Xoşbəxtliyi ələ salmaq

 

 

“Mənim xoşbəxtliyim haqda film yoxdursa, başqalarının xoşbəxtliyi haqda çəkilənlər nəyimə gərəkdir?”

 

(Bir film linki altından yazılan tamaşaçı şərhi)

 

X

 

Bu əsər belə başlar: içərini görə bilsin deyə, əlinin arxası ilə pəncərələrin sınıq-salxaq şüşələrinin kirini silmək üçün yağışı öyrədib göndərən bir günəş təsəvvürünüzə gətirin. Bozumtul donunun ətəyi öyrədib göndərdiyi yağışın pintiliyinin qurbanı olan payız rəngində günəş. Bir gün bir insana, bir balaca qıza, bir gün bir qadına, bir anaya dönmək istəyən günəş. Bir beşikdə yellənən körpə olmaq, sonra bir beşik yellədən qadına dönmək istəyən günəş. Tək günəş, taykeş günəş, darıxan günəş, xoşbəxt olmaq istəyən günəş təsəvvürünüzə gəldimi?

 

Darısqal, səliqəsiz, alçaq tavanlı, şüşələri sınıq-salxaq, amma yağış yumuş pəncərələri olan bu tikilinin içindəki balaca kətan parçasının üzərində mavi nəsə dalğalanırdı.  Arzusuz, istəksiz, həvəssiz bir qız balaca rəng flakonlarını barmaqlarının arasında sıxaraq palitraya silkələyib, damcı-damcı dalğa, damcı-damcı dəniz düzəldirdi. O dənizin üstündə doğmaq olarmı görəsən? O damcılardan günəş olarmı görəsən? Günəş körpə kimi doğularmı, beşikdə yırğalanarmı, üzündən gözündən öpülərmi, qucaqlanarmı, əzizlənərmi? Görən, günəşdən qadın olarmı, görən, günəşin də balası olarmı? Günəş də xoşbəxt olarmı? Görən, bu həvəssiz, arzusuz günəşlər kimi bu təmtək qız, günəş olmaq istəyərmi onun yerinə görən, öz yerini, ömrünü, taleyini verərmi günəşə? Xoşbəxt olmaq naminə.

 

Səhəri gün başqa adamlar da vardı o qızın yanında. Bir nəfər soruşdu ki, bu dənizin dalğaları niyə belə qəribədi? Dəniz düzəldən qız gülə-gülə deyir: rəsmi başı aşağı asmışam. Əsərin adını “Xoşbəxtlik” qoymuşam...

 

O

 

“WhatsApp”dan mesaj gəlir: Yazını oxudum. Kədərliydi. O gün olsun xoşbəxtlikdən yazasan.

 

Rəfiqəm idi. Rəfiqə sözünü də sevmirəm. İllərin dostu deyək. Ayları, illəri adalamc edib neçə kədərlərin üstündən keçmişik bir yerdə, Allah bilir. Nəysə ki, mesaja “amin” yazıb, yanına da bir gülümsəyən işarə yol yoldaşı qoşub göndərirəm. Görəsən, hansımız səmimiyik münasibətimizdə? Mən ona xoşbəxt olmasını diləmişəm toy günü, o mənə xoşbəxtlikdən yazmağımı arzu edir. “Facebook”da status yazıram: Xoşbəxtsizmi?

 

Ş

 

– Ay bala, niyə ağlayırsan? Yemək yedin, su içdin, “pampers”ini dəyişdim. Sən lap elədin e, – gənc ana uşağın üstünə çəmkirir.

 

– Yaxşı, qızışma görək, – deyib, yelləmək üçün beşiyinin yanına çəkirəm stulumu. Kefini açmaq istəyirəm:

 

– Bilmirəm səni bura xoşbəxt olmağa göndərmişik, ya deyinməyə, – deyib, düymə gözlərini gözümə zilləyən körpəylə uzun-uzadı baxışırıq.

