Hər kəsin qəlbində bir bayatı var...

 

 

 

Ey ruh, sevgilin kimdir,  xəbərin varmı? Ey qəlb, səndə müsafir olan kimdir, bilirsənmi?

(Mövlana)

 

Söz qaldı el gələnə,

Çırmandı sel gələnə.

Gözəl bir bağ salmışam,

El gələ kölgələnə.

 

Bir insan ömründən qələmə aldığım fraqmentləri bayatı ilə başlamağım qeyri-ixtiyari oldu. Şəksiz, hər döyünən qəlbdə bir bayatı var... Hələ eşidilməyən, hələ səslənməyən, səslənsə belə hələ yaddaşlarda bardaş qurub oturmayan, şəxsin özünə məxsus, ruhundan asılıb qalan bir bayatı. Bayatılar da elə insan sevgisi kimidir, gah alışır, acıdır və başlıcası, nəhayət, könül xoşluğu, bir qəlb rahatlığı da gətirir.

 

Bayatı çağıranda nədənsə iç dünyama ilıq bir işıq süzülür. Gözlərim önündə hay-haray meydanının kökdən qopan sal qayanı çiyninə alaraq öz azman addımlarıyla torpağı dizə qədər xışmalayıb yol gələn ər kişilər canlanır.

 

Ömür adlı bir karvanla səksən ildən bəri enişli-yoxuşlu yol gələn insan yəqin ki, o yollarda çox bayatılar çağırıb. Gah alışdıran, gah göynədən, gah da könül xoşluğu, qəlb rahatlığı gətirən bayatılar.

 

İndi bu qələmə aldıqlarım sanki dünyaya gəldiyim gündən, necə deyərlər, yüz ildən bəri tanıdığım bir insan haqqındadır.

 

Ancaq bu insanın yüz yox, səksən yaşı tamam olur. Ömrünün səksəninci qışını növbəti bahara aparan həzin bir dönəmini yaşayır.

 

Saçları ağarmış insanları, adətən, başı qarlı dağlara bənzədirlər. Elə haqqında söz açdığım Hidayət Bəşirov da keçdiyi ömür yolu, halında, xasiyyətində, xarakterindəki saflığı, dupduru bulaq kimi şəffaflığı, səmimiyyəti ilə başı qarlı dağlar kimi uca və vüqarlıdır.

 

İnsan ədəbdən ibarətdir, – deyib müdriklər. Ancaq bu kəlamın ünvanı, əlbəttə, aqil olanlara, öz həyat, ömür-gün yolunu düz seçənlərə, qəlbində haqq, ədalət, duyğularında isə sevgi olanlara aiddir. Hidayət müəllim də həqiqi mənada ədəb, ehtiram, səmimiyyət ünvanıdır. Ağlı nəfsinə üstün gələn kişidir. Onu sözünün ətri ruhunun sakitliyi ilə ahəngdar təmas edən bir ozana, bir nağıl qəhrəmanına da bənzətmək olar.

 

“Baharın təsiri ilə daş yaşıllaşarmı?” Deyirlər, torpaq ol ki, rəngarəng çiçəklər bitirəsən. Hidayət müəllim də indiyəcən gördüyü yaxşı əməlləri ilə, həm də ocağında halal duz-çörəyi, o halal duz-çörək qədər də halal öyüd-nəsihəti ilə tərbiyə edib boya-başa çatdırdığı, elə özü qədər xeyirxah, yaxşı əməllər sahibi olan övladları ilə rəngarəng çiçəklər bitirən bir torpaqdır.

 

Hidayət müəllim yaxşı ailə başçısı, xoşbəxt atadır ki, layiqli vətəndaş olan gözəl övladları var.

 

Mənim tanıdığım Hidayət müəllim quruca “salamından da müşk” qoxusu gələn bir kişidir. Cani- dildən elə-obaya bağlı adamdır.

