Əsl insan ömrü

 

 

Rayonların birində müstəntiq işləyən əziz nəvəm Fərid mənimlə söhbət edərkən dedi ki, dostum Azərin babası Ağa müəllim haqqında kitab yazılır. Azər və əmiləri onun barəsindəki xatirələrini o kitabda görmək istəyirlər. Mən onların bu təşəbbüsünə məmnun oldum, çünki Ağa müəllimi bir parlaq ömür sahibi və əsl ziyalı kimi çoxdan - 60-cı illərdən tanıyırdım. O vaxtlar qibləgahımız olan Ağdamın nurlu günləri idi. Mən 8 saylı orta məktəbdə ixtisasım üzrə müəllim, məktəb ilk partiya təşkilat katibi, rayon təbliğatçılarının daimi seminar rəhbəri, o isə Ağdam Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləyirdik. Biz tez-tez rayon tədbirlərində görüşər və ünsiyyətdə olardıq. Sonralar mən raykomda, o isə rayon xalq nəzarəti komitəsinin sədri işləyəndə də aramızda yaxşı münasibət-dostluq münasibəti yaranmışdı. Raykomun üzvü, rayon sovetinin deputatı kimi icraiyyə komitəsinin və rayon xalq nəzarəti komitəsinin iştirakçısı olduğum iclaslarında da onun bacarıqlı və dəyərli bir şəxsiyyət olduğunun şahidi olmuşam. O, daxilində fəzilət, hikmət, şəfqət, mərhəmət dolu bitməz və tükənməz bir xəzinə daşıyırdı.

 

Ağa Musa oğlu Ağamirov Şuşa şəhərində dünyaya göz açsa da, Ağdamda boy atmış, orta təhsilini burada başa vurmuş, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, əsgəri xidmətini başa vurub, Ağdama qayıtmış, rayon partiya komitəsində, Gəncə Vilayət Partiya Komitəsində təlimatçı işləmiş, müxtəlif vaxtlarda iki dəfə Azərbaycan KP MK-da məhsul vəzifələrdə işləmiş, Bakıda partiya məktəbini bitirərək, yenidən Ağdam Rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə göndərilmişdi. O sonralar Zərdab Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, daha sonra Ucar Rayon Partiya Komitəsində birinci katib olmuşdu. O, burada işləməklə yanaşı, qiyabi yolla Moskvada Ali Partiya Məktəbini bitirmişdi. 1963-cü ildən 1972-ci ilin may ayınadək Ağdam Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini işləmiş, nəhayət son yeri Ağdam Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi olmuşdu.

 

Ağa müəllim harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq həmişə uğur əldə etmiş, şərəf və ləyaqətini qoruyub saxlamış, hamının hörmət və məhəbbətini qazanmışdır. Mənəvi cəhətdən təmiz və pak şəxsiyyət idi. Heç kəsin qarşısında gözükölgəli deyildir. Həmişə elə mövqedə və pillədə dayanmaqla, hamıya eyni münasibət göstərirdi. Heç bir qruppaya və çəkişməyə, dedi-qoduya qoşulmazdı, əksinə rayonda sağlam mühitin yaranması üçün əlindən gələni əsirgəməz, lazımi anda nəyə qadir olduğunu göstərməyi bacarırdı. Yaxşı cəhətlərindən biri də qarşısında olanlara hörmətlə yanaşmaq, onları diqqətlə dinləmək bacarığı idi ki, bu da rəhbər şəxsin əməl etməli olduğu vacib cəhətlərdəndir. Bu da bir həqiqətdir ki, o, həmişə yüksək amallar uğrunda mübarizə aparmışdır.

 

Ağa müəllim qurub-yaratmağı çox sevirdi. Mən raykomun təbliğat və təşviqat şöbə müdiri və 20 ilə yaxın qəzet redaktoru olduğum illərdə də rayonun harasında oldumsa, Ağa müəllimin əməyinin bəhrəsini görür, onun nəcib və işıqlı ziyalı olduğu barədə xoş sözlər eşidirdim. O, rayonumuzun nadir ziyalılarından biri kimi xalqını, torpağını, təbiətini, insanlarını çox sevirdi. Böyük şairimiz Bəxtiyar Vahabzadənin oforizm kimi səslənən "Vətən ona görə Vətən deyil ki, əzizdir. Vətən ona görə əzizdir ki, o Vətəndir" - sözlərini təkrarlamağı xoşlardı.

