Göylər, bağışlayın məni...

 

Duruluq göllərə qaldı,

sarılıq güllərə qaldı,

ayrılıq illərə qaldı,

aylar, bağışlayın məni.

 

Sevinci azan kədərəm,

bir kövrək ürək qədərəm.

Mən indi yasa gedirəm,

toylar, bağışlayın məni.

 

Alışmadım alqışlara,

bağlanmadım bayquşlara.

Qaldım qaranlıq qışlara,

yaylar, bağışlayın məni.

 

Dağlarla deyişdim daha,

dərələrə düşdüm daha,

məcramı dəyişdim daha,

çaylar, bağışlayın məni.

 

Şəklimi sözlə çəkmişəm,

Sözün dibinə çökmüşəm,

gözümü sözə dikmişəm,

göylər, bağışlayın məni.

 

Gəlmə, qəbrimin üstünə...

 

Gəlmə, qəbrimin üstünə...

İstəmirəm

yalan xiffət,

saxta həsrət

məzarıma ayaq bassın.

Gəlmə, qəbrimin üstünə,

göz yaşın təhqir kimidir.

Qoy qəbrimi

kol-kos,

çayır,

alaq bassın,

onlar səndən səmimidir.

 

Qayıdış

 

Zirvələrə yol dərədən başlana,

çəmən-çəmən, çiçək-çiçək qalxasan.

Kirpiklərin sevincindən yaşlana,

dərinliyə dərinlikdən baxasan.

 

Ucalıqlar vahiməli, soyuqdur,

tutqun günəş, bulud, şimşək, ildırım...

Zirvələrdən dərələrə yol yoxdur,

hər tərəf uçurum, boşluq, sıldırım.

 

Neyləyəsən, dağdan-daşdan süzülüb

durulduqca bir qayıdış umasan.

Ənginlikdən damcı-damcı üzülüb

dərinliyə ulduz-ulduz damasan.

 

Ocağımdan od uman var...

 

Yazım gedib, xəzan gəlir,

Göy yuxumu yozan gəlir.

Yanılıb, yol azan gəlir,

Qar, izimi örtmə mənim.

 

Bu isinən, o donan var,

bu dağ-dərə, o duman var.

Ocağımdan od uman var,

Kül, gözümü örtmə mənim.

 

Baş altından balta çıxar,

it boynundan xalta çıxar.

Əlimdən bir xata çıxar,

Qan, gözümü örtmə mənim.

 

Üzərlik anam

 

Ana, yadındamı, çöllərdə bitən, -

evə gətirdiyin quru üzərlik?

Laylanla gülləndi dillərdə bitən:

Balamı nəzərdən qoru, üzərlik!"

 

Gizlətmək istədin yaman gözlərdən,

hər yaz yaş gəlincə yaşımın üstə.

Məni qorumaqçün sən bəd nəzərdən,

üzərlik yandırdın başımın üstə.

 

Yerdən , göydən kömək dilədin,

dualar qıldın ki, dəyməsin nəzər.

Özünü, məni əmin elədin,

üzsə, bəd nəzəri üzərlik üzər.

 

Dəyməcəli gözdən ayaq saxlayıb,

balanı bəslədin təbərrik kimi.

fikrini, duyğunu oyaq saxlayıb,

yandırdın ömrünü üzərlik kimi.

 

ecəm gündüzümə qarışır hərdən,

ay ana, qananım, qandıranım yox.

Qoruna bilmirəm mən bəd nəzərdən,

sən yoxsan, üzərlik yandıranım yox.

 

Azalmır ağrısı heç, ürəyimin,

üzərliyin yanıq qoxusu gəlir.

Özü qoca, eşqi gənc ürəyimin

laylalı uşaqlıq yuxusu gəlir. 

 

Üzərlik bitirən məzarında da,

kök atıb közərir ulu bir inam.

Mənimçün sinəsi üzərində də

üzərlik gətirən üzərlik anam!

 

Bir qanad yol qalır...

 

Gündüzlər gödəlir, uzana bilmir,

dodağında donur çayın gülüşü.

Çiçəklər, böcəklər qızına bilmir,

soyuq parıltıdır payız günəşi.

 

Quşlar çiçəklərin çəkmir nazını,

yaşıl çəmənləri qırov qor vurur.

Külək yarpaqların sarı tozunu,

qırmızı külünü göyə sovurur.

 

Meşənin saçına təzə dən düşür,

şaddır təbiətin sarı gəlini.

Bulağın gözünə yenə çən düşür,

seçə bilmir çiçəyini, gülünü.

 

Büsat gətirsə də büllur saraylar,

elə bil gün batır ayın içində.

Eşidilmir sarı simli haraylar,

ayrılıq, qəm də var toyun içində.

 

Payız - köçüb gedən durna səslidir,

mən də bənzəyirəm qərib bir quşa.

Ömrümün yarpaqlar tökən fəslidir,

bircə-bircə qanad yol qalır qışa.

 

Məmməd Alim

 525-ci qəzet.- 2014.- 30 avqust.- S.29.