 

Onun haqqında oturub fikirləşəndə mənə elə gəlir ki, Hidayət müəllim yaşının bu ixtiyar çağında da, indi də ömrünü elə yollarda yürüyə-yürüyə yaşayır. Ömrünün bu kövrək yaşında bəlkə də övladlarına, adları dilindən düşməyən nəvələrinə yaxın olsun deyə Bakıya köçüb. Ancaq ayın-həftənin neçə gününü Bakıda qaldığını deyə bilmərəm, bir ayağı elə Lerikdədir. Bakıda axtarsan da çox vaxt sorağı mütləq torpağının ətri ilə cövhərinin yapılıb yoğrulduğu doğma eldən, obadan  gəlir.

 

...Yaxşı-yaman başa düşən vaxtlardan, ağlım kəsən günlərdən evimizdə Hidayət müəllimin adını eşitmişəm. Xeyirxahlığı ilə bağlı şəninə daim xoş sözlər deyilən bu insanın həm də atamızın dostu olduğundan qürrələnmişəm. Necə deyərlər, hələ üzünü görməzdən bu kişini tanımışam. Atamın rayon mərkəzindən hər dönüşündə Hidayət Bəşirov adlı bir dostu ilə görüşdüyünü, hansısa bir qulluğunun, xahişinin elə onun vasitəsi ilə də öz həllini tapdığını eşitmişəm.

 

Atamın Hidayət müəllimlə tanışlığının, onunla dostluğunun tarixçəsini dəqiq deyə bilmərəm. Ancaq elə bilirəm ki, ailəmizin Bəşirovlarla dostluğu da elə mənlə yaşıddı. Çünki mən ötən əsrin əllinci illərində doğulmuşam, atamın da Hidayət müəllimin böyük qardaşı Bağı Bəşirovu elə o illərdən tanıyıb dost olduqlarını  öz dilindən eşitmişəm.

 

Yəqin ki, atam Nəcəf kişi Hidayət müəllimi də böyük qardaşının sayəsində tanıyıb.

 

Bir vaxtlar, Hidayət Bəşirovun məktəb direktoru olduğu zamanlarda mən hələ orta məktəb şagirdi idim. Ancaq onun direktor olduğu məktəbdə yox, rayonun başqa səmtində, sonra isə daha dəqiq desəm, qonşu Yardımlı rayonunda oxuyurdum. Lerik rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri olan vaxtlardan o kişini tanımış, Təhsil şöbəsinin müdiri işləyəndə görmüş, Rayon Partiya Komitəsinin katibi olanda isə qismən rəhbərliyi altında çalışmışam. Zaman-zaman vəzifələrini dəyişsə də, halını-xasiyyətini dəyişməyən Hidayət müəllimin sonralar internat məktəbinin direktoru, rayon Mədəniyyət şöbəsinin müdiri, Təhsil şöbəsi müdirinin müavini vəzifələrində çalışdığı illərdə isə ailəmizin xeyirxahı, ata dostu kimi hörmətini saxlayıb ehtiram göstərmişəm.

 

Ata dostuluğuna olan etibarımız, sədaqətimiz bizi bir-birimizə sirdaş edib can qohumluğuna, qan qohumluğuna yol açdı. Dost idik, qohum olduq. Taleyin qisməti ilə əzəl binədən bizə beləcə əziz olan o insanı,  indi isə istəkli nəvələrimiz Turalın, Nicatın ata babası kimi sevirəm.

 

Lerik bir neçə bölgəyə bölünməyi ilə sanki özlüyündə  böyük bir diyar iddiasındadır.

 

Zuvand, Dırıq, Piran, Hamarat, yarı hissəsi isə qonşu Yardımlı rayonunun üstündə olan Pornəyim. Hidayət müəllim isə sanki elə bil bütöv bir Lerikdir, Lerikin xəritəsidir. Zuvandda, xoş soraqlı bir məkanda, məmləkətimizin Cənub bölgəsindən tutmuş Ərdəbiləcən məşhur olan qədim Qışlaq kəndində anadan olub. Ömür-gün yoldaşı, nəcib bir ailədən olan Şövkət xanım Hamarat bölgəsindəndir. Dırıqlılarla, Piranlılarla, elə mənim timsalımda Pornəyimlilərlə də qohum olub.