 

Anasısa sözümü eşitmirmiş kimi elə hey deyinir, deyinir. Bilmirəm kişi pəncərənin qırılmış şüşəsinimi gec salıb, uşağın dərmanınımı almağı unudub. Bilmədim, baldızına göndərdiyi pulların sayınamı deyinirdi, soyuqqanlığınamı?

 

– Əşi, day yaxşı də, qoy beş dəqiqə oturmuşuq,- istəyirdim fikri yayınsın. Onsuz da bu problemlər ömrü boyu yol yoldaşıdı. Yox e, sakitləşməz ha. Qaynanam belə dedi, qaynım elə dedi, mən ona belə dedim. Yox axı niyə başa düşmürlər ki... Kişi də onların tərəfin saxlayanda... Yox e, belə getsə boşanacam. Danışır, danışır. Elə bil bütün otaq danışır, əşyalar gileylənir, hamısı incikdi, bezgindi, yorğundu.

 

Beşikdə körpə gözünü gözlərimə zilləyib gülümsəyir. Pəncərənin arxasındakı lüt ağacların arxasında uzaqdan günəş görünür, gedənə oxşayır.

 

B

 

“Səni bircə xoşbəxt görsəydim”. Bu xalamın arzusudu. Yer üzündə bu arzuda  irqi, rəngi, dini və milli mənsubiyyəti müxtəlif olan minlərlə qadın var. Görəsən arzuları eyni olan qadınlar necədilər bax saatın bu eyni vaxtında? Buna cavab tapmaq xoşbəxtliyə qafiyə axtarmaq kimi əyləncəlidi. Yeddi  şüşə kimi, beş daş kimi, gizlənqaç kimi, qaçdıtutdu kimi maraqlıdı.

 

Xala, xoşbəxt necə olurlar?   Deyə soruşuram. Başlayıram dillərdə əzbər olan, “kor deyiləm, keçəl deyiləm” deyimini yamsılamağa.

 

– Görürsən? Görürsən filankəsi? Əri adama da oxşamır. Amma gör nə arvad olub?! Görürsən bəhmənkəsi? Elə bil kitay pişiyidi, necə oğlana getdi? Filankəs qıçın boydadı, dörd uşağı var. Yanıram, bala, sənin əlindən yanıram.

 

Xalam məni çox istəyir. Erkən nigah təhsil almağına imkan verməyib. Üç övladı, beş nəvəsi var. Bircə dərdi məni xoşbəxt görməkdi. Əlinə düşdümmü, bir yerdə olduğumuz zamanın müddətindən asılı olmayaraq bu mövzunu araya salıb, gözün yumur, ağzın açır. Hər il də nə qədər molla, seyid var, hamısının ölüsünə, dirisinə, əmisi oğluna, dayısı qızına and içir ki, bu il də onun sözünə qulaq asmasam, daha “vsyo”, adımı bir də çəkməyəcək. Deyir ki, nə işinə qalıb, o qədər dərdi-səri var.

 

“Bu adamlar hardan gəlib tapır xalanı?” deyə, sual edəcəksinizsə, xatırladım ki, biz toy kasetlərindən, şəkillərdən qız bəyənən, oğlan sevən xalqın nümayəndələriyik axı. Xülasə, görün toya gedən qızlar hələ nə qədər baş ağrısı çəkir sonra. İndi, məsələn, xəstəxanada yatan nənənin palata yoldaşı var, palata qonşusu var, qonşusunun da qohumu var, qohumunun iş yoldaşı var... Məsələn üçün də... Gəlib tapırlar xalamı. Birini yola salmamış, o biri peyda olur. Gah əsəbləşirəm, gah zarafata salıram, gah küsürəm. Hər il də deyir, yox e bu ildən o yana qalsan... yenə mollaları çıxarıb qəbirdən düzür... Deyrəm, xala, başına dönüm, dekabrdı e, dekabrın ortalarıdı özü də. Camaat xoşbəxt olmaq üçün illərini verir, olmur. Mən on-on beş günə necə edim? Başlayıram ki, guya mənim çox vacib, təxirəsalınmaz işlərim var, onları həll edim, mütləq onu muradına çatdıracam. Getmişəm evlərinə:

 

– Xalan sənə qurban,- bir maç o üzümdən, bir maç bu üzümdən. Get də, yenə gedərsən işə, yenə harda istəsən oxuyarsan. Oğlan da yaxşı oğlandı. Evi də qulağımızın dibində. Gözüm üstündə olar. Uşağı da gətirərsən səhər qoyarsan yanımda axşam gəlib apararsan.

