Xalis bal
Tıq, tıq. Darvaza döyüldü. Məzahir Əşrəfzadə tələsmədən
saçına daraq çəkib pencəyini çiyninə
saldı. Gözlükdən bayıra
baxıb qapını döyənin kimliyini biləndən
sonra cəftəni açdı. Qonşusu
dəmirçi Xıdır şad xəbər gətiribmiş
kimi onun üzünə irişdi və yaxın gəl demək
mənasında şəhadət barmağını geri
qatlayıb Əşrəfzadəyə işarə vurdu.
Əşrəfzadə maraq dolu nəzərlərini
ondan ayırmadan səkiyə çıxdı. Dəmirçi
Xıdır çəp gözünü qırpa-qırpa
Əşrəfzadənin çənəsinin altına yeridi
və dərin bir sirr açırmış kimi
xısın-xısın:
– Qonşu,
– dedi. – Keçən axşam bacanağım gəlmişdi
bizə. Xeyli vaxtdır ki,
görüşmürdük. Sinəmiz
yaman dolmuşdu. Ordan-burdan xeyli söhbət
saldıq.
Əşrəfzadə
Xıdırın nəfəsində xoşagəlməz
ağırlıq hiss etdiyi üçün bir addım geri
çəkildi. Dəmirçi Xıdır da
iki addım irəli yeriyib ağzını lap onun sinəsinə
dayadı.
– Hə,
sözümüzün arasında balan dursun, – dedi.-Bacanaq dedi
ki, Qurdlar məhəlləsində Çopur Həsənin
arıları bu il yaman bal gətirib.
Özü də nə bal! – Xıdır
sözünün təsirini artırmaq üçün
üst dodağını dişləyib gözünü səyirtdi.
Bal
sözünü eşidəndə Əşrəfzadənin
marağı daha da artdı. Və bu dəfə
özü qonşusuna tərəf irəlilədi. Ancaq nə Qurdlar məhəlləsini
tanıyırdı, nə də ki çopur Həsəni.
Odur ki, duruxub söhbətin sonrasına qulaq asdı. Dəmirçi Xıdır
təəccüblə:
– Qurdlar məhləsini
tanımırsan?
Məzahir
Əşrəfzadə fikrə getdi və başını
bulayaraq:
– Xeyr, –
dedi. – Elə bir bələdçiliyim yoxdur.
– Çopur Həsəni necə, onu da?!
Əşrəfzadə yenə də yox demək mənasında
ağır-ağır başını buladı. Dəmirçi
Xıdır istehzalı gülüşü, əl-qolunun
bayağı hərəkətləri ilə Əşrəfzadəyə
eyhamla baxdı. Tam
çılpaqlığı ilə deməsə də, Məzahirə
anlatmaq istədi ki, onun kimi mötəbər bir adamın
Qurdlar məhəlləsini, xüsusilə çopur Həsən
kimi məşhur balsatanı tanımaması qəbahətdir.
Və deməli, Əşrəfzadə elm və
vəzifə sahibi olmasına, yaşının əllidən
ötməsinə baxmayaraq, bu fani dünyada çox şeydən
bixəbərdir. Daha dəqiq desək, adi
bir dəmirçinin və ya onun bacanağının bildiklərinin
çoxunu Əşrəfzadə bilmir.
Dəmirçi
Xıdır bu barədəki üstünlüyünü
büruzə verərək ötkəm əda ilə
öskürüb içini arıtladı və:
–
Qonşu, yox,- dedi. – Əvvəla,
bu rayonda Qurdlar məhləsini pəpə deyəndən məmə
yeyənə hamı tanıyır. Dünyada
nə axtarsan, orada taparsan. Lap quş iliyi,
ceyran südü də. Moskvadan, Leninqraddan, Sibirdən
belə alıb gətirirlər. Hamısı da
defisitni. Çox da baha satmırlar. Suyu qiymətinə. Çopur Həsənin
də ki, balına söz yoxdur. Bacanaq deyir ki, adam dilinə vuranda qantəpər,
baldırğan, sarıçiçək qoxusu gəlir.
Dəmirçi
Xıdır sinəsini geri verib baş barmağını
şeşirdərək:
– Bax, belə
baldır! – dedi. – Bacanaq deyir ki, istəsən şan, istəsən
süzməsini. Alanın özündən
asılıdır. Kimin xətri necə istəsə...
Məzahir Əşrəfzadə uzun müddət uzaq
dağ kəndlərində işləyib, müəllim olub. O vaxt bir də
görürdün, kitab-dəftər qoltuğunda məktəbə
getdiyi yerdə naxırçı İzzət çəkinə-çəkinə
kəsdi qabağını:
– Məzahir
müəllim, ayağını bir az
yavaşıt, saa deməli sözüm var.