 

Hər yaşın bir özəlliyi var. Hər yaşında seçilməyi, həm də sevilməyi ilə el-obanın diqqətində olanlar isə xeyirxahlığı, comərdliyi və səmimiyyəti yaşadıqları ömrə məqsəd edənlərdi. Bir də hər yaşın vədələri var. Ömrün hansı vədəsində isə insan daha çox xatirələrə üz tutur. İndi xatirələr məni də öz qoynuna alıb Hidayət müəllimin unudulmayan, yadda qalan xeyirxahlıqları ilə bağlı ömrün ötən çağlarına aparır.

 

Ötən əsrin 70-ci illərində ordu sıralarından, hərbi xidmətdən qayıdandan sonra sovxozda fəhlə işləyirdim. Aradan beləcə bir müddət ötüb keçəndən sonra  özümə daha münasib bir iş tapa bilmədiyimdən şəhərə getmək qərarına gəlmişdim. Hətta Sumqayıt Şüşə zavodunda babat bir işlə təmin olunacağım barədə danışıb razılıq da almışdım.

 

Evdə valideynlərim, xüsusən də anam bu fikrimi-istəyimi müsbət qarşılamadılar. Hansı ana övladının gözünün önündən kənar olmasını istər ki? Atam isə özlüyündə narazı qalsa da, “yox, olmaz” da demədi.

 

Bir gün fikrimi qətiləşdirib pasport qeydiyyatından çıxmaq üçün rayon mərkəzinə gedəcəyimi bildirdim. Səhər evdən çıxanda atamı da geyimli-keçimli, yola hazır vəziyyətdə gördüm.

 

Hələ mən: – Siz hara, nə əcəb belə geyimli-keçimdə, yol gedən adam tədarükündəsiz, – deyə soruşmamış, atam: “Mənim də bəzi işlərim var, rayona gedəcəyəm, birlikdə gedək”, – deyib yola düzəldi, mən də ardınca...

 

Beləcə gəlib rayon mərkəzinə yetişdik. Rayon mərkəzindəki meydanda bir-birimizdən ayrıldıq. Mən Polis şöbəsinə (o vaxtkı Milis), atam isə nə bilim, düşündüm ki, öz  işlərinin dalınca getdi.

 

Polis şöbəsində qeydiyyatdan çıxmaq üçün müvafiq sənədləri hazırlayıb pasport xidmətinə təqdim etməyim o qədər də vaxt aparmadı. Elə şöbədən çıxmaq istəyirdim ki, arxadan səsləyib məni geri qaytardılar. Pasport xidmətinin rəisi olan zabit sənədlərimi özümə qaytarıb:

 

– Səni raykomun katibi Bəşirov yoldaş çağırır, al sənədlərini, get görüş, sonra bunları gətirib gələrsən, – dedi.

 

Düzdür, təəccübləndim, ancaq sənədlərimi qaytarmasına etiraz da eləmədim.

 

Elə ordaca ürəyimə damdı ki, yəqin atam evimizdə həmişə xoş söz-söhbəti gəzən, necə deyərlər, güvənc yerimiz olan o kişinin, raykomun katibinin yanına gedib.

 

Raykoma gəldim. Binanın girişində növbətçiyə Hidayət Bəşirovun məni çağırdığını söylədim. Binanın ikinci mərtəbəsindəki kabinetində  məni qəbul elədi.

 

Mən qapıdan içəri girəndə yerindən qalxıb gülə-gülə: – Cavan oğlan, xoş gəlmisən, – dedi. – İndiyəcən haralardasan? Nə müddətdir əsgərlikdən dönmüsən, bəs niyə bu vaxtacan gəlib heç əminlə bir görüşməmisən? – və bu kimi xoş sözlərlə məni qarşılayaraq görüşüb hal-əhval tutandan sonra oturmaq üçün yer göstərdi.

