“Azərbaycan”ın avqust
sayı çapdan çıxıb
Bugünlərdə “Azərbaycan” jurnalının
8-ci sayı nəşr
edilib. Jurnal ənənəvi “Poeziya” bölümü ilə açılır.
Rubrikada Fikrət Qoca, Elşən Əzim, Aqşin Evrən, Aybəniz Əliyar, Qədiməli Əhməd,
Eldar Səfa və Ramazan Səməroğlunun şeirləri
təqdim edilib.
Vahid Qazinin “Çholqala 1992” romanı
və Məmməd Orucun “Atəşkəs yallısı” povesti jurnalın “Nəsr” bölümündə oxucuların
ixtiyarına verilib.
“Xatirələr, duyğular”
rubrikasında Əlövsət
Bəşirlinin “Susmuş
çayın mahnıları”
xatirə-povesti yer alıb.
Aslan Kənanın təqdimatında
Hüseyn Arifin şeirləri jurnalın bu sayında çap edilib: “Hüseyn Arifin şeirləri özü kimi sadə, sadə olduğu qədər də düşündürücüdür. İlk baxışdan insana elə gəlir ki, hər bir
şəxs bu misraları yazmağa qadirdir. Lakin unutmaq olmaz ki, H.Arifin misraları
hər hansı söz yığımı
ilə yaranmamışdır.
Onun misraları ana südü kimi pak, bulaq suyu
kimi durudur. Mən dəfələrlə şairin
şeirə necə kökləndiyinin şahidi
olmuşam. Belə anlarında
o, heç kimi, heç nəyi “görmür”, heç nəyi düşünmək
belə istəmirdi.
Hüseyn Arif bir tərəfdən, təbiətin yaratdığı
gözəlliyi sevinc dolu təsvir edirsə, digər tərəfdən insanları
onu qorumağa çağırır:
“Gəlin, təbiəti biz
də düşünək,
O özü hər şeyi düşünən
kimi”.
Hüseyn
Kürdoğlunun 80 illik
yubileyi münasibətilə
yubilyarın şeirləri
ilə yanaşı, Günay Qarayeva və Südabə Ağabalayevanın şairə
həsr olunmuş məqalələri dərc
edilib. G. Qarayevanın
“Vətəndə Vətən
gəzən şair” yazısında yubilyarın
həyat və yaradıcılığından ətraflı bəhs edib: “...H. Kürdoğlu poeziyası ilk baxışda
ənənə üzərində
qurulan poeziyadır. İlk şeir kitablarında daha çox xalq şeirinin qoşma, gəraylı, bayatı, təcnis və digər formaları üstünlük təşkil
edir, sonralar isə klassik şeirin qəzəl janrında da qələmini sınayıb
və qətiyyətlə
demək mümkündür
ki, hər iki mənbədən bacarıqla bəhrələnən
şairin yaradıcılığında
xalq şeirinin özəllikləri sona qədər üstünlüyünü
qoruyub saxlayır. Şairin poeziyasında əsas 3 xətt, 3 istiqamət diqqəti cəlb edir: təbiət, tarix, folklor. Bu poeziya
üç istiqamətin
harmoniyasından, vəhdətindən
yaranıb. Xalqın
təbiətini, tarixini,
adət-ənənəsini, qəhrəman keçmişini,
dünənini, yaddaşını
poeziya dilinə çevirən şair bu üç istiqamətin birgə vəhdəti ilə oxucu ilə canlı ünsiyyətdə
dünənlə bu günümüz, bu günümüzlə gələcəyimiz
arasında mənəvi
bağlar qurur...”.
Südabə Ağabalayeva “Gördüyün
mən deyiləm” məqaləsində Şirindil
Alışanlı ilə
H.Kürdoğlunun yaradıcılığı
barəsində söhbətini
yazıb: “Hüseyn Kürdoğlunun tale yazısı
bütün yaradıcılığı
ilə qədimliyi, arxada qalmış böyük bir zamanı müasirliyin və sabahın ədəbi yaddaşına
yazmaqdı. Və bu ağır
elçilik yükünü
Hüseyn Kürdoğlu
təbin-hər kəsə
nəsib olmayan təbin-istedadın və
tərtəmiz Azərbaycan
türkcəsinin hesabına
asanlıqla çəkirdi.
Bu karvanın yolçuluğu hələ
çox çəkəcək”.
Jurnalın ənənəvi “Yeni tərcümələr” rubrikasında
Vladimir Punun “Tərsaxan”
hekayəsi verilib.
Nərgiz
Nuriyevanın müəllifi
olduğu “Bədii portretdə zamanın həqiqətləri” yazısında
S.Borodin və İ. Muğannanın tarixi romanlarında yaradılan obrazlar müqayisəli şəkildə təhlil
olunub: “Beləliklə,
hər iki yazıçı ədəbi
qəhrəmanların portret-obrazları
vasitəsilə dövrün,
həyatın, hadisənin
xarakterik sahələrinə
müdaxilə edərək
obrazları müəyyən
bir ideya ətrafında birləşdirir.
Bu əsərlərin süjet xəttində mühüm yer tutan bu təsvirlər
hadisənin daxili-psixoloji
məzmununu ifadə edir. Bununla həm S.Borodin,
həm də İ. Muğanna yalnız obrazın portretini tamamlamaqla qalmır, həm də konkret tarixi mühitin, mənəvi-əxlaqi
gerçəkliyin, eləcə
də zamanın və dövrün portretini yaratmış olurlar”.
Professor Vaqif Yusifli “Səsdən
sözə, sözdən
şeirə, şeirdən
poeziyaya” yazısında
şairlər Elşən
Əzim və Hüseyn Bağıroğlunun
yeni kitabları haqqında düşüncələrini
qələmə alıb:
“ “İllərin o tayı”
Elşən Əzimin
üçüncü şeirlər
kitabıdır. Şeirləri oxuyuram və ilk növbədə, bu şeirlərdəki fikir,
məna düzümünü
izləyirəm. Bütünlükdə bu şeirləri Ömür və Vaxt haqqında etüdlər adlandırmaq
olar. Elşən
Əzimin şeirlərində
Sözlə kifayət
qədər sərbəst
hərəkət etmək
iddiası, sözü
metaforik düşüncə
tərzinin “oyununa” çəkmək meyili açıq-aydın duyulur
və deyərdim ki, bu, çox
zaman uğurlu da alınır.
Hüseyn Bağıroğlunun “Başımda
qar olur, ayağımda yaz” kitabındakı şeirlərdə
ürəyinin insanlara
açan duyğusal bir qəlb sahibinin
çırpıntılarını hiss etdik. O, sevgidən də,
həyatın təzadlı
olaylarından da, dünyanın qəribə,
bəzən başaçılmaz
sirlərindən yazanda
da mümkün qədər çalışır
ki, fikrini orijinal şəkildə ifadə edə bilsin. Hüseynin şeirləri yaşamaq, var olmaq, sevmək-sevilmək
yanğısından doğur
və biz arzu edərdik ki, bu yanğı bir az da
şiddətlənsin...”
Jurnalın “Kitab rəfi”ndə
İsa Muğanna, Buludxan Xəlilov, Pərvin, Qalib Şəfahət, Əminə Tuncay, Mahir Qabiloğlu, Afaq Şıxlı, Azad Qaradərəli, Yasin Xəlil, Musa Quluzadə, Həsrət və digər müəlliflərin
yeni nəşr olunmuş kitabları haqqında annotasiyalar öz əksini tapıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 30 avqust.- S.19.