Köhnə albom
(hekayə)
"Salam, əzizim El! Çoxdandır səndən heç bir xəbər ala bilməmişəm. Tez-tez
yadıma düşürsən,
uşaqlığımızın o qayğısız və xoşbəxt günləri
üçün burnumun
ucu göynəyir...
Dünən, nə vaxtdan bəri axtardığım
məktəb albomum əlimə keçib. Köhnəlib...
Elə bilirdim ki, yeni
evə köçən
zaman itirmişəm onu. Tapanda elə sevindim ki! Həvəslə əski şəkillərimizə
baxmağa başladım.
Birinci sinifdən son sinfədək - bütün
həyatımız gözümün
önündən gəlib
keçdi...
Sanki çoxdan, lap çoxdan
baxdığım maraqlı
bir filmin kadrları idi bu şəkillər. Zamanın soldurduğu
bu rəsmləri uzun-uzun seyr edərək, nəsə yeni bir şey,
daha doğrusu unutduğum köhnə bir şeyi tapmağa
çalışırdım.
Bax, indi yenə də, bizim köhnə albomumuzu vərəqləyirəm. Baxıb
heyrətə gəlirəm
- zaman bizlər neçə də dəyişir...
...Bax burada birinci
sinifdəyik, sən və mən, yanaşı oturmuşuq. Hər ikimizin uzun hörükləri, ağ bantları...
Mən obyektivə ürkək-ürkək
baxıram, sən isə əksinə, şən-şən gülümsəyirsən.
Burda isə,
Əlifba bayramındayıq. Başımızda
kartondan düzəldilmiş
taclar var: mənimkində İ hərfi,
səninkində isə
D hərfi yazılıb.
Xatırımdadı, özümüz bu hərfləri istəmişdik müəllimdən,
sən demişdin ki, bu İki
Dost deməkdir.
Bu şəkildə isə
artıq dördüncü
sinifdəyik. Bütün sinif uşaqları
ilə. İbtidai sinfin
buraxılış günü
bayramındayıq. Hamımız
səliqəli və təmtəraqlı geymişik:
qızlar - ağ
kofta, qara ətək, oğlanlar isə ağ köynək, qara şalvar. Qəribə də olsa, mən bu günü
aydınlıqla, bütün
təfərrüatı ilə
xatırlayıram. Yadımdadır, ilk müəlliməmiz Olqa Nikolayevna - o ciddi və təmkinli qadın - həmin gün yaman kövrəlmişdi. Şəhadətnamələrimizlə birgə, yazdığımız
ilk imlaları və çəkdiyimi ilk rəsmləri
bizə təqdim edəndə göz yaşlarını gizlətməyərək,
bir-bir üzümüzdən
öpmüşdü.
Hər şey elə dəyişir ki! Sən - mehriban və səmimi rəfiqəm, zamanla, hər kəsin diqqət mərkəzində olan cazibədar və şıltaq gənc qıza çevrilirdin.
Məktəbdəki oğlanların əksəriyyəti
sənə vurulmuşdu.
Rəfiqən olduğum üçün,
sənə çatacaq
sevgi məktubları mənə verirdilər.
Heyranlarının sayı gündən-günə
artırdı. Əvvəllər, hər an səni izləyən yad nəzərlərdən, addımbaşı
deyilən təriflərdən
utanır, qıp-qırmızı
olardın. Və bu
xüsusiyyətin çox
xoşuma gələrdi.
Xəbərin yoxdu ki, sən
öz zehnin, savadın, gözəl yaddaşın və özünü sevdirə
bilmək qabiliyyətlərinlə
həmişə mənə
örnək olurdun. Düzdür, səninlə yanaşı
mən sanki yox kimiydim, heç
kimin diqqətini çəkmirdim, amma bu məni elə
də narahat etmirdi. Çünki səni bir rəfiqə kimi deyil, bacı kimi sevirdim.
Aylar, illər
keçirdi, böyüyürdük.
İndi
bir şəklə baxıram: sən, mən və paralel sinifdən olan iki oğlan.
Onların hər ikisi
səni sevirdi.