– Buyurun.
– Müəllim,
dünən naxırı quzeyə vermişdim. Gördüm
üst tərəfdəki qayanın döşündə
arı qaynaşır. Müəllim, arı, nə
arı! Yəqin qismət imiş, dayna. Sağlığına tez tüstü düzəltdim.
Usdubcaca arını tutdum. Yaxşıca da
bal yığmışdı, kəsdim. Bir kasa da saa saxlamışam. Dedim, öyrənim
görüm evə nə vaxt qayıdırsan?
Bir həftə keçməmiş axşam,
çay-çörək vaxtı qapı döyüldü. Bağ gözətçisi
Məlik kişi əlində ağzı
bağlı mis baydaça utana-utana içəri daxil oldu:
– Məzahir
müəllim, bağışla, gecə vaxtı narahat elədim.
Bu gün fikirləşdim ki, gandalaş
qaralıb. Arpaya da çin çəkilir,
arıları yoxlayım. Gördüm, səbətlərin
hamısı ağzınacan dolub. Bu yaz
yaxşı gəlib, arının əsl ilidir. Elə iki şan da saa gətirdim. Az da olsa, nübardır...
Məzahir
Əşrəfzadə rayon mərkəzinə böyük vəzifəyə
gələndən sonra ürcahına daha o cür xalis bal çıxmırdı. Yeri gələndə
həsədlə deyirdi ki, ağzının dadı elə kənddə
qalıb.
Düzdür, əli əvvəlkindən də uzundur. Ordan-burdan
tapdırır. İdarə müdirlərindən pay gətirənlər
də olur. Ancaq necə bal?! Yarısı
qənd, pesok. Əsla bal dadmır. Məzahir Əşrəfzadənin ümumiyyətlə,
şirin şeydən xoşu gəlir. Xüsusilə,
baldan. Son vaxtlar da həkimlər ona deyiblər ki,
çoxlu bal yesin. Ürəyin
birinci dərmanıdır. Zehni də artırır.
Odur ki, hasar qonşusu dəmirçi Xıdırın bu bal söhbəti Əşrəfzadə
üçün göydəndüşmə oldu.
Dəmirçi
Xıdır zindana çəkic endirmək istəyirmiş
kimi geri dartılıb görkəminə ciddi ifadə verdi:
– Amma
qonşu, bundan beləsi öz işindir, – dedi. – Alsan da, almasan
da, özün bilərsən. Daha mən
qarışan deyiləm.
Bacanağın
sözündən belə çıxdı ki, çopur Həsən
bir az çətin adamdır. Hələm-hələm ipə-sapa yatan deyil. Qəliz
xasiyyəti var. Bir az kəmhövsələdir.
Amma tay özün bilərsən,
qonşu. Məndən demək.
Məzahir
Əşrəfzadə fikirləşdi ki, pulumu verib bal alıram. Xasiyyət
almıram ki. Xasiyyəti pis oldu,
yaxşı oldu, bunun mətləbə nə dəxli. Uzaqbaşı, malını ya baha deyəcək, ya
da satmayacaq. Burada nə itirirəm?
Əşrəfzadə nə qədər balpərəst
olsa da, bir belə küçəni basa-basa gedib Qurdlar məhəlləsinə
çıxmağı, ömründə üzünü
görmədiyi bir adamı axtarmağı qüruruna
sığışdırmadı. Amma etibar etdiyi
tanış-bilişdən bir neçə dəfə
sifariş göndərib onu evə
çağırtdırdı. Nəhayət, bir
gün...
Tıq, tıq. Darvaza döyüldü. Məzahir Əşrəfzadə ayağının
ucuna bir cüt nimdaş çust keçirib həyətə
endi. Adəti üzrə əvvəlcə
çölə boylandı və sonra qapını ehtiyatla
açdı. Ortaboylu, başında uzundimdik boz kepka olan
qırmızısifət bir adam səksəkə
ilə boğazını içəri uzadıb gözlərini
Əşrəfzadəyə zillədi. O, xəfifcə
qımışaraq:
– Ola-ar?
Məzahir
Əşrəfzadə onu tanımasa da, ani olaraq
düşündü ki, qapıya gələni qaytarmazlar və
yarıkönül:
– Buyurun,
gəlin, – dedi.
Qonaq həyət-bacaya
oğrun-oğrun yad nəzər salıb abrına
qısılırmış kimi:
– Vallah,
iş-gücün yaman pis vaxtıdır, – dedi.
