Sevgi əl üzməsin təki ömürdən!- "Yüz Gözəl Sevgi Şeiri"

 

PƏRVİNin təqdimatında

 

Təbiətin insan ovqatına, hisslərinə təsiri qəribədi. Məncə, həssas insanın göz, qoxu yaddaşı olduğu kimi təbiət yaddaşı da var. bir yaşdan sonra ona artıq təbiət deyil, xatirələri təsir edir. Meşə, çəmən, dəniz, dağ, yaxud hər hansı təbiət hadisəsiyağış, qar, külək, göy qurşağı müxtəlif xatirələri oyatdığı üçün təsirli olur. Zamanla bunlar hamısı yaşadıqlarınla, hisslərinlə qarışır sən nəyin reallıq, nəyin xəyal, nəyin arzu olduğunu ayırd edə bilmirsən.

...Üzünə toxunan xəfif gilavar beyninin lap uzaq bir küncündə mürgüləyən  xatirəni oyadır... Gözünü yumub unudursan indini, ora, keçmişə qayıdırsan, daha doğrusu can atırsan. Onda çox qayğısızdın, yerin çirkabından da xəbərin yox idi. Başın sevgiyə qarışmışdı. İndi ilıq havanı ciyərlərinə çəkib rahatlıq tapırsan sanki. Gilavar deyil səni sakitləşdirən, gözəl günlərinin xatirəsidi.

Kəndinizdəki balaca evin eyvanından gördüyün mənzərə heç getmir gözündən. Səhərin alaqaranlığında bumbuz bulaq suyuyla üzünü yuyub oturardın eyvanda, saatlarla baxardın dağlara, bir tənhalıq havası duyardın onlarda. Yalqız hiss edərdin özünü. O qızın xəyalı heç çıxmazdı başından. Meh gəldikcə yarpaqların xışıltısı da bir yandan alışdırardı hisslərini, darıxmaqdan tənginəfəs olardın, ürəyin sıxılardı... Gücün sözə çatardı yenə. Tez qələmi kağızı götürüb bir şeir qaralayardın. Yaxşı ki şairsən!

Zəlimxan Yaqubun “Bu yaşıl ağacın altı bizimdişeirində bu hal, ovqat duyulur. Aşıq şeiri üslubunda, qoşma janrında yazılmış şeirin hər misrasının sonundakı təkrirlər xüsusi bir ritm yaradır. Saz havası eşidilir kəlmələrdən. Şeirin elə ilk bəndlərində dərin bir həsrət, gözlənti ifadə olunub. Aşiq bir yaşıl ağacın altında sevgilisini gözləməkdən, özləməkdən usanıb sanki. burada zamanın özü şairin hissləriylə təsvir olunur. Aşiq o qədər gözləyib ki, kök üstə budağın, budaqda yarpağın sayını da əzbərləyib artıq. bu ötüb keçmək bilməyən vaxt, ürəyini sıxan həsrət ağacı da doğmalaşdırıb, həmdəm edib ona. Amma o qızın gəlişiylə şeirdəki ovqatın dəyişilməsi anındaca duyulur. Bir işıq, bir ümid yaranır misralarda. AşiqNəyimizə lazım ev-eşik bizimdeyəndə tək deyil artıq. Çünki insan yalnız sevdiyi ilə birləşəndə, onunla bütöv, tam bir varlığa çevriləndə yer işlərini, məişəti, ehtiyacı unudur. Adi bir ağac altı da ona cənnət kimi görünür. xoşbəxtlik üçünBir sən, bir mən, bir yaşıl ağac”dan savayı lazımdı ki? Heç ! Sevirsənsə, heç !

Mənə görə, şeirin ən isti, həssas məqamı şairin Allahın səxavətindən söz açdığı bənddi. Axı doğrudan da, atəş, isti, ocaq Allaha məxsusdu. yəqin ki, sevmək üçün, daha doğrusu sevməyi bacarmaq üçün Allaha yaxınlaşmağın, onun odundan, atəşindən pay götürməyin lazımdı. Elə yaşıl ağacın altı da Allahın lütfüdü, bəxşişidi...

Şeirin sonuncu bəndində çılğın, bir az da eyforik hal duyulur. Aşiqin məhzanın ləzzətindəndanışması dəli bir sevginin əlamətidi. Dəlicəsinə aşiq olan adam heç vaxt sabaha qoymaz, sonraya saxlamaz o anı... Çünki sabah Sabahdı, orda da başqa an, başqa məqam yaşanacaq, ayrı ləzzət çəkiləcək.

 

... Zəlimxan Yaqub qələminə xas təbiət-insan harmoniyasıdı bu şeirin əsas üstünlüyü. Burda təkcə aşiq, məşuqə yox, ağac özü bir obrazdı, canlıdı... Amma sadəcə bir bitki, ağac kimi yox, yaddaşı, xarakteri, xatirələri olan canlıdı. Ən əsası xoşbəxtdi ağac... Çünki hələ bundan sonra çoxu deyəcək ki, bu yaşıl ağacın altı bizimdi!

 

 

 Zəlimxan Yaqub: “Bu yaşıl ağacın altı bizimdi...”

 

Kök üstə budağı neçədi, bildim,

Budaqda yarpağı neçədi, bildim,

Salxımı, saçağı neçədi, bildim,-

Bu yaşıl ağacın altı bizimdi.

 

Saçağı tərpənir tellərin kimi,

Yarpağı oynaşır əllərin kimi,

Düyməsi açılıb tüllərin kimi,-

Bu yaşıl ağacın altı bizimdi.

 

Bu sevgi, bu layla, bu beşik bizim,

Çəkər növbəmizi bu keşik bizim,

Nəyimizə lazım ev-eşik bizim,-

Bu yaşıl ağacın altı bizimdi.

 

Su içər sevginin kökü ömürdən,

Sevgi əl üzməsin təki ömürdən,

Xoş bir xatirədi iki ömürdən,-

Bu yaşıl ağacın altı bizimdi.

 

Könlümüz havalı, gözümüz ac,

Gəncliyin havası başımızda tac,

Bir sənsən, bir mənəm, bir yaşıl ağac,-

Bu yaşıl ağacın altı bizimdi.

 

Atəş Allahındı, isti Allahın,

Ocaq Allahındı, tüstü Allahın,

Bu yaşıl ağacın üstü Allahın,-

Bu yaşıl ağacın altı bizimdi.

 

Dən kimi səpələ, toxum kimi ək,

Zəlimxan, bu anın ləzzətini çək,

Hələ bizdən sonra çoxu deyəcək:

Bu yaşıl ağacın altı bizimdi.

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 1 fevral.- S.21.