Elmə həsr edilmiş
ömür
Abdülbaqi Gölpınarlı elm aləminə bir-birindən
sanballı tədqiqat əsərləri
ilə ədəbiyyatşünaslıq
elmini zənginləşdirən
alim, əsl ziyalı kimi daxil olub. Əslən
azərbaycanlı olan
A.Gölpınarlının fəxr ediləsi, qürur duyulası elmi irsi, nədənsə,
ölkəmizdə tədqiqata
cəlb edilməmişdir.
Bu elm fədaisinin 114 kitabı
(yazdığı, tərtib
və tərcümə
etdiyi), 404 məqaləsi,
müxtəlif mövzuda
29 əlyazması, 250 şeirindən
ibarət “Divan”ı çap olunmuşdur. Dövrünün tanınmış
ziyalıları onun yaradıcılığı ilə
bağlı 60-dan çox
məqalə yazmışdır. Təxminən yarıməsrlik elmi fəaliyyəti dövründə
bu qədər uğur qazanmış böyük elm xadiminin mənsub olduğu xalqın iftixarına çevrilməsi onun mənəvi haqqı, onu Azərbaycan elmi və pedaqoji
ictimaiyyətinə tanıtmaq
isə bizim vətəndaşlıq borcumuzdur.
Türk
dünyası ədəbi-fəlsəfi
fikrinin görkəmli
nümayəndəsi, divan şeiri,
təsəvvüf, təriqət
və məzhəblərlə
bağlı apardığı
çoxsaylı tədqiqatları
ilə tanınan ədəbiyyat tarixçisi,
yazıçı Abdülbaqi
Gölpınarlı 1900-cü il yanvarın 12-də İstanbulda anadan olmuşdur. Əsl adının Mustafa İzzət
Baki olmasına baxmayaraq, valideynlərinin Abdülbaqi çağırması
ilə adı bu cür də
qalmışdır. Atası
Əhməd Agah azərbaycanlı, Gəncə
yaxınlığında yerləşən
Gölbulaq kəndindən,
anası Aliyə Şöhrət xanım isə Qafqazəsilli udinlərdən idi. Ə.
Agah dövrünün tanınmış
jurnalistlərindən olmuş
“Tərcümani-həqiqət” qəzetində müxbir kimi çalışmışdı.
Jurnalistika sahəsindəki
xidmətlərinə görə
ona “müxbirlərin şeyxi ” ləqəbi verilmişdi.
Belə
bir ziyalının ailəsində tərbiyə
alan Gölpınarlı
liseyin son sinfində oxuyarkən atası vəfat etdiyindən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır.
Kitab mağazası açsa da, bu işdə uğur qazana bilmir. 1918-ci ildə bir dostunun dəvəti
ilə Çorumun Alaca mahalına müəllim təyin edilir. 1923-cü ildə yenidən İstanbula qayıdaraq, yarımçıq
qoyduğu lisey təhsilini tamamlayır.1927-ci ildə
İstanbul Kişi Müəllim Məktəbini,
1930-cu ildə isə İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirir. Müxtəlif liseylərdə
ədəbiyyat müəllimi
kimi fəaliyyət göstərdikdən sonra
bir vaxtlar təhsil aldığı
İstanbul Universitetində
kitabxana müdirinin müavini vəzifəsinə
təyin edilir.
1936-cı ildən başlayaraq,
yenidən müəllimlik
fəaliyyətini davam
etdirir. 1939-cu ildə
Ankara Universitetinin dil və tarix-coğrafya fakültəsinə dəvət
alır. Orada doktor elmi dərəcəsinə
yüksəlir. Türk
dili və ədəbiyyatından mühazirələr
oxuyur. 1976-cı ildə
verdiyi müsahibələrinin
birində “Yunus Əmrə, həyatı,
sənəti, şeirləri”
adlı tədqiqatının
Ankara Universitetinin dil və tarix-coğrafya fakültəsində fəaliyyətə
başlayarkən doktorluq
işi kimi qəbul edildiyi qeyd edilmişdir.
Burada doktorluq işini müdafiə etdikdən sonra dosent vəzifəsinə irəli çəkilir.
1942-ci ildə Nazirlər
Kabinetinin qərarı
ilə İstanbul Universitetinə göndərilir.
Orada İslam-türk təsəvvüf tarixi və ədəbiyyatından
mühazirələr oxuyur.
Kommunist
ideologiyasını yaymaqda
suçlu bilinərək, 1945-ci ildə siyasi motivlərlə həbs olunur. 10 ay həbsxana həyatından
sonra bəraət alır və yenidən universitetə qayıdır. 1949-cu ildə isə öz istəyi
ilə təqaüdə çıxır. 25 avqust 1982-ci ildə
İstanbulda vəfat edir.
Tərcümeyi-halından
da göründüyü kimi, o, çox keşməkeşli,
lakin zəngin bir həyat yolu keçib. 1931-ci ildə nəşr
etdirdiyi “Məlamilik və Məlamilər” adlı əsəri
ilə elmi ictimaiyyətin diqqətini çəkən
Gölpınarlı dövrünün bir çox qəzet və
jurnallarında elmi məqalələrlə
çıxış edib. İslam Ensiklopediyası və
Türk Ensiklopediyasının hazırlanmasında da onun xidmətləri
danılmazdır.
