Sevgiyə, hörmətə və etibara layiq...

 

(esse)

 

- Qadın kimdir?

 

- Anan, bacın, qızın, yoldaşın, könül sirdaşın...

 

- Qadın qarşısında borcun nədən ibarətdir?

 

- Tanımaq, sevmək, qorumaq, hörmət etmək, dəyər vermək!

 

- Qadın kimdir?

 

Qadın səni 9 ay bətnində daşıyan, 9 min qat əzab-əziyyətlə böyüdən anandır!

 

Qadın sənin uşaqlıq dostun, könül sirdaşın, gəlin köçərkən "qardaşım məni yola salsın" deyən bacındır.

 

Qadın qurduğun ailənin yanar çırağı, qürurun, baş tacındır, "qızım" deyə çağıranda "atacan" deyə cavab verən ən əziz varlığındır. O varlıq ki, onunla nəfəs alırsan, onunla səadətini tapırsan. Hətta öz xoşbəxtliyini tapıb ailə quranda könlün darıxır, nəfəsin titrəyir.

 

Qadın sənə ömür-gün yoldaşı olmağa qərar verən, bu dünyanın enişli-yoxuşlu yollarında səninlə qoşa addımlayan, sevincinə sevinən, qəminə qəmlənən, kədərinə şərik olan həyat yoldaşındır, tən yarındır. Təki sən sev, qiymətləndir!

 

Qadın - Tanrının cənnəti ayaqlarına bir xalça kimi sərdiyi yeganə varlıqdır! Yaradanın uca tutduğu, yaratmaq, yaşatmaq qabiliyyəti verdiyi zərif, zərif olduğu qədər dözümlü varlıq!

 

Qadın - südü ilə səni saflaşdıra biləcək qüvvəyə malik bir insan! Eyni zamanda sənə ehtiyacı olan, səndən məhəbbət, mərhəmət, hörmət gözləyən, görməyəndə dünyası qana boyanan, diskriminasiyaya məruz qalmış varlıq!

 

- Diskriminasiya nədir?

 

- Latın dilindən götürülmüş "discriminate" (ayrı-seçkilik, ayırma) sözü müxtəlif insanların, xalqların, etnik qrupların, irqi, milli aidiyyətinə, cinsinə, dini baxışlarına görə sıxışdırılmasıyla yaddaşlarda qalıb.

 

- Azərbaycan qadını diskriminasiyaya layiqdirmi?

 

- Yox! Yox! Yox!

 

Azərbaycan qadınları təbiətin bəxş etdiyi yüksək insani keyfiyyətlərə malikdir, fitri istedad sahibidir, yüksək əxlaqi keyfiyyətlər boyuna-buxununa biçilib, namus, qeyrət alın yazısıdır, gözəl, mərd, sədaqətli əməksevərdir. Mənim Azərbaycanımda "Ailədə başçı kişidir o qadına nəzarət edir" ,"Ailə münaqişələrinin səbəbkarları əsasən qadınlardır, gəlin-qaynana s. münasibətləri sağlam ailə məsələsinə maneə olur" kimi qeyri-obyektiv fikirlər ürəkbulandırıcıdır. Mənim Azərbaycanımda qadın ailəsində "başçı" "icraçı" münasibətlərinə məruz qalmamalıdır.

 

Qadın-kişi   ailə nizamnaməsini,  əsasnaməsini, konstitusiyasını düzgün tərtib etməlidir ki, ailədə bərabərlik pozulmasın. Hər ailənin öz "tərəzisi" vardır göründüyü kimi tərəzinin iki gözü olur, qurulan ailələrin tərəzisinin iki gözü olmalıdır: biri qadın, digəri kişi. Bunlar arasında bərabərlik olmayanda, təbii ki, tarazlıq pozular, pərsəng vurar.

 

Ailədə  "nəzarət" olmaz, ailədə inam, etibar sədaqət olar, nəzarət dəli, əlil, xəstə, özünü idarə edə bilməyənlər üçündür. Özünə inamsız insan kişi ya qadın olmasından asılı olmayaraq xəstədir.

 

Təməli möhkəm ailədə kişi-qadın ifadələri işlədilmir. Hər bir kişi, hər bir qadın ailədə öz rolunu bilir. Bunun üçünsə münasibətlər sağlam olmalıdır, mənəviyyat saf olmalıdır. Kifayət qədər inam, etibar, səmimiyyət olan ailə topdağıtmaz qaladır. O ailə-qalanın dirəkləri kişi ilə qadındır. Dirəyin biri laxlasa qala uçar. Azərbaycan qadını evin dirəyidr, dünya qadınlarından bir çox xüsusiyyətləri ilə fərqlənir. Azərbaycan anası, qadını fədakardır, çox fədakardır.

 

- Belə qadınlara qarşı diskriminasiya lazımdırmı?

 

-Yox! Yox! Belə hallar yolverilməzdir!

 

Qadın seviləndə, dəyər veriləndə, hörmət ehtiram göstəriləndə qadındır, anadır, incədən incə, güldən zərif, cənnət ayaqları altında olan, müqəddəs tutulan varlıqdır. Təhqir ediləndə, ayaqlar altına salınanda, döyüləndə, söyüləndə, alçaldılanda fəlakətdir... Arzuları buxovlananda, yolları bağlananda, ayaqları zəncirlənəndə, qolları qandallananda püskürən vulkandır, tüğyan edən seldir...

 

Hər ailədə qadın da, kişi insandır. Onlar bir-birinin "yarısı"dır. Birləşəndə, bir-birini anlayanda, bir-birini sevəndə, bir-birinə dəstək olanda, dünyanın istisinə, soyuğuna birlikdə sinə gərəndə bütöv olurlar.

 

Qadının potensialı kişinin potensialı ilə birləşəndə səadətdir; o ailədə mütərəqqi fikirli, tarixi şəxsiyyətlər, yüksək təfəkkür sahibləri, yaradıcı, humanist insanlar, qüdrətli dövlət qurmağa yardımçı olan qüvvələr yetişir. Sağlam cəmiyyət qüdrətli dövlətin özülüdür; sağlam cəmiyyət, sağlam dövlət sağlam ailəyə söykənər.

 

Qadınlara qarşı diskriminasiya edərkən nəyi unutmayaq?- Azərbaycan Respublikasının Konstitusiyasını!

 

Azərbaycan Respublikasının Konstitusiyası

 

İkinci bölmə: Əsas hüquqlar, azadlıqlar vəzifələr.

 

Üçüncü fəsil: Əsas insan vətəndaş hüquqları azadlıqlar.

 

Maddə 25. Bərabərlik hüququ.

 

II bənd: Kişi ilə qadının eyni hüquqları azadlıqları vardır.

 

III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin  hüquq azadlıqlarının bərabərliyinə təminat verilir. İnsan vətəndaş hüquqlarını azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

 

Azərbaycan qadının məruz qaldığı diskriminasiya hallarına Azərbaycan kişisi məruz qalsa, necə reaksiya verərdim?

 

Acı-acı gülərdim. Axı, diskriminasiyaya məruz qalmış hər bir qadın anamın cinsindən, hər bir kişi atamın cinsindəndir. Mən anamla atam arasında ayrı-seçkilik edəcək qədər  pis övlad qanunlarımızın əleyhinə çıxmış vətəndaş olmaq istəmərəm!

 

- Diskriminasiya hallarının mövcud olmadığı dünya nədir?

 

- İnama, etibara, ağıla, idraka sahib olan, azad, bərabər hüquqlu insanların dünyası.

 

Şəhanə ŞÜKÜR

 

525-ci qəzet.- 2014.- 12 dekabr.- S.8.