Əsərləri - V cild (1918 – aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön
sözün müəllifi, lüğətin tərtibçisi
Şirməmməd Hüseynov Transliterasiya redaktorları:
professor Şamil Vəliyev elmi
işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Azərbaycan
və İran
Tehran qəzetələri cümhuriyyətimiz naminə
Tehrana gedən heyəti-mürəxxəsənin vürudini təbrik
etməklə bərabər, “İran və biz” məqaləsində
bəhs etdigimiz mövzui təcdid edərək “Azərbaycan”ın
özündən degil, ismindən uzun-uzadıya bəhs etməgə
başlamışlardır.
Başda
möhtərəm “İran” qəzetəsi olduğu halda Tehran
qəzetələri “Yeni doğmuş islam hökumətinin”
adından “dilgir olduqlarını” qeyd ediyor, iki qardaş millətin
arasına soyuqluq düşməməsi üçün “Azərbaycan”
isminin dəgişməsini təklif ediyorlar.
İran qəzetələrincə bizim, Qafqasiyanın bir
qismindən ibarət olan məmləkətimizə Azərbaycan
ismi verməgə həqqimiz yoxdur. Bu, İranın minəlqədim
vilayəti kibi tanınan Azərbaycan əyalətinin həqqidir.
Biz burada
tarix, irq və coğrafiyaca Azərbaycan ismini
daşımağa haqlı olub-olmadığımızı
isbat və bu münasibətlə “İran” rəfiqi-möhtərəmimizin
adla və istidlalatı həqqindəki mülahizələrimizi
bəyan etmədən əvvəl bir mütaliə dərmiyan
etmək istəriz:
Biz istərdik İran mətbuatı burasına diqqət
etsin ki, Qafqasiyadakı azərbaycanlılar Azərbaycan kəlməsini
coğrafi mənasından ziyadə qövmi bir mənada
istemal ediyorlar.
Dünyada yalnız bir Azərbaycan qitəsi
degil, bir də Azərbaycan cəmaəti vardır. Bu cəmaət kəndisinə məxsus bir ləhcə
ilə qonuşur türk əqvamından bir millətdir ki,
“İran” rəfiqimiz bunlara “ətraki-müsəlmani-Qafqaz”
diyor.
“Ətraki-müsəlmani-Qafqaz”ın
bir ədəbiyyatı var ki, adına Azərbaycan
ədəbiyyatı denilir. Şairləri o dildə,
Azərbaycan dilində və yaxud təbiri-mərufilə,
şivəsində yazarlar. Məktəblərində
o dili tədris edərlər. Mətbuatları
o dildə yazılır. Teatrları,
operaları o şivədə tərtib edilir.
“Ətraki-müsəlmani-Qafqaz” ilə azərbaycanlı
təbirinin eyni mənanı ifadə elədiklərini
coğrafiya nöqteyi-nəzərindən cərh eləmək
mümkün olsa da, qövmiyyat nöqteyi-nəzərindən
bunu inkar etmək mümkün degildir. Zira İrəvan, Gəncə və
Bakı quberniyalarındakı “ətrak” ilə Ərdəbil,
Marağa, Xalxal, Təbriz və Qaraca Dağ
mahallarındakı “ətrak”ın biri-birindən nə ilə
ayrıldıqlarını bən iyi fərq edəmiyoram. Eyni lisan, eyni adət, eyni məzhəb, eyni ənənat
burada da, orada da hökmfərma, ortada yalnız yüz sənəlik
digər bir həyati-siyasiyyə ilə yaşamanın təsiratı
mövcud.
“Ətraki-müsəlmani-Qafqaz”ın “ətraki-müsəlmani-İran”
kibi daha məruf bir ismi vardır – Azərbaycan türkü.
Əski
Şirvan, Muğan, Aran, Bərdə, Albaniya, Bəqrcan, nəhayət
Gəncə, Bakı, İrəvan vilayətləri ilə
adlanan bugünki Azərbaycan Cümhuriyyətinin coğrafiya
nöqteyi-nəzərindən bu ismə haqlı olduğu
inkar olunsa da, burada böyük bir əksəriyyətlə
yaşayan türklərin Azərbaycan türkcəsi ilə
mütəkəllim bir millət olduqları cərh olunamaz.
Böyük
müharibənin və misilsiz inqilabın nəticəsində
zühura gələn növzad hökumətlərin istinad elədikləri
ən qüvvətli və ən sağlam bir məbnaları
vardır: qövmiyyət binası. Tarix,
coğrafiya, strateji mülahizatı ikinci,
üçüncü dərəcədə gəlir
mülahizələrdir. Yeni bir hökumətin
təsis üçün ən əvvəlcə yekvücud
bir milliyyət təşkil edən qövmin kəndisini
tanımasıdır.
