Şirvanşahlar Sarayı - dövlətçilik
tariximizin misilsiz yadigarı kimi
Bakının
tarixi özəyi olan İçərişəhərin ən
yüksək təpəsi üzərində yerləşən,
"Daşlar üzərində donub qalmış
simfoniya", "Yatmış qu quşu", "Xəzər
dənizinin mirvarisi" adlandırılan Şirvanşahlar
Sarayı Azərbaycanın dövlətçilik tarixinin
möhtəşəm yadigarı, son dərəcə gözəl,
nadir memarlıq incilərimizdən, milli dəyərlərimizdən
biridir. Bədii düha və xalq sənətkarlığının
incəliklərindən bəhrələnən Azərbaycan
saray inşaatının ən dəyərli nümunəsi
olan bu saray müəyyən mənada dövlətçilik rəmzlərimizdən
biri sayıla bilər. Öz mahiyyətinə, ehtiva etdiyi abidələrə
görə Şirvanşahlar Sarayı xalqımızın
maddi və mənəvi mədəniyyətinin Qızıl
Fonduna daxil olan məkanlardandır.
Ölkəmizdə
dünya əhəmiyyətli abidələrdən biri məhz
Şirvanşahlar Sarayı kompleksidir. Bu saray XV əsrdə
Şirvanşah İbrahim Xəlilullahın dövründə
tikilib. Orta əsrlərdə Şamaxıda baş verən gərgin
hadisələr dövründə Bakı şəhəri
nisbətən sakit şəraitdə inkişaf edirdi. Hələ
XII əsrdə Bakıda möhkəm qala divarlarının
(1138-1139) tikildiyi məlum idi. Şamaxıda baş verən zəlzələdən
sonra paytaxt Bakıya köçürüldükdə şəhərin
ən yüksək nöqtəsində, Şirvanşahlar
Sarayı ucaldılır. Saray 6 əsrlik tarixi ərzində
bir çox hadisələrlə üzləşib. Bir növ
Azərbaycan tarixinin son 600 ilində baş verən hadisələr
birbaşa adıçəkilən saraya təsir edib.
1500-cü ildə Fərrux Yasarın Səfəvilərlə
döyüşdə məğlub olaraq öldürülməsinə
qədər müstəqil Şirvanşahlar dövlətinin
himayəsində olan saray Səfəvilərin bura daxil
olması ilə fərqli bir tarixi taleyə tuş olub. Elə
məhz bu hadisələr səbəbindəndir ki, tarixin o
dövrlərindən günümüzə saraya aid çox
az eksponat gəlib çatıb. Daha sonra Səfəvi-Osmanlı
müharibələrində Osmanlıların qələbə
qazanması ilə Bakı şəhəri və uyğun
olaraq, Şirvanşahlar sarayı Osmanlıların himayəsinə
keçib. Hətta sarayın Şərq darvazası da o
vaxtkı Osmanlı sultanı III Muradın şərəfinə
tikilib.
Saray 3 həyət 9 abidədən ibarətdir. Bunlar Saray binası, Divanxana, Dərviş
türbəsi, Şərq darvazası (portal), Saray məscidi,
Key-Qubad məscidi, Saray türbəsi, hamam və ovdandan ibarətdir. Kompleks binalarının biri digərindən
5,6 metr hündürlükdə yerləşən 3 həyətdədir.
Sarayın yerləşdiyi ərazi mürəkkəb relyefli
olduğu üçün bu kompleks vahid memarlıq planına
malik deyil. Buna baxmayaraq binaların biri digəri ilə təzad
təşkil etmir. Əksinə biri, digərini gözəlləşdirir.
Ən müxtəlif nöqtələrdən baxarkən
onların saray ansamblının tərkib hissələri
olduğu aydın görünür.
Kompleksin bütün tikintiləri əhəng
daşı olan yerli bədamdam daşından inşa olunub.
Belə məlum olur ki, kompleksin digər tikililəri
arasında ən çox dağılmaya məruz qalan saray
binası olub.
