“Bir azərbaycanlı kimi Almaniyada ən çox günəşin xiffətini çəkirəm”- “QƏRİB SÖHBƏT”

 

İlhamə QASIMLInın təqdimatında

 

 

ALMANİYADA YAŞAYAN JURNALİST AFAQ MUSTAFA: “AZƏRBAYCANDA İNSANLAR DÜNYAGÖRÜŞÜ, HƏYAT TƏRZİ İLƏ AVROPALILARDAN ÇOX UZAQDIRLAR”

 

 

Bu dəfə “Qərib söhbət”imizi Almaniyaya virtual yol alaraq edirik.

Bu dəfəki müsahibimiz Afaq Mustafadır. Azərbaycanda ədəbi jurnalistika sahəsində çalışıb. Dövlət Radiosunun xalq yaradıcılığı şöbəsində və ədəbiyyat redaksiyasında çalışıb. Bir müddət paralel olaraq “Space” telekanalında “Gecə kanalı” layihəsində də müxbir kimi çalışıb.

AzTV-də də bir neçə müəllif proqramları hazırlayan Afaq Mustafanın televiziyada sonuncu proqramı İsa Muğannanın 80 illik yubileyinə həsr olunub. Uzun illər rabitə nazirinin birinci müavini olmuş mərhum Ömər Hüseynovun qızı olan Afaq Mustafa, 1999-2010-cu illərə təsadüf edən iş həyatı haqda “Maddi nailiyyətlərim olmasa da, orada Gülbəniz Hüseynova, Xətayə Sahabbin kimi gözəl insanları tanımağım qazandığım nailiyyətim oldu”, deyir.

2010-cu ildə Azərbaycan diasporasının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist Orxan Arasla evlənib və o vaxtdan Almaniyada yaşayır.

Afaq, ədəbi mühitdə yabançı biri deyil. Gözünü ədəbi mühitdə açıb. Doğmaca əmisi, Azərbaycan ədəbiyyatının əfsanəvi imzalarından olan İsa Muğannanın ədəbi işığında böyüyüb.

Gənc yaşda dünyasını dəyişmiş qardaşının xatirəsinə özünə “Mustafa” təxəllüsünü götürüb.

 

– Afaq, Avropanın mərkəzində qərarlaşmış həyatına necə qərar verdin? Orxan Arasla tanışlığından danışardın mümkünsə...

– Orxan bəylə ilk tanışlığım qiyabi olub. Onun “525-ci qəzet”də dərc olunan yazılarını mütəmadi oxuyurdum. Amma şəxsi ünsiyyətim 2009-cu ildə M.Ə.Rəsulzadəyə həsr etdiyi məqaləsinə biganə qalmayıb ona təşəkkür məktubu yazmağımla başladı. Beləcə, aramızdakı məktublaşmalar  səmimi münasibətlərin qurulmasına səbəb oldu. Onunla tanışlığım həyatımın ən çətin dönəminə rastladı, əziz atamı yeni itirmişdim. Orxan bəyin də iki il öncə atası rəhmətə getmişdi. Mənimlə eyni acını paylaşdığı üçün ünsiyyətimiz asanlıqla baş tutdu. Bir-birimizi təsəlli edə-edə baxdıq ki, münasibətlərimiz dostluq münasibətinin ötəsinə çıxmış, bir-birimizə aşiq olmuşuq.

– Ailəniz bu qərara necə baxdı?

– Ailəm çox isti qarşıladı. Anam Orxan Arasın “Son cənnət” romanını oxumuşdu. Orxan bəy Bakıya gəldi, elə tanışlığımızın ilk günü münasibətlərimizin ciddi yolda irəliləməsinə qərar verdik.Orxan bəy anamın halallığını aldıqdan sonra Avropaya səfər hazırlığım başladı.

– Evlilikdən öncə gerçək Avropa həyatından nə bilirdin?

– Avropa həyatından çox eşitmişdim, amma ilk real tanışlığım Orxan bəylə başladı.

– Orxan Arasda avropalı mentaliteti daha çoxdur, yoxsa azərbaycanlı mentaliteti?

– Daha çox türk mentaliteti. Gerçəkdən yazılarında Orxan Aras necə tanınırsa, elədir. Haqsızlığa susmaz və əyilməz. Orxan bəylə tanışlığım beşinci ilinə yaxınlaşır, ilk gündə hansı təəssürat bağışlayıbsa, eyni təəssüratdayam. Məşhurlardan birindən duymuşdum, “sevdim evləndim, evləndim sevdim”, mən də eynilə. Hər zaman Ömər Hüseynov kimi şəxsiyyətli bir kişinin qızı olmaqdan, adını təxəllüs götürdüyüm Mustafa kimi qardaşın bacısı olmaqdan necə qürur duydumsa, Orxan Aras kimi şəxsiyyətli bir kişinin həyat yoldaşı olmaqdan da beləcə qürur duyuram. Amma indi bizi bir-birimizə bağlayan daha güclü bir qüvvə var – qızımız Səbiha Gözəl. Hər iki nənəsinin adını daşıyır.

