Mərdliyin profilləri  

 

 

1936-cı ildə Cek Harvardda öz ilk ilinə başladı, orada qardaşı Co artıq tələbə idi. Co kimi Cek də futbol oynayırdı. Qardaşının atletizmi onda yox idi, lakin qətiyyətliliyin və inadkarlığın güclü resurslarına malik idi. Bədbəxtlikdən bir gün oynayanda onun çiynindəki disk sındı – bu xətər qalan bütün həyatı boyu onu cana yığdı.

Sonralar, 1937-ci ildə mister Kennedi Birləşmiş Ştatların İngiltərədəki səfiri təyin olundu və Harvardda qalan Co və Cekdən başqa ailəsinin bütün üzvləri ilə birlikdə ora köçdü. Atasının işinə görə Cek Avropa siyasəti və dünya işləri ilə daha çox maraqlanmağa başladı. Yayda İngiltərəyə və Avropanın digər ölkələrinə səfər edəndən sonra Cek Harvardda tarix və idarəetmə barədəki bilikləri daha böyük həvəslə öyrənməyə və cari hadisələri izləməyə can atırdı.

Co və Cek İngiltərədəki atalarından dəfələrlə məktublar alırdı, bu məktublarda atası onlara münaqişələri və gərginlikləri qiymətləndirməklə yanaşı, ən son yeniliklər barədə məlumat verirdi, hər kəs qorxurdu ki, tezliklə bütöv ölçüdəki müharibə partlayışı baş verəcəkdir. 1939-cu ildə almanlar Polşaya müdaxilə edəndə Cek qərara aldı ki, öz böyüklərinə tezis yazıb göndərsin ki, niyə Böyük Britaniya Almaniya ilə müharibəyə hazır olmamışdır. Tezis “Niyə İngiltərə yatır” adı altında nəşr edildi. Kitab bestsellərə (daha yaxşı satılana – tərcüməçi) çevrildi.

1948-ci ilin iyununda Cek Harvardda təhsilini başa vurdu. Atası ona Londondan kabel teleqramı göndərdi: Sənin haqqında mən həmişə iki şeyi bilmişəm, biri odur ki, sən fərasətlisən, ikincisi odur ki, atanın sevdiyi modabaz oğlansan.

İkinci Dünya müharibəsi və siyasətdəki gələcək

Co və Cekin hər ikisi donanmada xidmətə girdilər: Co Avropaya göndərilən təyyarəçi idi, Cek isə patrul torpedo qayığının (PT-109) komandiri kimi Sakit okeana yollandı. Leytenant Con F.Kennedi on iki nəfərdən ibarət komandaya malik idi, onların vəzifəsi yapon gəmilərinin öz əsgərlərinə ərzaq və sursat gətirməsinin qarşısını almaq idi. 1943-cü ilin 2 avqustunun qaranlıq gecəsində leytenant Kennedinin komandası sularda patrulluq edirdi, gördükləri ilk düşmən gəmisini batırmağa hazır idi. Qəflətən, olduqca qəfildən – yapon eskadra minadaşıyıcısı meydana çıxdı.

Gəmi bütün sürəti ilə üzürdü... düz onların üstünə gəlirdi. Leytenant Kennedi sükanı tutub çalışdı ki, onun yolundan kənara çıxsın. Çox iri yapon hərb gəmisi ancaq PT-109-u taran edib, onu iki yerə parçaladı və Kennedinin adamlarından ikisini öldürdü. Digərləri alova bürünmüş öz qayıqlarından suya tullandılar. Leytenant Kennedi döyüş zonasındakı zərbədən yenidən zəif çiynini yaraladı. Komanda üzvlərindən biri olan Patrik Makmahon üzünün və əllərinin dəhşətli yanmasından əziyyət çəkirdi və yaşamaqdan imtina etməyə hazır idi. Qaranlıqda leytenant Kennedi əmr verdi ki, onu tapsınlar və digər sağ qalanlarla birlikdə dartıb gətirsinlər, o, qayığın üzən qalıqlarından asılı qalmışdı.

