Nəsillərdən nəsillərə
XX əsr Azərbaycan ədəbiyyatının klassiki,
Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi
həm ölkəmizdə, həm də ölkəmizdən
xaricdə geniş qeyd edilməkdədir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev böyük ədibimizin
yubileyi ilə bağlı bu ilin yanvar ayında xüsusi sərəncam
imzalamışdır.
Keçən dövr ərzində İlyas Əfəndiyev
yaradıcılığına məhəbbətin ifadəsi
olaraq, Azərbaycanın bütün guşələrində
yubiley tədbirləri keçirilmişdir. Noyabr
ayının 21-də Heydər Əliyev Sarayında
keçirilən böyük yubiley gecəsi əsl ədəbiyyat
bayramına çevrildi.
İlyas Əfəndiyevin 100 illiyi Parisdə YUNESKO-da,
Ankarada TÜRKSOY-da geniş qeyd edildi. Ədibin məşhur
“Sən həmişə mənimləsən” pyesi Londonda
tamaşaya qoyuldu, əsər ingilis dilində nəşr
olundu. Bu pyes Braziliyada da portuqal dilində nəşr
edildi və kitabın Rio-de-Janeyroda yubileyə həsr
olunmuş təqdimat mərasimi keçirildi.
Bu günlərdə “Təhsil” nəşriyyatı
İlyas Əfəndiyev haqqında məqalələr, esselər
və xatirələrdən ibarət “Geriyə baxmağa dəyər...”
adlı kitab nəşr etmişdir. Kitabın tərtibçisi,
redaktoru və ön söz müəllifi Xalq
yazıçısı Elçindir. Oxucuların
marağını nəzərə alaraq həmin ön
sözü onlara təqdim edirik.
1939-cu ildə
İlyas Əfəndiyevin ilk kitabı – hekayələrdən
ibarət “Kənddən məktublar” – nəşr edildi və
o vaxtdan etibarən də onun yaradıcılığı
daima ədəbi tənqidin, ümumiyyətlə, ədəbi
ictimaiyyətin diqqət mərkəzində olmuşdur və
bu yerdə İlyas Əfəndiyevin
yaradıcılığına oxucu sevgisi ilə qələm
sahiblərinin diqqəti və marağı üst-üstə
düşür.
Səməd
Vurğun və Süleyman Rüstəmdən, Süleyman Rəhimov
və Mehdi Hüseyndən, Məmməd Arif və Məmməd
Cəfərdən, Əli Sultanlı və Cəfər Xəndandan,
Mirzə İbrahimov və Cəfər Cəfərovdan
tutmuş, bu günün aparıcı ədiblərinəcən,
ədəbiyyatımızın simasını müəyyən
edən müxtəlif ədəbi nəsil nümayəndələri
25 yaşlı gənc yazıçının və 100 illiyi
YUNESKO səviyyəsində qeyd edilən XX əsr Azərbaycan
ədəbiyyatı klassiki İlyas Əfəndiyevin 57 il –
1996-cı il oktyabr ayının 3-nə kimi – davam edən
yaradıcılıq yolunda oxuculara və
tamaşaçılara təqdim etdiyi romanları və pyesləri,
povestləri və hekayələri haqqında mütəmadi
yazmış, fikir söyləmiş, bu əsərlərin
milli ədəbiyyatımıza gətirdiyi bədii-estetik
yenilikləri, onların ədəbi-bədii dilimizin, yaxud
teatr sənətimizin inkişafındakı rolunu tədqiq
etmiş, dissertasiyalar yazmış, elmi monoqrafiyalar nəşr
etdirmişlər.
Baxın, yalnız elə bizim böyük ədəbiyyatşünasımız
və tənqidçimiz, unudulmaz Yaşar Qarayev İlyas
Əfəndiyevin əsərləri haqqında 15-ə qədər
məqalə yazmışdır – bu, hələ tərtibat
zamanı mənim saya bildiklərimdir.