Yaradıcılığının
mühüm cəhətlərindən biri də
yazdığı əsərlərdə tənqidi ruhun
güclü olmasıdır. 1945-ci ildə qələmə
aldığı, o dövrdə böyük mübahisə və
müzakirələrə səbəb olan “Divan ədəbiyyatı
bəyanındadır” kitabı bunun əyani nümunəsidir.
O,
yaradıcılığa 1925-ci ilin yanvarında “Tədrisat” məcmuəsində
çap etdirdiyi “İmtahan:
monoloq” adlı məqaləsi ilə başlamışdır.
1976-cı ildə bir müsahibəsində
ilk kitabının “Müsahabati-Əxlaqiyyə” olduğunu və onun məktəblərdə
dərs kitabı olaraq istifadə olunduğunu bildirmişdir. Tədqiqatçılar
bu kitabın 1926 –cı ildə
çap olunduğu qənaətindədirlər.
1927-1932-ci il tarixləri
arasında çap olunmuş
kitabları, “Məlamilik və Məlamilər” istisna olmaqla, məktəblər üçün
hazırladığı dərs kitablarıdır. Tədqiqat
xarakterli kitablarının çoxu başda Mövlana olmaq
üzrə Yunus Əmrə, Pir
Sultan Abdal, Şeyx Qalib, Füzuli, Nədim, Şah İsmayıl
Xətai kimi görkəmli şairlərin yaşamından, əsərlərindən
bəhs edən bioqrafik səciyyəli əsərlərdir.
Abdülbaqi
Gölpınarlını uşaqlıq illərindən
tanıyanlar, onun bir özünəməxsusluğuna da daim
diqqət çəkiblər: monoton həyat tərzindən
sıxılınca hər an yeni bir şey axtarıb
tapmasına. Məqalələrində özü də bunu
qeyd edir: “Döymədiyim
qapı qalmadı. Əvvəlcə Bektaşi oldum,
başqa-başqa qapıları da döydüm; Hətta bir
ara dinsiz də adlandırıldım ... Amma yaxşı ki,
bunları etmişəm, yoxsa bugünkü səviyyəyə
gələ bilməzdim...”
Daim
mütaliə etmək, özündən əvvəl
yaşayıb-yaratmış ustadlarından öyrənmək
həvəsindən bir an belə çəkinməmişdir.Yatağa
düşdüyü andan etibarən son nəfəsini verənə
qədər xidmət göstərdiyi müəllimi
İsmayıl Saibdən bəhs
edərkən “Həyatda olsa da, dizinin dibində oturub bir
şeylər öyrənsəm”- deməsi... Ömər Fəriddən
söz düşəndə “Vaxtsız dünyasını dəyişdi,
müşküllərimi həll edəcək kimsə
qalmadı” – deyə heyifslənməsi bunun bariz nümunəsidir.
Dünyasını
dəyişmiş müəllimlərinə və həmkarlarına sədaqəti onun ən çox təqdir
olunası xüsusiyyətlərindən biridir. Elmi fəaliyyətini
araşdırarkən bu da məlum olur ki, o, mərhəmət
gördüyü insanların soyundan olanlara eyni mərhəmət göstərib,
həyatda olmayan müəllimlərinin universitetlərdə oxuyan, amma tələbə elmi işini yaza bilmədikləri
üçün məzun ola
bilməyən övladlarına həmişə kömək
edib.
Elmi əsərlərinin
bir çoxunu da xatirini əziz saxladığı insanlara
ithaf edib. Məsələn, ədəbi aləmə
yaxşı məlumdur ki, Fuad Köprülü onun müəllimi
olmuşdur. 1931-ci ildə nəşr
etdirdiyi “Məlamilik və Məlamilər” kitabını: “Bu əsərimi,
türk ədəbiyyatı tarixinin görkəmli nümayəndəsi,
gəncliyə elm yollarını göstərən və
çalışmaq zövqünü verən əziz
ustadım professor Köprülüzadə Fuad bəy əfəndiyə ithaf edirəm”
sözləri ilə başlayır. Daha sonralar isə qeyd
edirdi ki, o, (Fuad Köprülü- N.M.) bizə sadəcə
bir şey öyrətdi, amma çox mühüm bir şey:
Metod... Köprülüzadəyə qədər nə
metodologiyadan xəbərimiz vardı, nə sistemdən ...
Hamımıza bunları o öyrətdi...”
Əsərlərinin
həcmi həyatını nə
dərəcədə gərgin bir çalışma ilə
keçirdiyini göstərir. Araşdırmaçı Murad
Bardakçı qeyd edir ki, 1940-cı illərdə çap
olunmuş, xüsusilə də
musiqi sahəsində birinci dərəcəli qaynaq sayılan
bir çox kitabın, əslində, A. Gölpınarlıya
aid olduğunu bu gün sadəcə bir neçə şəxs
bilir...
