim xoşbəxtliyimdir”.

lll

Ürəyimi atsam da,

Öz sevgimi atmaram.

Sənə olan eşqimi

Sənə də alçaltmaram...

lll

Sənət uğurlarım “Baladadaşın ilk məhəbbəti” ilə başlayıb...

Amerika filosofu Henri Toronun fikrincə, çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o hər ani nifrətə çevrilə bilər. “Baladadaşın ilk məhəbbəti”ndə də buna bənzər situasiya yaşanır. Ancaq fərq bundadır ki, burada çılğın sevgi özünüdərketmə, qüruruna, mənliyinə sahibçıxma ilə nəticələnir. Sevgi susur və qürur danışır: “sənə olan eşqimi, sənə də alçaltmaram”.

Baş rolun ifaçısı Şamil Süleymanovun dedikləri: “Filmə çəkilməmişdən Elçinin həmin hekayəsini “Ulduz” jurnalında oxumuşdum. Hekayə çox xoşuma gəlmişdi, filmə dəvət alanda artıq rola hazır idim. Məni əvvəlcə fotosınaq çəkilişinə çağırdılar. Məndən başqa mərhum Telman Adıgözəlov da fotosınaq çəkilişlərində iştirak edirdi. Fotosınaq çəkilişindən keçə bilmədim, şəkillərim çox pis alındı. Qanuna görə, o vaxt fotosınaq çəkilişi bir dəfə ola bilərdi. Fikrət Əliyev məni bu rola çəkməkdə qərarlı idi, ona görə də bir kənara çəkib dedi ki, heç harda deməmək şərti ilə məni ikinci dəfə fotosınaqdan keçirəcəklər. Fotoçəkilişdən çıxıb gedəndən sonra hər yerdə danışmağa başladım ki, mən kinoya çəkilirəm, artıq ulduzam ...Dedilər, yox, elə şey yoxdu, hələ kinosınaq çəkilişi var. Mən onda qorxdum. Axı hər yerdə demişdim ki, artıq kinoulduzam. Fikrət Əliyevlə işləməyə başlayanda gördüm ki, o, institutda öyrəndiklərimin tam əksini deyir. Çəkiliş meydançasına çox yekə-yekə gəlmişdim. Çəkilişə qədər kitabları da qabağıma qoyub hazırlaşmışdım, Stanislavski sistemi, nə bilim nə...(gülür)

Çəkiliş vaxtı Ruhəngiz Musəvi məni çox əsəbiləşdirirdi. Mənə uşaq kimi baxırdı, deyirdi ki, bunu hardan tapmısız? Mən də bərk hirslənirdim ki, baş rolun ifaçısı ilə niyə belə danışır... Çəkiliş zamanı ssenari müəllifini-Elçini gördüm, gəlib materiallara baxanda məni ilk tərifləyən o olmuşdu. Zalda hamı mənə baxırdı, mən isə Elçinə...Böyük yazıçı idi, əsərlərini hələ o vaxtdan sevirdim.

Rejissora gəlincə, Fikrət Əliyevlə sonralar davam edən uzunmüddətli işbirliyim elə “Baladadaşın ilk məhəbbəti”ndən başlayıb. O filmin mənim həyatımda böyük rolu olub. Məkkədə milyonlarla insanın içində Azərbaycan zəvvarları mənim ardımca qışqırırdılar: “eyyy, Hacı Baladadaş...” Mən bütün diplom işlərində müvəffəqiyyətlə çəkilmişəm, indi çox məşhur olan adamların kinoda ilk işlərində iştirak etmişəm. Almaniyada yaşayan azərbaycanlı rejissorun çəkdiyi “Tabutdüzəldənin yelləncəyi” filmi diplom işlərinin müsabiqəsində Oskar mükafatına layiq görülüb. Demək istəyirəm ki, sənət uğurlarım “Baladadaşın ilk məhəbbəti” ilə başlayıb. 40 ildi yol gələn “Baladadaşın ilk məhəbbəti”nin belə sevilməsinin səbəbi  bu filmdə Füzulinin nəfəsinin olmasıdır. Məcnun özünü dəliliyə qoyub Leylini, Baladadaş da vedrələri doldurub Sevinci görməyə gedirdi, hasara çıxırdı. Sevəndə hərə bir cür dəlilik eləyir də.

