“Dost tapmadım, tək qaldım...”

 

 

Milli düşüncəmizi əks etdirən, bir az da ailəiçi söhbətə oxşayan bu mövzunu açmamaq bəlkə daha yaxşı olardı, amma üstünü vurmadıqca altını çəkdiyimizdən, yazmaq qərarına gəldim. Bir nağıldan bəhs edirəm – məşhur “Tıq-tıq xanımın nağılı”ndan.

 

Bəlkə də bu yazıdan sonra məni bəsit süjetdə dərin mənalar “tapdığıma” görə qınayanlar olacaq. Bu mətnimlə qətiyyən görkəmli ədibimiz Abdulla Şaiqin xalqın yaddaşından qopub gələn düşüncələri 1910-cu ildə nağıl kimi qələmə almasına, bu nağıl əsasında düz 64  il sonra – 1974-cü ildə Natalya Şneyr, İntiqam Qasımzadə, Məsud Pənahi, Ramiz Rövşən, Ağanağı Axundov, Kamal Seyidov, Ramiz Mirişli, Ədhəm Qulubəyov, Ramiz Babayev, A. Viken, N.Bondar kimi peşəkarlardan ibarət yaradıcı heyətin ərsəyə gətirdiyi təxminən 10 dəqiqəlik bir ekran əsərinə və onu yaradanların zəhmətinə kölgə salmaq niyyətim yoxdu. Sadəcə, düşüncə tərzimizdə, təfəkkürümüzdə kök salan bəzi naqis cəhətləri özündə əks etdirən bu nağılın mahiyyətini hədəfə almaqdır. İlk başdan deyim ki, Abdulla Şaiqin bu nağılı uşaqlar üçün yazdığına inanmıram. Əminəm ki, görkəmli ədib nağıllardakı obrazların kiçikyaşlı uşaqların şüurunda (elə şüuraltında da ) stereotip kimi formalaşdığını bilməmiş olmazdı.

 

Nağılın qələmə alınmasından 100 ildən çox vaxt keçib, heç nəyin dəyişməməsi, bəzi hallarda daha da korlanması kədərləndirir, düşündürür... Bəlkə, bu milli vurhavurun arasında Platonovdan sitat hardasa qeyri-milli görünə bilər, amma xatırlatmamaq olmur: “Heç nəyi axıra çatdırma, sonunda zarafat olacaq”. Bəlkə elə bəzi mətləbləri yarızarafat-yarıciddi axıra çatdırmaq lazımdır ki...                                                                                         

 

lll

 

Son dövrlərdə İP və reytinq uğrunda yarışa çıxan internet resurslarında, ailə institutunun dağılması, milli dəyərlərin aşınması, məişət zorakılığı, müxtəlif qətllər haqqında silsilə xəbərlər, yazılar izləmək məcburiyyətindəyik. Və fərqində də deyilik ki, hazırda pik nöqtəsinə çatmış bu proseslərə onillərdir bəzən ideyasına fikir vermədiyimiz kiçik süjetlərlə, cizgi filmləri ilə, ekran əsərləri ilə, zorakılıq təbliğ edən informasiyalarla özümüz start vermişik. Bu,  tam olmasa da, bir növ subliminal reklama (məlum və məşhur 25-ci kadr effektinə) bənzəyir. Əslində başqa bir şey haqqında məlumat verilir, amma həm də şüuraltına təhlükəli mesajlar ötürülür...

 

lll

 

Hadisə bizim Qara qızın – Pıspısanın yer deşiyindən çıxması ilə başlayır. (“Yer deşiyindən çıxmaq” məsəli də xüsusi “koloritli” bir ifadədir bizim milli ailəiçi davalarda. Fiziki zorakılıqla müşaiyət olunan məişət savaşlarında  qadının özünüqoruma instinkti ilə qohumlarının, doğmalarının ona dəstək olduğunu acizliklə xatırlatmasıdır: “Yer deşiyindən çıxmamışam ki?!”)