– Orxan bəy hər nə qədər Azərbaycan kökənli olsa da, kapitalist Türkiyədə böyüyüb, azad Avropada yaşayan biridir. Fərqli mühitlərdə formalaşmış iki azərbaycanlının günü necə keçir? Fərqli mühitdə formalaşdığınız hansı məqamda özünü göstərir?

– İnan ki, heç bir fərq duyulmur. Başqa mühitlərdə doğulub böyüməyimizin bizim ailə həyatımıza heç bir maneçiliyi olmadı. Nə mən Orxan bəydə mənə qəribə və yaxud qorxulu gələcək bir şey görmədim, nə də Orxan bəy məndə. Ailə həyatına qədər bir-birimizin iç dünyasına kifayət qədər bələd olduğumuz üçün sonralar da aramızda ciddi fikir ayrılığı yaşamadıq. Mən Orxan bəylə 34 yaşımda ailə qurdum, hər ikimizin olqunluq, yəni yaşımızın müdriklik çağına təsadüf etdi bu evlilik. Evliliyimiz sevgi üstündə quruldu. Daha doğrusu, illərlə xəyallarımda canlandırdığım qəhrəman real həyatda qarşıma çıxmışdı – istər xarici görünüş olaraq, istərsə də içsəl dünyası ilə. Və mən həmişəki kimi çox düşünmədən ailə həyatına qəti bir əminliklə addım atdım. Fərqi ancaq gömrük xidmətlərində hiss edirəm. Ayrı-ayrı vətəndaşlıq pasportlarımız olduğu üçün hava limanlarının pasport yoxlanışı keçidlərində bəzən ayrı düşürük, o da ancaq Azərbaycanda. Oxuduğumuz kitablar eyni, seçərək baxdığımız televiziya proqramları, seriallar  belə eynidir. Zövqlərimiz çox da fərqlənmir. Xarakterlərimiz də bənzəyir.

  Ailənizdən bilirəm ki, tez-tez qonaq-qaralı, yemək məclisləri ilə müşayiət olunan ortamda böyümüsən. Bu keyfiyyətini Avropa reallıqlarına uyğunlaşdıra bilirsənmi?

– Daha çox Avropa reallığını öz həyatıma uyğunlaşdırmağa çalışıram. Gələnəkləri yaşatmaq gözəldir, amma bu mövzuda Avropa gələnəyini təqdir edirəm. İnan ki, atamın və anamın qonaqlıq üçün keçirdikləri saysız əziyyət və zəhmətlərini xatırladıqca bütün bunların nə qədər mənasız və israf olduğunu anlayıram. Anam evimizə gələn hər kəs üçün süfrə açır. Şəhriyarın o məşhur misrasında dediyi kimi, atam süfrəli bir kişiydi. Anam, rəhmətlik atamın sağlığında olduğu kimi, yenə həmin adəti sürdürməyə çalışır, amma doğrusu, əvvəllər o süfrələrimizin baş köşəsində oturanlar indi heç anamın hal-xətrini soruşmur.

Burada ilk qonaqlığı verməyə hazırlaşanda mənim həyəcanım Orxan bəyi çaşdırmışdı. Daha sonralar buradakı qonaqlıqları gördükcə, qonaqlıqların əslində nə qədər sadə keçirildiyinin şahidi oldum və indi mən də bu mühitə uyğunlaşıram.

– Azərbaycanlı kimi Avropada ən çox nələrin xiffətini çəkirsən?

– Anamın, bacılarımın,qardaşım Ömərin,  atamla qardaşım Mustafanı bağrına basan torpağın... Almaniya günəşsiz bir ölkədir. Bir azərbaycanlı kimi də ən çox günəşin xiffətini çəkirəm.

– Avropada Azərbaycana oxşayan nəsə varmı? Gündəlik həyat, mentalitet, dil – daha nə qədər fərqliliklərin arasında oxşarlıqlar tapmaq olurmu?

– Almaniya nə qədər kapitalist ölkəsi olsa da, buradakı sosial ədalət Azərbaycanda yoxdur. Qanun hər kəs üçün qanundur. Oxşarlıq bəlkə bürokratik süründürməçiliklərdə var.

– Avropaya psixoloji-mənəvi adaptasiyan necə keçdi?

