Kabus
Gözlərini açanda ətrafını sanki
qatı duman bürümüşdü. Tədricən
mənzərə durulub aydınlaşırdı və illər
boyu yaşadığı otağın solğun, mavi
güllü divar kağızı çəkilmiş
divarları ona doğma evində olduğunu
xatırladırdı. Gördüyü
yuxunun təsirindən hələ də çıxa bilmirdi və
nazik mələfənin altında bədəni tir-tir əsirdi.
Xoflu-xoflu ətrafına baxdı və təlaş içində
çığırdı:
– Mama, ay
mama, mama hardasan?
İçəri
otaqdan anasının nazik, yorğun səsi gəldi:
– Ay can,
oyandın? Gəlirəm, bala, gəlirəm.
Çox keçməmiş anası onun çarpayısına
yaxınlaşdı. Zərif qırış basmış
üzündə yorğun təbəssüm var idi. Həmişə anasının üzündəki
qırışlara təəccüb edirdi. Bu qırışlar elə bil nazik ucluqlu qələmlə
yazılmış, narın yazılar idi. Qollarını
açıb çoxdanın həsrətlisi kimi
anasının boynuna sarmaşdı,
qırışmış sifətindən öpdü. Səhər gördüyünə baxmayaraq sanki
anasını çoxdan idi ki, görmürdü. Yenə yuxusunu xatırladı.
– Mama, Allah iraq eləsin, yuxuda görürəm ki, guya sən ölmüsən. İraq olsun, lap əməlli-başlı basdırılmağını da gördüm ey. Ay ma elə dərin bir qüssə içində idim ki.....
– Ömrümü uzatmısan da, qızım, yuxuda ölmək çox yaşamaqdır. Yuxudur da əhəmiyyət vermə.
İndicə fərqinə vardı ki, ev səssizdir, uşaqları gözə dəymirdi.
– Mama,
İnci ilə Kənan hardadır?
– Rüstəmlə
kəndə gediblər dünən.
– Niyə?
Nə münasibətdir bu? Axı
mənsiz birdən ikiyə kəndə getməyiblər.
–Hə, sən
axı müalicə götürürsən, həkim sənə
sakitlik tövsiyə edib. Rüstəm də
apardı ki, bir- iki gün qalsınlar orda. Sənin müalicən bitsin gətirəcək.
Qurcalandı, nədənsə
müalicə olunduğu yadına gəlmirdi. Yanındakı stola boylandı, doğrudan da orda bir
xeyli nüsxə və dərmanlar gözə dəyirdi.
Yataqdan qalxdı, vanna otağına keçdi.
Əl-üz yuyanın kənarında qan
damlaları görüb təlaşlandı.
– Bu qan
hardandır?
– Səhər
dırnaqlarımı kəsəndə qayçı ilə əlimi
yaralamışam, Günel.
Əl-üzünü
yuyub otağa keçdi. Ürəyi
sıxılırdı. Uşaqları
üçün çox darıxırdı. Adəti üzrə balışın altına
qoyduğu mobil telefonunu axtardı. Tapıb
götürdü, amma ərinə zəng
çatmırdı. Bir neçə dəfə
cəhd etdi, ümumiyyətlə telefon
çağırmırdı. Ev telefonuna əl
atdı, o da susurdu.
– Mama niyə telefonlar işləmir?
–Yəqin
nəsə problem var da. Ev telefonu da aylıq abunə
haqqına görə kəsilib, bir azdan gedib ödəyərəm
açarlar.
Ürəyi
sıxıla-sıxıla otaqda var-gəl etdi. Eyvana çıxdı. İlıq
yaz səhəri idi. Havadan qəribə,
adamın içini sevinc və natahatlıqla dolduran qoxu gəlirdi.
Həyətdəki ağacların çoxu
çiçək açmışdı. Ona elə gəlirdi
ki, çoxdan, lap çoxdandır ki, baharı görməyib
və indi bu gözəl havanı sinə dolusu ciyərlərinə
çəkmək, gözünə təpmək istəyirdi.