İştə
Azərbaycan Cümhuriyyəti Tehran qəzetələrinin
düşündügü kibi bir takım “xəyalpərvər”
cavanların uydurub “mülahizəsiz” qocalara qəbul etdirdikləri
bir ism degildir. Azərbaycan Cümhuriyyəti
müstəqil bir həyati-milliyyə ilə yaşamaq istəyən
və milliyyətlərini dərk etmiş bulunan Azərbaycan
türk millətinin təsis elədigi bir hökumətdir.
Diyorlar ki, “isminizi dəgişin də biz sizi
böyük bir qardaş kibi dərağuş” edək. Yoxsa biz sizdən
“mükəddər və zəniniz” (“Gülşən”,
nömrə 85).
Bizdən neçün zənindirlər? Təsəvvür
etmək lazım gəlir ki, İranın bir vilayəti olan Azərbaycanın
ismini aldığımız kibi müsəmmasına da
gözümüz vardır.
Cümhuriyyətimizin, cümhuriyyətdən əvvəl
Azərbaycan muxtariyyəti həqqindəki davamızın qətiyyən
Araz nəhrinin cənubuna aid olmadığını dəfələrlə
söyləmiş, bilfel dəxi isbat eləmişiz. Buna qarşı: “vəqtilə
ermənilər dəxi məqsədimiz Türkiyə Ermənistanıdır
diyorlardı” – deyə şübhələr bəyan ediyorlar
(“İran”, nömrə 414). Bu misal, yəni Azərbaycan
Cümhuriyyətinin İran Azərbaycanı ilə işi
olmadığı həqqindəki bəyanatı ermənilərin
Ermənistan həqqindəki bəyanları ilə müqayisə
eləmək bizi ismdən ziyadə müsəmma
üstündə dayanmaya vadar ediyor.
Əcəba, nə düşünüyorlar? İranlı
qardaşlarımız necə təsəvvür ediyorlar?
Arazın şimalında, ismindən sərfi-nəzər,
bir müsəlman cümhuriyyəti təşəkkül
ediyor. Bu cümhuriyyətin lisanı
Arazın iki tərəfində də konuşulan bir türkcə
olacaq. Hakimiyyəti “İran”ın təbirincə
deyəlim, “ətraki-müsəlmani-Qafqaz”ın mənus
olduğu ruh və ənənatdan, ülfət etdigi adat və
məişətdən doğma bir ruh və xüsusiyyətlə
qüvvətlənəcək, ismini bir fərz, qəribə
olsa da Qafqaz türk hökuməti qoyacaq. Əcəba,
bunda İran üçün bir xətər, bir zərər
təsəvvür olunuyormu?
Əgər İran hökuməti Avropa mətbuatından
anlaşıldığı vəchlə Zaqafqasiya hesabına
tovsi-ərazi etmək fikrində degilsə, bittəbii burada kəndisindən
ötrü xətərnak bir şey təsəvvür
olunamaz. Çünki yeni təşəkkül edən
hökumətin kəndisinə qarşı mütəcaviz
olmadığını bildikcə, buna yalnız müsaidət
etməsi lazım gəlir. Yox, bu
xüsusda etimadı yoxsa, o zaman ismin bu və yaxud başqa
olduğunun əhəmiyyəti qalmaz. Zira göstərdigi
misalda olduğu kibi bugünki Ermənistan Cümhuriyyəti
adına bərfərz “Ararat” deməklə Türkiyə ərazisi
üzərindəki müddəiyatından sərfi-nəzər
etmədi, yaxud Türkiyə ərazisi üzərində Ermənistan
ismi ilə degil, bir fərzi “Van” ismi ilə təsis etsəydi,
madam ki, Qarabağa qədər tovsi etmək fikrindədir. Kəndisinə Ermənistan deməməklə bundan
fərağət etməyəcəkdi.
Bilməyiz təkəddür yalnız İranın bir
vilayəti ilə iltibas edən ismimizdənmi, yoxsa İran Azərbaycanındakı
xəlqin mənəviyyatına təmas edən bir müsəmmamızdanmı
iləri gəliyor.
Məsələ yalnız ismə aid olsaydı o qədər
əhəmiyyəti olmazdı. İsm üstündə beynəldüvəl
bir ixtilaf zühuri tarixi-aləmdə görülməmiş,
islam tarixində dəxi inşallah
görülməz.
Bizə öylə gəliyor ki, Araz nəhri
şimalında olan azərbaycanlıların təşkil elədikləri
müstəqil bir hökuməti-islamiyyənin paydar olması
İranın mənafeindəndir.