 

– Hansı uşağı? Uşağı da var?

 

–Yox e, yoxdu. Sənin... Sizin uşağı da...

 

– Ay xala... Hara getdin çıxdın? Bəs qız üç gün sonra niyə qaçıb “yaxşı oğlan!”dan?- “adaxlı”mın birinci arvadını soruşuram.

 

– Anası deyir, qız dəliydi.

 

– Elə bilir mən ağıllıyam? – burda məni gülmək, xalamı hirs tutur.

 

– Hər sözü lağlağıya çevirmə. Bu həftə gələcəklər.

 

– Gələrlər də, amma bu həftə yox, sən mənim canım, müsahibəyə gedəcəm.

 

– Məni danışdırma ha yenə. Bu işi-mişi tulla tay.

 

Tez özümü yığışdırıram.  Bu vaxt xalamın telefonuna zəng gəlir. Sevincək deyir ki, arvad – oğlanın anası- zəng eləyir. Çiynimi çəkib, çantamı götürüb, çəkmələrimi geyinirəm...

 

Yolda fikir məni götürür. Üç günün gəlini olan benava, görən hansı günahın yiyəsiydi ki, onu beş gün tanıdıqları adama dəli kimi qələmə verirlər. Axı o xoşbəxt olmağa gəlmişdi...

 

Ə

 

Yazını yazmağa təzəcə isinişirəm ki, telefonuma zəng gəlir:

 

– Necəsən? Səsin gəlmir.

 

– Xoşbəxtlkdən yazıram, abi – deyib gülürəm.

 

– Yazırsanmı barı? Buna da şükür.

 

– Yazı atacam bax bir.

 

–Yaxşı. – İstəyirəm deyəm, bəlkə sabaha qalsın, nəsə demirəm.- Qulaq as, xoşbəxtsən?

 

– Hə. Özü də necə..., – deyib uğunur.

 

– Necə?

 

– Keçəl deyiləm. Boyum 178. Ürəyim saatda  64 dəfə vurur. Qara ciyərim qan emal edir. Və sair və ilaxır, – deyib gülür.

 

Onun xoşbəxtlik səbəblərinə gülüşüb, sağollaşırıq. “Facebook”a göndərdiyi yazını oxuyuram, bir az yazı haqda söhbət edib, çatdan çıxıram. Bu arada statusuma gələn şərhlərə göz atıb, yazıya qayıtmaq istəyirəm ki, yenə zəng gəlir. Aha. Xalamdı:

 

– Xalan qurban, neynirsən?

 

– Xoşbəxtlikdən yazıram,- deyib gülürəm.

 

– Yenə məni danışdırır axşam vaxtı. Nooldu, gəlirlər?

 

– Kim?

 

– Fikir ver e, burdan-bura məni aldadır.

 

– Yoo, niyə aa-ldaa-dııram, deyib söhbəti uzadıram ki, görüm nə demişəm. Tərslikdən yadıma düşməyəcək ki. Yaddaşımın arasında qurumuş yarpaq qalmış dəftəri vərəqləyirmişəm kimi o başa, bu başa çevirirəm, “hanı, hanıı?” deyə-deyə. Vay... yadıma düşdü! Xalamın qonaqları bu bazar bizə gəlməliydi, axı. Gördüm dalaşmağın, küsməyin, yalvarmağın xeyri yoxdu, mən də şairəm də, bir şey uydurdum. Dedim bəs, xala, filan işimdə bir nəfər var. Mən onu... o da məni... Nəysə ki, gərək evlənək. Bu həftə gələcəklər. Bəs o adamları başından elə getsinlər. İndi də həftənin axırıdı zəng eliyib ki, gəlirlərmi, gəlmirlərmi. Sonra deyərəm ayrıldıq da.