Günəş boylananda leytenant Kennedi öz adamlarını bir neçə mil aralıda olan kiçik adaya tərəf apardı. Özünün yaralı olmasına baxmayaraq, leytenant Kennedi Patrik Makmahonu dartıb sahilə çıxara bildi, Makmahonun xilas köynəyinin bağı onun dişləri arasında sıxılmışdı. Altı gün sonra iki yerli ada sakini onları tapdı, onlar Cekin kokos qozunun qabığının bir hissəsində nəqş etdiyi xəbəri almışdılar: On bir sağdır, yerli sakin mövqeyi   Nauro adasının riflərini bilir. Kennedi. Sonrakı günü PT-109-un komandası xilas edildi. Cek vətənə dönəndə öz liderliyinə və igidliyinə görə Donanma və Dəniz Korpusu medalı ilə mükafatlandırıldı. Müharibə nəhayət başa çatanda sənəti seçmək vaxtı gəlib çatdı. O, müəllim və ya yazıçı olmaq istəyirdi, lakin onun qardaşının faciəli ölümü (Conun təyyarəsi İngilis Kanalı (La-Manş boğazı – tərcüməçi) üzərində gizli, yüksək təhlükəli missiyanı yerinə yetirərkən partlamışdı) Ceki məcbur etdi ki, öz planlarını dəyişsin. Atası gələcəyi barədə onunla ciddi söhbətlər aparırdı, bütövlükdə Ceki onun ailəsinin iftixarı olmağa inandırdı və Cek Massaçusetsin on birinci Konqress mahalında yer tutmaq üçün mübarizəyə başladı – eyni mahalı bir dəfə onun babası, Qəşəng Fits təmsil etmişdi, ondan sonra indi o, öz namizədliyini irəli sürürdü. Cek 1946-cı ildə bu yeri əldə etməklə qalib gəldi.

İllər keçdikcə Demokrat Con F.Kennedi üç müddət (altı il) Nümayəndələr Palatasında xidmət etdi. 1952-ci ildə o, Henri Kabet Loc-Kiçiyə müxalif olmaqla Birləşmiş Ştatlar Senatındakı yer uğrunda mübarizə apardı. Respublikaçıların Prezidentliyə namizədi Duayt D.Eyzenhauer 1952-ci il seçkisində Massaçusetsdə 209.000 min artıq səs topladı. Buna baxmayaraq, Kennedi Locu 70.000 min artıq səslə məğlub etdi. Özünün seçilməsindən qısa müddət sonra otuz altı yaşlı Senator “Washington Times-Herald” qəzetinin reportyoru və fotoqrafı, iyirmi dörd yaşlı Jaklin Buvyeyə evləndi.

Senatda Kennedi Əmək Təşkilatçıları Komitəsinin üzvü kimi özünə ad qazandı, bu komitə həmkarlar ittifaqlarını təhqiq edirdi. Komitənin müşaviri, qardaşı Robertlə birlikdə o, əməkçi liderlərin əleyhinə, bura yük maşınları sürücülərinin həmkarlar ittifaqından Cimmi Hoffa da daxil idi, dramatik arqumentlər irəli sürdü. O, həmçinin özünü 1956-cı ildəki Çikaqo milli qurultayında da fərqləndirdi, burada o, Edlay Stivensonun namizəd göstərilməsi üçün çıxış etdi.

Senator Kennediyə onun çiyni yenidən sərt narahatlıq göstərirdi və onu iki cərrahiyyə əməliyyatına getməyə məcbur etdi. Sağalan vaxt Birləşmiş Ştatların səkkiz Senatoru barədə kitab yazdı, onlar millətin tarixinin həlledici dövrlərində öz seçicilərinin istəklərinin əksinə prinsipial mövqe tutmuşdular və bəzi səbəblərə görə milli maraq naminə öz karyeraları ilə xudahafizləşmişdilər. “Mərdlik profilləri” kitabı 1956-cı ildə nəşr olunmuşdu, bu kitab bestsellərə çevrildi və 1957-ci ildə tərcümeyi-hal bölməsi üzrə Pulitser mükafatına layiq görüldü. Elə həmin il Kennedinin ilk uşağı, Kerolayn anadan oldu.

Con F.Kennedinin populyarlığı böyüməkdə davam edirdi, o, Vitse-Prezidentliyə namizəd göstərilməyə yaxın idi. Namizədliyi itirdikdə, Kennedi qərara aldı ki, sonrakı seçkidə Prezidentlik uğrunda mübarizəyə başlasın. O, uzun saatlar ərzində işləyirdi və uikend vaxtı (həftənin sonunun istirahət günlərində – tərcüməçi) bütün Birləşmiş Ştatları dolaşırdı. 13 iyul 1960-cı ildə Demokratik partiya onu Prezidentliyə namizəd irəli sürdü. Kennedi Texasdan olan Senator Lindon B.Consondan xahiş etdi ki, onunla birlikdə Vitse-Prezidentlik uğrunda mübarizəyə başlasın. 8 noyabr 1960-cı ildəki ümumi seçkidə Riçard M.Niksona çox yaxın gedən bir yarışda qalib gəldi. Qırx üç yaşında o, Prezident seçilən ən gənc adam və ilk katolik idi. Öz inauqurasiyasından əvvəl onun ikinci uşağı, Con-Kiçik anadan oldu.

