Dəniz, göy və məhəbbət şairi

 

Xalq şairi Nəbi Xəzrinin 90 illiyinə

 

O, Bakının yaxın kəndlərinin birində - Xırdalanda doğulmuşdu. 1924-cü ilin soyuq bir qış günündə - dekabrın 10-da, yoxsul kəndli Ələkbər kişinin ailəsində... 2007-ci ilin yanvar ayında -yenə soyuq bir qış günündə Bakıda vəfat etdi.

 

Amma Azərbaycan poeziyasına bir bahar müjdəsi gətirdi Nəbi Xəzri.

 

İlk şeirini 1940-cı ildə qələmə almışdı. Onda 16 yaşı vardı. Şeirin adı "Günəş" idi və bütün yaradıcılığı boyu Günəş onun poeziyasına işıq saçdı.

 

Nəbi Xəzrisiz nə XX əsrin, nə də indi yaşadığımız XXI əsrin Azərbaycan poeziyasını təsəvvürə gətirmək çətindir. Onun poeziyası son yetmiş ilin milli-mənəvi dəyərlərimiz sırasındadır. Heç bir mübaliğəyə, epitetə ehtiyac duymadan deyirik ki, Azərbaycan mentalitetinin dünyaya tanınmasında Nəbi Xəzrinin də özünün və əsərlərinin payı var.

 

Bu gün ədəbiyyatımızda sözün fiziki mənasında onun yeri görünür. Amma mənəvi mənada Nəbi Xəzri elə öz yerindədir. Onun zərif, incə, məhəbbət dolu lirikası yenə öz hərarətini bizdən əsirgəmir.

 

Əgər ki, yıxılsam çinar göstərin,

 

Mən ona söykənib arana baxım.

 

Gözlərim görməsə Göygölü verin,

 

Mən onun gözüylə cahana baxım.

 

Hər yerdə, həmişə

 

Sənsən gümanım.

 

Canım-gözüm mənim

 

Azərbaycanım!

 

Azərbaycan poeziyasında Vətənə aid yüzlərlə, minlərlə şeirlər yazılıb və yazılacaq, çünki "Vətən əcdadımızın mədfənidir" (A.Səhhət). Amma Nəbi Xəzrinin bu misraları nə qəsidədir, nə marşdır, nə də mədhiyyə, bu, Vətən sevgisinin ən poetik və mükəmməl ifadəsidi.

 

Gəl bölək dünyanı ikilikdə biz,

 

Dərə mənə düşsün,

 

Dağı sən götür.

 

Qalsın yer üzündə qoşa izimiz

 

Qara mənə düşsün,

 

Ağı sən götür.

 

İlin övladıyıq yazla qış kimi,

 

Fəsillər yaşasın yanaşı məndə

 

Biz ki bir yerdəyik gözlə qaş kimi,

 

Gözlər səndə qalsın,

 

Göz yaşı məndə.

 

Azərbaycan poeziyasında yüzlərlə, minlərlə sevgi şeirləri yazılıb, yazılır və yazılacaq. Dünya ədəbiyyatına Nizami, Füzuli, Nəsimi kimi eşq mücahidləri bəxş etmişik. Qurbani, Tufarqanlı, Vaqif, Zakir, Ələsgər, Sarı Aşıq kimi gözəllik, sevgi aşiqləri əsrlərdir ki, bizi məhəbbətin ülviliyinə səsləyirlər. Nəbi Xəzri də bu missiyanı XX əsrdə davam etdirən şairlərdən biri idi.

 

Vələslər titrədi çən ötüşəndə,

 

Ürəyim torpağın qəlbini duydu.

 

Sandım ki, üstümə yarpaq düşəndə

 

Təbiət əlini çiynimə qoydu.

 

 

Ay bulud,düzlərə çox tələsmə gəl,

 

Onsuz da gur axır dəli Kür orda.

 

Ay külək, dərədən iti əsmə gəl,

 

Axı, tənha qovaq üşüyür orda.