Əzizim
El! Sənin xarici görünüşünlə birgə daxili aləmin də necə dəyişirdi! Qocaman tarix müəllimimiz
(yadımdadı, bəzən
sərkərdələrin adını
dolaşıq saldığı
üçün, sən
ona "huşsuz"
deyirdin) bir aforizmi tez-tez işlədərdi: "Honores
mutant mores, sed raro in meliores". Bəli, sən yavaş-yavaş
vurğunlarının baxışlarına,
komplimentlərinə, qulluqdarlığına
öyrəşirdin. Hətta, kiminsə
sənə məhəl
qoymaması, diqqət
göstərməməsi səni
özündən çıxarırdı.
Adətən, sənin dediyinə
görə, belə oğlanlar şir bürcündən olurdu.
Qoroskoplarla, bürclərlə
yaman maraqlanırdın,
və İlahi, "şir"lərə necə
də nifrət edirdin! Necə olur-olsun onları özünə məftun edib qələbə çalmaqdan həzz alır və özünə "şirləri
ram edən qadın"
deyib gülürdün.
Düzünü deyim ki, getdikcə
sənin davranışların
mənim xoşuma gəlməməyə başlayırdı,
amma susurdum, çünki sən tənqidi sevmirdin. İndi
başa düşürəm
ki, heç də düzgün hərəkət etməmişəm...
Bu dostluq deyil! İnsan öz dostu ilə yalnız həmfikir yox, həm də
dürüst olmadır!
Yeri gələndə,
çatışmayan cəhətlərini
üzünə deməli,
səhvlərini göstərməlidir!
Mənsə, bunları
etməyə qorxurdum...
və indi buna görə utanıram...
Yadındadırmı, onuncu sinifdə oxuyarkən, bir dəfə ədəbiyyat
müəlliməmiz xəstələnmişdi,
dərsimiz boş idi. Sinif uşaqları ilə
oturub "evlilik" mövzusunu müzakirə
edirdik. Onda sən öz sözlərinlə hər
kəsi mat qoydun; dedin ki, ərin
sənin xətrinə
dəysə, şəksiz-şübhəsiz,
onun başını yararsan. Bəlkə də bu sənin yersiz zarafatın idi, bilmirəm, amma elə sərt və qətiyyətlə
demişdin ki, hamı sənə ikrahla baxmışdı.
Sonra da demişdin ki, heç kim
sənə ev işləri gördürə
bilməz, yemək bişirmək, paltar yumaq - səninçün
deyil. Bu ancaq
qulluqçu işidir.
Sənsə - xüsusi
insansan, yalnız yüksək vəzifələrdə
çalışmaq, məşhur
olmaq üçün
dünyaya gəlmisən.
Özünü "taleyin ağası"
adlandırdın.
O zaman mən dəhşətə gəldim
və sənin təkəbbür və özündənrazılıq kimi
pis xüsusiyyətlərini
kəşf etdim. Lakin nə olur-olsun, özümü inandırmağa
çalışırdım ki, bu müvəqqətidir
və sən dəyişəcək, yenə
də əvvəlki -
sevdiyim və hörmət etdiyim insan olacaqsan. Ah, necə də yanılırammış!
Bax, həmin bu şəkil!
Buraxılış sinifdə çəkilmişdi.
Yenə də sən və mən, amma... sən üzünü yana
tutub qürurla harasa baxırsan. Elə durmusan, sanki, yanaşı şəkil çəkdirməklə,
mənə nəsə
böyük bir yaxşılıq kimi...
Və elə bu ildən,
sən özünə
yeni bir əyləncə tapmışdın
- sinfimizdəki iki sakit və fağır
qıza lağlanmaq...
Düzdür. Onlar sənin
kimi əlaçı
deyildilər, amma pis də oxumurdular.
Sənə neyləmişdilər, bilmirəm, amma müvafiq şərait düşən kimi, həyatlarını çəkilməz
etmək üçün
əlindən gələni
əsirgəmirdin. Gah vurduqları
ətrin iyindən ürəyinin bulandığını
deyib, burnunu tutub otaqdan çıxır,
gah geyimlərinin dəbdən düşmüş
olmasına lağ edir, gah da
saç düzümlərinə
gülürdün.
Əlbəttə! Bu planda sən
ideal idin: sənin ətirlərin bahalı və başgicəlləndirən
olurdu, paltarların hər zaman mütənasib bədəninin
üstündə gözəl
oturur, uzun, ipək saçların isə sənə daha artıq yaraşıq verirdi. Lakin bu sənə
ixtiyar vermirdi ki, özünə bənzəməyənləri incidə,
könüllərini qırasan!