Həm də kimləsə ünsiyyətdə
olmaq ehtiyacı duyurdu. Mütləq kimləsə
danışmaq, gülümsəmək, söz soruşmaq və
bununla özünə nəsə anlatmaq. Kimsə
yox idi ətrafda, yoldan ötənlər isə elə
keçirdilər ki, sanki onu heç tanımırdılar və
ya görmürdülər. Otağa
qayıtdı. Ətrafa sanki indicə nəzər
saldı. Evdə hər şeyin
üstündə qalın toz təbəqəsi vardı.
Hətda otağın künclərini
hörümçək toru da basmışdı. Əlinə əski alıb tozları silməyə
başladı.
– Mama, bu
ev-eşik niyə bu gündədir? Elə bil
bir ildir əl vuran yoxdur evlərə.
–
Başım sənə qarışıb da nə vaxtdır.
Bilmirsən bizim ev küləktutan səmtdədir,
həyət-baca da toz-torpaq içində olur. Bir
balaca külək əsdimi o saat evlər səhraya
dönür.
Tozu silmək bəhanə
idi. Əslində üstünə divar
kimi çökmüş ağırlığı atmaq,
yüngülləşmək istəyirdi. Başını
qatmaq idi məqsədi sadəcə. Güzgülü
kamoda yaxınlaşdı, siyirməni çəkdi
. Köhnə sənədlərin və qəzet
yığınının üstündə gözünə
bir topa şəkil dəydi. Götürüb
baxmağa başladı. Toy şəkilləri
idi. Rüstəmlə onun toyunda çəkilmiş
fotoşəkillər. O saat nəzərini ciddi bir
nüans cəlb elədi. Bütün şəkillərdə
onun sifəti avtoqələmlə qaralanmışdı.
Var səsi ilə bağırdı.
– Aaaaa bu
nədi belə? Bu şəkilləri kim
bu hala qoyub? Rüstəm dünyanı
dağıdacaq.
–Günel,
bala, mən də əsəbləşdim vallah. O gün
Sürəyya sənə dəyməyə gəlmişdi. Onun o vurğun vurmuş nəvəsi eləyib, iki
daşın arasında necə macal tapıb bilmirəm.
Az qalırdı
hönkürüb ağlasın. Bütün
gücü ilə o günü, toy gününü təsəvvür
etməyə çalışırdı. Həmin şəkillərdəki üzünü
düşünürdü. Amma
xatırlaya bilmirdi. Acığından
gedib yatağa girdi, mələfəyə bürünüb
üzünü divara çevirdi, gözünü yumdu.
Yavaş-yavaş yuxuya getdi. Qəribə
bir yuxu gördü. Güya
yaşadıqları evi satırdılar. Evə baxmağa
dəllal və onunla da bərabər bir qadınla bir kişi gəlmişdi. Qadın
güllü, dar paltar geymişdi. Kişi
keçəl idi. Öz aralarında evi təriflədilər,
amma qadın hər tərəfin tozlu və kirli olmasından
gileyləndi. Sonra qadın kamoda
yanaşıb bayaq onun açdığı siyirməni
açdı, ordan şəkilləri götürüb tənbəl-tənbəl
baxmağa başladı. Təəccüblu
burası idi ki, yuxuda da onun gəlinlik şəkilləri
qaralanmışdı. Qadın səbəbini
soruşanda əri onun qulağına nəsə
pıçıldadı. Yuxuda ona elə gəldi
ki, çarpayıdan düşüb onlar, qadınla kişiyə
yanaşır və qadının üzünün bolluca
kirşan çəkilmiş, deşik- deşik dərisini lap
yaxından görür. Amma
pıçıltını eşidə bilmədi, diksinib
ayıldı. Gördüyü yuxudan vahimələndi.
İki gün idi ki, özünə yer tapa bilmirdi. Rüstəmin
telefonuna zəng çatmırdı. Ev telefon
xətlərində isə deyəsən nəsə problem
vardı. Anası deyirdi ki, o yatanda telefon
qovşağına gedibmiş. Ürəyi
elə pis sıxılırdı ki, dözə bilmirdi. Arada yaddaşından sanki nəsə
sürüşürdü. Kimisə
xatırlmağa çalışırdı, amma o kimsə
heç cürə yadına düşmürdü. Bu çox əcaib bir duyğu idi. Təsəvvür edirsən ki, lap
yaddaşının yaxın bir guşəsində çox
vacib bir məlumat var, amma fikrini bir yerə
yığmamış bu vacib sözmü, cümləmi, xatirəmi
balıq kimi sürüşüb yaddaşından
düşür və harasa beyninin dərin qatlarına çəkilir.