Filmdə kamera arxasında da çoxlu maraqlı əhvalatlar baş verib. Son kadrda da Fikrət deyir ki, papağı göyə tulla, mən göyə yox, qabağa atırdım. Neçə dəfə kadrı korladım, xeyli əlləşəndən sonra axırda Fikrət bezib dedi ki, necə atır atsın. Və kadr mənim istədiyim kimi çəkildi. Arada illər keçəndən Fikrətə bunun səbəbini açdım: qorxurdum ki, papağı göyə atanda papaq kadrdan çıxar. Fikrət əvvəlcə maddım-maddım mənə baxdı, sonra da azından 20 dəqiqə güldü. Sonra başa saldı ki, biz kadrı elə qurmuşduq ki, papağı ənginliklərə, buludlara qədər atsaydın, yenə də kadra düşəsiydi.

Həmin filmə görə aldığım qonorarı da xatırlayıram. 1600 manat qonorarın 700 manatını ilk maaş kimi aldım. Alan kimi də evə gətirib atama verdim, o da fəxrlə əlini çiynimə qoydu. Həmin pula mənə çox bahalı, fransız kostyumu aldılar. Atam hardansa hansısa tanışının vasitəsilə almışdı. Kostyumu da bəyənmədim, hay-küy saldım ki, qoca kişilərin kostyumuna oxşayır, buna verdiyiniz pula iki dənə cins almaq olardı, amma doğrudan yaxşı kostyum idi. İndiki ağlım olsaydı...O kostyumu da geymədim, çünki çox şıq idi, mənə elə şeylər yaraşmırdı.

Qızım aparıcı Solmaz Süleymanlı da bu filmi çox sevir: hər dəfə filmdə məni iri planda görəndə deyir ki, ay dədə, sən necə də mənə oxşayırsan?(gülür)

Bu film camaat arasında indi də çox sevilir. “Baladadaşın ilk məhəbbəti”nin belə sevilməsinin əsas səbəbi isə onun şeiriyyətidir. Aradan nə qədər illər keçsə də, həmin şeiriyyətə görə bu filmə sevə-sevə baxacaqlar”.

lll

Mehriban gülüşünlə

Nərgizlər yaranıbdı...

Mehriban baxışınla

Dalğalar yaranıbdı...

lll

“Baladadaşın ilk məhəbbəti” mənim həyatımın bir parçasıdır...

Fransız yazıçısı Pol Leotod hesab edir ki, qadın ona aşiq olmuş kişini çox da ağıllı saymır. “Baladadaşın ilk məhəbbəti”ndəki Sevinc də bu fikirdəymiş hər halda...Gecə –gündüz bilmədən, bircə dəfə sevdiyi qızı görmək üçün divarların üstündə bitən, əlində ağır vedrələrlə su daşımaqdan utanmayan biri kənardan çox da ağıllı görünməyə bilər...

Baladadaşın Sevinci – Ruhəngiz Musəvinin dedikləri: “ “Baladadaşın ilk məhəbbəti”nə dəvət almamışdan qabaq Şamil Mahmudbəyovun “Həyat bizi sınayır” filmində çəkilmişdim. Onda hələ yenicə müğənniliyə başlayırdım, çox da tanınmırdım. Rejissor məni verilişlərin birində görüb filmə dəvət etdi. Məni o vaxt “Nəsimi” filminə də Şəms roluna çəkmək istədilər. Onda Mahnı Teatrında işləyirdim. Filmə çəkmək üçün teatra icazə almağa gəldilər, Rəşid müəllim onda açıqca dedi ki, qızım, ya kinoya çəkil, ya da mahnı oxu. Müğənnilik mənim işim idi və mən təbii ki, buna görə “Nəsimi”də çəkilməkdən imtina etməli oldum.

O filmə görə 500 manat qonorar almışdım. Həmin vaxt o məbləğin maddi yox, mənəvi mahiyyəti mənim üçün çox dəyərli idi. İndi deyirəm ki, ay Fikrət müəllim, nə yaxşı, məni kinoya çəkmisiniz. Çünki film tarixdi. “Baladadaşın ilk məhəbbəti” hələ də sevilir. Yəni, efirlərdə gedir, indi də hansı verilişə getsəm, o filmlə bağlı suallar verirlər. Filmin məşhur mahnısı tez-tez səslənir. Yalçın Rzazadə o mahnıya möhürünü vurub, onu o qədər gözəl ifa eləyib ki...Məncə, ondan sonra heç kim o mahnını elə möhtəşəm ifa etməyib...90-cı illərdə Yalçınla o mahnıya duet yazdırdıq.