 

– Həə. Yoo, gələcəklər. Şeydi... Mən sənə xəbər edəcəm də.

 

– Neçə nəfər gələcəklər?

 

– Nə bilim. İki-üç nəfər.

 

– İki, yoxsa üç? Dəqiq öyrən də.

 

– Üç, yox, beş. Nə bilim e. Fərqi var?

 

– Var, bəs nə? Mən indi zəng edərəm bibilərin, dayıların da gələr. Yiyəsiz deyilsən ha.

 

İşə düşdük də:

 

– Xala, yox e, hələ heç kimə demə də. Hələ tanış olmağa gəlirlər.

 

– Hə də. Onlar da bizimkilərlə tanış olarlar da.

 

 Yadıma “Evləri köndələn yar” tamaşasındakı dialoq düşür:

 

– Hə də, mən də ot olub yerdən çıxmamışam ki?- özümü gülməkdən saxlaya bilmirəm.

 

– Nə? Sən yenə nə deyirsən orda?- xalamın acığı tutsa da söhbəti tuta bilmir. Mən də ciddi tonla:

 

– Qulaq as. Demirsən ərə get. Gedirəm də. Daha üç nəfərlə gedirəm, beş nəfərlə gedirəm,  icazə ver heç olmasa buna mən qərar verim.

 

– Həə, xalan gözlərinin azzzarın çəkər. Xalan saa qurban. Bala səni bircə...

 

– Di yaxşı, maç eliyirəm səni get yat. – Yazıq arvad. Elçilik, nişan, toy mərasimlərin ssenarisini bir gecənin içindəcə hazırlayacaq...

 

X

 

– Bilirsən, biz elə xoşbəxtik. Bizim ikimizə qalsa heç nə lazım olmaz. Evi də yavaş-yavaş işləyib alarıq. Heç nə də istəmirəm. Əvvəlki kimi deyiləm e, daha pal-paltarda da gözüm yoxdu. Bircə uşaq olsaydı...

 

Əsəbləşirəm:

 

– Olsa olacaq, olmasa da olmayacaq! Özünü öldürmüyəcəksən ki?! Neçə il dayanmadan iynə-dərman olar?! Özünü məhv edərsən.

 

– Kənddən gündə bir sifariş göndərir qohumları. Elə bilirlər mənim xoşuma gəlir uşağın olmamağı. Mən istəmirəm ki? Elə bilirlər olmayacaq heç vaxt. İstəyirlər ayrılaq.

 

– Pay atonan. Bu neçənci həkimdi dəyişirsən?

 

– Beşinci. Bu da kömək eləməsə, bir məşhur həkim var...

 

– Ay qız, sən özün gəlmisən də həyata, hələ özünü düşün, sonra həyatda olmayanların dərdini çəkərsən. Daha dərman içmə...

 

– Anası deyib, balam xoşbəxt deyil.

 

Bizim bir qonşumuz var idi. İdi deyəndə ki, indi də var. Uşaq olanda elə bilirdim toy Yenil il kimi, Novruz kimi bayramdı. Gəlin də ki, Şaxtababa, Qar qız kimi simvoldu. Konfetindən yeyib, musiqisindən oynayıb gəlirsən evinə. Nəysə ki, qonşumuzun qızı doxsan ikinci-doxsan üçüncü illərdə bir vağzalıyla çıxdı ki, evindən, gəl görəsən. Ayın-ilin müharibə vaxtı, qaçqınların məskunlaşmağa yer, camaatın xərcləməyə pul tapmadığı bir zamanda, qonşunun qızı əksəriyyəti xarici markadan olan uzun maşın karvanının müşaiyəti ilə getdi “xoşbəxt olmağa”. İndi görün məhlədə onun yaşıdı olan nə qədər qız bu xoşbəxtliyin həsədini çəkirdi. İllərlə xəbərim olmadı ondan. Deyərdim ki, iyirmi il, bəlkə də çox. Sən demə bu illər ərzində övladı olmayıb. Buna görə də xoşbəxt ola bilməyib. İllərlə müalicə alıb, dərmandan içib, iynədən vurdurub. Xəstə salıb özünü. Ömrünün son günlərini anasıgildə keçirdi, hansısa aparat hesabına yaşayırdı, deyilənə görə...