Əgər Parisdəki İran heyəti-mürəxxəsəsinin
Zaqafqasiyadan yer almaq istədigi həqqindəki nəşriyyat
doğru isə, o zaman həqqimiz var düşünəlim
ki, İran hökuməti bizim kibi degil, başqa dürlü
düşünüyor. Çünki “İran” qəzetəsinin də işarə
elədigi kibi vəqtilə İrandan kəsilən Azərbaycanı
təkrar İrana “yəni Azərbaycana” bitişdirərlərsə,
o zaman yerdə – sərih söyləmək lazım gəlirsə
– bir Şamaxı ilə Şirvan qalır ki, Dağıstanla
bərabər qalmaqdan başqa çarəsi qalmaz.
Heyəti-mürəxxəsəmizin vürudini təbrik
edən Tehran mətbuatı o zamandan bəri bir-iki-üç
sətirlə iktifa etmiş ikən adımızdan hasil elədikləri
təkəddürlərinin izahı üçün
sütunlar degil, səhifələr dolusu yazılar yazmaya
lüzum gördüklərindən bizdə böylə
şübhənak bir hiss oyatmışlardır.
Möhtərəm “İran” qəzetəsi “Azərbaycan”
isminin və bu müsəmmadan qəsd olunan Azərbaycan məqsəd
və fikrinin müvərrici olaraq acizlərindən bəhs edərkən
əvvəldə Qafqasiya Azərbaycanından bəhs
etmişkən sonra bütün Azərbaycan üçün
istiqlal istədigini qeyd ediyorlar. Fəqət bilməm
ki, bunu hanki bəyanım və hanki bəyannaməmlə
izhar eləmiş, nə vəqt və nə yerdə söyləmişəmdir?!
Hələ Azərbaycana müqabil əvəz
olaraq İrana Mərv və Türkistandan təzminati-əraziyyə
təklifində bulunanlarımızdan dəxi bəhs olunuyor
ki, əcayib bir şeydir.
İştə iranlı qardaşlarımızın bu
kibi yanlış və bir takım iğraqlara batmış məlumatdan
istifadə etdikləri üçündür ki, onlar Azərbaycan
isminə bu qədər əhəmiyyət verib nahaq
şübhələrə və münasibətsiz
gümanlara düşüyorlar.
Buradan
keçdikdən sonra Azərbaycan kəlməsi üstündəki
tədqiqata gələlim: müqəddəmatən söylədik,
bizdən ötrü kəlmənin coğrafi mənasından
ziyadə qövmi bir mənası vardır.
Məəmafiə
bir az tədqiq olunursa coğrafiyaca dəxi
Azərbaycanın mütləqa Təbriz və həvalisindən
ibarət olduğunu iddia etmək pək doğru olamaz.
Azərbaycanın İrana daxil olduğunu istidlal
üçün Şəmsəddin Sami bəyin Qamusu iləlarus
kibi lüğət kitablarına müraciət olunmuş,
Yaqut Həməvi və sairə kibi coğrafiyun və müvərrixlərin
asarından alınan iqtibaslarla Azərbaycanın ayrı,
Qafqasın da ayrı olduğu isbat edilmişdir. Şirvan ilə
Bərdənin dəxi Azərbaycandan qeyri olması ayrıca
istidlal olunmuşdur.
Bundan 24 sənə əvvəl yazdığı
Qamusi-ilaələmində Şəmsəddin Sami bəy mərhum
Azərbaycanın İran daxilində olduğunu qeyd etməklə
bərabər Azərbaycan isminin vəchi-təsmiyəsini dəxi
anlatmışdır. Bu anladışa görə Azərbaycan
ismi Təbriz ətrafındakı neft quyuları, hava
qazları və təbii atəş ilə yanan atəşgədələrdən
dolayı bu məmləkətə ələm olmuşdur.
Fəqət bir Osmanlı mühərriri
bakılsa da iranlılar bilərlər ki, Azərbaycan təsmiyyəsinin
vəchi olaraq göstərilən əlamətlərin həpsi
Təbrizdə degil, Bakıdadır.
Bir takım türk sülalələrinin paytaxtı Təbriz
olmaq üzrə Azərbaycanda hökmran olduqları iddia
ediliyor. Fəqət bununla Azərbaycan isminin yalnız Təbriz
ilə həvalisinə münhəsir olduğu istidlal edilməz
ki.
