Yalan, aldatma, məkr və hiyləgərlik

 

 

 

Bəşər övladı çox sayda ləyaqətləri ilə yanaşı, onlardan sayca heç də az olmayan, real həyatda daha çox rast gəlinən qüsurlara malikdir. Bu qüsurların bəziləri iyrənc xarakterə mənsubluq timsalı olduğundan daim pislənsə, məhkum olunsa da, heç də sıradan çıxmır, illər, əsrlər ötsə də öz mövcudluğunu saxlamaqda və hər bir cəmiyyətin mənəvi dünyasına zərbə vurmaqda davam edir. Bəlkə də ibtidai insan bu qüsurların çoxundan xali idi, ibtidai icmalarda insanı aşağılayan dəyərlərə yer yox idi, çünki onlar icmanın məhvinə səbəb ola bilərdi. İndi də öz ibtidai keçmişindən o qədər də uzaqlaşmayan, sivilizasiyadan kənarda qalan xalqların təbiəti və davranışı bu mülahizəni bütünlüklə təsdiq edir. Azsaylı şimal xalqlarında, həmçinin Sakit okeanın bəzi adalarında yaşayan, tarixdən əvvəlki cəmiyyətin həyat tərzini saxlayan xalqlarda yalan bir qayda olaraq işlədilməyindən, onlar başqalarının yalanını da həqiqət kimi qəbul etməklə, bu barədə azacıq şübhə də nümayiş etdirmirlər. Sivilizasiya ilə hələ əlaqəsi olmayan xalqlar təbiətin övladları olduqlarından, təbiətin qanunauyğunluqları da özünü bütünlüklə açıq büruzə verdiyi kimi, yalana, aldatmaya ehtiyac duymurlar, ona görə də onlarda adamların bir-birinə etibarı güclü olur və xəyanət halları baş vermir.

Yalnız təbiətlə mübarizədə ibtidai insan ona köməyə gələn, öz yaşayışını təmin etmək üçün vəhşi heyvanı ovlamaqda müəyyən hiyləgərlik xüsusiyyətlərinə yiyələnir. Buna isə o, öz təcrübəsi vasitəsilə nail olmuşdur, axı həmin xalqlar nəsilbənəsil vəhşi heyvanların davranışını müşahidə edib, öyrəndiklərindən, belə bələd olma çox da əziyyət çəkmədən ovunu ələ keçirməyə kömək edir. İbtidai insanın hiyləgərliyi beləliklə cəmiyyət üzvləri arasında bir-birinə qarşı olmayıb, yalnız özünü qida ilə təmin etmək üçün tətbiq edilir. Təbiətin övladı təbiətə də əslində ciddi ziyan vurmadan yalnız öz tələbatını ödəmək qayğısına qalır.

Həmin qüsurların mahiyyəti

Yalan, mənbəyinin əvvəlcədən yalan olduğu bilinən və digərinin bunu həqiqət kimi qəbul etməsinə yönələn saxta informasiyadır. Əks tərəf əslində həqiqət olmayanı həqiqət şəklində mənimsəyir. Yalanın özünü daha çox tətbiq etmə meydanları vardır. Belə ki, yalan siyasətin ayrılmaz elementi hesab olunur və müharibədə düşməni çaş-baş salmaq üçün ən mühüm vasitəyə çevrilir. Bu dövrdə yalan bir vacib sənətə çevrilir. Boris Yeltsin hakimiyyətə gəldikdən sonra, ölkədə aparılan geniş miqyaslı özəlləşmə islahatı əslində quldurluq formasında dövlət, xalq mülkiyyətinin qəsb edilməsi şəklini aldı. Onun sağ əli olan Anatoli Çubays bu məqsədlə icad etdiyi vauçerlərin xalqa böyük maddi gəlir gətirəcəyini vəd etdi, əslində isə az vaxtdan sonra həmin vauçerlər dəyəri olmayan kağız parçasına çevrildi, iri sənaye müssisələri isə dövlət orqanları ilə cuğlaşmış bir qrup qarətçinin, sonralar onlar oliqarx adlanacaqdı, əlinə keçdi. Vaxtilə az-çox təminatlı həyat tərzinə malik olan əhali yalanlar və quldurluq hesabına dilənçi vəziyyətinə düşdü. Yaxud Çingizxan şəhərləri işğal etməmişdən əvvəl yalanı həqiqət kimi öz casusları vasitəsilə düşmən ərazisində yaydırmaqla, döyüş başlamamışdan əvvəl rəqib ordunun döyüş ruhunu aşağı salırdı, əhali arasında isə bu vaxt panika vəziyyəti yaranırdı. Çingizxan ordusunun nəhəng ölçüdə olması barədəki şaiyələr düşmən ərazisində baş alıb gedirdi və beləliklə, onun böyük qələbələrinə əlavə geniş yol açılırdı.