– Orxan bəydən öncə mən dünyaya atamın gözləriylə baxırdım, Orxan bəylə ailə qurduqdan sonra dünya mənə Orxan bəyin gözləri ilə anlamlı və gözəl görünür. Dünyanın harasında olursam olum, Orxan bəy yanımda olduqdan sonra hər yer mənə cənnətdir.

– İlk dövrlərdə çətinliklərin olurdumu?

– Əvvəla ailəmdən və böyüdüyüm mühitdən ilk dəfə idi ki, uzun müddətli ayrılırdım. Ətrafda kimsəni tanımamağım, qonşuluqda hər kəsin alman və ya yabançı millətdən olması canımı sıxırdı. Alman dilini doğru-dürüst bilmədiyimdən hər yerə Orxan bəylə gedib gəlməli olurdum...Bunların fövqündə elə də böyük çətinliklərlə rastlaşmadım.

– Ailənizdə Azərbaycan nələrlə xatırlanır?

– Dilimiz eyni, mətbəximiz eyni, dünyaya baxışımız eyni. Zatən Orxan bəy hər yerdə özünü azərbaycanlı kimi təqdim edir. Hər anımızda Azərbaycan var...

– Bir qızınız var. Onun tərbiyəsi, sağlıqlı böyüməsi üçün Avropa sənə nələri öyrətdi?

– Hələ hamiləliyin ilk həftələrindən burada ciddi həkim rejimi altında oldum. Son 8-ci aya kimi hər ay hər cür qan təhlilləri alındı, sonuncu ayın hər həftəsi bətnimdəki körpəmin ürək döyüntüləri belə yoxlanırdı. Qızımın ilk qəlb döyüntülərinin səsini duymaq mənə ana olmağın nə qədər məsuliyyətli olduğunu anlatdı və yeni həyata hazırladı. Hamilləlik qeydə alınan kimi mənə analıq pasportu verildi və burada hamiləliyimlə bağlı hər şey yazılırdı. Sonra da qızımın belə bir kitabı oldu və orada bu günə qədər həkim nəzarətində keçirdiyi təhlillərdən tutmuş, peyvəndlərinə kimi qeydə alınır. Burada sosial güvənliyin üstündə heç bir şey yoxdur. Əlillər üçün də, yaşlılar üçün də o qədər rahat həyat təmin olunur ki, insan yaşlılığını belə bir məmləkətdə keçirtmək istər.

– Azərbaycana gedirsənmi?

– İldə bir və ya iki dəfə... Baxır Orxan bəyin vaxt imkanına.

– Avropadan Azərbaycan necə görünür?

– Uzaq görünür, uzaq...

– Yalnız coğrafi mənada deyil yəqin...

– Əlbəttə. Avropanı görüb bir daha geri məmləkətinə dönən hər azərbaycanlı bu uzaqlığı aydın görür. Bir tək misal göstərim, burada qonşuluqda bir millət vəkili işə velosipedlə gedib gəlir, bunu Azərbaycanda hansı millət vəkili edər?! Təsəvvürünüzə belə gətirə bilməzsiniz. Azərbaycanda insanlar dünyagörüşü, həyat tərzi ilə avropalılardan çox uzaqdırlar. Mən Bakıdakı gözədəyən kosmetik dəyişiklikləri heçə saya bilmərəm. Amma Azərbaycan bir tək Bakıdan ibarət deyil ki! Sanıram, məmləkətimizin Avropa şərtlərinə uyğunlaşması bir xeyli zaman alacaq. Əsas odur ki, ilk addımlar atılıb. Hər Azərbaycana gedib gəldiyimdə oranın da Avropa kimi gəlişməsini çox arzulayıram. Xalqımız həyatın bütün gözəlliklərinə layiqdir.

– Avropanın sərt viza rejimi ilə ailənlə görüşə bilirsənmi?

– Viza rejimi mənim üçün ilk vaxtlar oldu, amma burada qeydiyyata keçdikdən sonra Almaniyaya gedib-gəlmək asanlaşdı. Amma qızım alman vətəndaşı olduğu üçün Azərbaycana gedincə viza almalı olur, mən də buna üzülürəm.

– Azərbaycanın ləzzətli meyvə-tərəvəz və ət məhsullarını Almaniyada yeyə bilirsinizmi?

– Buranın meyvə tərəvəzi, qoyunu, quzusu belə Günəş üzünə həsrət qaldığı üçün, əlbəttə o dadı, ləzzəti burada tapmaq çətindir... Bir də üstünə qürbət həsrəti gəlincə, olan qalan ləzzət də yox olub gedir...

 

525-ci qəzet.- 2014.- 1 fevral.- S.11.