Qafqas ismi ilə Azərbaycan ismlərinin ayrı
olduğu və bu ayrı ismlərin ayrı-ayrı məmləkətlər
adı olduğunda heç şübhə yoxdur. Fəqət
dün rus dövlətinin təqsimati-idarisilə Qafqas və
yaxud Zaqafqasiya adlanan ərazinin Bakı, Gəncə və
İrəvan kibi adlarla təqsim olunuşu İrəvan, Gəncə,
Bakı vilayətlərindən bir qisminin Azərbaycan
olmadığını icab etdirməz. Məsəla,
eyni Şəmsəddin Sami bəy Gəncənin
yaxınında olan “Şəmkir”i tərif edərkən diyor
ki, “240 tarixində Azərbaycan valisi və Məsmək
Azadlisi (Bəğa) tərəfindən emar olunub mütəvəkkilliyə
təsmiyə olunmuşdur”.
Demək ki, Azərbaycandan qeyri-fərz olunan Gəncə
quberniyası və daha qədim təbirlə Aran ilə Bərdə
həvalisi dəxi Azərbaycan vilayəti daxilində imiş.
Qafqaz ismi amm olub da müxtəlif nəvahi və vilayətlərə
şamil olduğu kibi, Azərbaycan ismi də Qaradağ, Xalxal,
Marağa, Muğan, Aran, Bərdə, İrəvan,
Naxçıvan, Bakı və sairə kibi idari, tarixi və
coğrafi ismləri ehtiva edə bilər.
Burada cüzin küll namını ala bilmədigi həqqindəki
mülahizə və bu mülahizəyə qiyas olaraq Bismark ilə
Avstriya arasındakı münaqişədən istidlal dəxi
doğru degildir.
Çünki
biz azərbaycanlı türklərin hökumətini təşkil
etmək mövqeində ikən İrana Azərbaycan ismindən
fərağət et, desə idik, o zaman həqsiz
olurduq. Müxtəlif millətlərdən təşəkkül
elədigi halda İran Azərbaycana malik olduğu kibi, Avstriya
da alman millətinə malik idi. Halbuki
Avstriyanın almanlara malikiyyəti Almaniya hökumətinin təşkilinə
mane olamaz və hələ bütün Almaniyaya hakimiyyət
sövdasına düşmək üçün kəndisinə
heç bir həqq verəməz idi. Bismark
bu nöqteyi-nəzərdən pək həqli idi.
Bitərəfanə icra olunan müxtəsər bir tədqiqlə
görülür ki, Azərbaycan ismi cümhuriyyətimizə
İran qəzetələrinin düşündügü kibi
pək münasibətsiz bir “xam xəyal” nəticəsi olaraq
verilməmişdir. Burada İran ərazisi həqqində
heç bir suyi-niyyət mövcud olmayıb, yalnız bu
gün kəndisini bir millət olaraq bilən sabiq rus təbəələri
– Azərbaycan türklərinin müqəddəratı
düşünülmüşdür. Böylə
ikən yeni təşəkkül edən bəzi – Polşa,
Ukrayna kibi dövlətlərə qiyasən bizi də macəracuyanə
bir siyasət təqibi ilə məlul təsəvvür etmək
doğru olamaz.
Madam ki, yeni bir hökuməti-islamiyyənin
vücudi İranca da mətlubdur, o halda tehranlı rəfiqlərimiz
ism üzərindəki mübahisəyi coğrafiya və
qövmiyyət mütəxəssislərinə buraxıb da
müsəmmadan bəhs etsəydilər, aramızda mətlub
olan hüsni-münasibətə daha ziyadə xidmət edərlərdi,
zənn edəriz.
“İran” qəzetəsi Gürcüstan, Ermənistan
hökumətləri ilə hüdud münaziələrimiz
mövcud olduğunu və sair bir çox əsaslı
müşkilatə məruz qala bilməmizi ixtar edərək
cümhuriyyətimizin böyük qardaşı olan İranla
hüsni-münasibatın son dərəcədə səmimiləşdirilməsini
arzu ediyor. Öylə olursa, o zaman iranilər bizə hər
növ maddi və mənəvi müsaidələrini vəd
ediyorlar.
“İran”
bir az da tarixə müraciət ediyor. Böyük Nadirin İran padşahı olaraq
Türkiyə sultanına ittihad həqqindəki təklifini
xatırlıyor. O təklifin qəbul edilmədiyi
üçün bugünki İslam aləminin xəsarətinə,
bilxassə Türkiyə fəlakəti-hazirəsinə təəssüfi-xəvan
oluyor. Sonra da “nəşəyi-hürriyyət”lə sərşar
olan “ətraki-müsəlmani-Qafqaz” cavanlarından bir-ikisinin
“xam xəyallarına” uymamayı heyəti-mürəxxəsə
əzamızın əql və dərayətlərinə
etimadən “xatiri-nişan” ediyor.
Görünüyor “təkəddür” yalnız “Azərbaycan”
ismindən degildir. “Nəşəyi-hürriyyətlə sərşar
olan cavanlar”ın “xam xəyallarından” da əndişələr
edilməkdə və həm bu xəyallar mövcud kibi
görülməkdədir.