Siyasətdə isə bir qayda olaraq yalansız keçinmək olmur. Xalq bəzən yalanın mahiyyətini və məqsədini lazımınca araşdırmaq və dərk etmək qüdrətində olmadığından, nəticə etibarilə onun əsirinə çevrilir.

Yalan və aldatma ümumiyyətlə, mədəniyyətin inkişafının əyri cəhətinin qanunauyğun məhsuludur, onların səbəbləri və meydana çıxma qaydaları o qədər rəngarəng, həm də maraqlıdır ki, bu qüsurlardan baş çıxarmaq üçün diqqətli tədqiqat aparılması tələb olunur.

Biznesdə, iqtisadiyyatda və siyasətdə çox vaxt belə bir vəziyyət yaranır ki, yalnız yalan və aldatmanın köməyi ilə üstünlük qazanmaq olur. Bu isə cəmiyyətin, ümumiyyətlə yalanda yaşadığından xəbər verir. Siyasətçi müəyyən maska geyinir, özünə əhali üçün cazibədar olan bir obraz yaradır. Bu obraz onun uğurları üçün mayak rolunu oynayır. Uinston Çörçill hazırcavablığından, erudisiyasından, natiqlik məharətindən geniş istifadə etməklə, bəzən sui-istifadələrə də yol verirdi. Hitler hakimiyyətə gəldikdən sonra Çörçill demişdi ki, alman xalqı öz fürerinə dua etməlidir, o, hesab edirdi ki, alman xalqının bəxti gətirmişdir. Sonralar o,öz səhvinin zəhər acısını dadmalı oldu. ABŞ prezidenti Con Kennedi şüurlara güclü təsir göstərən ifadələrlə xalqı heyran edə bilirdi. Televiziya çıxışları prezident seçkisində qalib gəlməsində ona xeyli kömək etmişdi. Təkcə öz ölkəsində deyil, dünyada onun pərəstişkarları çox idi və təqdim etdiyi gənc dövlət xadimi obrazı da buna xidmət edirdi. 1993-cü ildə, faciəli ölümündən bir qədər əvvəl Qərbi Berlinə səfər edərkən mitinqdəki çıxışında Berlin Divarını (bu Divar 1961-ci ildə N.S.Xruşşovun təkidi ilə tikilmişdi) kommunizmin məğlubiyyətinin nümunəsi olduğunu vurğulayaraq demişdi: “Azadlıq çox çətinliklərə malikdir, demokratiya heç də mükəmməl deyildir. Lakin biz xalqımızı onun arasında saxlamaq üçün heç vaxt divar tikmirik”. Kennedinin bu çıxışı daha çox alman dilində dediyi “Ich bin ein Berliner” – “Mən Berlinliyəm” sözlərlə məhşurlaşdı. Əzilənlərin yanında olmaq nişanəsi kimi həmin ifadədən sonralar çoxları  müxtəlif variantlarda istifadə etdi. Bu çıxışında Kennedi birbaşa yalana əl atmasa da, adamların şüuruna və ürəyinə təsir göstərmək üçün ən uğurlu vasitədən istifadə etmişdi, xalqa yaxınlıq nümayiş etdirməklə öz cazibədarlığını yüksəltmişdi.