 

Azərbaycan poeziyasında təbiətə, onun gözəlliklərinə yüzlərlə, minlərlə şeirlər həsr edilib. Nəbi Xəzrinin şeirlərində də təbiətin öz ətri, öz rəngi, öz duyumu var. Rus şairi Yeqor İsayev yazırdı ki: "Nəbi Xəzrinin şeirləri ağacların yarpaqlarından, havadan, buluddan canlı şəkildə gəlir".

 

Nəbi Xəzrinin təbiət lirikasında Dağ, Dərə, Çinar, Kəhkəşan, Çay, Xəzər poetik simvola çevriliblər. Təbiətin harmoniyadan ibarət olduğunu, poeziyanın da təbiətin təbii davamına çevrilməsini, insanla təbiətin ən böyük birliyini Nəbi Xəzri poeziyasında da daha aydın hiss edirik. Ünlü tənqidçimiz Yaşar Qarayev yazırdı ki: "Təbiətə münasibətdə şairlər müəllimlərdən çox görə bilərlər. Çünki burada biliklə yanaşı həyəcan lazımdır, ehtiras lazımdır, sadəcə öyrətmək yox, "yoluxdurmaq", alışdırmaq, narahat etmək lazımdır" və fikrimizcə, Nəbi Xəzri təbiəti necə sevməyin dərslərini öyrədib bizə. Əslində,onun poeziyasında İnsan, Təbiət, Sevgi vəhdət halındadır:

 

Qarlı bir zirvə olsan,

 

Ağ buludun olaram.

 

Dərin xəyala dalsan,

 

Mən sükutun olaram.

 

Çəmən olsan, əgər sən,

 

Sərin yağış çilərəm.

 

Əgər dənizə dönsən,

 

Sahilə çevrilərəm.

 

Vaxtilə ustad tənqidçi Məmməd Arif yazmışdı ki: "Nəbi Xəzrinin öz poetik aləmi. Məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o özü yaratmışdır və ona sadiqdir.

 

Bu poetik aləm çox zəngin mənəvi aləmin-ideyalar, fikirlər, hisslər aləminin gözəl bir inikas formasıdır.

 

Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik.

 

Nəbi şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, baharın, qarın, çiçəklərin, insan qəlbinin, sevgisinin, insani inamın gözəlliyini gətirmişdir".

 

Zərif duyğular, incə hisslər, aylı, günəşli, ulduzlu düşüncələr, sevgililəri öz sahilinə səsləyən mavi dəniz, üstündə mavi səma, nə varsa mavi.

 

Mən bəlkə bilirəm

 

Nə üçün,

 

Nədən,

 

Dünyanın gündüzü maviləşibdir?

 

Bəlkə də sən mavi geyindiyindən,

 

Yer üzü,

 

Göy üzü

 

Maviləşibdir.

 

Dəniz, Göy, Məhəbbət şairi Nəbi Xəzri keçən əsrin doxsanıncı illərində birdən-birə o lirik, həzin lirik şeirlərdən zamanın acı küləklərinin əsdiyi bir ovqata kökləndi. Dünya dəyişirdi, Azərbaycanın başı üstünü qara buludlar almışdı, xain qonşularımız rus imperiyasının dəstəyilə torpaqlarımızın bir qismini işğal etmişdi, onun arxalandığı Kommunist Partiyası isə artıq tarixin qara səhifələrinə çevrilirdi. Dəniz, Göy, Məhəbbət şairi Nəbi Xəzri o illərdə Zamanla üz-üzə durdu, həyatın, yeni quruluşun, hələlik sistemsiz Sistemin yaratdığı xaosa, hərcmərcliyə, məmləkətdə baş verən mürəkkəb, başaçılmaz olaylara, az qala mənəvi dünyamıza hakim kəsilən, bəzən ən zərif hissləri, duyğuları belə "özəlləşdirən" BAZARa qarşı etirazını bildirdi:

 

Dünya başdan-başa bazar olanda,

 

Şairin yaşamaq haqqı varmıdır?

 

Artıq sevilməkdən söz düşə bilməz,

 

Daha yer üzündə sevmək də gecdir!