Türk ədəbiyyatı
tarixinə bu qədər bir-birindən dəyərli əsərlər
bəxş etmiş elm fədaisinin yazmaq istədiyi, amma
ömrünün vəfa etmədiyi bir əsər vardı: Bəktaşilik.
Yaşının 80-ni keçdiyi vaxtlarda özü bu barədə
deyirdi: “Bəktaşilik üçün, ən azı beş
il lazımdır. İki il əlimdəki sənədləri
təsnif etmək, iki il arxivdə çalışmaq, bir il də
oturub yazmaq. Mənim isə bu qədər ömrüm
yoxdur...”
Əsərlərinin
qısa xronologiyasına diqqət yetirsək, onun nə qədər
məhsuldar, çoxşaxəli bilgiyə malik alim
olduğunun bir daha şahidi olarıq: “Məlamilik və Məlamilər”
(1931), “Tibb elmi və məşhur həkimlərin məharətləri”
(1936), “Məsnəvi” (Mövlana Cəlaləddin Rumi, 6 cild,
1942-1946), “Pir Sultan Abdal” (1953),
“Divan ədəbiyyatı bəyanındadır” (1945), “Yunus
Əmrə Divanı”(1943),” İlahinamə tərcüməsi”
(1947), “Füzuli Divanı” (1948), “Mövlana Cəlaləddin”
(1952), “Mövlanadan sonra Mövləvilik” (1953), “Nəsimi-üsulu-ruhi” (1953), “Divan
şeiri” (5 kitab, XIII-XX əsrlər, 1954-1955), “Qurani Kərim
və tərcüməsi”(1958),
“Yunus Əmrə və təsəvvüf”(1961), “Nəsrəddin
Xoca” (1961), “Hz. Məhəmməd və hədisləri” (1962)
və s.
O, gənc
yaşlarından şeirlər də yazmış, şəkil,
üslub olaraq klassik tərzi seçmişdi. Poetik
yaradıcılığının təxminən
yarısı təsəvvüf məzmunlu olduğundan
anlaşılıb dərk edilməsi üçün gərəkli
məlumata və şərhə ehtiyac duyulur. Nəsrinə gəlincə,
dili sadə, məzmunlu və başa düşüləndir.
Təhlili yazılarında belə axıcılıq, məna
aydınlığı vardır. O, əsərlərində həmişə
gərəkli olanı
yazmışdır. Terminləri yerində işlətmiş,
cümlələrində çətin anlaşılan ifadələrə
yer verməmişdir. Yaradıcılığının ən
diqqət çəkən məqamlarından biri də odur
ki, işlətdiyi cümlələri qısa, lakonik, məntiqi
və təsirlidir.
Əsərlərinin
təkrar-təkrar çap olunması onun yaradıcılığına
olan diqqətin bariz nümunəsidir. Tərcümə etdiyi və
şərh etdiyi kitablar arasında Mövlananın əsərləri
önəmli bir yer tutur. Bundan başqa, Xəyyam, Hafiz və
digər sənətkarların əsərlərini də
türk dilinə tərcümə etmiş, şərhlər
yazmışdır.
Biblioqrafiyasından məlum olduğu və yuxarıda da
qeyd etdiyimiz kimi, bu böyük ədəbiyyat tədqiqatçısının
bir cismani ömrə sığışması, bəlkə
də, çoxları üçün təəccüblü
görünəcək elmi fəaliyyəti onu mənsub
olduğu millətin və xidmət etdiyi dövlətin iftixarına çevirib.
Bir vaxtlar
yazdığı kitablarında adının müəllim
Baki verilməsi isə onun müəllim kimi şöhrət
qazanmasından, bu peşənin sahiblərinə hörmət
və ehtiramından irəli gəlir.
Gölpınarlı
dövrünün məktəb dərslikləri yazan
tanınmış simalarından biri kimi də nüfuz
qazanmışdır. 1928/1929-cu illərdə çap olunan
“Cümhuriyyət çocuğunun din dərsləri” adlı
kitabı Milli Təlim və Tərbiyə
Dairəsinin 23 iyun 1928-ci il tarixli
88 nömrəli qərarı ilə ilk məktəblərin
dördüncü və kənd məktəblərinin
üçüncü sinifləri üçün qəbul
edilmişdir. Əlamətdar hal odur ki, 1-2 yanvar 1956 –cı il tarixli
“Vətən” qəzetində “Keçən ilin dünya və
yurd xeyrinə ən mühim hadisələr və şəxsiyyətlər”
başlığı altında verilən məqalədə
Abdülbaqi Gölpınarlı ədəbiyyat tarixçisi və
Quran mütərcimi olaraq göstərilmişdir.
Elm aləmində
bu qədər xidmətləri olan həmyerlimizin Vətənində
tanınmaması və yaradıcılığının tədqiqata
cəlb edilməməsi, heç şübhəsiz, təəssüfediləsi
haldır.
Nəsrəddin MUSAYEV
525-ci qəzet.-
2014.- 16 avqust.- S.20.