 

Eşidən qulaqlardan, oxuyan gözlərdən uzaq, yadıma bu hadisə düşdü, qız müalicədən danışanda. Amma bu hadisə haqda ona bir kəlmə də demədim.

 

T

 

Evdə oturduğum yerdə xalam püfərək girdi içəri. Məni beqəfil əzizləməyə başlayanda o dəqiqə işimi bilirəm. Bilirəm ki, mənim işim yenə müşküldü.

 

– Xalan saa qurban. Bəs bu həftə gələcəklər ha.

 

– Ay mənim gözlərim aydın. Xala, biz axı söz danışdıq. Mən camaata söz vermişəm,- Allah, necə gülməyim gəlir...

 

– Gəlsinlər də. Onlar da gəlsin, bunlar da.

 

– Elə şey olar, ay xala?

 

– Mənim onlardan gözüm su içmir. Mən nəğd işi qoyub, nisyə məsələyə qol qoya bilmərəm.

 

– Bax, səninki olmadı...- indi guya hirslənirəm.

 

– Xalan saa qurban, – könlümü alır. – O arvad çox yaxşı arvaddı. Səndən ötrü ürəyi gedir. Biz söz vermişik ki, nə qüsur var bir-birimizə deyək. Bu ailə ki var ...-  bunu deyəndə qəfil elə bildim Nyutonam başıma alma düşüb:

 

– Xala,- deyib qəsdən bikef halda duruxuram. – O ooğlan məəni almaz eee.

 

– Niyə? Allahın işinəəə bax eee. Minnnəti olsun!!

 

– Olsun da. Amma almaz.

 

– Niyə? Anası məndən soruşdu ki, bəs, qız nişannı olmayıb? Dedim ki, yox.

 

Bu “yox”u da bir fəxrlə deyir ki, iki qulaq lazımdı eşitsin. Yenə şeytan məni qıdıqlayır:

 

– Bəs demədi ki, gərək bu qız indiyə kimi azı iki dəfə heç olmasa nişanlı olaydı. Nahaq elə demisən, qüsurun yekəsini etiraf eləmisən ki. Bundan sonra mənim haqda nə fikirləşərlər? Gərək deyərdin ki bircəcə dəfə...

 

Xalam görür ki, dodağım qaçıb, qaşlarım da özündə deyil:

 

– Mən sənnən söz danışıram e burda,- deyəndə tez dilimi dişləyib, dodaqlarımı büzüb qaşımı çatıram ki, ciddi görkəm alım.

 

– Qoyursan ki, sözümü deyim?- gülməkdən gözlərimi yaş tutub. Elə ağlayaram, elə ağlayaram hönkür-hönkür. Burnumu çəkib davam edirəm.- Oğlan birdən adımı yazıb eləsə internetdə, nolacaq?

 

– Nolacaq,- deyib xalam üzümə heyrətlə baxanda, yerə uzanıb ayaqlarımı yerə döyə-döyə gülürdüm xəyalımda.

 

– Nolacaq? Heç nə, adım çıxacaq internetdə. Əlli cür yazı... şəkil... İnternetdə şəkli olan qızı kim alar?

 

– Həəə?..xalamın gözü böyüyür. – Silə bilmərsən onları?