Biz buna ciddən mütəəssüfüz. Nadir
şahın fikir ittihadını zənn edirsəm “Nadir
şah” əsərini təmsil edən azərbaycanlılar
yalnız tərvic degil, tətbiq də etmişlərdir.
Yalnız oğlunun gözü müqabilində
çıxaracağı batmanlarla göz təhdidi ilə
degil, eyni zamanda da məəttəəssüb və dar
mollalara qarşı işlətdiyi siyasətə qurban olan
Nadirin fikrini – məzhəb qovğalarının ortadan
qaldırılmasını – qövldən-felə gətirənlər
yenə “ətraki-müsəlmani-Qafqaz”dır.
Fəqət unutmamalıyıq ki, Nadir şah kibi Sultan
Süleyman da ittihad güdüyordu. Birisi bunun üçün məzhəbləri
ortadan qaldırıb da siyasi bir hakimiyyət təsisini
lazım görür ikən, digəri “rafiziləri” tənkil
ilə “həqqə” təslim etdirmək və bu vasitə ilə
“tovhidi” əldə etmək istiyordu. Felən
ikisi də cahangir ikən şübhəsiz ki, əvvəlinci
nəzəriyyə daha doğru olub, ittihadə yetişmək
üçün daha səlim vasitədir.
Fəqət bu dəsturi məzhəb dövründən
çıxıb da milliyyyət əsrinə girmiş
olduğumuz bu zəmanə tətbiq edərsək, rabitəyi-islamiyyəyi
ibqa etməklə bərabər hüquqi-milliyyəyə
ehtiramkar olmalı, bu xüsusdakı təaliati-təbiiyyəyə
fəna bir nəzərlə baxmamalıyız.
Zəmanımızda demokratik əsaslara istinad etməyən
bir hökumət yaşayamaz. Xəlq lisanı,
adatı, ənənatı ilə mənus və məluf
olmayan bir hökumət isə demokrat olamaz.
Buna görə dəxi tamamilə milli və demokrat bir əsasat
üzərinə təşəkkül edən cümhuriyyətimizə
iranlı qardaşlarımız kəndi münasibətlərini
təyin edərkən ismimiz samiələrinə xoş gəlmiyorsa
da, müsəmmamıza baxsınlar. Müsəmmamızı
məqbul və kəndi nöqteyi-nəzərlərindən mətlub
gördükdən sonra ismin o qədər əhəmiyyətə
malik olmadığını kəndiləri də təqdir edərlər.
Biz böyük qardaş iddiai mühitində bulunan
Tehran mətbuatından şəkildən ziyadə mənaya
aid nəşriyyata intizar edəriz. Çünki zəvahirlə
fəzlə məşğul olmaq hər halda böyüklərin
şüunundan olmaz, deyə düşünüyoruz.
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
28 nisan (aprel) 1919, №168
Təcəddüd
– təzələmə, yenilətmə
Məruf
– məlum, tanınan
Ətrak
– türklər
Mütəkəllim
– danışan
Cərh –
sancma, yaralama
Zənin
– şübhəli, etibarsız
Müsəmma
– adlandırılan ərazi
Sərfi-nəzər
– vaz keçmə
Ülfət
– yekdillik, hüsn-rəğbət
Tovsi –
genişləndirmə
İltibas
– dolaşıqlıq, aydın olmama
İğraq
– mübaliğə
Məəmafiə
– bununla belə
Həvali
– ətraf, civar
Müddəiyat
– haqsız iddialar
Ələm
– nişan, işarə, əlamət
Mütəvəkkil
– belbağlayan, ümid verən
Nəvahi
– nahiyə, vilayət
Məlul
– kədərli
Rafizi –
rafizə təriqətinə mənsub, inkar edən, kafir
Tənkil
– başqalarına ibrət olacaq cəza vermək
Mənsus
– alışmış, öyrənmiş
Təkəddür
– burada rahatsızlıq
Münaziə
– mübahisə
Fərağət
– vaz keçmə, əl çəkmə
Məluf
– yemlənmiş
Samiə
– eşitmə duyğusu
Şüun
– şan-şöhrətlər
İstidlal
– bir dəlilə əsaslanaraq nəticə çıxarmaq
Tətil
bitdi!
Azərbaycanın istiqlalına, türk
demokratiyasının hakimiyyətinə qarşı adda
iqtisadi, işdə siyasi olaraq elan edilmiş olan zabastovka
gözlənən nəticə ilə bitdi.
Mərkəzi
tətil komitəsi dün nəşr elədigi bəyannaməsində
əmələlərə xitab edərək: “Yoldaşlar, biz
məğlub olduq!” diyor.
