Şirvanşahlar Sarayı - dövlətçilik tariximizin misilsiz yadigarı kimi
(Əvvəli ötən sayımızda)
Bakının tarixi özəyi olan İçərişəhərin ən yüksək təpəsi üzərində yerləşən, "Daşlar üzərində donub qalmış simfoniya", "Yatmış qu quşu", "Xəzər dənizinin mirvarisi" adlandırılan Şirvanşahlar Sarayı Azərbaycanın dövlətçilik tarixinin möhtəşəm yadigarı, son dərəcə gözəl, nadir memarlıq incilərimizdən, milli dəyərlərimizdən biridir. Bədii düha və xalq sənətkarlığının incəliklərindən bəhrələnən Azərbaycan saray inşaatının ən dəyərli nümunəsi olan bu saray müəyyən mənada dövlətçilik rəmzlərimizdən biri sayıla bilər. Öz mahiyyətinə, ehtiva etdiyi abidələrə görə Şirvanşahlar Sarayı xalqımızın maddi və mənəvi mədəniyyətinin Qızıl Fonduna daxil olan məkanlardandır. Ölkəmizdə dünya əhəmiyyətli abidələrdən biri məhz Şirvanşahlar Sarayı kompleksidir.
Xalq arasında "Dərviş türbəsi" adı ilə məşhur olan və Sarayın cənub hissəsində yerləşən türbə orta həyətdə mərkəzi yer tutur. Bəzi mütəxəssislər bu türbənin Seyid Yəhya Bakuviyə aid olduğunu iddia edirlər. Bəziləri isə əsassız olaraq sarayın aşağı həyətlərindəki bütün abidələri, Dərviş türbəsi də daxil olmaqla, Xanəgah tikililəri kompleksindən sayırlar. Tarixçilərin məlumatına görə, Seyid Yəhya Bakuvi I Xəlilullah dövründə saray alimlərindən biri olub. O, Şamaxı şəhərində doğulub. Gəncliyində şeyx Sədrəddin təriqətinin davamçısı olub. Şeyx Sədrəddinin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşayıb. Bizə Seyid Yəhya Bakuvinin 30 adda əsəri gəlib çatıb. Onlar əsasən sufi-mistik məzmun daşıyır və əsli Türkiyənin Manisa şəhərində "Muradiyyə" kitabxanasında saxlanılır.
Türbə Keyqubad məscidinin bünövrəsi olan kompleksdədir. Onu da qeyd etmək lazımdır ki, türbə üzərində onun kimə aid olduğunu bildirən kitabə və türbənin içərisində məzar daşı olmayıb. Türbə incə quruluşu ilə diqqəti cəlb edir. Kiçik həcmli 8 bucaqlı türbə yüksək sənətkarlıqla işlənib. Yaraşıqlı görünməsi üçün gümbəzin piramidaya oxşar səthləri az qabarıq verilib. Türbənin hündürlüyü 7,5 metrdir. Türbə yeraltı və yerüstü hissədən ibarətdir. Divarların hörgüsü tünd və açıq daşlardan tikildiyindən onların təkrarlanması səthlərin rəngli görünməsinə səbəb olub. Türbənin daşdan yonulmuş şəbəkələrlə bəzəkli üç pəncərəsi var.
Saray məscidi kompleksin aşağı həyətindədir.
Məscid yüksək zövq və sənətkarlıqla tikilib. Məscidin minarəsində buranın 1441-ci ildə tikildiyi göstərilir və daşlara həkk olunan yazıda deyilir: "Böyük və qüdrətli Allaha həmd, Məhəmmədə dualarımız olsun. Bu minarənin açılmasını qüdrətli sultan Xəlilullah əmr etdi. Allah onun hakimiyyət və şahlığını göylərə ucaltsın". Məscidə girməzdən əvvəl yuyunmaq və dəstəmaz almaq üçün həyətin şimal tərəfində, hündür meydançada quyu və kiçik hovuz vardır. Memarlıq formasına görə məscid çox sadədir. Onun giriş portalı bəzəksizdir, lakin minarə zərifliyi və gözəlliyi ilə diqqəti cəlb edir. Eyvanı saxlayan stalaktitlər və aşağıda yerləşən yazı kəməri yüksək sənətkarlıqla işlənib. Minarə dilimli gümbəzlə tamamlanır. Eyvanın ətrafı başqa böyük məscid minarələrində olduğu kimi üzəri oyma üsulu ilə bəzənmiş, daş məhəccərlə əhatə olunub. Sonralar rus ordusu tərəfindən şəhər top atəşinə tutularkən dağıdılan daş məhəccər XIX əsrdə dəmir məhəccərlə əvəz edilib.