 

(l)

 

 Xoşbəxtlikdən yazdığım gecə notbukum yandı. Evdəkilərin notbukunu gətirib qarşıma qoydum.  Bu dəfə “Word” uzun-uzadı açmadı, sonra da gah yazı yoxa çıxdı, gah bilmərsən nə oldu. Bir də köhnə stolüstü kompüterim var, çoxdandı qoşulmurdu. Kabellərini taxıb açmaq istədim.  Yox, işləmədi bu da. Yazı yarımçıq qaldı. Üstəlik səhərə yaxın qızdırma məni mən xalamı “xoşbəxt olmadığıma” görə yandırdığı kimi yandırdı və bu halsızlıq, ara verməyən öskürək bir həftə çəkəcəkdi, xoşbəxtliklə bağlı yazının son nöqtəsi qoyulana qədər. Üstəlik “Xəzərin layihəsi”nə dəvət etdiyim qonaqların müsahibəni gündən-günə satması lap hövsələdən çıxarmışdı məni. Qızdırma düşərdi bu vurhavurda? Xoşbəxtlikdən yazmaq bu qədər zülm, bu qədər haqq-hesab bahasına başa gəlirsə, görün indi ona çatmaq üçün nə həngamə lazımdı. Xoşbəxtliyi ciddiyə alıb ciddi-ciddi kədərlənənlərin başına xoşbəxtlikdən öncə oyun açmaq lazımdı, özü də mərdimazar uşaqlar kimi. Bir yağışlı gündə skamyada oturub payız kimi kədərlənənlərin qəfil bir tay çəkməsini, makiyajlar altında gizlənən hüzünlü qadınların çətirlərini götürüb qaçmaq lazımdı, məsələn. Qoyun düşsünlər dalımızca yağışlı yollarda. Onlar çatana qədər tindəki yaşlı dilənçini yerə yıxıb qoltuqlarının altına soxulmaq, qəhqəhə çəkənə qədər qıdıqlamaq lazımdı, bəlkə də, ən çox gülməyə ehtiyacları var. Adamları ciddiyə almayan xoşbəxtliyi adam yerinə niyə qoyuruq ki? Onu niyə axtarırıq, tapmayanda niyə üzülürük, niyə kədərlənirik ki?

 

İ

 

Heç mən alınmayan müsahibələrə görə kədərlənirəmmi? Eybi yoxdu, qoy, şair Rüstəm Behrudi havanın soyuq olmağını bəhanə eləsin (xəstəxanadan yeni çıxmışdı, görən necə oldu?). Eybi yoxdu, şair Musa Urud telefona cavab verməsin, Kamran İmanov desin ilin axırıdı, hasabat hazırlayırıq, vaxt yoxdu. Eybi yoxdu, Əflatun Amaşov da hər gün ertələsin görüşü.

 

Eybi yoxdu, qoy, hər gün dostlardan küsək, barışaq. Hər ay xalam vaxt qoysun mənə, hər dəfə bir elçinin davasını eləsin. Olsun, həyat belə davam eləsin. Xoş, sevimli səhərlər açılsın. Biz səliqəsiz emalatxanalarda kətanlar üzərində dənizlər çəkib, adımızı Külək qoyub özümüz dalğalandıraq dalğalarını. Sonra başaşağı asdığımız rəsmlərin adını “Xoşbəxtlik” qoyub ələ salaq onu – xoşbəxtliyi. Lap sonra kirli pəncərənin yağış təmizləmiş yerindən günəşə boylanıb gözlərimizi qıyıb günəşə gülümsəyək:

 

– Nə deyirsən, yerimizi dəyişək?

 

K

 

 Həyat teleserialdı. Kim gəlir, görür ki xeyli seriya ötürüb. Heç kim bu filmin nə əvvəlini görmür, nə sonunu. Elə adamlarını tanıyınca, küçələrinin adını öyrənincə, “pult”una əlin, oturduğun yerə ürəyin yatınca görürsən ki, yol üstəsən-can üstəsən-gedirsən. Amma hər seriyası “facebook”da sorğu üçün yazdığım “Xoşbəxtsizmi?” statusunun altından qəfil verilən sual kimi başlar:

 

– Bəs siz xoşbəxtsizmi?

 

PS: Bu yazıya ad qoymaq lazım deyil. Unudun getsin xoşbəxtliyi də, haqqında yazılanları da...

 

 

Feyziyyə

525-ci qəzet.- 2014.- 13 dekabr.- S.20.