Fəqət məğlub olan əmələlər
degil, yalnız mərkəzi tətil komitəsidir. Yoxsa tətilin
nəticəsi əsl Azərbaycan əmələsinin
böyük sahibi olan türk demokratiyasının eyni arzusu,
demək ki, eyni qələbəsidir. Vətənin
böylə müşkül bir zamanında ortalığı
şuluğa vermək istəməsi ilə birtərəfli
qurulan raboçi konfransiya ilə mərkəzi tətil komitəsi
Bakı füqərayi-kasibəsinin arzusuna degil, Rusiya sovet
hökumətinin intriqasına xidmət ediyorlardı.
Azərbaycan zəhmətkeşi, istiqlalçı
türk demokratiyası isə bu intriqadan bezar və bu hərəkətdən
kənar idi.
Onun iradəsi dəxi hakim olmalıydı.
Fəqət özlərindən şübhələnən
bolşeviklər hər dəfə olduğu kibi bu dəfə
də türk xəlqinin bu istəginə əhəmiyyət
vermədilər. Bittəbii bunun cəzasını da
çəkdilər.
Əvət, məğlub olan qüvvət, mərkəzi
tətil komitəsinin bəyannaməsində denildigi kibi,
Bakı füqərayi-kasibəsi degil, Rusiya
intriqasıdır.
Hər məğlubun müqabilində bir də qalib
vardır. Bu dəfə qalib gələn qüvvət dəxi
məğlubların izah edəcəgi vəchlə burjuazi
qüvvəti degil, türk demokratiyasının əzmi və
istiqbali-milli fikrinin qüvvətidir.
Zabastovka
intriqası ilə müvəffəqiyyətli bir surətdə
mübarizə elədigi üçün Azərbaycan
tarixi-istiqlalında şayani-qeyd bir mövqe tutacaq olan Nəsib
bəy kabinəsi hər nə qədər əzminin mənbəini
Məclisi-Məbusanın ittifaqla verdigi qərarından
aldısa da, bu əzmini icradakı müvəffəqiyyətini
tamamilə istiqlalpərvər Azərbaycan demokratiyasına və
milliyyətini anlamış türk zəhmətkeş xəlqinə
borcludur.
Bakı füqərayi-kasibəsi bu məsələdə
qətiyyən məğlub degil, qalibdir. Çünki
zabastovkayı istəyən Bakı füqərayi-kasibəsi
degil, bolşevik intriqasına uyan rus əmələləri
idi.
Türk demokratiyası bu birinci dəfə degildir ki, kəndisini
göstərmiş, onun əzmi xaricində heç bir şey
görülmiyəcəgini aydın bir surətdə isbat eləmişdir.
Bu üçüncü dəfədir ki, türk və
müsəlman zəhmətkeşinin iradəsi xaricində
közülmək istənilən təşəbbüslər
əqim qalıyor, nəticə yalançı demokratların
zərər və xüsranı ilə tamam oluyor.
Faidəsiz zərər olmaz zərbülməsəli
bilxassə bu tətilə yaraşar.
Azərbaycan paytaxtı altı günlük fövqəladə
bir həyat keçirməklə şübhəsiz ki, zərər
gördü.
Fəqət gördügi faidələr
müqabilində bu zərərlərin nə qədər
cüzi bir şey olduğu təsəvvür olunsun.
Ən böyük faidə bu ki, hökumət bir kərə
daimi bir fəsad halında olan Rusiya agentlərini məmləkətimizdən
sürüb də gəldikləri yerə atmaq imkanını
hasil elədi.
Bolşevik fəsadçılarını tutdu: sonra
başımızda patlamaq üçün zəxirə olunan
tüfəng, fişəng və top ambarlarını kəşf
elədi.
Denikin adamlarını buradan çıxarmağa təşəbbüs
edərkən hökumət bolşeviklərdən dəxi bu
bəlakeş məmləkətin yaxasını
qurtarmalıdır. Bolşeviklər kəndiləri kəndindən
yaxayı ələ verdilər. Öz əlləri
ilə özlərini kəsdilər.
Xəlqin arzusu, türk zəhmətkeşinin iradəsi
və parlamanın etimadına dayanan Nəsib bəy hökuməti
siyasi bir intriqadan ibarət olan zabastovkayı şanlı bir
surətdə basdırdıqdan sonra təbiidir ki, əmələlərin
iqtisadi ehtiyaclarını və həqiqi mənfəətlərini
heç bir zaman ehmal etməz. Zatən böylə
yapacağını əvvəlcədən bildirmişdi.