 

Üzünü mənə tutub istiqanlılıqla:

 

– Sən cavan oğlansan, orduda da yaxşı xidmət etmisən, orda partiya sıralarına daxil olmusan,  bu çox mühüm uğurdu, – deyib bunu bir xüsusi qeyd edərək: – İndi buralardan hara getmək istəyirsən? Gənc kadr kimi bizə lazım olacaqsan. Hələlik döz, bir az səbr elə, nə olar sovxozda fəhlə işləyəndə. Çalış, işə qatlaş, özünü tanıt, biz sənə vəzifə də verəcəyik- dedi. Sonra da qətiyyətlə: – Rayondan çıxıb getmək fikrindən birdəfəlik daşın, get, hələlik öz işinlə məşğul ol, – deyə dönə-dönə tapşırıb elə əvvəlki səmimiyyətlə də məni yola saldı. Daha mən də əlavə heç bir söz demədim. Təşəkkür edib  yanından çıxdım.

 

Bildim ki, səhər maşından düşüb ayrılandan sonra mən Polis şöbəsinə gedəndə atam da Hidayət müəllimin yanına yollanıbmış.

 

Beləcə, o kişinin müdaxiləsindən sonra mən də rayonda qaldım. Aradan az müddət keçmişdi ki, rayon Mədəniyyət şöbəsində işə düzəldim, bir neçə ay sonra isə onun xeyirxah dəstəyi ilə rayon Komsomol komitəsinin ikinci katibi vəzifəsinə tövsiyə olundum.

 

Aradan illər keçəndən sonra dönə-dönə çox düşünmüşəm. Hidayət müəllim o zaman məni yoldan saxlamaqla əslində daha uğurlu bir yolun yolculuğu üçün bani-xeyirlik eləyib... Necə ki, müdriklər deyiblər: “İstəklər səbrlə hasil olur, tələsməklə yox”.

 

İctimai həyata atılmağımın başlanğıcında göstərdiyi bu xeyirxahlığı məgər unutmaqmı olar?..

 

Hidayət müəllimin doğulduğu, əzəməti ilə təravəti bir-birini tamamlayan Qışlaq kəndinin ab-havası elə ruhunun paklığının da, qəlbinin saflığının da cilası olub. Lerikin Qışlaq kəndi Dövlət yasağı olan Diabar çökəkliyinin ən səfalı hissəsində yerləşir. Həmin o Diabar çökəkliyi də ərazisinin hər yerindən zirvələri daim qarla örtülü olan Savalanla qucaq-qucağadır. Qışlaq kəndinin güney baxarı Savalanla baş-başa, quzeyi isə Talış dağları ilə çiyin-çiyinə, dəniz səviyyəsindən hündürlüyü 2496 metr olan Kömürgöyün sinəsindədir. Ötən əsrin əllinci illərində sərhədlərin bədnam möhkəmləndirilməsi adı ilə Zuvandın köçürülən 26 kəndindən ən böyüyü Qışlaq olub. Kəndin sol tərəfində yüz hektarlarla ərazisi olan, baharda xonça lalələri göz qamaşdıran “Meydan”, sağ çiynində isə imperiya vaxtında kəndi ortadan kəsib keçən tikanlı məftillərin əhatəsində dustaq qalmış yüz hektarlarla yaylalar vadilər boyu bir ucu ulu Savalanın ətəklərinə qədər uzanıb gedir. Məftillər arxasında qalan o əraziləri, hörmətli Hidayət müəllimin ayaq tutub yeridiyi, uşaqlıq və yeniyetməlik illərində hər daşına baş qoyduğu, hər gülünün rayihəsini məftunluqla ciyərlərinə çəkdiyi o yaylaları Lerikdə işlədiyim vaxtlar qulluq mövqeyimdən istifadə edib ilin bütün fəsillərində dönə-dönə gəzmişəm. Min bir dərdin dərmanı olan çiçəklərini qucub ətrini, qoxusunu udmuşam.