Günortaya yaxın ərinə zəng vurmaq
üçün növbəti cəhdindən sonra
anasının təkidi ilə dərmanlarını içib
yatağa uzandı. Onsuz da bu neçə
gündə işi peşəsi yatmaq idi. Yuxuda onu
gördü, adını xatırlamadığı “ onu”. “O” ölmüşdu. Açıq
ayın onun ölümünü, məzara qoyulmasını,
özünün ağlayaraq dərd içərisində
qovrulmasını görürdü. Bütün
o dərin iztirabı sanki ikinci dəfə idi ki,
yaşayırdı. Qışqırıb
yuxudan oyandı. Anası başının
üstündə dayanmışdı. Anasını
qucaqladı, ağlaya-ağlaya soruşdu:
– Mama, o
hanı? Qurban olum de, hanı o? O
ölüb hə?
– Hə,
ölüb, Günel, özünü ələ al!
–
Ölüb hə? Mən də ona görə
yatağa düşmüşəm? Əsəblərim
ona görə pozulub?
– Hə,
qızım.
Büzüşdü,
çarpayının bir kənarına çəkildi. Amma çox otura bilmədi. Uşaqlarını
istəyirdi. İçində nəsə
qəribə bir qorxu, qaranlıq, həyəcan, təlaş
vardı. Sanki balalarını bir daha
görməyəcəkdi. Qalxıb geyindi,
əl çantasını götürdü.
– Mən
kəndə gedirəm, uşaqları götürüb gələcəm.
– Bu vaxt nəynən
gedəcəksən, qızım, qalsın, sabah
gedərsən.
– Yooox,
gedirəm vəssalam.
Qapıya yaxınlaşıb
sürgünü çəkdi. Qapı
açılmadı. Dartdı, silkələdi,
qapı heç cürə açılmaq bilmirdi. Vahiməyə düşdü, amma birdən
düşündü ki, yəqin anası qapını
içəridən açarla bağlayıb.
– Mama, açarları hara qoymusan?
Anası daha onunla mübahisə etməyin yersiz olduğunu hiss edib əlinin işarəsi ilə kamodu göstərdi. Keçib kamodun siyirmələrini eşələdi, əlinə keçən əşyaları, kağız-kuğuzu stolun üstünə qalaqlamağa başladı. Su sayğacının müqaviləsi, qaz sayğacının müqaviləsi, bank kreditlərinin kağızları, növbəti dəfə əlinə keçən kağız parçası diqqətini cəlb etdi. Kağızı oxuduqca gözləri hədəqəsindən çıxırdı. Bu anasının ölüm haqda şəhadətnaməsi idi. Qışqırdı, az qala ürəyi gedəcəkdi. Anası ölmüşdüsə bu evdə gəzən, iki gündən bəri onunla bu evdə yaşayan adam kim idi axı? Anasının ölüm kağızında onun dörd il öncə vəfat etdiyi yazılmışdı. Yalnız indi anasının dəfnini aydınca xatırladı və hətta məzarını da xəyalına gətirə bildi. Bu məzarın üstündə dəfələrlə oturub ağlamışdı. Dəhşət içində idi, nitqi tutulmuşdu, amma bu son deyilmiş. Bayaq o kağızı götürəndə yerə başqa bir kağız da düşmüşdü. Əsə-əsə aşağı əyildi, yerə düşmüş kağızı qaldırdı. Kağızı açanda olan-qalan ağlını yerindən oynatdığını düşündü. Bu kağız onun özünün ölüm haqda şəhadətnaməsi idi. On dörd dekabrda vəfat etdiyi yazılmışdı kağızda. Qeyri-iradi divar təqviminə baxdı. Orda da son tarix on dörd dekabr idi. Anasının üstünə qaçdı, onun qolundan tutub saxsı gəlincik kimi silkələməyə başladı.