 

Kobud leksikonlu, yöndəmsiz, qara, çirkin, miskin görkəmli Pıspısa başını qaldırar-qaldırmaz sosial maskalanma prosesinə start verir: bu prosesin ilk mərhələsində başı kola dəyəndə ufuldayır da, ayağına tikan batanda deyinir də (maskalanma və süni adaptasiya ağrısız ötüşmür ki...). Və elə bu ağrılı prosesin içində təsadüflər seçimlər etməyə, nələrisə dəyişməyə yardımçı olur. Və təsadüfən ayağına keçən fındıq qabığının (oxu: dikdaban) tıqqıltısı xoş gəlir, yarpaq üstündəki şehin (oxu, makiyaj) yaratdığı sehirli “ağartma”, “gözəlləşdirmə” prosedurunun nəticəsinə valeh olur, əyninə keçirdiyi gül ləçəklərinin (oxu, geyim) cazibəsinin fərqinə varır...Saçını da sığalladımı, iş tamamdır (indi fərq bundadır ki, müasirləşmə dövründə başıboş pıspısalarımız bunları artıq özləri etmirlər, gözəllik salonlarındakı peşəkarların öhdəsinə buraxırlar). Pıspısadan Tıq-tıq xanıma çevrilir...və çevrilmədən sonra tənhalığının fərqinə varır. Oxumaq eşqi güc gəlir (kitab mütaliəsini düşünməyin, elə bildiyiniz müğənnilik həvəsini nəzərdə tuturam) Gözqamaşdıran qondarma “gözəlliyinin” yanında bir də “oxumaq” istedadı varsa, niyə bol seçim imkanından istifadə etməsin ki?...

 

lll

 

Sürmə çəkdim gözümə,

Düşdüm çölün düzünə,

Dost gəzirəm özümə,

Dost, gəl, hardasan,

Tez gəl, hardasan,

Tıq-tıq, tıq- tıq....

 

lll

 

Bu, böcəyin timsalında milli qadınımızın təsviri...Nağılda milli kişilərimizin “təsnifatına” da gen-bol yer verilib:

 

Yoxsul görkəmli, savadsız, bəsit düşüncəli Çoban, şişib yekəlmiş, hərəkəti ağıldan daha çox məqsədli hiyləgərliklə ölçülüb biçilən snob – yaşlı Tülkü, cansız-cələfsiz olsa da, “əsl zəmanə uşağı”, vuran-tutan, tovlamaqda usta Siçan bəy, hələ üstəgəl əhlikef bir Kirpi...

 

Və seçim prosesində Tıq-tıq xanımın – “Əgər acıqlandırsam səni, nə ilə döyərsən məni?”sınaq sualının qoyuluş tərzinə və verilmə formasına fikir verin! Deməli, döyülmək artıq gözaltına alınıb, sadəcə, bu zaman kimin hansı vasitədən istifadə edəcəyi söhbət mövzusudur. Və beləcə bizim qadınımız bununla yüzillərdir döyülməsinə bəraət qazandırmış olub: Məlum sualın “nə ilə döyərsən məni?” hissəsi ilə...

 

Elə Çobanı görər-görməz onun çaldığı tütəyin səsinə heyran olur bizim qız. Çoban isə birbaşa, zoğalı sualını verir: “Qara qız, hara belə? (Yəni, nə qədər bəzənsən də, pıspısa olduğunu, lap elə yer deşiyindən çıxdığını bilirəm...)  Zahirən Tıq-tıq xanım olsa da, daxilən Pıspısa qalıb bizimki də. Cavabdan məlum: “Çərə belə, çürə belə, sənə nə var, hara belə? Özümə dost axtarıram”. (Qeyd edək ki, nağılın orijinal versiyasında dost ifadəsi “ər” kimi qeyd olunub. Və nağıl boyu da Pıspısa dost yox, ər axtarır. Sadəcə, cizgi filmi çəkilərkən auditoriya kimi uşaqlara hesablanıb).