Kino artistliyindən müəyyən siyasi fəaliyyət yolu keçməklə ölkəsinin 40-cı prezidentliyinə gələn Ronald Reyqan jurnalistlərlə görüşlərində özünü onların dostu kimi, açıq-saçıq, qeyri-rəsmi aparırdı, düşməncəsinə olan hücumlardan qorunmaq üçün yumora əl atırdı. Çıxışlarında istifadə etdiyi çox saydakı anektodlar nitq xörəyinə qatılan ədviyyat kimi onun dadını yaxşılaşdırırdı və natiqə əlavə populyarlıq gətirirdi. Rusiya prezidenti Boris Yeltsin hədyan hərəkətləri, yarımsərxoş görünüşü ilə özünün sadə, xalq adamı olması təsəvvürünü yaratmağa çalışırdı. Vladimir Putin isə fəhlələrlə, kəndlilərlə görüşəndə özünü onlara qayğı göstərən, bərabər sosial vəziyyətə malik olan, səmimi bir insan kimi təqdim etməyə çalışır. Jurnalistlərə nümayiş etdirdiyi isti münasibətlə  özünə güvənməklə yanaşı, həm də qüvvəsinə əmin olduğunu vurğulayır. Görünür, dövlət xadimləri maskasız ötüşə bilmirlər, şəxsi keyfiyyətlərinin, birinci növbədə ağıllarının imkan verdiyi dərəcədə ondan ustalıqla istifadə etməyi bacarırlar.

Lakin siyasətçilər yalandan istifadə etdikdə həddi aşmamalıdırlar, axı adamların qulaqlarından başqa gözləri,şüurları vardır və axırıncılar bir qədər onların aldadılmasının qarşısını alır. Yalandan qeyri-məhdud qaydada istifadə etdikdə, o bəzən əks istiqamətdə işləməyə başlayır, sahibinin ifşa olunmasına şərait yaradır. Siyasətçilər ABŞ-ın məşhur prezidenti Abraham Linkolnun nəsihətinə əməl etsələr, yəqin ki, öz maskalarından uzun müddət istifadə edə bilərdilər. Linkoln demişdi: “ Sən xalqın bir hissəsini həmişəlik, xalqın hamısını bir neçə dəfə aldada bilərsən, lakin xalqın hamısını həmişəlik aldada bilməzsən”. Xalqın hamısını həmişəlik aldatmağa can atanlar bir qayda olaraq öz avantyuralarının qurbanlarına çevrilirlər

Yalanla, aldatma ilə məşğul olanlardan həm də müəyyən bacarıq, qabiliyyət tələb olunur. Hunlar öz həyat tərzini dəyişmədikləri kimi, onların sosial pilləkəndə irəliləmələri də buna təsir edə bilmir, yalan, aldatma silahını gəzdirənlər də həm də öz amplualarını dəyişməyən aktyorlara bənzəyirlər. Onların ağlı, şüuru bu qaydada köklənmişdir, o, sərancamında olan yaydan yalnız yalan oxu atıla bilər. Köpək balığı daim üzməlidir ki, nəfəs ala bilsin, dayansa o, öləcəkdir. Yalan oxunu atanlar da öz silahlarından istifadə etməsələr cılız, sərsəm kimi görünürlər. Axı yaxşı deyirlər ki, yalançının nəfəsi də yalanla gedib gəlir.

Hərb sahəsində isə yalan bir-birinə əks qaydada təzahür edə bilər. Əgər Çingizxan öz ordusunun qeyri-adi gücü barədə məlumatlar yaydırdısa, faşist Almaniyasının xüsusi xidmət orqanları öz ordusunun gücünü və imkanlarını azaltmağa yönəlmiş xəbərlər yaymaqla düşməni azdırmaq yoluna əl atırdılar. Onlar Böyük Britaniya əhalisini Almaniyanın zəifliyinə və fəal mübarizəyə qadir olmadığına inandırmağa çalışırdılar, hətta öz məğlubiyyətlərinin konkret vaxtlarını da dilə gətirirdilər. Belə vaxt gəlib çatanda alman hərbi-hava və hərbi-dəniz qüvvələri daha fəal surətdə hücumlarını davam etdirirdi. Bu isə ingilisləri ümidsizliyə düçar edir və onlarda öz hökumətlərinə qarşı narazı münasibətin yaranmasına səbəb olurdu.

Şaiyəyə kor-koranə qaydada inanmaq böyük qəbahət sayılsa da, daha rahatdır, çünki məsuliyyət, vicdan və hətta könülün dəyişilməsi başqalarının üstünə atılır. Kürdlərin mübarizə hərəkatında “peşmərqə” ifadəsi “ölümun üzünə baxan adam” mənasını verdiyi kimi, şaiyəyə hər an inananlara da “qulağını yalan üçün geniş açan adam” adlandırmaq düzgün olardı.