 

Zuvandın başqa kəndləri kimi Qışlaq kəndinin də qədimdən-qədim evlərinin yurd yerləri aradan illər keçsə də, dağılaraq yox olmayıb. Palçıq kalovlar, yurd, ocaq nişanələri təbiətin saflığı, bu yerlərin  rütubətsiz mühiti sayəsində  indiyəcən də duruş gətirib dözə bilib.

 

Ötən əsrin 90-cı illərində Qışlaqda vur-tut bircə ailə yaşayırdı, kəndin adı ilə bərabər özünü də yaşadır, ocağını, çırağını yandırırdı. Qədim kəndlə üz-üzə yalın dibində, şirəsini başı buluddan əmmaməli dağların göbəyindən götürən, sal qayaların qoynundan süzülüb gələn köhnə kəhrizin ayağında Hidayət müəllimin özündən böyük qardaşı Pişan kişi yurd salmışdı. Qonaq-qaralı, səxavətli, dost soraqlı, ruhu kimi dilindən də “can” kəlməsi əskik olmayan kişi öz evini qədim ata-baba ocağı ilə üz-üzə binə etmişdi.

 

Həyətindən, evinin eyvanından, yəqin ki, hər səhər-axşam tikanlı məftilin bir üzündə dam-daşı, o biri üzündə isə həyət-bacaları qalan yurd yerinə  baxa-baxa qalırdı.

 

Pişan kişinin kimlər qonağı olmayıb? Elə mən də dəfələrlə ən əziz qonaqlarımla sadə, ürəyi dağ boyda, “malının, tikəsinin əsl düşməni” olan o kişinin həyətinə düşmüşəm...

 

Hidayət müəllimlə Qışlağın arxasındakı qayaların dibində binə olan Hiledərdə böyük qardaşı Bağı kişinin, xaloğlusu  Nəcəfin də az qonağı olmamışam.

 

Söz ki Hidayət müəllimin qardaşlarından düşdü – burasını da deyim ki, qardaşı, filologiya elmləri doktoru Bəşir Bəşirov bizim ucqar Lerikdə, necə deyərlər, əyalətdə çalışıb müəllim işləyə-işləyə elmlə məşğul olub, alim adını alandan sonra Bakıya, Ali Pedaqoji İnstituta dəvət alaraq ömrünün sonunadək özünü pedaqogika elminin inkişafına həsr elədi.

 

Hidayət müəllimin dilinə “yox” və “olmaz” kəlmələri heç vaxt, heç vədə gəlməz. Dilində heç acı söz də yoxdur.

 

“Mərifət nə, bilirsənmi? Daşlara baxan gözlərin çiçəkləri görməyi”. Aqillərin bu kəlamı, elə bəlkə də Hidayət müəllimin ruhunun cilası, canının cövhəsidir.

 

Bir dəfə  Hidayət müəllim çevrəsini zəhərləyən yalançı və bədxahın biri haqqında “Hə, onun abrını yaman ətəyinə bükdüm, rüsvay elədim”, – dedi.

 

Təəccübləndim, dönüb diqqətlə üzünə baxdım. Bu baxışlarımla sanki özüm üçün dəqiqləşdirmək isəyirdim ki, doğrudanmı mənim tanıdığım Hidayət müəllim kiməsə ağır söz deyə bilər? Bunu bacararmı?

 

Elə o təəccüblə də: “Nə dedin”, – deyə soruşdum.

 

Hidayət müəllim şəstlə:

 

– Dedim ki, sən çox pis adamsan...

 

– Elə bu? Sən buna acı söz deyib biabır eləmək deyirsən?  Ay-hay, o adamın ürəyinə su səpmişəm desənə, – deyə o ki var,  güldüm.

 

Hidayət müəllim ağlı, idrakı ilə  hikmətin çiyin daşı, iradəsi, ədalətiylə isə həqiqətin daşıyıcısıdı.

 

Onu da deyim ki, ürəyiaçıq, əliaçıq Hidayət müəllimə Tanrı yetərincə nəvə payı verib. Nəticəsini də dizinin üstə alıb oynadacaq, inşallah.