 

İnsanlar insandan var-dövlət umur,

 

Sənə var-dövlət də qazanmaq gecdir!

 

Şeirə, sənətə də cahan göz yumur,

 

Şeirlə sərvət də qazanmaq gecdir!

 

Nəbi Xəzri o illərdə "Qəm dəftəri", "Zaman çıxsa məcrasından", "Xəzan yarpaqları" kitablarını çap etdirdi və o kitablarda olan şeirlərə diqqət yetirsək, görəcəyik ki, şair məmləkətimizdə baş verən hadisələrin heç birinə biganə qalmamışdır. Vaxtilə -Sovet Azərbaycanının xarüqələrini, Milini, Muğanını, Qarabağını, göy Xəzərini, əmək bahadırlarını vəsf edən Nəbi Xəzrini indi müstəqil Azərbaycanın taleyi düşündürürdü.

 

Kükrəyib qəzəbdən od tökür qışım,

 

Qolumdan bərk tutsun qardaşım gərək.

 

Qarışsa yad elə bircə qarışım,

 

Özüm də torpağa qarışam gərək.

 

Çəkin bu torpaqdan qara əlləri!

 

Çəkin Qarabağdan qara əlləri!

 

... Əlbəttə,bir kiçik yazıda Nəbi Xəzrinin çoxcəhətli yaradıcılıq yolu haqqında geniş söz açmaq qeyri-mümkündür. Deyə bilərik ki, bu ustad şairin poeziyası elə öz sağlığında neçə tədqiqat əsərinin (məqalə və monoqrafiyaların) mövzusuna çevrilmiş, müxtəlif sənət adamları N.Xəzri haqqında öz ürək sözlərini söyləmişlər. Azərbaycanda M.Arif, M.Hüseyn, M.İbrahimov, M.Cəfər, K.Talıbzadə, Ə.Ağayev, B.Vahabzadə, Y.Qarayev, A.Əfəndiyev, B. Nəbiyev, M.Araz, A.Abdullazadə, Y.Nəsirli, F.Səfiyeva, R.Əliyev, Ş.Alışanlı, Rusiyada və digər respublikalarda R.Həmzətov, İ.Noneşvili, R.Babacan, Y.İdaşkin, B.Leonov, S.Vasilyev, Y.İsayev, B.Dubrovin, Türkiyədə N.Durmuş, A.Kabaklı N.Xəzri yaradıcılığından söz açmışlar.

 

Ancaq bu yazıda N.Xəzri yaradıcılığı ilə bağlı bəzi məqamları yığcam şəkildə xatırlatmaq istərdik.

 

...Nəbi Xəzri təkcə Dəniz, Göy, Məhəbbət şairi deyildi. O, bu yurda, bu torpağa, bu məmləkətə, onun qanla yazılan tarixinə, XX əsr gerçəkliyinə, həm Dədə Qorqud dünyasına bağlı bir şairdi. "Əfsanəli yuxular" poemasında, "Torpağa sancılan qılınc" pyesində o, Dədə Qorqud dastanlarına müraciət etmiş, qədim-mifik tariximizə müasir dünyamızdan boylanmışdı. N.Xəzri türk bahadırı Atilla və onun igidliyi haqqında poema yazmışdı, dinimizin, islamçılığın yaradıcısı Məhəmmədi "Peyğəmbər" əsərində mədh etmişdi.

 

...Nəbi Xəzrinin 60-cı illərin əmək qəhrəmanı olan Sevil Qazıyevanın ölümünə həsr etdiyi "Günəşin bacısı" poeması üstündən illər keçməsinə baxmayaraq ədəbiyyatımızın incilərindən sayılır. Çünki bu poemada əmək adamının ordenləri, medalları, qazandığı nailiyyətləri deyil, mənəvi dünyası, gənclik arzuları və faciəli ölümü əks olunmuşdu.Çox sonralar o, Qarabağ müharibəsində amansızlıqla qətlə yetirilən Salatın Əsgərova haqqında bir elegiya-poema yazdı.

