"Gedək hələ, görək hələ"

 

 

Qarşımda nasir, şair, publisist Mirəfsəl Təbibin sayca onuncu olan "Gedək hələ, görək hələ" adlı kitabı dayanıb. Müəllifin bu kitabındakı şeirləri digər kitablarındakı poetik nümunələrdən, fikirlərdən, mülahizələrdən xeyli fərqlənir.

Əslində, hər bir yaradıcı adamın bu dünyaya yadigar qoyduğu bədii əsərləri həm onun avtobioqrafiyasıdır. Heç mümkün deyil ki, ürəyinin qanını, qəlbinin hərarətini verdiyi yazılarda müəllifin öz arzu istəklərinin, qəm kədərinin izləri olmasın. İctimai mühitdəki mövqe, şəxsi həyatdakı yaşantılar, sosial həyatın rəngləri, maddi mənəvi dünyanın ağrıları yaradıcı insanın müraciət etdiyi hər hansı mövzuda mütləq özünü biruzə verməlidir. Qısaca desək, bəşəri ağrılar, bəşəri düşüncələr, bəşəri arzular şair yazıçının şəxsi məni ilə səslənməsə, uyğunlaşmasa bədii ədəbiyyata çevrilə bilməz. Bu mənada hər hansı bədii yazı hardasa, həm avtobioqrafik əsərdir.

Yuxarıda qeyd edildiyi kimi Mirəfsəl Təbibin bu kitabı digərlərindən fərqlənir. Heç şübhəsiz ki, hər bir əsərin öz yeri, öz əhatə dairəsi var. Ancaq bu kitabdakı gəraylılar əslində, M.Təbibin həyat haqqındakı fəlsəfi düşüncələridir. Şair uzun müşahidələrdən, dərin düşüncələrdən sonra bu qənaətə gəlir ki, qoca dünyanın bəşəri siqləti səs qədər də əbədidir:

Ya Rəbb! Məni belə yaşat,

El sevdalı, el həvəsli.

İçimdə bir haray olsun,

İnsan adlı, Tanrı səsli.          

Ancaq bu məqamadək, ümumiləşmiş sonluğu xatırladan bu etirafa kimi uzun bir yol da var axı. Müəmma, təzad dolu bu dünyanın min çalarlı təbəssümünü görmüş müəllifin insanlara tövsiyyələri orijinal bir üslübda verilib. Şair heç bir məqamda oxucusuna təzyiq göstərmir, sadəcə narahat dünyası ilə ona həqiqəti təlqin edir:

Tanrıya xitab gətirib,

Müqəddəs kitab gətirib,

Bir ömürlük tab gətirib

Sonsuz, saysız əzaba döz.

 

Mirəfsəl Təbibi oxuculara daha çox sevdirən, daha çox bağlayan hansı hisslər, hansı duyğulardır? Bunları bilmək üçün onun şeirlərini diqqətlə oxumaq lazımdır. Şair bütün şeirlərində ən əvvəl el-obasını sevən, dövlət dövlətçiliyinə qırılmaz tellərlə bağlanan fəal vətəndaşdır.

Ən yüksək milli dəyərlərə, estetik gözəlliklərə, dünyanın təzadlarına yaradıcılığında geniş meydan verən M.Təbib bu mövzulara yanaşmalarında özüdür, sadə səmimidir. O, çalışır ki, müraciət etdiyi hər hansı bir mövzu ən əvvəl oxucu nəzərində sadə olmaqla bərabər, həm bəşəri, əbədi əzəli olsun. Çox hallarda bu poetik parçalar aforizm kimi səslənir, çünki onların hamısı həyat həqiqətlərinə söykənir:

Bir halda ki,

Qumu sıxıb daş edərlər,

Bu qupquru meydandakı

Daşı sıxıb yaş edərlər-

Sənə öyüd vermək çətin.

M.Təbibin "Gedək hələ, görək hələ" kitabındakı şeirlərdə şair gözəl dünyanı gözəl göstərməklə bərabər, həm onun taleyindən narahatlığını da ustalıqla qələmə alıb. Bu narahatlıq duyğusu o qədər güclüdür ki, bu mövzuda qələmə alınan poetik düşüncələr çağırış kimi səslənir. Sülhə, əmin-amanlığa, dostluğa, qardaşlığa bu çağırış M.Təbibin yaradıcılığında çox önəmli yer  tutur:

Niyə ərzi qorumayaq?

Niyə dünya talan olsun?

Bu əbədi sualın ədəbi cavabı M.Təbibin haqqında danışdığımız kitabındakı həyatın özündən götürülmüş şeirlərində var: qalır onu oxuyub dərk etməyə, düşünməyə, daşınmağa...

 

 

Səxavət MƏMMƏDLİ

525-ci qəzet.- 2014.- 14 avqust.- S.4.