 

Sözümün əvvəlində dediyim kimi, Tural və Nicat hər ikimizin müştərək nəvələrimizdir. Oğul nəvələrim Nəcəflə Bəhruz ana babalarından danışanda əvvəlcə adını önə çəkib sonra “baba” hissəsini deyirlər: “Əbülfəz baba”. Turalla Nicat isə mənə birbaşa “baba”, ata babalarına isə “Hidayət baba” deyirlər.

 

Yəqinimdir ki, Hidayət müəllim bunu qəti qısqanmır. Bəlkə də bu ona daha çox xoş gəlir, çünki məni də çox istəyir.

 

Xatirələrin izinə düşüb ötənləri yada salıb gah qəhqəhə çəkib gülmək, gah da duyğulanıb gözləri yaşaranadək xəyallanmaq yaşa dolduqca adamın sirdaşına, yoldaşına çevrilir.

 

Hər kəs yaşının hansısa bir  mərhələsini isə daha çox yada salır.

 

... Əlbəttə, Hidayət müəllim də öz ömür yolunda çalışdığı vəzifələrin əziyyət qarışıq, yəqin ki, ləzzətini də dadıb. Ancaq keçmişə, ötənlərə üz tutanda nədənsə söz-söhbətlərində daha çox gənclik illərini, bir zamanlar Siyov kənd orta məktəbinin direktoru işlədiyi vaxtları, o illərdə ünsiyyətdə olduğu, oturub-durduğu, yoldaşlıq etdiyi adamları, səhər-axşam gedib-gəldiyi o dolanbac kənd yollarını, keri-kürü kəsib keçən dar cığırları xatırlayıb ən çox elə onlardan danışır.

 

Bunun bir səbəbi bəlkə elə bu günəcən səadətlə yaşadığı əsil-nəcabətli bir xanımı, ömür-gün yoldaşını, elə o eldə sevib seçməsi ilə bağlıdı...

 

Deməli, Hidayət müəllim həm də ruh aşiqi, duyğu adamıdı.

 

Onu da deyim ki, Hidayət müəllim elə cavanlığından hal əhli, məclis adamı olub. Dostunu süfrəsinin başında oturdub. Heç indi də dəyişməyib, yaşının bu ahıl çağında da eləcədir. İndi də özü dost soraqlıdır, “salam-ixtilatı” saxladıqları da onun görüşün arzusundadırlar.

 

Hidayət müəllim mənim at həvəskarı olduğumu bilir.  Necə ki, mənim də onun, özünü indi peşəkar adlandıranlara rəğmən, əsl atçı olduğunu bildiyim kimi. Atdan söz salıb danışanda əlbəəl o kişinin ruhu qanadlanır, sanki uçmaq istəyir, gözlərinin içinəcən duyğulanır.

 

Axı bir zamanlar, sovetlərin vaxtında atası Yusubəli kişinin sərhədlərin qorunması xidmətində olduğundan, dağlarda yaşadıqlarından, uşaqlığı oralarda keçib.

 

Onun Qışlaqdan başı yuxarı, ta ki Şanişinəcən on kilometrlərlə ərazidə at üstündə ötüb keçmədiyi cığır, dizini yerə söykəyib diş göynədən suyundan içmədiyi bulaq qalmayıb.

 

Hidayət müəllim indi bəzən Talış dağlarının sinəsi ilə Peştəgər sıra dağlarının tən ortasından boy verən, zirvələri “Cıdır” meydanı Şanişinəcən at çapmağından, baharda o dağların yalında-yamacında qucaq-qucaq tər çiçək qomlarına balınc əvəzi baş qoymağından, yayda kəklikotu, sancıgülü, payızda zirinc toplayıb yığmağından, qışda isə dizəcən qarda bata-bata ov ovlamağından özünəməxsus təmkinlə, təvəzökarlıqla “xırda-xırda” söhbətlər də  edir...