–Başımı qaşımağa macal tapmıram. Sifarişin elə dünən çatıb.
Dedim, getmərəm, kişi inciyər. Gəldim görüm, xeyirdimi?!
Məzahir
Əşrəfzadənin tərəddüdlü görünən
sifəti açıldı:
–
Balsatan?! Həsən sizsiniz?!
Çopur
Həsən qızartı çökmüş çöhrəsinə
itaətkar ifadə verərək:
– Bəli,
Həsən mənəm, – dedi və boynunu çiyninə tərəf
əyərək əlavə etdi: – Ancaq müəllim, səni
səhv başa salıblar. Mən balsatan adam
deyiləm.
Əşrəfzadə pərt oldu. Öz-özünə: “Necə
yəni balsatan deyiləm? Bu boyda da yalan olar?
Bacanağını deyə bilmərəm, dəmirçi
Xıdır heç vaxt dilinə yalan gətirən,
dor-dolaşıq adam deyil. Neçə
ilin qapıbir qonşusuyuq. Hələ bir kərə qəlp
iş tutduğunu, kimə isə fırıldaq gəldiyini
eşidib görməmişəm. Rəhmətlik
atası Bəşir kişi də halal adam idi”.
Əşrəfzadə
öz-özünə: – Hər halda məsələni
araşdırmaq lazımdır, – dedi. – Görünür,
burada nə isə bir himə var. O, qonağa:
– Buyurun, əyləşin,
– deyib yer
göstərdi.
Çopur Həsən tərəddüd içərisində
stulların birinə əyləşdi. Əşrəfzadə
də onunla qabaq-qənşər oturdu. Hava
o qədər də isti deyildi. Amma
Çopur Həsənin sifəti pörtmüşdü.
O, alnındakı təri silmək üçün dəsmal
çıxartdı. Qonağın bu hərəkətləri
Məzahirin diqqətindən yayınmırdı. Və həm də çox xoşhal olurdu. Düşünürdü ki, abırlı kişiyə
oxşayır. Adamın
qarşısında qızarıb tər tökür. Utandığından dili də söz tutmur. Beləsindən heç vaxt xata gəlməz. İnsanlığın elə birinci nişanəsi
də abır-həyadır.
Əşrəfzadə geri qanrılıb, mətbəxə
göz gəzdirdi. Həyat yoldaşı Abhəyat xanıma
işarə vurdu ki, çay gətirsin. Çopur Həsən
ona göstərilən bu hörmət-izzətin müqabilində
özünü daha da itirdi, başını aşağı
dikib barmağının ucu ilə stolun üstünə
salınmış süfrənin iri mavi gülünü
sığallaya-sığallaya:
– Müəllim,
arıdan yaxşı başım çıxır, – dedi. – Sərrafıyam.
Ata-babamız da köhnədən
arıçı olub. İndinin
özündə də az-çox balım olur. Bal yaxşı şeydir.
Çopur
Həsən axırıncı kəlməsini xüsusi
intonasiya ilə dedi və yerində qurcalana-qurcalana
sözünə davam etdi:
–
Özünü öymək olmasın, bizim bu Qarabağ
mahalında heç kəs arının dilini mənim kimi biləmməz.
Məzahir
Əşrəfzadə qəndqabındakı konfetlərin
içində bir nanəcövhərlisini seçib
Çopur Həsənin qabağına qoydu:
–
Çayını soyutma, iç, – dedi və
qırmızı nəlbəkili stəkanı ona tərəf
sürüşdürdü.
Həsən
başını yuxarı qaldırıb Əşrəfzadənin
üzünə heyrətlə baxdı:
–
Yaxşı bal mədə-bağırsaq,
qaraciyər, öd yolu, böyrək, ürək, əsəb
xəstəliklərinin birinci dərmanıdır, – dedi.
O, əl
dəsmalını tərləmiş alnına çəkib,
boğazını Əşrəfzadəyə tərəf
uzatdı və bu sahənin dərin bilicisi olduğunu
nümayiş etdirirmiş kimi qaşlarını dartıb
gözlərini geniş açdı:
– Amma hər
bal yox, – dedi. – Mən hər bala bal demərəm. Arı gərək
kəklikotudan, qantəpərdən, qaratikan çiçəyindən,
meşələrdən, güldən şirə çəksin.
