Ədəbi irsin tədqiq və təbliğinə layiqli töhfə

 

NƏCƏFQULU BƏY ŞEYDA TƏZKİRƏSİNİN İLK NƏŞRİ

 

 

Təzkirələr Azərbaycan ədəbiyyatının ən dəyərli mənbələridir. Orta əsrlərdən XX əsrə qədər tərtib edilən bu məcmuələrdə ədiblərimizin həyat yaradıcılığı barədə məlumat, əsərlərindən nümunələr verilir. Bir sıra şairlərimiz barədə məlumatı yalnız təzkirələrdən alırıq. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları təzkirələrin tədqiqi, nəşri məsələlərini həmişə diqqət mərkəzində saxlayıblar. İndiyədək XVI-XVII əsrlər müəllifi Sadiq bəy Əfşarın "Məcməül-xəvas" təzkirəsi, həmin dövrdə yaşamış anonim müəllifin təzkirəsi, XIX-XX əsrlərdə yaşamış Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab",  Məhəmməd ağa Müctəhidzadənin "Riyazül-aşiqin" təzkirələri, "Qulam Məmmədli təzkirəsi" tədqiq nəşr edilib. Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin "Töhfeyi-Sami", A.Dövlətabadinin "Süxənvərani-Azərbaycan" əsərləri nəşrə hazırlanmaqdadır. Anadilli yazılı abidələrimizin məhsuldar tədqiqatçısı, Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov bu yaxınlarda "Elm təhsil", nəşriyyatında Nəcəfqulu bəy Şeydanın "Gülşəni-maarif" təzkirəsini geniş ön sözlə nəşr etdirməklə XIX-XX əsr ədəbiyyat tariximizi araşdıranlara çox dəyərli bir qaynaq bəxş edib. İlk öncə Əlyazmalar İnstitutunda N.Şeydanın şeirlər toplusu nəşr olunub. Məlumat üçün deyək ki, institutun əlyazmalar xəzinəsində şairin 62 vərəqdən ibarət dəftəri saxlanır ki, burada onun 114 qəzəl, 2 müsəddəs, 3 qitə, 6 müxəmməs, 2 müstəzad, 86 rübai müxtəlif məzmunlu şeirləri toplanıbr. Müxtəlif məzmunlu əsərlər içərisində nəzmə çəkilmiş hekayə rəvayətlər, maarifçi məzmunlu, geriliyi tənqid edən şeirlər, "Tövbənamə", Mövlana Cəlaləddin Rumi, Sədi, Hafiz, Vəhşi kimi Şərq şairlərinin əsərlərindən tərcümələr, farsca bir neçə qəzəl var.

 

N. Şeydanın lirik şeirlər toplusunun ilk nəşrinə yazdığı ön sözdə Paşa Kərimov qeyd edib ki, şair şeirlərində maarifçiliklə bərabər vətənpərvərlik ideyalarını da təbliğ edib, çar Rusiyasının, Sovet hakimiyyətinin işğalçı siyasətini kəskin tənqid hədəfinə çevirib. Nəcəfqulu bəyin bir sıra şeirlərinin aşkar antisovet xarakterli olduğunu qeyd edən tədqiqatçı təəccüb hissi ilə onun repressiya olunmadığını, əsərlərinin məhv edilməyərək bizə çatdığını bildirib. Görünür ki, şair kəskin tənqidi ruhlu şeirlərini heç kimə göstərməyib, gizlədə bilib. Bu kitabdan sonra N. Şeydanın xaricdə yaşayan nəvələri P.Kərimova müraciət etmiş, şairin "Gülşəni-maarif" təzkirəsinin  əlyazmasını ona təqdim etmişlər. Bu hadisədən çox keçmədi ki, alim əsəri nəşr etdirərək tədqiqatçılara şeirsevərlərə təqdim etdi.

 