 

Bəlkə də doğma yurdun təbiətinə olan o sonsuz sevgisindəndir ki, Hidayət müəllim cavan yaşlarında özünə təbiət elmini ixtisas seçib, bioloq olub.

 

O, el-oba adamıdır. Bir də, düşünürəm ki, Hidayət müəllim dövlət vəzifələrinə hansı məsuliyyətlə yanaşıbsa, elə ictimai işə, ictimai vəzifəyə də münasibəti elədir. İşin altına çiyin verənlərdəndir. Lerikin veteranları onu rayon şurasının sədri seçiblər. Hidayət müəllim də bu ictimai vəzifəsinə elə dövlət qulluğu qədər məsuliyyətlə yanaşır. İclas, tədbir oldumu, özünü hökmən rayona çatdırır.

 

Bir insan ömrü üçün səksən il az yaş deyil. İnsan bu illər boyu nələrlə üz-üzə gəlib qarşılaşmaz ki...

 

İllərin arğını, yolların yorğunu olan at haracan yürüyə bilər...

 

Mən indi yaşımın altmışının arğınlığını, yorğunluğunu ruhumda hiss edir, ləngərlə daşıyıram. Səksənə yetmək isə mənə görə, bir əfsanədir.

 

Ömür Allah payıdır. Əziz Hidayət müəllim, arzu edirəm yüzü haqlayasınız. Uca Xalıq də mənə səksənəcən qıymasın. Sizin yüzüncü təntənənizi görüm və öz əfsanəmə yetişim.

 

...Yorub yolları əldən salmış yolçu yorğun-yorğun yol gəlirdi. Günəş göydən od yağdırır, torpağın istisi ayaqlarını yandırırdı. Tozlu-torpaqlı sir-sifətindən, saç-saqqalından tər-su damcılayır, istidən-bürküdən ayaqlarını çəkə-çəkə gəlirdi.

 

Və birdən alnına dəyən sərin mehdən diksinən kimi oldu yolçu. Başını qaldırıb, hövllə gözlərini dolandırıb dörd ətrafa boylandı. Az qala sönüb öləzimiş olan gözlərinə birdən-birə işıq, nur gəldi. Aclıqdan-susuzluqdan cadar-cadar olmuş dodaqlarını qurumuş dili ilə islatmağa çalışıb əllərini göyə qaldırdı: ”Şükür sənə, Allah, min şükür!

 

İrəlidə qollu-budaqlı, köklü-köməcli bir meyvəli ağac ona “gəl-gəl” deyirdi.

 

Ağacdan beş-on metr aralıdakı çeşmənin buz kimi şərbət suyu yolçunun yanğısına şəfa, məlhəm oldu. Ağacın dadlı, şirin meyvələri qarnını doydurdu. Ağacın kölgəsi yolçunu sərinlədib dirçəltdi.

 

Özünə gəlib yoluna davam edən yolçu ayrılmaq məqamında üzünü ağaca tutdu. “Sənə necə alqış edim, dedi, şəninə nə deyim, nə söyləyim”. Yarpaqların yaşıl-yaşıl. Kökün yerin yeddi qatında. Barın-bəhərin bol. Nə şaxta-boran qorxudur səni, nə külək, tufan. Gecələr də laylanı bulaq çalır. Qaim-qədim ol, səni həmişə beləcə görüm! Budaqların qurumasın, yarpaqların xəzəl olmasın, kölgən əskik olmasın!...

 

Hidayət müəllim də belə bir ağacdır! Necə varsa, yüzündə də belə qalsın.

 

Beləcə alqış edə-edə dilimdə bir bayatı da haray salır:

 

Çatılıb qaşın dağlar,

Bilinmir yaşın dağlar,

Hicran sənə də düşdü,

Ağardı başın dağlar...

 

Amma nə qəm! Geridə ləyaqətlə, ağayana yaşanmış bir ömür, irəlidə isə ömrün müdrik çağları...

 

Novruz Nəcəfoğlu

525-ci qəzet.- 2014.- 27 dekabr.- S.18;31.