Kim həmin çiçəklərin
balından tapıb ildə bir kilo, para kilo yesə,
ömründə azar-bezar tapmaz. Həmişə
gümrah qalar. Balın bir xüsusiyyəti
də var ki, heç vaxt xarab olmaz. İstəyir on il, lap yüz il saxla, fərqi yoxdur. Elə ona
görə deyiblər, – əsl azmaz, bal
qoxumaz. Ötən həftə qonşumuzun məktəbli
uşağının baldırını it
yığışdırmışdı. Dedilər, quduz dəymişin üç dişi
batıb. Gəldilər, bir nəlbəki bal
verdim. Balı yaranın üstünə tökən
kimi elə oradaca qaldı. Bir neçə
gündən sonra uşağın yarası qaysaqlanıb
sağaldı. Əgər yaranın
üstünə mənim balımdan tökməsəydilər,
körpənin qıçı çoxdan sim atmışdı.
Hə, əsl balın qiyməti yoxdur. Min dərdin dərmanıdır. Amma yenə deyirəm. Gərək, bal bal olsun! Tay şirə-mirə
yox.
Əşrəfzadə bir dəqiqəliyə üzr istəyib,
onun sözünü kəsdi və ayağa qalxıb içəri
keçdi.
Abhəyat xanıma ehmalca pıçıldadı ki,
çaya salmaq üçün limon
doğrasın. Və əlavə etdi:
–
Zalım oğlu, bal sərrafıdır, –
dedi. – Görək sonrası...
Məzahir
qayıdıb stulunda əyləşən kimi Həsən
alnında puçurlanan təri silib sözünə davam
etdi:
– Arı
da cürbəcürdü. Məsələn,
boz-qara, Qafqaz, sarı-İran, Qabaqtəpə. Hər arı
pətəyi mövsüm ərzində yüz əlli
kiloqrama qədər bal tutur.
Çopur Həsən stulunun arxasına söykənib
sifətini turşutdu.
– Amma mənim
yeşiklərimin hər birində otuz-qırx kiloqramdan
artıq olmur. Çünki arıları aran
çiçəyindən şirə çəkməyə
qoymuram. Yalnız dağ çiçəyi.
Dağ! Hə, dağ çiçəyinin balı
hələm-hələm ələ düşməz.
Əşrəfzadə Çopur Həsənin söhbətindən
heyrətlənmişdi. O, içəri keçib yenə də Abhəyat
xanımı yanladı:
– Əsl
mən axtaran adamdır, – dedi. – Bunun balından olmaz. Stola yaxşı mürəbbə də gətir.
Yüngülvarı da xörək hazırla.
Süfrəni də dəyiş. Keçən dəfə Moskvadan alıb gətirdiyim
saçaqlı süfrəni açarsan.
Çopur
Həsən bal və arı haqdakı
söhbətinə fasilə verib dizinin üstünə
qoyduğu sol əlindəki dəsmalı qulağının
ardında, ətli peysərində gəzdirdi. Sonra
könülsüz-könülsüz bir qurtum çay
içib stəkan-nəlbəkini geri elədi. Əllərini
ovuşdura-ovuşdura:
– Müəllim,
bayaq sözümün əvvəlində dedim ki, mən
balsatan deyiləm. Birdən elə başa
düşərsən ki, balsatanam haa. Əttövbə!
Məsələn, durum bazara gedim, Çəki-tərəzi
qurum, kilo-kilo bal satım, ömrümdə
belə işə qol qoymamışam. Qoymaram da! Əvvəla,
köpük-quruş dalında yatan adam
deyiləm. İkincisi də ki, mənim balım
hələ bazar üzü görməyib. Əgər
görən olubsa, desin!
Söhbətin bu yeri Məzahir Əşrəfzadəni
açmadı. O, daxilən dilxor olsa da, bunu hiss etdirmədi. Təəccüblə Abhəyat xanımın
üzünə baxdı. Abhəyat xanım da ərinə:- Elə mən də sənin kimi çaş
qalmışam, – demək mənasında
qaş-gözünü oynatdı. Əşrəfzadə
düşündü ki, yəqin bu adamın iki-üç
yeşik arısı var. O da ailəsinin ehtiyacını ancaq
ödəyir. Çopur Həsən
doğrudan da balsatan deyil. Ona görə də
dəmirçi Xıdırın felinə uyub bir neçə
dəfə sifariş göndərməyimə, onu bura
çağırtdırmağına, bir belə uzun-uzadı
söhbət etməyinə dəyməzmiş. Nahaq yerə həm Çopur Həsənə zəhmət
vermişəm, həm də özüm bir belə vaxt
itirmişəm. Məzahir Əşrəfzadə məsələni
dürüstləşdirməkdən ötrü mülayim
tonda yoxlayıcı suallar verməyə başladı:
– Həsən
kişi, neçə yeşik arın var?
