“Azər-ilmə” məşhur
muzeylərdə saxlanılan Azərbaycan
xalçalarını tədqiq edir
"Azər-İlmə"
Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) dünyanın
bir sıra məşhur muzeylərində saxlanılan Azərbaycan
xalça nümunələri haqqında məlumatlar əldə
edib.
MMC-dən APA-ya verilən məlumata görə, həmin muzeylərə təşkil olunan ezamiyyələrdə xalçaların saxlanılma vəziyyəti, onların muzeyə daxil olma tarixi və hansı adlarla ekspozisiylarda yerləşdirilməsi, texniki və bədii göstəriciləri haqqında informasiya alınıb, fotoşəkillər çəkilib. "Viktoriya və Albert", "Metropoliten" və s. kimi nüfuzlu muzeylərin ekpozisiyalarını bəzəyən Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Quba, Bakı, Qazax-Borçalı, Təbriz, Şirvan qruplarına aid Azərbaycan xalça və xalça məmulatları haqqında məlumatlar "Azərbaycan xalçaları" jurnalında şəkildə işıqlandırılıb
Qeyd olunub ki, "Azər-İlmə"nin elmi əlaqələr qurduğu Rusiya Dövlət Şərq Muzeyində də nümayiş etdirilən Azərbaycan xalçalarının sayı kifayət qədərdir. Hazırda aparılan müştərək tədqiqatlar həmin xalça nümunələrinin hərtərəfli araşdırılmasına, öz adı, ünvanı, xalça qrupu, çeşnisi, texnologiyası ilə tanınmasına yönəlib. Bu muzeydəki Azərbaycan xalçalarının böyük əksəriyyəti yanlış adlandırılıb, bəzi hallarda isə digər xalqların maddi-mədəniyyət nümunəsi kimi təqdim edilib. Professor Vidadi Muradovun rəhbərlik etdiyi tədqiqat qrupuna həm Azərbaycan, həm də Rusiyanın ayrı-ayrı elmi tədqiqat mərkəzlərindən tarixçilər, etnoqraflar, xalçaçılar, sənətşünaslar cəlb ediliblər.
S.Abdullayeva
525-ci qəzet.-
2014.- 12 avqust.- S.4.