Oradakı mövzu mənim ruhuma uyğundur. Həyatda saf sevgi qədər gözəl heç nə yoxdur. Əgər insana təmiz sevgi ilə yanaşırlarsa, onu dəyərləndirmək lazımdır. O film mənim o qədər uğurlarımın başlanğıcı olub ki...O filmdə gəncliyim qorunub saxlanıb, həm də buna görə mənə çox əzizdir.  “Baladadaşın ilk məhəbbəti” mənim həyatımın bir parçasıdır”.

lll

“Baladadaşın ilk məhəbbəti” filmində mənim ən çox xoşuma gələn cəhət sözdən az istifadə olunmasıdır...

Dahi Tolstoy yazırdı ki, incəsənətin başlıca vəzifəsi ən incə duyğuları ifadə etmək, insanları düzgün yolla xoşbəxtliyə çatdırmaqdır. Deməli, əsl incəsənət əsəri ürəyin sarı siminə toxunmalıdır. Bu alındıqda hətta tənqidçi də filmi peşəkar kimi yox, sadə tamaşaçı kimi zövq alaraq izləyir.

Kinoşünas Aygün Aslanlının dedikləri: “ “Baladadaşın ilk məhəbbəti” mənim üçün o üç film bir yerdə, yəni “Ömrün səhifələri” kontekstində daha maraqlıdır. Bir müddət əvvəl mən o filmə təzədən baxanda orada aktyorların danışıq tərzi indiki dövrlə müqayisəli götürsək, məni yaxşı mənada məhv elədi. Elə bil hər gün küçədə rastlaşdığın, gördüyün insanların dialoqunu eşidirsən. Yəni, nə qulağı vurmur, nə diksindirmir, çox təbii və rahat oturub iki real insanı efirdə izləyirsən. Situasiya da çox təbiidi. Bu baxımdan “Ömrün səhifələri” mənim üçün təkrar qiymətləndirdiyim bir filmdi. Ümumiyyətlə, Fikrət Əliyevin yaradıcılığından Abşeron mövzusu qırmızı xətt kimi keçir. “Baladadaşın ilk məhəbbəti”ndə də, “Yuxu” da da, “Ölüm növbəsində” də hiss olunur ki, o, bu mövzuya yaxşı bələddir. Bu zərurətdən yaranan bir qanunauyğunluq kimi  onun filmləri elə bil ki, bir qəhrəmanın həyatının müxtəlif etaplarıdır. Məsələn, “Baladadaşın ilk məhəbbəti” yeniyetməlik dövrüdü, “Yuxu” filmi bir az yetkin vaxtı, gənclik dövrüdü, “Ölüm növbəsi” isə onun yaşlılıq dövrüdü. Fikrət Əliyevin filmlərində sanki Abşeron ayrıca bir təbəqədirmi, zümrədirmi, necə deyim, ayrıca bir planet kimi nəzərə çarpır. Baxmayaraq ki, abşeronlular və köklü bakılılar eyni sayılırlar, məhz o Abşeron insanları, Abşeron mühiti şəhərlə, özündən ətrafda olanlarla qarşı-qarşıya qoyulur. Onlar mərd, sadəlövh, saf olurlar, amma axmaq olmurlar, bu saflıqlarını kirlətməyə imkan vermirlər. Daha çox ətraf aləmin təsiri onlar üçün sınaq rolunu oynayır və onlar bu sınaqdan çıxırlar. O filmləri Fikrət Əliyev sevgiylə çəkir, mövzunu dərindən hiss edən operatorlarla işləyir. Onun işlədiyi operatorlar da işlərində, təsvirdə daha çox poetikaya üstünlük verirlər. Rafiq Quliyevdi, Valeri Kərimovdu..O filmlərin hamısında Abşerona, onun qəhrəmanlarına sevgi hiss eləyirsən..Müəlliflərin sevgisini hiss eləyirsən, anlayırsan ki, onlar öz qəhrəmanlarını sevir, onları hər şeydən qorumağa hazırdı. Ümumiyyətlə, bizim rejissorların əksəriyyətinin debüt fimlərinin əksəriyyəti çox yaxşı filmlərdir. Adam hətta təəccüblənir ki, bəs sonra bunlara nə oldu? (gülür)