Çopur
Həsən qarşısındakı mötəbər adamla
bu haqda kəlmə kəsməyə utanıb xəcalət
çəkirmiş kimi üzünün tərini silərək:
– Müəllim,
– dedi. – Bizlərdə ata-baba adətinə görə
arının sayını deməzlər. Çünki
düşər-düşməzi olar. Ancaq
sağlığına bir qırxacan var.
– Ailə
üzvləriniz neçə nəfərdir?
– Külfətimdi,
özüməm, bir də ki, iki nökərin. Cəmi dörd baş.
– Bəs,
bir o qədər balı, dörd adam necə...
Çopur
Həsən alicənab görkəm alıb
gülümsündü və ani olaraq susduqdan sonra utana-utana:
– Müəllim,
– dedi. – Düz buyurursan. Düz sözə nə
demək olar? Bizim ailəyə bircə
yeşik də bəsdir. Qalanını
satıram. Ancaq bazarda yox. Sən də
beş adamın birisən. Yaxından
olmasa da, kənardan eşitmişəm. İnsafçünə,
haqqında da yaxşı sözlər deyiblər. Tanıyıb bilənlər danışır ki,
Əşrəfzadə camaat adamıdır. Arılarım da saa peşkəşdi, ev-eşiyim də.
Maa da birdən-ikiyə ağız açıb
söz deməmisən. Sənnən bal
müzəyiq eləmərəm. Ancaq müəllim,
satanı dəyiləm.
Əşrəfzadə lap çaş
qalmışdı. O, ayağa qalxıb mətbəxə keçdi və
Abhəyat xanımı tələsdirərək:
– Bir az əlli tərpən, – dedi. – Xörəyi
tez gətir, o üçulduz konyakdan da...
Çopur
Həsən yenə də üzündə muncuqlanan xəcalət
tərini silə-silə:
– Qəlbində
qaraltı qalmasın, müəllim, – dedi.-
Mənim xüsusi adamlarım var. Biri Moskvada məşhur cərrahdır. Deyirlər, çox yüngül də əli var.
Amma düşmənim də onun bıçağının
altına düşməsin. Adı da Viktordu, nədi, Vitya
da deyirlər. Qəliz də familiyası var,
qalıb evdəki dəftərçəmdə. Biri də Daşkənddə işləyir. Avtomaşınları yoxlayanların
böyüyüdür. Müəllim, sənnən
yaxşı olmasın, canlara dəyən oğlandı.
Çox da mülayim xasiyyəti var. Adı da elə dilimin
ucundadı... Özü də gərək ki,
Kazan tatarıdır. Biri Bakıda gəmi
sürür. Dənizdə neft
daşıyır. Əsli də bizim bu
qonşu kənddəndir. Biri də
Sumqayıtda yekə bir zavodun direktor müavinidir. Neçə dəfə də direktor qoymaq istəyiblər,
özü razı olmayıb. Yaxşı
başı var. Çox bilikli adamdır. Hərdənbir
də teleqram vurub bayramımı təbrik eliyir. Arvadı da, anam-bacım olsun, canlara dəyən gəlindir.
Biri dəə Bakıda zərgərdir. Qara da “Volqa”sı var. Adı yadımdan
çıxıb. Amma onu bilirəm ki, əmisi
oğlu nöyütçü komandasında futbolçudur.
Zalım oğlu, topun dalınca yaman
yüyürür. Amma onun da bəxti gətirmir.
Belə ki, vurduğu top qapıdan keçmir. Ya
yan dirəyə dəyir, ya da yuxarıdan ötür. Amma zalım oğlunun yüyürməyinə
söz yoxdur. Qaçarağına tazı da çatmaz.
Müəllim, nə başını ağrıdım, mənim
bir neçə o cür adlı-sanlı müştərilərim
var. Müştəri də deyəndə ki, hamısı da
dönüb olublar tanış. Tanışlıq da çoxdan dostluğa
çevrilib. Hər payıza dönəndə ya özləri
gəlir, ya da adam göndərirlər. Dərman
üçün hərəsinə artıq yox, bir kilo, iki
kilo, lap yuxarısı üç kilo bal
verirəm. Yemək üçün yox e, dərman
kimi. Çünki xalis baldır. Məndən də yerdən-göyəcən
razıdırlar. Məyər indi dünyada etibarlı adam qalıb?! Dilləri
ağızlarına sığmır. Deyirlər ki, Həsən,
neçə məmləkət ayaqlamışıq, lap xarici
ölkələrdə də olmuşuq, hələ sənin
balın kimi xalis bal görməmişik. Ode, bazarda da satırlar. Qapı-qapı
da gəzdirirlər. Çopur Həsən burnunu
qırışdırıb, sifətini turşudub, ətli cəngini
yana dartdı:
– O
baldır?! O cür balım olsa, adam
üzünə çıxartmaram. Mən
ölüm, Məzahir müəllim, özün de.