 

Çoban eşitdiyi cavabın ardınca ona ünvanlanan suala əvvəlcə çaş-baş qalır, sonra isə əlini yanındakı dəyənəyə atır. Belə də olmalı idi. Tıq-tıq xanım qorxusundan bir neçə dəfə yuvarlanıb uzaqlaşır Çobandan...Bizim saçı uzun suray xanım, donu uzun daray xanımın qaba, sadə çobanla nə işi? Yola davam...

 

lll

 

Baxdım, baxdım güzgüyə,

Baxdım, baxdım özgəyə..

Qorxdum, qorxdum göz dəyər

Ax, gözələm mən,

Bax, gözələm mən-

Tıq-tıq, tıq –tıq..

 

lll

 

Damağında qəlyan, görkəmindən harınlıq yağan snobun-Tülkünün dilindən isə bal tökülür: “Nazlı xanım, duzlu xanım, xeyir ola, hara belə? ( Lap Tülkü kimi də bilir Pıspısalıqdan Tıq-tıqlığa çevrilməni. Amma onu Çobandan fərqləndirən tülkülüyü var axı...) Cizgi filmində Tıq-tıq xanımın Tülkünün qəlyanından qopan dairəvi tüstünü belində fırlatması da mənə təsadüfi görünmür... Bunu Tülkü sezməmiş olarmı? Bütün bu təminolunmuşluğun, harınlığın fonunda onun cavabı da məntiqidir: “Məndən yaxşı dost hanı?” Amma Tülkünün məhvetmə üsulu başqadır bir az:  “Salaram səni dişimə, əzərəm”. Yəni, Çoban sadəcə, döyməklə kifayətlənərsə, Tülkü tamamən aradan götürə bilər Tıq-tıqı. Təbiidir, axı Tülkünün imkanları daha genişdir...Mahnısına kədər və tənhalıq notları qarışmış Qara qızın yenidən yola davam eləməkdən başqa çarəsi varmı?

 

Çəməndə çiçək qoşa, 

Göydə kəpənək qoşa.

Suda balıq tək deyil,

Yuvada böcək qoşa... 

 

Elə bu məqamda, dəyirmanın gözündən ölü salsan, o tərəfindən diri çıxan Siçan bəy əvvəlcə Tıq- tıq xanımın qarşısında, az sonra da... həyatında peyda olur. “Tin cayılı” xatırladan bu qayışbaldırın ilanı yuvasından çıxardan sözləri Pıspısanı həm də depressiyadan çıxarır. Məlum suala cavabı da kübarcasınadır: “Quyruğuma yağ cəkərəm, bal çəkərəm, yanağına xal çəkərəm...”. Tıq-tıq olasan və bu kübarlığın qarşısında əriməyəsən? Ona elə gəlir ki, yağ-bal içində, belə şirin dilli, çevik, hər baxımdan proposiyaları uyğun gələn bu “cavan oğlanla” birgə həyatı yaxşı olacaq, Siçan bəyin “yükümüz də az olar” fikri də inandırıcı görünür. “Bal ayı” bitir və Siçan bəy növbəti oğurluğa gedəndə təkcə qalan “təzə gəlin” darıxmağa başlayır. Hələ indi anlayır ki, quyruğa çəkilən yağ, bal göydən tökülmürmüş, hardansa  gəlirmiş, daha doğrusu gətirilirmiş... Gölməçə kənarında “ayağının sürüşməsi” də birdən-birə baş vermir ki. Suya düşməzdən əvvəl yanından keçən kirpiyə dostluq təklifində bulunur. Hələ bəhanəsi də dilində hazır: “Siçan bəy özü kefdə, məni tək qoyub evdə... yox, ondan dost olmaz, gəl səninlə dost olaq..” Belə hərcayi təklifin də istehzalı gülüşlə müşayiət olunan mərcayi cavabı olmazmı: “ Hehehe, mənim öz dostlarım özümə bəsdi...”. Belə məyusluqdan sonra Tıq-tıqın ayağı sürüşüb – hara, hara – dəvə çuxuruna düşməzmi?