Cəsarətlə deyə bilərik ki, təzkirə XIX əsrin ikinci yarısı-XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına dair əvəzsiz mənbədir. 1935-ci ildə tamamlanmış bu təzkirədə aşağıdakı 24 şairimiz barədə məlumat, əsərlərindən nümunələr toplanmışdır. Azər Buzovnalı, Əşrəf, Mir Bədrəddin Bədri, Məhəmməd Hadi Bakuvi Sabit, Əbdülxaliq Cənnəti, Hacıağa Hacı, Mirzə Möhsün Xəyali, Ağa Hüseyn Rəsulzadə, Mirzə Əbdüləli Səməndər, Həsən Səyyar, Mir Əbdülvəhhab Seyid Zərgər, Hacı Səlim Səbbah, Nəcəfqulu bəy Şeyda, Mikayıl Seydi, Sadiq bəy Sadiq,  Mirzə Məhəmməd Ziya, Mirzə Həsib Qüdsi, Ağadadaş Müniri, Əliabbas Müznib, Səməd Mənsur, Əbdüləli Hilali, Məhəmməd Hadi Şirvani, Məhəmməd ağa Müctəhidzadə, Əbdülxaliq Yusif. Bu ədiblər əsasən Qarabağ, Şirvan, Bakı, Quba Dağıstan ədəbi mühitinin yetirmələridirlər. Onların içində Əşrəf, Mir Bədrəddin Bədri, Hacıağa Hacı, Ağa Hüseyn Rəsulzadə, Həsən Səyyar, Seyid Zərgər, Mirzə Məhəmməd Ziya, Əbdüləli Hilali kimi tədqiqatçılara tanış olmayan, ya da haqqında məlumat çox az olan şairlər vardır. Təzkirədən öyrənirik ki, Məhəmməd Hadi adlı (bütöv adı Məhəmməd Hadi Bakuvi Sabitdir) başqa bir istedadlı şairimiz olmuş o, gənc yaşlarında vətənini tərk edib Orta Asiyaya getdikdən sonra haqqında məlumat olmamışdır. "Müştəri" təxəllüsü ilə şeirlər yazan, "Riyazül-aşiqin" təzkirəsinin müəllifi Məhəmməd ağa Müctəhazadənin oxuculara cəmi bir neçə şeiri məlumdur. Şairin təzkirədəki 45 şeiri ədibin poeziyası barədə müəyyən qənaətlərə gəlməyə imkan verir. Təzkirəni nəzərdən keçirərkən görürük ki, çar Rusiyasının əfsanəvi azərbaycanlı generalı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Səməd bəy Mehmandarovun atası Sadiq bəy şair olmuşdur. Məhəmməd Hadinin topluya daxil edilmiş yeddi  şeirindən ikisinə onun 1978-ci ildə "Elm" nəşriyyatında çap edilmiş seçilmiş əsərlərində görmürük. Görkəmli şair ədəbiyyatşünas Əliabbas Müznibin əsərləri böyük maraq doğurur. Onun burada rast gəldiyimiz "Əfkari-pərişan, yaxud müzlim bir xəyal" şeiri "Hürriyyəti-bəşəriyyə: axundnümalara, cəlladlara, irtica üyunlara təqdim olunur" başlıqlı poeması XX əsrin böyük şairi Məhəmməd Hadinin təsirindən xəbər verir. Adı çəkilən poemasında Ə.Müznib xalqının fəlakətli vəziyyətinin, digər xalqlardan geridə qalmasının səbəblərini araşdırır, cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini-riyakar din xadimlərini, var-dövlət düşkünü olan məmurları burjuaziya nümayəndələrini, milli varlığını danan ziyalıları kəskin tənqid atəşinə tutur. Bu fikirdəyik ki, bu əsər XX əsrin əvvəllərində yazılmış Azərbaycan poemaları arasında öz yerini tutmalıdır.

 

Təzkirə XX əsrin görkəmli sənətkarı Səməd Mənsur yaradıcılığının, xüsusilə onun "Rəngdir" rədifli müxəmməsinin təsirinin həmin dövrdə şairlər arasında yayıldığını göstərir. Məhəmməd ağa Müctəhidzadənin bu təzkirəyə yazılmış eyni rədifli müxəmməsi, forma məzmun cəhətdən Səməd Mənsur şeirinə yaxındır. Qeyd etmək istərdik ki, əsərləri son dövrlərdə nəşr edilmiş Mirzə Həsib Qüdsi divanında (tərtibçi: M.Əliyev) da S.Mənsur müxəmməsinə nəzirə olaraq yazılmış iki müxəmməsə rast gəlirik.

 

Nəhayət, təzkirədə müəllif Nəcəfqulu bəy Şeyda özü, əcdadları barədə maraqlı məlumatlar vermişdir. Öyrənirik ki, ədib Baharlı elinin görkəmli dövlət xadimi şair, XVI əsrdə Humayın şahın, Əkbər şahın dövründə Böyük Moğollar dövlətində, Hindistan tarixində müəyyən rol oynamış Məhəmməd Bayram xanın nəslindəndir. Onun babaları XV yüzildə Azərbaycanın cənubunda dövlət qurmuş Qaraqoyunlu tayfa ittifaqının Baharlı oymağındandırlar. Bu nəslin nümayəndələri sonradan Araz çayının kənarında, daha sonra isə,  İbrahim xanın zamanında Qarabağda məskunlaşıb Baharlı kəndinin əsasını qoymuşlar. Qasım bəy Zakir şeirlərindən birində Baharlıların Bayram xanın nəslindən olduğunu qeyd etmişdir. Təzkirədən öyrənirik ki, Nəcəfqulu bəyin atası Mirzə Məhəmmədhəsən 1849-1859-cu illərdə Şamaxı şəhərində yerləşən çar Rusiyasının jandarm idarəsində tərcüməçi işləmiş, 1859-cu ildə Şamaxıda baş verən zəlzələdən sonra divanxana idarəsi ilə birlikdə Bakıya köçmüş, beş il sonra Qubaya xidmətə göndərilmiş 1879-cu ildə orada vəfat etmişdir. Onun vəfatından sonra oğlu Nəcəfqulu bəy 1880-ci ildə Bakıya köçmüş, bir sıra hökumət idarələrində işləmiş, XX əsrin 30-cu illərinin sonlarında ixtiyar yaşlarında vəfat etmişdir.

 

Əminik ki, Nəcəfqulu bəy Şeydanın yeni çapdan çıxmış "Gülşəni-maarif" təzkirəsi XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dəyərli qaynaqlardan biri olacaq, burada haqqında məlumat gedən şairlər ədəbiyyat tariximizdə layiqli yerlərini tutacaqlar.  

 

Nailə MUSTAFAYEVA,

filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2014.- 25 dekabr.- S.6.