Divanxana
Divanxana
kompleksi yuxarı həyətdə yerləşir və onun
şimal tərəfi ilə bir tini yaşayış
binasına bitişib. Divanxananın həyətinin müxtəlif
yerlərində 5 quyu var. Bu quyular ərzaq malları
saxlanması üçün nəzərdə tutulub. Quyular
saray tikilməmişdən də mövcud olub və belə
güman edilir ki, yerli əhali bunlardan istifadə edirmiş.
Qazıntılar zamanı quyulardan buğda, üzüm,
düyü və digər ərzaqların qalıqları
tapılıb.
Divanxana 8
guşəli rotondadan ibarət olub, 12 tərəfli günbəzlə
tamamlanır. O, 8 guşəli zaldan açıq eyvanla birləşir.
Eyvanın çatma sıra tağları özünəməxsus
kapitel və oturacaqları olan 9 sütuna söykənir. Həyəti
əhatə edən eyvanın sıra tağları eyni
formalıdır. Tağların xarici hissəsində
azadlıq rəmzi olan göyərçin şəkilli
daş və 2 ədəd su axarı üçün daş
nov var. Tikili rəsmi qəbul və divan işləri
üçün istifadə edilib. Belə bir ehtimalı da təkzib
etmək olmaz ki, Şirvanşah Fərrux Yasər Divanxana
kompleksini özü üçün məqbərə olaraq
tikdirib. Lakin tikinti işləri başa çatmayıb, indiki
halına yaxın şəkildə yarımçıq
qalıb. Sütunlar üzərindəki izlər göstərir
ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib.
Sütunlu yer dövrün nüfuzlu feodalların
yığıncağı üçün təyin olunub.
Divanxanaya yuxarı həyətdən və küçədən
gələn 2 giriş var.
Rotondanın
da 2 giriş qapısı var.
Qərb
girişi uca və nəfis işlənmiş portal ilə
seçilir. Portalın səthi tipik Abşeron florasına xas
olan əncir və üzüm yarpaqları ilə, şərq
xalçalarının naxışlarını xatırladan
ornamentlərlə, eləcə də dərinliyi 3-5 sm. olan
oyma naxışlarla bəzədilib. Portal, divar oyuğunun
qabırğalı yarım gümbəzi 7 sıralı
stalaktik kəmərə söykənib. Portalın çərçivəsində
2 ədəd 6 guşəli medalyon var ki, onların içərisində
sol tərəfdə gül şəkilli həndəsi fiqur əmələ
gətirən 6 ədəd romb izlənir. Romblardan ikisinin
üzərində "Allahdan başqa Allah yoxdur", digərində
"Məhəmməd Allahın elçisidir", sonuncuda isə
"Əli Allaha yaxındır" sözləri
yazılıb.
Sağ tərəfdəki
6 bucaqlının içərisində isə 12 ədəd
romb əks olunub. Onlardan 6 ədədinin üzərində
"Allah təkdir", digər 6 ədədinin üzərində
isə "Məhəmməd" sözləri
yazılıb. Portalla yanaşı rotondaya gedən daxili
keçid də gözəl ornamentlərlə işlənib.
Bu ornamentlərdən yuxarıda Quranın 10-cu surəsi (Yunus
surəsi 25, 26, 27 -ci ayələr) yazılıb. "Uca və
pak olan Allah dedi: Allah xalqı behiştə
çağırır və istədiyi şəxsi düz
yola hidayət edir, ona düz yol göstərir. Yaxşı və
gözəl əməl sahiblərindən ötrü əcr
və savab vardır. Onların üzərini günah pərdəsi
örtmədiyi kimi, zəlil də olmazlar, onlar əhlidildirlər,
həmişəlik orada qalacaqlar. Allah doğrusunu buyurur".
Burada bədiilik
effekti hörgünün xüsusiyyətindən asılı
olaraq işıq-kölgə oynaqlığı ilə
verilir. Daşların sırasının biri üfüqi yerləşdiyi
halda, digəri şaquli istiqamətdə yerləşir, bu da
daşların müxtəlif çalarlı olmasını təmin
edir. Divarların bu qayda ilə inşası kompleksin
bütün tikililərində izlənir.