 

Ay gedən atlı,

Əli baratlı,

Xan evinə gedərsiz,

Siçanqulu bəyə deyərsiz,

Saçı suray xanım,

Donu daray xanım,

düşüb dəvə çuxuruna,

Tez özünü çatdır ona...

 

Talançılığa getdiyi harın Pişiyin mülkündə bu xəbəri qulağı çalan Siçan bəy də insafən, başılovlu yarının harayına  qaçmazmı? “Əlini mənə bəstərəcik” deməzmi? Bizim qız da nazlanmazmı: “Yox, yox, mən səndən küstərəcik...” Dilətutmalar işə yaramaz və Siçan bəy bezməzmi? Tıq-tıq suyun içindəcə anlayar ki, “fazla naz aşiqi usandırıb”, bir vaxtlar yanağına yağdan-baldan xal çəkilməsi üçün istifadə olunması nəzərdə tutulan quyruqdan yapışıb sudan çıxmaqdan başqa yolu qalmaz. Hələ cizgi filminin ssenari müəllifləri sağolsun ki, finalda ciddi dəyişiklik edərək “Küstərəcik a küstərəcik, Mən də sənin başına bir daş əndərəcik...” sonluğunu “Mən də sənə quyruq göstərəcik” ifadəsilə əvəzləyiblər. Dolayısı ilə ekran əsərində hazırda bəzi “kişilərin” törətdiyi “məişət, yaxud qısqanclıq zəminində qətl”i dünyada qəbul olunmuş sivil metodla – boşanma, ayrılma ilə əvəzləyiblər.

 

Qadının inadkarlığı, kişinin səbirsizliyi ucbatından göz önündəcə suya qərq olur “dostluq”. Dəvə çuxurundan suyu süzülə-süzülə çıxan Tıq-tıqın indi də geridönüşü başlayır. Gözəlliyi də, özünə əminliyi də, güclü görünməyi də kiməsə, nəyəsə görəymiş. Ona görə də yapışdığı quyruq əlindən çıxan kimi həminki qara, çirkin, baxımsız, aciz Pıspısa olur Tıq-tıq xanım...

 

Balaca böcəyəm mən,

Çiçəkdən göyçəyəm mən.

Dost tapmadım, tək qaldım,

Təkcəyəm, təkcəyəm mən...

 

lll

 

Fikrimcə, bu, uşaqlardan çox, böyüklərə ibrət verən hekayətdir. Bu, bizim uşaqlarımızın nağılı olmamalıdır artıq. Övladlarımıza burada təsvir olunan şəkildə ibrət dərsi lazımdırmı? Bu nağılla qızlarımıza Pıspısanın süni tıq-tıqlığını, oğlanlarımıza Çobanın kobudluğunu, Tülkünün harınlığını, Siçanın dönüklüyünü, Kirpinin biganəliyini, ümumiyyətlə, saxtakarlığı, oğurluğu, heç zəhmətə qatlaşmadan dəbdəbə hərisliyini, eqoistliyi aşılamırıqmı?  Onlarda yuva misalı-ailə əvəzinə dağılmış münasibətlər, tənhalıq, çarəsizlik duyğuları formalaşdırmırıqmı? Tərbiyə dönəmində belə nağıllar nə dərəcədə effektivdir? Helvetsi yazır ki, biz hamımız aldığımız tərbiyənin övladlarıyıq. Elə isə, bəlkə bir az tərbiyə metodlarımızı dəyişək? Həyatın bizə nələr yaşatdığından asılı olmayaraq, övladlarımızın tərbiyəsində daha çox sevgiyə köklənək, zalımlığa, eqoizmə yox? Axı lap çoxdan məlumdur ki, aşımıza tökdüyümüz qaşığımıza çıxacaq...

 

Mürvətqızı Sevinc

525-ci qəzet.- 2014.- 23 avqust.- S.19.