Dəfələrə, sənin qabalıqlarından
sonra, o bədbəxt qızların ağladıqlarının
şahidi olurdum.
Dəfələrlə sənin - ən
yaxın rəfiqəm
bildiyim insanın yerinə utanıb xəcalət çəkirdim.
Əgər bilsəydim ki, qəlbin də hərəkətlərin kimi
çirkindir, and olsun
Allaha ki, bir an belə
tərəddüd etmədən,
səninlə bütün
əlaqələri kəsərdim.
Lakin mən ayrı cür düşünürdüm, mən
inanırdım ki, sənin etdiklərin - bizim də günahımızdır! Bizim - səni bütləşdirib
təriflərlə gözə
ucaldanların! İnsanın
əqidəsi nə qədər yüksək olur-olsun, bu yaşda, gənckən "ulduz xəstəliyi"nə
qarşı dura bilməzdi, sən də bacarmadın...
Bəli, dostum! Səni hər gün tərifləyib başqa şagirdlərə nümunə göstərən müəllimlərin, hər istəyini yerinə yetirib, oxşayıb əzizləyən valideynlərin, diqqətləri və məhəbbətlərilə göz açmağa aman verməyən heyranların və... yanında ola bilmək üçün hər sözünlə razılaşan, bəzən hiddətlənmək əvəzinə susan rəfiqələrin - heç də səndən az günahkar deyildilər!
Alicənab və mədəni insanlar olan valideynlərini çox yaxşı tanıyırdım. Və bilirdim ki, son vaxtlar sən onları da kədərləndirirsən. Düzdür, əvvəlki kimi yenə də yalnız əla qiymətlər alır, onların sevdiyi kimi, çoxlu kitab oxuyur, klassik musiqilər dinləyir, səliqə-səhmanına hər zamankından da artıq diqqət yetirirdin. Lakin... getdikcə ata-anandan uzaqlaşmış kimiydin... soyuqluğunla, biganəliyinlə, laqeydliyinlə... Özünüsevən Nərgizgülü kimiydin - səni səndən başqa heç kim maraqlandırmırdı...
Bir dəfə dedin: "Mənimlə olmayan mənə qarşıdır!" Bu sözləri mənəmi eşitdirirdin? Bəlkə də yox, amma bununla da, səninlə çoxillik dostluğumuza son qoydun. Və mən səni tərk etdim. İllər öncə, birinci sinfə gəldiyimiz ilk gün, tanış olub əlimdən tutan əziz rəfiqəm bunu hiss edərdi, sənsə hiss etmədin, çünki artıq o sən deyildin. Acınacaqlısı da elə bu idi. Sən öz-özündən uzaqlaşdığın kimi, mən də eləcə, hiss etdirmədən səndən uzaqlaşdım.
Tanış olduğumuz o sentyabr günündə qorxmuş, həyəcanlanmış, bu qədər müəllimin və uşağın içində özümü itirmişdim. Sənsə bunu görüb arxayınca mənə yaxınlaşmış, adımı soruşmuşdun. Biz əl-ələ tutub sinfə birlikdə girmiş və bir parta arxasında oturmuşduq. Beləcə başlayan 11 illik dostluğumuzun bitməsini qəbul etmək çox ağrılı idi, El, çox ağır!...
Bircə onu bil ki, nə olur-olsun, səni heç zaman unutmayacam. Sən özün də bilmədən mənə çox şeylər verdin: dostluq hissi, əvəzsiz məktəb xatirələri, ən başlıcası isə - həyat dərsi! Mən başa düşdüm ki, dünyada ən vacib şey - özünü itirməməkdir! Və həm də anladım - kimdir Dost! Səndən öndə, ya da arxada gedən insan Dost deyil. Dost - hər zaman səninlə yanaşı addımlaya biləndir!
Bütün bunlara görə, əzizim, sənə çox minnətdaram!
Ümid edirəm ki, heç olmasa hərdən bir, sən də məni xatırlayırsan. Bu sərt və qaçılmaz gerçəkliyi danışdığıma görə məni bağışla! Hərçənd ki, bunu heç zaman nə eşitməyəcək, nə də oxumayacaqsan. Çünki, bu, köhnə məktəb albomumuzu vərəqləyərkən sənə yazdığım xəyali məktub idi..."
Nilufər A. ŞIXLI
525-ci qəzet.-
2014.- 4 fevral.- S.8.