Rotonda
tağlarının oxları üzərində altıbucaqlı
medalyonlar var ki, onların daşları üzərində 3
qabarıq və 3 oyuq formada "Əli" adı həkk
olunub. Qapı keçidlərinin üzərində ornamentlər
yoxdur və giriş keçidi üzərində yazılar
üçün çərçivə hazırlansa da onlar
tamamlanmayıb. Ehtimal olunur ki, binanın tikintisi 1500-1501-ci illərdəki
müharibələr dövründə dayandırılıb.
Rotondadakı mərkəzi zal dekorativ bəzəyə malik
deyil, onların tərəfləri oxvari oyuqlar və qapı
keçidlərindəki tir yerində də qalmaqdadır.
Mərkəzi
zalın ortasında dördbucaqlı şəklində olan
pilləkən vasitəsilə zirzəmi ilə əlaqə
vardır. Bunların təyinatı haqqında müxtəlif
fikir yürüdülür. Buranın sərdabə olduğu
da ehtimal olunur. Mərkəzi zalın qarşısında,
aşağı tərəfdə düzbucaq şəklində
dəhliz var. Dəhlizin bir başı əzəmətli
portaldan, digəri isə kiçik cənub qapısından gələn
iki girişdən ibarətdir. Dəhlizin şərq hissəsində
kiçik xidmət otağı yerləşir. Şirvan ərazisində
olan portal kompozisiyaları arasında əsas yeri Divanxana ilə
Şirvanşahlar türbəsinin portalı tutur. Divanxana
gözəlliyinə və incəliyinə görə nəinki
Azərbaycanın, həm də Yaxın Şərqin uyğun
memarlıq abidələrinin şah nümunəsi
sayılır.
Saraydakı
yaşayış binası
Divanxanadan fərqli olaraq
yaşayış binasında heç bir bəzəkdən
istifadə olunmayıb. Bura ikimərtəbəli,
düzbucaqlı formaya malik bir binadır. Sarayı
yaxşı işıqlandırmaq üçün binanın
cənub-şərq bucağı
girintili-çıxıntılı hazırlanıb. İlk
vaxtlar sarayda 52 otaq varmış, onlardan 27-si I, 25-i isə II mərtəbədə
yerləşirmiş. Otaqlar simmetrik şəkildədir. II mərtəbədə
tağ tavanla örtülüb, burada Şahın özü və
ailəsinin otaqları yerləşirmiş. Üst mərtəbənin
pəncərələri Bakı buxtasının gözəl
mənzərəsinə açılır. Onları daş
şəbəkələr daha da gözəlləşdirir.
1932-34-cü
illərdə sarayda ilk təmir işləri başlanan zaman
yaşayış binasının gümbəzi olmadığından
onun üstü yastı tavanla örtülüb, döşəməsi
isə parketdən hazırlanıb. XIX əsrdə
hörülmüş pəncərələrdən daşlar
sökülüb və daş döşəmələrin
bir hissəsi təmir olunub. Mərtəbələr
arasında əlaqələr 2 ensiz pilləkən və səkkizbucaqlı
zalın döşəməsində yerləşən pilləkənlər
vasitəsilə yaradılır. Təmir nəticəsində
indi II mərtəbədə cəmi 16 otaq qalıb. Girişdəki
səkkizguşəli zal bu otaqlardan öz ilkin
görünüşünə görə seçilir. Ona
bitişik olan 2-ci bu cür otağın ilk
görünüşünün yalnız bir hissəsi
qalıb. Onun gümbəzşəkilli örtüyü
yastı örtüklə əvəz olunur. Qalan 14 otaq da bərpa
edilib, lakin onlar memarlıq baxımından o qədər də
maraqlı gəlmir. Əzəmətli əsas giriş
binanın qərb divarındandır. Girişdə XV əsr
Azərbaycan memarlığının bütün elementlərini
özündə cəmləşdirən və heç bir bəzək
elementi olmayan portal diqqəti cəlb edir.
(Ardı var)
Samirə
QULİYEVA
525-ci qəzet.-
2014.- 12 avqust.- S.4.