Yaxud,
İlyas Əfəndiyevin ancaq bir teatrda – Akademik Milli Dram
Teatrında 19 pyesi tamaşaya qoyulub (bunun, bəlkə də,
müasir dünya teatr tarixində analoqu yoxdur!), bu
tamaşaların hər biri haqqında neçə-neçə
məqalələr yazılıb və bura orasını da əlavə
etsək ki, həmin pyeslər yalnız AMDT-da yox, ölkənin
bir çox başqa teatrlarında da tamaşaya qoyulub (və
qoyulur!) və onların haqqında da az yazılmayıb, o
zaman yalnız elə tamaşalar haqqında yazılan məqalələr
böyük bir kitab edir.
Bütün bunlara görə də bu kitabı hazırlayarkən,
aydın məsələdir, ciddi çətinliklərlə
rastlaşdım – təsəvvür edin, bu qədər ədəbiyyatı
yenidən oxumalı, ən azı yenidən nəzərdən
keçirməli və onların arasından seçim etməli
idim.
Belə
bir seçimə nə qədər nail olduğumu, yəqin,
mütəxəssislər, oxucular deyəcək, ancaq mən
bu kitabla bağlı bəzi cəhətləri qeyd etməyi
lazım bilirəm.
Orasını
da deyim ki, İlyas Əfəndiyevin
yaradıcılığı haqqında rusdilli mətbuatda da
– həm Azərbaycan, həm də Sovet dönəmindəki
“mərkəzi mətbuatda”, yəni “Literaturnaya qazeta”, yaxud
“Teatr” jurnalı kimi Moskva nəşrlərində – görkəmli
yazıçı və tənqidçilərin (D.Medvedenko,
V.Zalesski, S.Əsədullayev, G.Əlibəyova, R.Rayeva,
V.Boquslavski, H.Quliyev, S.Dunina və b.) bir çox maraqlı məqalələri
dərc edilmişdir, ancaq onları yəqin ki, başqa məxsusi
bir kitab üçün seçmək lazımdır.
Oxucunun
qarşısındakı bu kitab “Geriyə baxmağa dəyər”
adlanır, bu – istedadlı tənqidçimiz, rəhmətlik
Nadir Cabbarovun artıq səsçatmaz, ünyetməz bir
uzaqlıqda qalmış 1981-ci ildə məşhur “Geriyə
baxma, qoca” romanı haqqında yazdığı məqalənin
adıdır və məncə, bu ad bu gün rəmzi səslənir:
geriyə , yəni 57 illik
yaradıcılıq yoluna – istedadlı və şərəfli
bir yola – yenidən baxmağa dəyər.
Buradakı
məqalələr, esselər İlyas Əfəndiyevin
müxtəlif əsərlərindən bəhs edir, təbii
ki, müəlliflərin üslubları, təhkiyələri
də müxtəlifdir, xatirələr ayrı-ayrı fərdi
müşahidələrin, fərdi hiss-həyəcanların
ifadəsidir, ancaq bununla bərabər, elə bilirəm ki, bir mühüm
cəhət bu məqalələrin, xatirələrin
hamısını birləşdirir: səmimilik.
Həmin səmimilik ki, İlyas Əfəndiyevin
özünün də qələminin və şəxsiyyətinin
əsas xüsusiyyətlərindən biri, bəlkə də,
birincisi idi.
Oxucu,
olsun ki, kitabdakı məqalələrdə bir-birinə zidd
fikirlərə, mülahizələrə rast gəlsin və
bunun özü də haqqında bəhs edilən roman, pyes və
hekayələrin həm bədii-estetik baxımdan, həm də
xarakterlərin səciyyəsi, surətlərin daxili aləmində
xislətin doğurduğu ziddiyyət və mürəkkəbliklər
baxımından zənginliyindən, çoxcəhətliyindən
xəbər verir.
Kitaba eyni
əsər haqqında iki ayrı-ayrı müəllifin
(“Bahar suları” haqqında Məmməd Arifin və Cəfər
Xəndanın, yaxud “Atayevlər ailəsində”
tamaşası haqqında Mehdi Hüseynin və Əli
Sultanlının, yaxud da “Söyüdlü arx” romanı
haqqında Süleyman Rəhimovun və Xəlil Rza
Ulutürkün) məqalələri də daxil edilib və bu,
eyni əsərə, eyni teatr tamaşalarına müxtəlif
bucaq altından baxmaq mənasında, məncə, maraqlı
ola bilər.