“Baladadaşın ilk məhəbbəti” filmini bayaq da dediyim kimi “Ömrün nəğmələri”ndəki digər filmlərlə –”Rəqiblər” və “Nəğmə dərsi” filmləri ilə eyni kontekstdə görürəm. Çünki ordan çıxanda qısametrajlı bədii, lirik komediyamı, yaxud melodram janrına oxşayır: Şəhərdən bir qız gəldi, kənddə yaşayan gənc oğlan onu görən kimi vuruldu. Yeniyetməlik illüziyası və o illüziyanın suya düşməsi, yeniyetmənin böyüməsi, ayılması... Amma “Ömrün səhifələri”nin kontekstində baxanda orada insan həyatının üç həyatı uşaqlıq, yeniyetməlik və yaşlılıq başqa adla: saflıq dövrü, sınağı və təcrübəsi əks olunur. Və bu üçlü sivilizasiya ilə təbiətin qovuşmağında, qarşıdurmasında sınaqdan keçir. Ümumiyyətlə, “Ömrün səhifələrində elə bil ki, təbiətdən bir pillə yuxarıda olan insan və  təbiətə yuxarıdan aşağı baxan insan qarşılaşdırılır. İnsanın gəncliyi, sınaqlardan keçdiyi dövr, gəncliyi və təcrübəsi onların-təbiətlə sivilizasiyanın qarşıdurmasında göstərilir. Və təbiət insanının səmimiliyi qalib gəlir. “Baladadaşın ilk məhəbbəti” bu kontekstdə olanda artıq başqa lirik komediyadan, ya melodram xəttindən bir pillə yuxarı qalxır, daha qlobal bir anlam kəsb eləməyə başlayır. “Baladadaşın ilk məhəbbəti” filmində mənim ən çox xoşuma gələn cəhət sözdən az istifadə olunmasıdır. Biz o filmlərə müqayisə ilə artıq 2014-cü ildən baxırıq. İndi çəkilən filmləri görürük və istər-istəməz sovet dövründə çəkilən filmlərlə müqayisələr, paralellər  aparırıq. O filmdə sözdən çox az istifadə olunmağı, qəhrəmanın bütün o lirik vəziyyətlərinin, sadəlövhlüyünün, saflığının, aşiqliyinin vizual göstərilməsini və bunun həddə saxlanılmasını bəyənirəm. Rejissor qızıl ortanı tapıb, nə az deyil, sinizm yoxdur orda, nə də ki lirika bayağılaşdırılmayıb. Rejissor burada lirikanı şirinçay eləməyib.  Və tamaşaçı olaraq o qəhrəmanı da, onun yaşadıqlarını da başa düşürsən, onunla empatiya qura bilirsən, bir az özünü onun yerində təsəvvür eləyə bilirsən.Yeniyetməlik illüziyalarının dağılması anı... Həmin dövr elə dövrdür ki, öldürmür, gücləndirir. Orada mahnının əsas sözü var: sənə olan eşqimi sənə də alçaltmaram. Bu baxımdan Baladadaşın yayda başına gələn epizodik hadisə özünü tanımaq yolunda onun üçün sınaq olur. Baladadaşın ilk məhəbbət illüziyasının qırılması onun xeyrinə olur. Bu sınaq onu güclü edir”.

lll

Bütün deyilənlərdən anlaşılır ki, sevgiylə yaradılanlar ürəklərin sevgisini qazanmağa qadirdir. Fransız yazıçısı Roman Rollanın fikrincə,  yaratmaq ölümü öldürmək deməkdir. Yaratmaq eşqlə əlaqəlidir, deməli, sevgiylə yaradılan əsərlər də bu və digər dərəcədə əbədiyyətin ruhuna qovuşur- “Baladadaşın ilk məhəbbəti” kimi...

“Ulduz” jurnalının 2014 iyun tarixli sayında dərc olunub.

 

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2014.- 9 avqust.- S.14-15.