Möhtəşəm
tarixi abidə, təkrarsız memarlıq incisi, misilsiz mədəni
irs nümunəsi
Qız qalası
Bakının tarixi tikililəri arasında ən möhtəşəm
və əzəmətli
memarlıq abidələrindən
biri sayılır. Uzaq keçmişdə
inşa edilməsinə
baxmayaraq, onun heyrətamiz zahiri forması, tərtibatı
və proporsiyalarının
uyarlığı əsas
gözəllik və estetik meyarlara tam uyğundur. Bunu dəyərləndirmək və dərk etmək üçün də peşəkar tarixçi və ya memar olmaq
gərək deyil.
Qız qalasının hündürlüyü
şimal tərəfdə
28, cənub tərəfdə
isə 31 metrdir.
Divarlarının qalınlığı isə 5 metr təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan
kontrforsla tamamlanan silindrik formaya uyğundur. Qalanın səkkiz mərtəbəsi
bir-birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin divarının
cənub-şərq hissəsində
qurulmuş pilləkənlə
birləşir. Yalnız birinci
və ikinci mərtəbələr arasında
pilləkən əvvəl
mövcud deyildi.
Qız qalasının
maraqlı cəhətlərindən
biri də onun içərisində qayadan ovulub düzəldilmiş su quyusu olmasıdır. Diametri
0,7 metr olan
bu quyu qalanın
cənub-şərq divarının
içindədir. Su quyusunda qazıntı işləri aparılıb.
Quyudan tapılan maddi-mədəniyyət
qalıqları buradan
XII əsrdən başlayaraq
istifadə olunduğunu
göstərir. Hesablamalar nəticəsində
məlum olub ki, quyunun dəniz
suyunun səviyyəsi
ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi
analiz olunub, onun içmək üçün tam yararlı
olması müəyyənləşdirilib.
Onun ağız hissəsi qalanın üçüncü
mərtəbəsinin döşəməsi
səviyyəsindən başlayıb
divar boyu aşağıya doğru
13 metr davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu qala divarı içərisində gizlətmişlər.
Onun şimal və cənub divarında enib-qalxmaq üçün
10-12 sm dərinlikdə
ayaq yerləri var. Quyunun 12 metr dərinliyində divar genişlənir.
Yuxarı mərtəbədən bütün
qala boyu aşağıyadək davam
edən ikinci ensiz boşluqda saxsı borular yuxarıdan aşağıya
bir-birinin içinə
geydirilməklə yerləşdirilib. Həmin borudan
hansı məqsədlərlə
istifadə olunduğu
hələ də müəmmalıdır. Qalanın
müəyyən xüsusiyyətləri,
məsələn, giriş
hissəsinin mürəkkəbliyi
tikilinin müdafiə
xarakteri ilə izah olunsa da
onun forması və pəncərələrinin yerləşməsi
tədqiqatçıların abidənin təyinatı ilə bağlı digər fərziyyələrini
dəstəkləyir.
Qız qalası
Bakının rəmzidir. Şəhərin tarixi mərkəzində ucalan Qala, Bakının
kiçik bir yaşayış məskənlərindən
nəhəng və müasir meqapolisədək
yüksəlişin şahididir.
Qız qalası Bakının ən
qədim tikililərindən
biridir. Arxeoloji qazıntılar zamanı
əldə olunan materiallar bu ərazidə artıq antik dövrdə yaşayış məskəninin
mövcudluğunu göstərir.
Numizmatik tapıntılar
( Əhəminələr
dövlətinin şahı
I Kserksin dövründə zərb olunmuş və hal-hazırda İçərişəhərin numizmatik ekpozisiyasında sərgilənən
mis sikkə ) isə artıq e.ə. V əsrdən bəri Bakının beynəlxalq iqtisadi əlaqələrdə fəal
iştirak etdiyini bildirən ən tutarlı mənbələr
arasındadır.
Əsrlər boyu Bakı şəhərinin hüdudları
onun iki ( bəzi mənbələrə görə
hətta üç )
sıra qala divarları ilə müəyyən edilirdi. Bu divarlar XII əsrdə
Şirvanşahlar tərəfindən
ucaldılıb. Zadəganların,
tacirlərin, sənətkarların
və digər zümrə nümayəndələrinin yaşadıqları bu canlı məkan düşmən hücumlarından
məhz bu divarlar vasitəsilə qorunurdu. Keçmiş yüzilliklərə
aid tikililərin bir hissəsi günümüzədək
gəlib çıxmasa
da, İçərişəhər
özünün qədim
məhəllə və
küçə şəbəkəsini,
habelə ab-havasını
qoruyub saxlayıb.
XIX əsrdə Bakı sürətlə böyüyərək
özünün qədim
hüdudlarını aşıb.
XIX əsrin 80-ci illərində qala divarları qismən dağıdılıb. Həmin dönəm
Bakının misilsiz iqtisadi inkişafı və çiçəklənməsi
ilə səciyyələnir.
Qədim
şəhərin ətrafında
yeni əzəmətli
və möhtəşəm
binalar ucaldılıb.
Hal-hazırda şəhər yenidən
inkişaf və sürətli dəyişikliklər
mərhələsini yaşamaqdadır.
Bu gün tarixi
olayların və müxtəlif hadisələrin
şahidi olmuş Qız qalası İçərişəhərin digər tarixi abidələri ilə birgə daim inkişaf edən Bakının özəlliyinin
həssaslıqla qoruyub
saxlanıldığının bir rəmzi göstəricisidir.