– Sən kimsən? Sən ölüsən? Bəs onda burda neynirsən? Hanı mənim uşaqlarım, mən ölmüşəm? Danış, səninləyəm! Mənim başıma nə iş gətirmisən? Bura haradır?
Suallar o qədər çox idi ki, beyni qapalı qaynayan buxar azanını xatırladırdı. Anası pərt peşiman dayanmışdı. Səbrlə onun sakitləşəcəyini gözləyirdi. Nəhayət özünü ələ aldı və gücsüz halda divana çökdü.
– Uşaqlarım sağdı?
– Hə, sağdılar. Sən on dörd dekabrda rəhmətə getmisən. Uşaqlar Rüstəmlə kənddə yaşayırlar.
– Mama mən nədən öldüm?
– Damarlarını doğramısan. Orda, əl-üzyuyanın kənarındakı qan damlaları sənin o vaxtdan qalan qanındır. O gündən sonra bu evə heç kim gəlməyib. Bircə dünən dəllal gəlmişdi, alıcı gətirmişdi, güllü paltar geyinmiş bir qadın və dazbaş kişi. Deyəsən Rüstəm evi satışa çıxarıb. Al, oxu, son məktubundur.
Əlindəki kağızda bütün bu əhvalatın çözümü vardı. Kağızı diqqətlə oxumağa başladı.
“Rüstəm, sən bu məktubu oxuyanda mən həyatda olmayacam. Sənə qarşı haqsızlıq elədiyimi bilirəm. Sadəcə biz bu həyatda yad adamlar idik. İllərlə səni sevməyə çalışdım, özümü ailəmə, uşaqlarıma həsr etdim. Bəlkə də bunu həyatımda sevə biləcəyim kimsə olmadığı üçün edirmişəm və bəlkə də ona rast gəlməsəydim bu həyatı ömrümün sonuna qədər sürəcəkdim. Sonra o gəldi ömrümə, ən əziz, ən doğma, ən, ən, ən...... Bilirəm bunları oxumaq sənə çətindir. Lakin mən sadəcə xoşbəxt olmaq istədim. Mən uzun zaman özümlə mübarizə apardım, amma sevgimə, istəklərimə bəlkə də qadın zəifliyimə qalib gələ bilmədim. Bilirəm mənim səninlə boşanıb ona ərə getməyim səni məhv etdi, amma əlimdə deyildi. Mən onu çox sevirdim. Budur indi o yoxdur. Biz hər şeyə sinə gərdik, cəmiyyətin qınaqlarına, yaxınlarımızın bizdən üz çevirməsinə dözdük. Biri- birimizi itirmədik, amma ən sonda mən onu axmaq bir yol qəzasına uduzdum. Mən onsuz yaşaya bilməyəcəm. Rüstəm İncini və Kənanı sənə əmanət edirəm. Əlvida!”
Kağız ağacdan qopan payız yarpağı kimi havada ləngər vurub döşəməyə düşdü. O bütün gücünü və ümidini itirmiş bir halda susurdu. Anasına baxdı. Onun gözlərində dərin bir kədər, ağrı və şəfqət vardı. Anasını qucaqladı. Aylar boyu düşünmüşdü ki, anası onu o dünyada bağışlamayacaq. Dəfələrlə onun şəklindən üzr istəmişdi. İndi arxayın idi ki, anası onu bağışlamışdı. İçinə qəribə bir sevinc doldu, demək sevgisi yenə qalib gəldi. Onunla, çox sevdiyi onunla eyni dünyanın sakinləriydilər. Pəncərələri taybatay açdı. Otağa bol işıq süzüldü. Anası həzin bir səslə soruşdu:
– Hara gedirsən?
– Kəndə, uşaqlarımı görməyə.
Açıq pəncərədən göyə bir topa nur qalxdığını o gün həyətdəki balaca oğlan anasına danışdı.
Vəfa
MÜRSƏLQIZI
525-ci qəzet.- 2014.-
30 avqust.- S.28.