Yaxşı balı da heç bazara
çıxardarlar?! Qapı-qapı gəzdirib
müştəri axtararlar?! Yox, mən o
cür çörək yeməmişəm. Yemərəm
də! Durum kəndbəkənd düşüm, nədi-nədi
bal satıram. Ay-hay! Çopur
Həsən ölmüşdü. – O, əlini havada
oynatdı.
Abhəyat xanım süfrəyə xörək gətirdi. Ortalığa
ani sükut çökdü. Əşrəfzadə
qonağa: – Buyurun, bir loxma...
Çopur
Həsən təndir lavaşının qırağından
kəsə-kəsə: – Müəllim, saa neçə kilo
lazımdı?
Məzahir
Əşrəfzadəyə cəmi on kiloqram bal
lazım idi. Bu söhbətdən sonra qərarını
dəyişdirmişdi. Fikirləşirdi
ki, belə girəvə həmişə ələ
düşməz. Elə iyirmi kilo deyim.
Nə ziyanı var? Xarab
olmur, iylənmir. Bəlkə sonra
yaxşısı tapılmadı. Bu da bir
fürsətdir düşüb. Halal olsun
dəmirçi Xıdıra. Atalar yerində
deyib ki, yaxın qonşu uzaq qohumdan fərzdi. Adi dəmirçi
olsa da, kişinin oğlu kara gələn
adamdır.
Məzahir
deyəcəyi sözün necə təsir
bağışlayacağı barədə fikirləşə-fikirləşə
çəngəli salat qabındakı təzə xiyara
batıraraq:
– Həsən
kişi, bizim ailə böyükdür, –
dedi. – Həm də qonaq-qaramız çox olur. İşdən-gücdən
baş açıb başqa yerə getmək mümkün
olmur.
Çopur
Həsən onun sözünü kəsib: – Getsən də,
xeyri yoxdur, – dedi. – İndi dünyada nə etibar eləməli
adam qalıb, nə də ki, xalis bal.
Məzahir
Əşrəfzadə başı ilə onun sözünu təsdiq
edib:
–
Doğrudur, – dedi və əlavə etdi. –
İyirmicə kilo düzəltsəydin, pis olmazdı.
Haqqı haqq, minnəti də...
Çopur Həsən ağzına uzatmaq istədiyi dolu
qaşığı qaytarıb boşqaba qoydu və geri
çəkildi. O, kinayə ilə gülümsünərək:
– Müəllim,
nə danışırsan! – dedi. – İyirmi kilo bal on adamın payıdır. Bu
gün-sabah təyyarəynən, qatarnan, avtomaşınlarnan
neçə gün, neçə gecə yol qət edib
qapıma töküləcəklər. Hamısı
da məni deyib gəlir. Yox, müəllim,
onları əliboş geri qaytara bilmərəm. Sənin
hesabına gərək on dost itirəm. Yox, incimə,
müəllim. O qədər düzəldə bilmərəm.
Əşrəfzadə
dediyinə peşman olub, sözünə düzəliş
verməyə çalışdı:
– Həsən
kişi, geri çəkilmə, – dedi. –
Çörəyini ye. Eybi yoxdur. Nə qədər mümkün bilsən, o qədər
də verərsən. Verməsən də,
sağ ol.
Çopur
Həsən qayışının altını bərkitdikdən
sonra işıldayan yağlaçov dodağını ədəb-ərkanla
silib:
– Müəllim,
iyirmi yox, bir halda ki, üz vurursan, çalışıb on
kilo düzəldərəm. O da sənin xatirinə haaa!
Həsən
dərindən köks ötürərək:
– Gərək
onun-bunun payından yüz qram, iki yüz qram kəsəm. Eybi yoxdur. Deyərəm ki, bu ilin
yazı quraq keçib. Arılar
yaxşı gətirməyib. Yalan
yarğan deyil ki, yıxılam, qol-qabırğam əzilə.
Dağdan ağır kişisən, yolunda
ölümə də gedərəm. El
arasında belə bir məsəl var, xətir
üçün xəstə yatmazlar. Amma mən sənin
xətrin üçün...
Məzahir
Əşrəfzadə məmnun olduğunu bildirdi və: –
Sağ ol! – dedi. Sonra da əlavə etdi:-
Siz verəni qənaətlə qonaq-qaraya işlədərik. Uşaqlar üçün də birtəhər bazardan
zaddan taparıq.