Yalan həm də onu daim işlədənlər üçün psixiki xəstəlik xarakteri daşıyır. Onlar yalandan bəzən lazım gəlib-gəlmədi istifadə edirlər, istənilən məsələyə görə, bəzən hətta özlərinin ziyanına olan yalana da əl atırlar. Siyasətdə isə kobud, lazımi formaya salınmamış yalan fayda vermir. Burada “yalan nə qədər böyük olsa, ona daha yaxşı inanırlar” barədəki Gebbels prinsipi o qədər də kara gəlmir. Siyasətdə şəraitin tələbinə uyğun gələn yalanın tətbiq edilməsi daha əlverişli sayılır.

Lakin yalan cəmiyyətə bütünlüklə hakim kəsilə bilmir, yalana asanlıqla inanan kütlə arasında az da olsa şübhə edənlərə də rast gəlmək olur. Cəmiyyət bütünlüklə yalan dənizinə gömülsə də, “Kral çılpaqdır” sözlərini bərkdən söyləyən bir adam, hətta o, uşaq olsa da, tapılır. Ona görə də yalandan istifadənin bir sıra məhdudiyyətləri də vardır. Hər şeydən əvvəl bu məhdudiyyət əxlaq prinsiplərindən irəli gəlir. Burada daxili xüsusiyyətdən irəli gələn səbəblər də ola bilər. Həm də bəzi siyasi qruplar məlumatın saxta olduğunu bildikdə, yalan artıq təhlükəli xarakter daşımağa başlayır, belə yalan siyasi nüfuzun itirilməsinə gətirib çıxara bilər. Bir cəhət də unudulmamalıdır ki, hər bir yalanda həqiqətin kiçik bir hissəsi gizlənir.

Yalanın müqayisəsiz ustaları dələduzlardır. Onlar fırıldaqlardan geniş istifadə edir, müxtəlif yalanlarla öz qurbanlarının etibarını qazanmağa müvəffəq olurlar. Dələduzun cəzbedici “tələ yemini” nümayiş etdirməsi qurbanı şirnikləşdirir. Özünün qəfildən varlanması barədə çaşdırıcı məlumat yayır və bu, qurbandan xeyli məbləğdə pul çəkmək alətinə çevrilir. Dələduzlar dərdi bölüşmək, başına faciə gəlmiş adamın müsibətinə yanmaq kimi psixoloji təsir vasitələrindən istifadə edir, tanıyıb, tanımamağından asılı olmayaraq əksər matəm məclislərində iştirak etməklə, bunu gələcək qurbanlarına nümayiş etdirməyə çalışırlar. Digər bir vasitə isə dələduzun qurbanını yaxından tanıması, bir regiondan, hətta həmyerli olmaları, bir yerdə təhsil almaları, bəzən hətta nə vaxtsa yaxın olmaları barədə həqiqətə heç cür uyğun olmayan səbəblər uydurması və onları işə salmasıdır. Belə “xatirələr” dələduza yaxınlıq hissi yaradır, ona olan inamsızlığı və şübhəni azaldır, bu yolla qurbanın aldadılması da xeyli asanlaşır. Dələduz keçmişinə belə saxta ekskurslar etdikdə öz “istedadından” istifadə edərək xüsusi bədii və təsirli formaları işə salır. O, asılı olduğu adama elə qulluq göstərir ki, bunu yalnız ana qarışqanı yemləməklə məşğul olan qarışqanın xidmət canfəşanlığı hesabına özünü ac qoyub, ölməsi ilə müqayisə etmək olar. Əlbəttə, dələduz ölmək istəmir, ancaq hamısının qarşısında hər cür “fədakarlıq” göstərməkdən də usanmır.

Dələduzlarda bədii təxəyyül çox güclü olur, onlar rəvayətlər uydurmaq ustasına çevrilirlər; qurbanını ələ keçirmək, əsir etmək üçün qısqanclıq yaradan miflər quraşdırılır. Mif isə bəzən real hadisədən də böyük təsir gücünə malik olur. Dələduz əksər hallarda yalanına görə təlaş hissi keçirmir, cəsarətliliyi, həyasızlığı onun uğur qazanmasına yaxından kömək edən amilə çevrilir. Bəzən o, qurbanına qarşı hücuma keçməyə başlayır, ona təhlükə yarandığını saxta qaydada yada salır, bu məsələdə öz mövqeyini möhkəmləndirmək üçün mətbuatdan istifadə etməyə girişir.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 1 fevral.- S.15.