Keyqubad məscidi adlandırılan tikili Dərviş türbəsinin yanındadır, məscid-mədrəsə binasıdır. Türbə məscidin cənub hissəsində yerləşir. Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Vaxtilə zalın mərkəzində gümbəzi saxlayan 4 sütun var imiş.
Saray hamamı Şirvanşahlar Saray kompleksinin ən aşağı hissəsindəki həyətdə, yerin altında tikilən hamamxana da xüsusi maraq doğuran tikililərdəndir. Yerin altında tikilməsində məqsəd isə temperatur rejimini sabit saxlamaq olub. XV əsrə aid olan bu tikilidə Şərq hamamlarına xas bütün cəhətlər birləşib. Hamam bizə uçub-dağılmış formada gəlib çatsa da, qalıqlar binanın rasional kompozisiyaya uyğun inşa edildiyindən xəbər verir. "Çöl" adlanan otaqlar soyunma, "içəri" adlanan otaqlar isə yuyunmaq üçün nəzərdə tutulub. İsti su hovuzu olan yerdə suyun qızdırılması üçün xüsusi qızdırıcı külxana otağı olub. Hamamdan həftənin tək günlərində kişilər, qalan günlərdə isə qadınlar istifadə edirlərmiş. Hamamın indiyə qədər qalan divarlarına görə demək olar ki, onun otaqlarının üstü gümbəzlə örtülubmüş. Gümbəzdə olan deşiklərdən hamamın içərisinə işıq düşürmüş. Bu növ hamam sistemi Bakı və Abşeron üçün tipikdir. Hamamın sol hissəsi bərpa olunub, sağ hissə isə öz əvvəlki formasını daha çox saxlayıb.
Hamama daxil olan su, divar yaxınlığında olan ovdandan (su anbarından) qazanxanaya axır, oradan isə tikilmiş xüsusi yollar vasitəsi ilə otaqlara paylanırmış. Hamamda soyunmaq üçün, tək adamın çimməsi üçün "xəlvəti" adlanan otaqlar da varmış. Divarda otaqlara çəkilmiş borunun ucu tağın içindən görünür. 1733-cü ildə bu sarayda olmuş avropalı səyyah İ.Lerx hamam haqqında yazırdı: "O xaricdən olduğu kimi, daxildən də gözəl bəzədilib".
Saraydakı ovdan portal şəklində tərtib olunub, oradan anbara uzun pilləkən gedir. Ovdanla hamam arasında əlaqənin olduğu yan vestibüldən görünür. Ovdan 1954-cü ildə təmir-bərpa işləri aparılarkən təsadüfən aşkar edilib. Ovdana su, kəhrizlər vasitəsilə şəhərin dağlıq hissəsindən verilirmiş.
Hər bir xalqın fəxr etdiyi mədəniyyəti, tarix və ənənələri var. Lakin bu rəngarənglik içərisində yalnız unikallığı, qədimliyi və orijinallığı ilə daha çox fərqləndirilən maddi-mədəni irs nümunələri bəşəri dəyərə malik olur. Doğma Azərbaycanımızın dünya əhəmiyyətli memarlıq inciləri sırasında layiqli yer tutan Şirvanşahlar Saray Kompleksi məhz belə bir mədəniyyət abidəsidir.
Samirə QULİYEVA
525-ci qəzet.- 2014.- 13avqust.- S.4.