Çopur
Həsən üstünə tökülən çörək
qırıntılarını təmizləyib dil-ağız
edə-edə ayağa qalxdı:
– Müəllim,
Abhəyat bacıdan soruşun görək, evdə boş
qabı varmı?
Abhəyat xanım içəridən hər biri on
kiloqram tutan iki qab çıxartdı. Əşrəfzadə həyat
yoldaşına tərs bir nəzər salaraq:
–
Qabın birini qaytar, – dedi. – Lazım deyil.
Çopur
Həsən mərd və ötkəm danışdı:
– Müəllim,
mən ölüm, Abhəyat xanımın xətrinə dəymə,
– dedi. – Bir halda ki, iki qab çıxardıb, qoy versin. On kilo da bacının xətrinə düzəldərəm.
Düzdür, məndən çox adam
inciyib-küsəcək. Eybi yoxdur. Təki Abhəyat xanım narazı qalmasın.
Onun bu cür səxavətli tərpənməyi
Əşrəfzadənin də, Abhəyat xanımın da
xoşuna gəldi.
Əşrəfzadə tutduğu işi əvvəlcədən
ölçüb-biçən adamdı. Odur ki, məsələni
dağ etmək məqsədiylə soruşdu:
– Həsən
kişi, atalar deyir ki, bəxşiş var
tümən-tümən, haqq-hesab var dinar-dinar. De
görüm, balın kilosu neçəyə olacaq?
Bu söz
sanki Çopur Həsənə çox ağır gəldi:
– Müəllim,
ayıb şeydi, – dedi. – Əvvəla, ərz etdim ki, mən balsatan
deyiləm. İkincisi də, bizim aramızda pul
nədi, qiymət nədi?! Bu az
yaşımızda dünyanın çoxunu da
görmüşük, azını da. Pul əl
çirkidir. Həyatda insanlıq qalacaq.
Mən heç vaxt var-dövlət dalınca
qaçmamışam.
Məzahir
Əşrəfzadə yenə də dolayı yollarla təkrar
etdi:
– Həsən
kişi, çox sağ ol, – dedi. – İltifatın artıq olsun. Amma
yenə də qardaş olsa da, – kisəmiz ayrıdı. Hər halda sən alacağını, mən də
verəcəyimi bilsək, yaxşı olar. Atalar, örtülü bazar, dostluğu pozar, – deyiblər.
Çopur
Həsən lap təbdən çıxdı:
– Müəllim,
xatirinə dəyməsin, bəlkə məni gədə-güdə
hesab edirsən! – O, əlini sinəsinə qoyaraq: – Mən də
özümə görə bir kişiyəm, ya yox?! Bayaq dedim
ki, mən qəpik-quruş dalında yatan oğullardan deyiləm.
Bu balı elə-belə pay verirəm. Sonraa?! Buna nə sözün?
Yəni sizlərdə gətirilən paya da qiymət
qoyurlar?
Məzahir Əşrəfzadə söhbəti uzadıb
yenə qiymət məsələsinin üstünə gəldi.
Çopur
Həsən:
– Müəllim,
görürəm, çox üz vurursan, onda gəl belə
danışaq. Əvvəlcə baldan yeyərsən, sonra
özün qiymətini qoyarsan, – dedi.
“Başına gələn başmaqçı olar”, –
deyiblər. Əşrəfzadənin başına belə əhvalatlar
çox gəlib. Ona görə də yenə
qiymət söhbəti qaldı. Çopur Həsən
özündən razı halda için-için gülərək:
– Müəllim,
qorxma, – dedi. – Hər halda sənə verdiyim
başqalarınkından ucuz çıxar.
Çopur Həsən qiymət məsələsini
örtülü qoyub darvazadan çıxdı. Qablar dəmir
qapıya dəyib danqıldadı və tükürpərdici
səs çıxartdı.
Məzahir Əşrəfzadə də, daha ucundan tutub
ucuzluğa getmək istəmədi. Götür-qoy edib
fikirləşdi ki, at deyil, dəvə deyil, yaxşı
süzmə balın kilosu üç manat, şanın kilosu
da dörd manatdır. Qoy Çopur Həsən
də yuxarısı dördə versin. Daha bundan
ötrü...
Aradan bir neçə dəqiqə keçmədi ki, darvaza qapıları taybatay açıldı. Çopur Həsənin əvvəl uzundimdik kepkası, sonra bədəni, bir də ki, əlindəki boş qablar göründü:
– Müəllim, bayaq bir məsələni
unutdum. Bal bir neçə gün gec
olacaq. Çünki indi havalar nəmişlikdir.
Arı çiçəyə getmir. Belə vaxtlarda əvvəla, yeşiklərə
yaxın düşmək olmur. İkincisi
də, dəbərtsən, arılar bir-birini qırıb məhv
edər.