Eyni
zamanda, oxucular kitabda bir müəllifin iki məqaləsi ilə
də rastlaşacaqlar və bu da, yəqin, maraqlı olar –
baxın, misal üçün, 1959-cu ildə
“Söyüdlü arx” romanı çap olunarkən, Moskvada təhsil
alan Xəlil Rza (onda hələ Ulutürk deyildi) bu romanı
oxuyub, oradan bir gənclik ehtirası ilə olduqca lirik-emosional
açıq məktub – “Söyüdlü arx” romanının
qəhrəmanı Nuriyyəyə açıq məktub”
yazır, 28 ildən sonra isə tamamilə başqa səpgidə
qələmə alınmış “Şeyx Məhəmməd
Xiyabani” pyesinin tamaşası haqqında yenə də
emossional, ancaq bu dəfə vətəndaş qayələrinə
və meyarlarına söykənən bir məqalə
yazır.
Kitabda elə məqalələr də var ki, onlar tənqidimizin,
sənətşünaslığımızın
klassikasıdır və mən nümunə kimi 1964-cü ildə
Cəfər Cəfərovun “Sən həmişə mənimləsən”
tamaşası haqqında yazdığı “Təklik faciədir”
məqaləsini göstərmək istəyirəm.
“Sən həmişə
mənimləsən” pyesi dramaturgiyamızda və teatr sənətimizdə
necə bir parlaq hadisəyə çevrildisə, “İlyas
Əfəndiyev teatrı” estetik anlayışını
yaratdısa, “Təklik faciədir” məqaləsi də
teatrşünaslığımızda eyni hadisəyə
çevrildi, “Cəfər Cəfərov teatr tənqidi” nəzəri-estetik
məfhumunun tam olaraq formalaşmasında ciddi rol oynadı.
Kitabdakı
məqalələr xroniki ardıcıllıqla verilib və bu
yerdə mən bir cəhəti də əlamətdar
saydığım üçün, ayrıca qeyd etmək istəyirəm:
bu məqalələrin bir qismi Nizaməddin Şəmsizadə,
Vilayət Quliyev, Şirindil Alışanlı, Məryəm
Əlizadə kimi günümüzün görkəmli ədəbiyyatşünas,
sənətşünas tənqidçilərinin qələmindən
çıxıb və bu müəlliflər o ədəbi nəslin
nümayəndələridir ki, özlərini yüksək
professionallar kimi son 20-25 ildə ifadə və təsdiq ediblər
və onların məqalələri elə bu kitabın
timsalında milli ədəbi tənqidimizin
inkişafını, hansı səviyyəyə gəlib
çatmasını açıq-aşkar göstərir.
Bu cəhət bir də ona görə əlamətdardır
ki, İlyas Əfəndiyev və başqa böyük
yazıçıların hətta sosrealizm dövründə
qələmə aldıqları, ancaq sosrealizm çərçivələrinə
heç vəchlə sığışmayan əsərləri
bu gün – sosrealizm prinsiplərindən uzaq müstəqil Azərbaycan
ədəbi tənqidinin elmi-nəzəri inkişafında
mühüm rol oynayır.
Güman edirəm ki, bu kitabda təmsil olunan məqalələr,
ümumiyyətlə, Azərbaycan ədəbi tənqidinin
keçdiyi son 66 illik – 1948-ci ildən 2014-ə qədər –
inkişaf yolu barədə də müəyyən təsəvvür
yaradır.
Kitabın
daha iki xüsusiyyətini, elə bilirəm ki, qeyd etməyə
dəyər: burada keçən əsrin otuzuncu illərindən
etibarən yazı-pozu işi ilə məşğul olan
bütün ədəbi nəsil nümayəndələrinin
məqalələrinə rast gəlmək mümkündür
və bu mənada ardıcıllığa diqqət edin:
Nasirlər:
Süleyman Rəhimov – İsmayıl Şıxlı – Anar –
Afaq Məsud...