 

...Nəbi Xəzri sosrealizmin ədəbiyyatda hakim mövqe tutduğu bir zamanda "Kiçik təpə" poemasını qələmə almışdı və nə qədər mübahisələrə səbəb olsa da bu poemada o dövr üçün "müsbət" yox, əzabkeş bir azərbaycanlı qürbətkeşin obrazını yaratmışdı.

 

...Nəbi Xəzri lirik-fəlsəfi poemalar ustası idi. "Ana", "Bacı", "Ömür yoldaşı" poemaları təkcə Anası, Bacısı, Ömür yoldaşı haqqında yazılmamışdı, Azərbaycan qadınlarının müqəddəsliyinə poetik himnlər idi bunlar.

 

...Nəbi Xəzri həm də dramaturq, nasir və publisist idi. Doğrudur, Nəbi Xəzri deyəndə dərhal sənin gözlərimiz qarşısında bir ŞAİR obrazı canlanır. Amma bu ŞAİR obrazı onun nəsrində, dramaturgiyasında və publisistikasında da öz sözünü deyir. Nəbi lirikası, ona xas olan zərif, incə duyğular pyeslərinin də, nəsr əsərlərinin də mətninə, ruhuna hopur. Əslində, bunları bir-birindən ayırmaq, hansınasa üstünlük vermək olmaz. Nəbi Xəzri tarixin və yaşadığı dövrün həqiqətlərini təkcə şeir və poemalarında deyil, "Sən yanmasan", "Əks-səda", "Mirzə Şəfi Vazeh", "Torpağa sancılan qılınc", "Burla Xatun" pyeslərində, "Heykəlsiz abidə", "Miras" povestlərində də əks etdirirdi.

 

...Nəbi Xəzri dramaturgiyasında olduğu kimi publisistikasında və ədəbi düşüncələrini ifadə edən məqalələrində də ŞAİR idi. Yəni bu yazılarında da poeziyasına məxsus obrazlı ifadələrdən, bədii təsvir vasitələrindən istifadə edirdi. Amma belə yazılarda tanınmış bir Azərbaycan şairinin hadisələrə obyektiv, ciddi mövqeyi də aydın duyulurdu. Ritorika yox, emosionallıq, hiss-həyəcan hakim idi bu yazılara. "Doqquz gün, doqquz gecə", "Missisipi axan yerdə", "Şimal qutbünün astanasında" publisistik yazıları İran, Amerika və İslandiya səfərlərindən sonra yazılmışdı. O, ustadlarına və öz müasirləri olan şairlərə də bir sıra yazılar həsr etmişdi və bu yazılar əslində, çox gözəl esselər idi. Məsələn, Xalq şairi süleyman Rüstəmə həsr etdiyi bir yazıda deyirdi: "Yadıma F.Dostoyevskinin müdrik sözləri düşür. O öz nəsli adından deyir ki, biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq. Biz də Süleyman Rüstəm poeziyasından qidalanmışıq. O, bizim əlimizdən tutub, sənətin çətin, ağır, əzablı, əziyyətli, eyni zamanda şərəfli yollarından inamla aparmışdır".

 

O, müasirliklə, dövrün həqiqətləri ilə nəfəs alan, İNSANı -quran, yaradan, düşünən, böyük arzularla yaşayan İnsanı vəsf edirdi. Bu insan sırf milli-bəhəri duyğularla yaşayan, öz şanlı keçmişilə fəxr edən soydaşımız idi.

 

...Nəbi Xəzri görkəmli ictimai xadim idi. Əməkdar İncəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı, Ümumittifaq Lenin Komsomolu mükafatı laureatı, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq şairi.. bunlar onun halallıqla qazandığı mükafatlar, fəxri adlar idi. Azərbaycan Yazıçılar İttifaqının katibi, Radio və Televiziya Verilişləri komitəsinin sədr müavini, Mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr cəmiyyəti rəyasət heyətinin sədri - bir sözlə, ömrünün çox hissəsini də vəzifədə olmuşdu.

 

Sözün kəsəsi, xoşbəxt taleli sənətkar idi Nəbi Xəzri.

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2014.- 19 dekabr.- S.6.