Çopur
Həsən qaşlarını dartıb boynunu şax tutdu və
əl-qolunu ölçə-ölçə:
– Əşşi, bu, sən görən arılardan deyil
e. Başqa cinsdir. Xortumu bax, bu uzunluqdadır. – O,
çeçələ barmağının buğumundan
yuxarı hissəsini göstərdi: – Hansı çiçəyin
üstünə qondu, xortumunu salıb şirəsini
axıracan çəkir. Bu, ayrı
arıdır. Mən hər arını
yeşiyimə qoymaram.
Məzahirin Çopur Həsənə qarşı heyrəti
daha da artdı və onun dedikləri ilə
razılaşdığını bildirdi. Çopur Həsən
boş qablar bir-birinə dəyib dınqıldamasın deyə,
hərəsini bir əlinə alıb darvazadan
çıxdı və irəlidəki döngədən
burulub yeyin addımlarla gözdən itdi.
Abhəyat xanım ölçüb-biçib fikirləşdi
ki, Çopur Həsənin gətirəcəyi o cür xalis
baldan sonra evdəkini saxlamağa dəyməz. Belə yerdə
deyiblər ki, – təzə gəldi bazardan, köhnə
düşdü nəzərdən. Abhəyat xanım
dib evdəki balın bir hissəsini uzaq-yaxın qohumlara pay
tutdu. Qazanın dibində olub-qalan şirəni də siyirib
uşaqlara yağ yaxmacı elədi. Amma özü dilinə vurmadı.
Çünki Çopur Həsənin o cür söhbətini
eşidəndən bəri evdəki bal
gözündən düşmüşdü.
Həftə ötdü, ay tamam oldu. Məzahir
Əşrəfzadənin özünün də,
uşaqların da intizarlı gözləri Çopur Həsənin
yolunda qalmışdı. Son günlər
lap səbirləri tükənmişdi.
İstirahət günüydü. Tıt-tıq... Darvaza döyüldü. Əşrəfzadənin
altıncı sinifdə oxuyan ortancıl oğlu qapının
gözlüyündən çölə baxıb sevincək
geri döndü:
–
Darvazanın dalında cavan bir oğlan dayanıb, – dedi. – Əlində də anamın bir ay bundan qabaq
balsatana verdiyi qablar.
Məzahir Əşrəfzadə cəld ayağa
qalxdı. Onun ardınca Abhəyat xanım. Darvazanı açdılar. On üç-on
dörd yaşlı bir oğlan uşağı əlində
də həmin qablar ərklə həyətə daxil oldu:
– Həsənin
oğluyam, – dedi. – Vacib qonağımız olduğu
üçün, atam gələ bilmədi, məni göndərdi.
Balı gətirmişəm.
Bal dolu
qabları tez onun əlindən aldılar. Məzahir
Əşrəfzadə ona stul göstərmək, – buyur, əyləş,
– demək istəyirdi ki, Çopur Həsənin oğlu aman
vermədi. O, buradakı böyük-kiçiyi saya
salmadan Əşrəfzadənin sözünü
ağzında qoydu. Sırtıq və tələbkar bir tonda:
– Dədəm
dedi ki, sizə kilosu on manatdır. Cəmisi iki
yüz manat eləyir. Pulunu verin, lazımdır, – dedi. –
Tələsirəm. Dədəm dikdə
gözləyir.
Elə bil Məzahir Əşrəfzadənin kürəyindən
elektrik cərəyanı keçdi. Bədənində isti bir gizilti hiss
etdi. Amma bütün bunları büruzə vermədən
sakitcə əlini cibinə saldı. İyirmi
dənə qırmızı onluq sayıb təmkinlə
Çopur Həsənin oğluna uzatdı.
Aynabənddə
bal qablarını dövrəyə
aldılar. Abhəyat xanım qabın
qapağını götürəndə sifətini
turşutdu. Baldan bir barmaq
götürüb əvvəlcə dilinə vurdu, sonra
işığa tutdu. Abhəyat xanım
ağzını tamsıda-tamsıda:
–
Başıma xeyir, ay Məzahir! Vallah-billah bundan bal tamı gəlmir. Xalq doşab alır bal çıxır, bizim kişinin də
aldığı bal doşab dadı verir!
Məzahir Əşrəfzadə elə bil yerə
mıxlandı. Onların hər ikisinin təəccüb və mütəəssir
baxışları bal dolu qablarda,
uşaqların pak nəzərləri isə valideynlərinin
kor-peşman görkəmlərində donub
qalmışdı...
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 23 avqust.- S.28-29.