Hökumət əlbəttə ki, kollektivin əmələləri
çıxarıb və qəbul etmək həqqi əmələlərə
aiddir kibi maddələrini qəbul edəməz. Çünki
bu maddə doğrudan-doğruya türk zəhmətkeş
demokratiyası əleyhinədir.
Çünki bu maddə ilə “bolşevik icadı” rus
intriqanları istiyorlar ki, başımız üstündə
daima siyasi bir tətil şəmşiri saxlasınlar. Çünki
onlar gördülər ki, əleyhimizə tərtib olunan
zabastovkaya birinci zərbəyi endirən milliləşmiş
dəmiryol idarəsi oldu.
“Azərbaycan” qəzetəsi keçən məqalələrindən
birisində bu zabastovkaya “siyasi bir imtahan” adını
vermişdir. Bu imtahandan ələləla bir surətdə
çıxanlar şübhəsiz ki, milli hökumətləri
arxasında səddi-iskəndər kibi duran zəhmətkeş
türk xəlqi oldu.
Bu əli qabarlı vətəndaşlar hər sinfimizdən
ziyadə həmiyyət və siyasi idrak sahibi
olduqlarını göstərdilər və bununla millətimizi
təmsil edən hökumətimizin qələbəsini təmin
elədilər.
Əvət, onlar məğlub oldular. Fəqət məğlub
olan Bakı füqərayi-kasibəsi degil, Rusiya naminə hərəkət
edən siyasi intriqanlarıdır.
M.Ə.
“Azərbaycan”,
14 mayıs 1919, №180
Zəxirə
– döyüş sursatı; azuqə
Nə
böyük bayram!
Azərbaycan türkləri bu gün ilk dəfə olaraq
böyük bir bayram saxlıyorlar.
İstiqlal
bayramı!
Bundan bir sənə əvvəl Zaqafqasiyanın müqəddəratını
həll üçün Tiflisə toplanmış olan müsəlman
vəkilləri tarixin öylə bir anına təsadüf eləmişlərdi
ki, yüz sənəlik dövrü-əsarətə
yalnız yüksək bir amal nəticəsi deyil, eyni zamanda zəruri
bir ehtiyac kibi xatimə vermək məcburiyyətində
qalışlardı.
Əvət, Zaqafqasiya millətləri bilməcburiyyə
elani-istiqlal etmişlərdi.
Bilməcburiyyə
elani-istiqlal!
İstiqlalımıza
düşmən olanlar bu iki “məcburiyyət” və “istiqlal”
sözlərinin bir araya toplanmasını “ictimai ziddin” qəbilindən
ədd etməklə, Zaqafqasiya cümhuriyyətlərinin
qeyri-təbii olduqlarını isbat etmək istərlər.
Fəqət bu mülahizə zahirdə doğru
görünsə də, batində öylə degildir.
Bir növzadın məsimeyi-madərdən xilas olub da
dünyaya gəlməsi heç şübhəsiz bir vəqei-istiqlaldır. Qadının
vəzi-həmlinə digər təbirlə bizdə “azad
olmaq” deyirlər. Halbuki bu “azadlıq” eyni
zamanda bir zərurəti-təbiiyyə, bir məcburiyyətdir.
Öylə
bir məcburiyyət ki, həyati-aləm ona
bağlıdır!
Zaqafqasiya
“Seym”inin elani-istiqlalə məxsus olan günündə “kadet”
firqəsi nümayəndəsi “Seym” əzalarının o
gün vəzifələrinin ağırlığından
duyduqları hissiyyata tərcüman olaraq, hər kəsi
özü kibi təsəvvür edərək: “Bakınız
sanki “Seym” bir möhtəzirin başı üstündə
durmuşdur” – dediyinə müqabilən bən: “Əfv edərsiniz,
bu iztirab və əndişə bir möhtəzirin deyil, bir ləhvisənin*
başı üstündə görülən iztirabdır”.
Zaqafqasiya ləhvisəsinin “azad”lığı çox
müşkilatla olmuşdu. Çünki birdən üç
növzad doğmuşdu:
Gürcüstan,
Azərbaycan və Ermənistan!
Hər
növzad kibi istiqlal dəxi can kibi sevildigi halda canan kibi cəfakardır.
Bir növzad paydar olub kəndi başına dolanır bir adam oluncaya qədər ata və anasına nə
əndişələr, nə qəmlər, nə qüssələr
verməz!
İştə
eyni iztirabları, eyni qüssə və dərdləri, fəqət
bununla tovəm olan sevinc itminanları biz keçən sənəyi
istiqlalda keçirmədikmi?...