   

Con F.Kennedi – Birləşmiş Ştatların 35-ci Prezidentidir

Con F.Kennedi 20 yanvar 1961-ci ildə 35-ci prezident kimi and içdi. Öz inauqurasiya çıxışında o, bütün Amerikanların fəal vətəndaşlar olması lüzumu barədə danışdı. “Soruşma ki, sənin ölkən sənin üçün nə etmişdir, soruş ki, sən özün ölkən üçün nə edə bilərsən” – o, dedi. O, həmçinin bütün dünya millətlərindən xahiş etdi ki, özünün adlandırdığı “insanın ümumi düşmənləri: tiraniya, yoxsulluq, xəstəlik və müharibənin özünə” qarşı birlikdə mübarizə aparmağa qoşulsunlar.

Prezident Kennedi uzun saatlar boyu işləyirdi, saat yeddidə qalxır və gecə yarısına yaxın, bəzən hətta daha gec istirahətə yollanırdı. O, səhər yeməyi vaxtı altı qəzeti oxuyurdu, bütün gün ərzində mühüm adamlarla görüşürdü və öz müşavirlərinin məlumatlarını öyrənirdi. Ağ Ev Prezidentin diqqətinin mərkəzi olmasına baxmayaraq, əyləncə yerinə bənzəyirdi; Kerolayn və Con-Kiçik altmış ildən çox bir müddət ərzində Ağ Evdə yaşayan ən gənc “ilk uşaqlar” idilər. Əlbəttə, burada məktəbəqədər tərbiyə də, üzmək üçün hovuz da və Ağ Evin çəmənliyində üç ev var idi – prezident Kennedi ölkədə ən məşğul adam olmasına baxmayaraq, gülməyə və öz uşaqları ilə oynamağa vaxt tapırdı.

Ağ Evin bərpasında missis Kennedinin tarixi rolu vardır. Onun incəsənəti dəstəkləməsi, səfir kimi səfərləri, arvad və ana kimi ictimai rolu tezliklə Amerikanların və bütün dünyadakı vətəndaşların ürəyini əsir etdi. Ağ Evin bərpası başa çatanda o, CBS televiziyasının teleturunda, 1962-ci ilin fevralında əlli milyondan artıq Amerikalının qonağı oldu. Bu tur elə yaxşı qəbul edilmişdi ki, Televiziya Sənəti və Elmi Akademiyası missis Kennediyə nailiyyətinə görə Qubernator mükafatı verdi.

Prezidentin özü də televiziyadan yaxşı istifadə edirdi. Faktiki olaraq o, ilk Prezident idi ki, televiziya vasitəsilə birbaşa Amerikan xalqına müraciət etmişdi. Heç bir digər Prezident canlı televiziya mətbuat konfransları keçirməmişdi; 1963-cü ilin noyabrınadək Prezident Kennedi belə altmış dörd çıxış etmişdi. Öz inauqurasiyasına bir həftədən az qalanda onun ilk çıxışına təqribən altmış beş milyon adam tamaşa etmişdi.

Vəzifədə olan dövr ərzində Prezident çox məsələlərə görə narahat olurdu, bunlardan biri Cənubdakı seqreqasiya (zəncilərin və digər rəngli xalqların ABŞ-da ağlardan ayrılması barədə irqçi siyasət, onların bir evdə, hətta şəhərin ayrı-ayrı hissələrində ağlarla birlikdə yaşaması, ağların olduğu teatra, restorana getməsi qadağan olunurdu – tərcüməçi) və Birləşmiş Ştatlarla Sovet İttifaqı arasında nüvə müharibəsinin mümkünlüyü idi. Onun birinci hərəkətlərindən biri Sülh Korpusunun yaradılması barədə icra göstərişini imzalaması oldu. O, həmçinin inadkarlıqla Birləşmiş Ştatların kosmosa uçuşda aparıcı rol oynamasını görmək istəyirdi. 5 may 1961-ci ildə, Prezident inauqurasiyasından dörd ay sonra Alan Şepard kosmosa çıxan ilk amerikalı oldu. 20 fevral 1962-ci ildə Con Qlenn ilk amerikalı idi ki, Yer orbitinə çıxmışdı. Bir il sonra Rays universitetindəki çıxışında Prezident Kennedi dedi: “Heç bir millət başqa bir millətin liderliyini gözləmirsə, kosmos uğrundakı bir yarışın arxasında dayanmağı gözləməməlidir... Biz bu onillikdə Aya getməyi və digər işləri görməyi seçmişik, ona görə yox ki, onlar asandır, ancaq ona görə ki, onlar çətindir”. Kennedi Konqressdən xahiş etdi ki, xərcləri iyirmi iki milyard dollardan artıq olan böyük Ay layihəsini bəyənsin.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 16 avqust.- S.24.