Yaxud
şairlər: Süleyman Rüstəm – Azəroğlu – Qabil
– Cabir Novruz – Zəlimxan Yaqub...
Yaxud tənqidçilər:
Məmməd Arif – Kamal Talıbzadə – Bəkir Nəbiyev –
Yaşar Qarayev – Aydın Məmmədov...
Bu ardıcıllıq indiki halda İlyas Əfəndiyev
yaradıcılığının timsalında, ümumiyyətlə,
əsl sənət əsərinin zaman sərhədlərini –
sənətin qarşısında duran ən amansız sərhədləri
– tanımadığını və bu sərhədlərdən
qətiyyən çəkinmədiyini yaxşı göstərir.
İkinci
xüsusiyyət də odur ki, yazıçılarla, tənqidçilərlə,
teatr aləminin nümayəndələri ilə
yanaşı, kitabdakı yazılar arasında başqa sənət
sahiblərinin – Səid Rüstəmov, Tofiq Quliyev, Süleyman
Ələsgərov kimi bəstəkarların, Fərəməz
Maqsudov (riyaziyyatçı), Tofiq Köçərli
(tarixçi), Əhliman Əmiraslanov (cərrah) kimi akademiklərin,
Mikayıl Abdullayev və Tahir Salahov kimi rəssamların, hətta
din xadiminin (Molla Qurban Süleymanov), sadə və zəhmətkeş
bir sürücünün (Kərbəlayi Əli) İlyas
Əfəndiyev haqqında yazdıqları məqalələr,
xatirələr, qısa ürək sözləri də var və
məncə, bu cəhət İlyas Əfəndiyevin şəxsiyyəti
və həmin şəxsiyyətin miqyası barədə az
söz demir.
Burasını da yaddan çıxarmayaq ki, kitaba
toplanmış məqalələr nəinki ayrı-ayrı
dövrlərdə, hətta ayrı-ayrı epoxalarda
yazılıb və Sovet dönəmində
yazılmış məqalələrdə ara-sıra
özünü göstərən fikir və mülahizələr,
əlbəttə, zamanın ideoloji təsir və təzyiqinin
göstəriciləridir.
Mən
dövrün koloritini saxlamaq üçün hətta
40-50-60-cı illərdə yazılmış bəzi məqalələrdə
açıq-aşkar vulqar sosiologizmlə yoğrulmuş
müddəalara belə, çalışdım ki, imkan
daxilində əl dəyməyim, vaxtında necə dərc
olunubsa, o cür də saxlamağı lazım bildim,
çünki bu, ədəbiyyat və ədəbi tənqid
tariximizin real səhifələridir və onları “yeniləşdirmək”
cəhdi (bu gün belə hadisələrə – siyasi-ədəbi-bədii
kosmetikaya! – tez-tez təsadüf edirik), əslində, ədəbiyyatımızın
və tənqidimizin tarixini, gerçək tarixi
simasını təhrif etmək deməkdir, təhrif olan yerdə
isə, aydın məsələdir, hansısa inkişafdan
söhbət gedə bilməz, bir də ki, onsuz da “yazıya
pozu yoxdur”, maraqlanan hər bir kəs kitabxanaya gedib “Kommunist” qəzetini,
yaxud da o dövrün hər hansı bir mətbu
orqanını açacaq və istədiyi yazını – nə
yazılıbsa da, onu – oxuyacaq.
Və mən bu qısa ön sözü belə bir
ümidlə (hətta inamla!) bitirmək istəyirəm ki, illər
keçəcək, milli ədəbiyyatşünaslığımızın
İlyas Əfəndiyev yaradıcılığına diqqəti
və marağı nəsillərdən- nəsillərə
keçən dediyim həmin ardıcıllıqla davam edəcək.
18 iyun 2014.
Zuğulba.
ELÇİN
525-ci qəzet.-
2014.- 13 dekabr.- S.19.