Mart
hadisati-əliməsinin bir nəticəsi olaraq davam edən
Bakı əsarəti, Şamaxının bu dəfə yer
altındakı məvadi – bir kaniyyədən degil,
insanların fitrətindəki şərarətdən mütəzərrər
olub da, xak ilə yeksan olması; Osmanlı türk
qardaşlarımızın son ümidsizlik dəmində
yetişib də bizi düşmənlərdən xilası;
Bakının istirdadı, sonra ingilislərlə bərabər
Biçeraxov və sairələrinin gəlişi ilə hasil
olan iztirab və əndişə, Parlamanın mütəntən
surətdə açılması, Azərbaycan ordusunun
vürudi, Qarabağ, Naxçıvan, Lənkəran məsələləri,
Dağıstan faciəsi, nəhayət bugünkü şənliklər
– iştə bir sənəlik həyati-istiqlalın xof ilə
ümid arasındakı iztirab və imtinan dəqiqələri!
Hər nasılsa növzadımız bir yaşına
çatdı.
Bu bir ilin ərzində azərbaycanlıların maddətən
verdikləri qurbanlara müqabil qazandıqları yalnız
xaricin bizi müstəqil bir millət kibi tanımaya doğru və
göstərdigi bəzi təmayülat degil, ən
böyük şeyi fikri-hürriyyət və istiqlalın
artıq milli bir fikir olduğu keyfiyyətidir.
Bundan iki sənə əvvəl biz türkçülər
Azərbaycan şüarını böyük güldəstənin
zəngin bir gülü kibi təsəvvür etdikdə,
yalnız rus kadetləri ilə sosialistlərindən degil,
öz kadetlərimizlə sosialistlərimizdən dəxi
müqabilə görüyorduq.
Bir sənə sonra bütün firqələr bunu bir zərurət
kibi qəbul edərək Azərbaycan istiqlalının
elanına iştirak etdilər. Bu gün isə hər kəs onu bir
mövhibə kibi qarşılayıb bir amal və bir ideal
kibi alqışlayır!
Bu alqışlar yalnız siyasi firqələrin nümayəndələrindən
degil, ağac tüfəngləri ilə “iləri, iləri!” – deyə sokakları
dolaşan gənclərlə “Azərbaycan əsgərini”
yaşar gözləri və “Allah bəd nəzərdən
saxlasın” duası ilə ötürən cəmaətdən,
nəşeyi-istiqlalı dərk etmiş xəlqdən gəliyor.
Bundan altı ay əvvəl Azərbaycan Məclisi-Məbusanın
açıldığı gün “Bir kərə yüksələn
bayraq bir daha enməz!” – demişdim.
O zaman,
içində bulunduğumuz zaman o qədər
müşkül və o qədər pərxöf idi ki,
yüksəltdigimiz bayrağı pək də yüksək
qaldıramıyor, onu yalnız Parlaman binasına münhəsir
etdirib də “müdara” göstərmək məcburiyyətində
qalıyorduq.
Bu məcburiyyətdən mütəəssir olan bəzi
bədbinlər “hanı –ya bir kərə yüksələn
bayraq, bir daha endiriləməz!” – diyordunuz,
diyordular!
İştə
qoy bugünkü gün milli bayraqlara boyanmış Azərbaycan
paytaxtı o kibi bədbinlərin qəlbini təsfiyə
etsin!
Bir sənəlik
həyat həqiqətən də göstərdi ki: bir kərə
açılmış livai-hürriyyət bir daha
bükülməz!
Doğrudur ki, bu gün yüksəltdigimiz istiqlal
bayrağını endirməgə,
açdığımız livai-hürriyyəti bükməyə
çalışan düşmənlər var. Bu düşmənlər
bu gün hər tərəfdən bizə pusu qurmaqda, bizi təhdid
etməkdədirlər.
Fəqət
bir tərəfdən millətimizin gündən-günə
artan əzmi-millisinə, istiqlal və hürriyyəti yolunda
sabit qalacağına, digər tərəfdən də nə
desələr-desinlər, dünya üzərində təsirsiz
qalmayacaq milliyyət fikri-müəzzəminin bilaxirə
elani-zəfər edəcəginə inanmaqla, bu tarixi-millimizdə
misli namüsəyyur böyük bayramla yekdigərimizi təbrik
edəlim də, inanalım ki, bir yaşına
çatmış növzadi-istiqlal təhlükəli
qranlarını keçirir.
Bir kərə
yüksələn livai-istiqlal, bir daha enməz!
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
28 Mayıs 1919, №190
Növzad
– yeni doğulmuş
Möhtəzir
– can verən
Mövhibə
– hədiyyə, bəxşiş
Müdara
– zahirdə dostluq göstərmə
Təsfiyə
– saflaşdırma
Liva –
bayraq
Müsəyyir
– hərəkətə gətirilən
* Vəzi-həml edən qadın
(Ardı var)
Məhəmməd Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 16 avqust.- S.26-27.