Abidədə müxtəlif dövrlərdə
və müxtəlif səviyyələrdə bərpa
işləri aparılıb. İlk bərpa
işlərinin Şirvanşahlar
dövləti zamanında
aparıldığı güman
olunur. Daha sonra Bakı
xanlığı dövründə
qalanın möhkəmləndirilməsi
məqsədiylə bərpa
işlərinin aparılması
müəyyən edilib.
Abidədə geniş bərpa
və tədqiqat işləri Azərbaycan
SSR qurulduqdan sonra aparılıb. 1963-1965-ci illərdə qala ətraflı tədqiq edilib, professor Əhmədov
tərəfindən birinci
mərtəbədə və
qalanın ətrafında
arxeoloji qazıntılar
aparılmış, qala
divarının içində
yerləşən su quyusu aşkara çıxarılıb. 2000- ci ildə
İçərişəhər Bakı qalası və Qız qalasıyla birgə
UNESCO-nun Ümumdünya İrsi
siyahısına salınıb.
Elə həmin il Bakıda
baş verən zəlzələdən sonra
qala 2004-2009-cu illərdə
abidə Təhlükədə
olan Ümumdünya İrsi abidələri siyahısına daxil edilib.
Qız qalası
adının mənşəyi
çoxsaylı əfsanələrlə
bağlıdır. Azərbaycandan savayı qonşu İran, Türkiyə, İraq və digər ölkələrdə
tərkibində "qız"
sözü olan çoxsaylı qala, qüllə və yer adları mövcuddur. Bu sözün izahı ilə bağlı bir neçə mülahizə vardır.
Ən geniş yayılmış mülahizələrdən
birinə əsasən, heç
vaxt düşmənlər
tərəfindən fəth
edilmədiyindən qala
xalq arasında bakirəlik rəmzi kimi Qız qalası
adlandırılıb. Hərçənd tarixdə bu faktın doğruluğu sübut edilməyib.
Qalanın adının etimologiyası
ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan
ən çox üstündə dayanılanı
qalanın qızla bağlı əfsanəyə
(bəzi müəlliflərə
görə Bakı xanının qızı ) əsasən Qız qalası adlandırılmasıdır. Əfsanəyə görə qardaşı
(bəzi mənbələrdə
hökmdar atası) tərəfindən qalada saxlanan qız bu əzaba dözməyərək,
özünü qalanın
başından ataraq Xəzər dənizinin sularına qərq olub. Digər versiyaya görə isə qala əvvəllər
"Göz qalası"
adlandırılıb, zaman
keçdikcə isə
bu ad xalq deyimində dəyişərək
"Qız qalası"
şəklini alıb.
Eləcə də Bakıdakı
Qız qalası barədə məlumatı
olan hər kəs onun haqqında
ən azı bir əhvalat eşidib. Bunlardan ən məşhuru şahın
aşiq olduğu və evlənmək üçün qala tikdirməyi ona şərt qoyan bir qıza həsr
edilməsi barədə
əfsanədir. Bundan başqa,
çağdaş yazıçı,
şair, rəssam və digər sənət adamları bu rəvayətdən ilhamlanaraq yeni-yeni versiyalar yaradıblar.
Qız qalasının
Azərbaycan xalqı,
milli mədəniyyətimiz
üçün daşıdığı böyük
önəmi 1924-cü ildə
haqqında çəkilmiş
ilk kinofilmlərindən biri,
həmçinin 1940-cı ildə
səhnələşdirilmiş ilk balet də təsdiqləyir.
Bəzi fərziyyələrə görə
Qız qalası qədim zamanlarda rəsədxana olub. Bu mülahizənin
tərəfdarları Qalanın
2500-3000 il əvvəl daha qədim tikilinin qalıqları üzərində
ucaldıldığını iddia edirlər. Bu mülahizələrə əsasən, qədim astronomların müşahidələr
üçün istifadə
etdikləri əsas vasitə tikilinin özü olub.
Bəzilərinin fikrincə, Qız qalası əsas etibarilə günəşin
illik dövrünü
izləmək və bu prosesin önəmli
məqamlarını öyrənmək
məqsədi ilə ucadılıb. Belə məqamlardan gündüzlə
gecənin bərabərləşdiyi
qış və yay gündönümləri,
payız və yaz gecə-gündüz bərabərliyi
də ola bilərdi. Bu baxımdan Qalanın pəncərə
və kontrforsu kimi, bəzi struktur xüsusiyyətlərinin
də önəmli tarixlərdə doğan günəşə tərəf
yönəlməsi, ola bilsin, heç də təsadüfi deyil.
Bununla yanaşı
Qız qalasının
gecə səmasının
müşahidəsi üçün
istifadəsi də ehtimal olunur. Qala pəncərələrindən Böyük köpək
bürcündə yer
alan Sirius, Lira bürcündəki
Veqa və Əqrəb bürcündə
olan Antares kimi ən parlaq
ulduzları bilavasitə
müşahidə etmək
mümkündür.
Qədim
zamanlarda elmlə din arasında kəskin fərq
olmadığından rəsədxana
fərziyyəsi Qaladan
ayinlərin icrası ilə, eyni zamanda müdafiə üçün istifadə
edilməsi fikirləri
arasında ziddiyyət
yaratmır. Bütün bunlar Qız
qalasının tarixinin
yetərincə mürəkkəb,
təyinatının isə
hələ də naməlum olduğunu sübut edir.
(Ardı var)
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2014.- 15 avqust.- S.4.