 

Ağa müəllim insan əxlaqını pozan, iyrənc keyfiyyətlərə həmişə sərt münasibət bəsləyirdi. Vətəndaşların süründürməçiliyinə yol verən rəhbərlərin hərəkətinə çox pis baxırdı. Bunu onun çıxışlarından hər kəs duya bilirdi. Bütün bu deyilənlər onun müdrikliyinə, alicənablığına, haqq-ədalət adamı olduğuna dəlalət edir.

 

Ağa müəllim yaddaşımda yaxşı və sədaqətli dost kimi qalıb. O, dostlarına insanları bir-birinə yaxınlaşdıran qızıl körpü, yunan alimi Pifaqorun dediyi kimi ikinci mən kimi baxırdı. Kamillik, nəciblik, təmizlik və sadiqlik kimi keyfiyyətlərin daşıyıcısı olub. Maraqlı cəhət o idi ki, hər kəs ona inanır, güvənir, onunla həmsöhbət olmağa çalışır, bir dost kimi, bir nəcib insan kimi dərin ağlına, zəkasına, məntiqi düşüncəsinə, maraqlı söhbətlərinə heyran qalırdı. Ağa müəllimin bütöv insan fonomeni kimi müsbət keyfiyyətlərini saymaqla qurtarmaz. O, həm də böyük ürək sahibi idi.

 

Ağa müəllim həm də yaxşı ailə başçısı idi. Onun həyat yoldaşı Zoya xanım yaxşı pedaqoq kimi 50 illik fəaliyyətinin 25 ilini məktəb direktorluğuna həsr etmişdi. Zoya xanım SSRİ Maarif əlaçısı, Ümumittifaq Xalq Təsərrüfatı Sərgisinin iştirakçısı, metodist müəllim, Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi kimi titullara malik idi. Təəssüflər olsun ki, tanınmış pedaqoq, gözəl insan, şərəfli ana, Vətən həsrətli, hamının sevimlisi Zoya xanım dünyasını dəyişmişdi (Qəbri nurla dolsun!)

 

İndi çox şükürlər olsun ki, AğaZoya Ağamirovların dörd oğlu və 11 nəvəsi var. Atalar demişkən ot kökü üstə bitər, onların hamısı ata və babalarının arzu və istəklərini layiqincə davam etdirirlər.

 

Ağa müəllimlə əlaqədar bir xatirəni xüsusilə qeyd etmək istəyirəm: ailə vəziyyətimizlə bağlı kənddən şəhərə dəyişiləndə mənzil növbəsinə dayanmışdıq. Növbəmiz çatanda bizə şərikli mənzil verilmişdi, şərikimiz də lal-kar qadın idi. Bir neçə ay əzab-əziyyətlə şərikli yaşamalı olduq. Nəhayət, bizimlə eyni mərtəbədə yaşayan qonşum və mənimlə dostluq edən tikinti idarələrindən birinin rəisi vəziyyətimizi görüb, mənə bildirdi ki, bu yaxınlarda o, köçüb gedəcək və mənzilini bizə verəcəkdir... Şərikimiz onun mənzilinə köçdü. Amma necə deyərlər sən saydığını say, gör fələk nə sayır. Bir gün bir milis kapitanı gəlib dedi ki, prokurorun qərarına əsasən o mənzili boşaltmalıyıq. Onda mən rayon icraiyyə komitə sədrinin yanına gedib, vəziyyəti ona bildirdim. O, mənə rayon prokuroruna müraciət etməyimi bildirdi. Mən elə də etdim. Rayon prokuroru məni dinləyib, əlini masaya çırpıb dedi:

 

- Əclaflar məni aldadıblar, mənə deyiblər ki, guya ötəri bir qadın zəbt edib həmin mənzili.

 

O, milis rəisinə zəng edib tapşırdı ki, onun mənzil barədəki qərarının icrasını dayandırsınlar. O, etirazının olmadığını bildirərək dedi ki, bu məsələ rayon icraiyyə komitəsində həll olunmalıdır. Mən gəlib sədrə prokurorla olan söhbətimi çatdırdım. Sədrin mənə cavabı bu oldu:

 

- Müəllim, mən prokurorun qərarını ləğv edə bilmərəm.

 

Dilxor halda onun kabinetini tərk etdim. Təsadüfən Ağa müəllimlə rastlaşdım. O, ayaq saxlayıb, soruşdu:

 

- Müəllim, niyə dilxorsan, neçə gündür bura gəlib-gedirsən, gəl yanıma görüm.

 

Mən vəziyyəti olduğu kimi Ağa müəllimə danışdım. O mənə dedi:

 

- Müəllim, sən bilmirsən ki, o, mız-mızdı, məsələ həll edən deyil?! Get, həmin qadının deputatından mənzillərə baxış arayışı gətir, bu məsələni həll edək...

 

Təmənnasız olaraq bizim mənzil problemimiz həll olundu - üç otaqlı mənzil mənə, tək otaqlı isə şərikimə verildi.

 

Baxın, şəhər sovetinin evlər idarəsinin prokurora milisə yalan danışaraq düyünə saldıqları məsələ Ağa müəllimin müdrikliyi ilə necə həll olundu. Bu da Ağa müəllimin necə xarakterə, yüksək insani keyfiyyətlərə mərdliyə malik olduğunu bir daha sübut edir. Onun məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etmək, dara düşən, çətinliyə düçar olan insanların dadına çatmaq, heç kimi naümid qoymamaq idi. İndi uzun illər ötsə yuxarıda qeyd olunan olayları xatırlayanda birinci növbədə şəxsiyyətinə, mənəviyyatına, comərdliyinə, xeyirxahlığına valeh olduğum Ağa müəllim canlanır. Onun keçdiyi yol, mən deyərdim, böyük bir məktəbdir.

 

Bu günlərdə bir məclisdə Ağa müəllimdən söz salmışdım... Vaxtı ilə Azərbaycan KP MK-da yüksək vəzifə daşımış, 31 ildən çox Zaqatalada, Abşeronda, Şəkidə Ağdamda partiya komitələrinin birinci katibi olmuş, tanınmış partiya dövlət xadimi, filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayev uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş - 54 il məktəb direktoru işləmiş, Azərbaycan respublikasının əməkdar müəllimi Səlim Əzimov Ağa müəllimin ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirərək, Ağamirovlar ailəsinə hörmətləri olduğunu söylədilər. Söhbətə qoşulan Hacı İslam Rzayev (o vaxtlar tikintilərdə baş mühəndis işləyib) dedi ki, Ağa müəllim həqiqətən yaxşı adam idi, o tikintilərə rəhbərlik edirdi, tez-tez tikintilərdə olub, inşaatçılara dəyərli məsləhətlər verirdi. Sözün əsl mənasında Ağa müəllim vüqarlı adam idi.

 

Çox təəssüf ki, şərəfli bir ömür yolu keçmiş, ensiklopedik biliyə, möhkəm iradəyə, zəngin dünyagörüşünə malik olan Ağa müəllim bu gün aramızda yoxdur. Amansız ölüm onu 48 yaşında aramızdan vaxtsız aparmışdı, böyük ürəyi qəflətən susmuşdu. Vaxtsız əcəl onu çox yaşamağa qoymadı. Amma təsəllimiz odur ki, o, yaxşı əməlləri ilə həmişə qəlbimizdə yaşayır yad edilir. Böyük dramaturqumuz M.F.Axundovun bir sözünü xatırlamaq istərdim: " Dünyada insan üçün ən böyük ləzzət yaxşı ad qoyub getməkdir ki, belə bir adı ancaq yaxşı əməllərin müqabilində əldə etmək olar". Kövrək duyğularla yad etdiyim Ağa müəllim belə bir adı halal zəhməti, tükənməz əməyi biliyi ilə qazanmışdır. Allah ona rəhmət eləsin! Qəbri nurla dolsun!

 

Sonda bir daha demək istəyirəm: Ağa müəllim şərəfli həyat yaşamışdır, ona zəngin, parlaq rəngarəng səhifələrlə dolu bir ömür qismət olmuşdur. O, yüksək insani keyfiyyətləri ilə onu tanıyanların qəlbində dərin iz buraxmış, əbədi hörmət qazanmışdır. O, həqiqətən bənzərsiz şəxsiyyət olmuşdur.

 

Ağa müəllimin Zoya xanımın Şuşa, Füzuli Ağdam ünvanlı şərəfli ömür yolları indiki gənc nəsil üçün bir örnəkdir.

 

Bəbir Hüseynov

525-ci qəzet.- 2014.- 18 dekiabr.- S.8.