Sıfırdan başlayan həyatın dili
DAYANDUR
SEVGİNİN 55 YAŞINA
Bir qələm
dostu, həmkar kimi Dayandur Sevgini
haçandan tanıyıram,
ilk dəfə harda, hansı şəraitdə
görmüşəm - xatırlaya
bilmirəm. Ancaq dəqiq bilirəm
ki, bizim tanışlıq və doğmalığımızın kökündə ilahi Söz durur, ruh birliyimiz, doğmalığımız Sözdən
gəlir.
Dayandurla özümü həmişə Sözün köynəyindən keçmiş qardaş-bacı qismində təsəvvür etmişəm. Onun dəyişməz, ilkinliyinə sədaqətli vətəndaş - şair dünyası məni həmişə dəfolunmaz bir qüvvəylə özünə doğru çəkib. Elə hal olmayıb ki, Dayandur Sevginin ya adı çəkilən məqamda, ya şeirlər kitabını bir daha yenidən mütaliə etdiyim anda nəsə ruhumu xoş bir səmimiyyət halələməmiş olsun. Bu, onun şeirlərinə bənzər fərdi xüsusiyyətlərinin göz önünə olduğu kimi gəlməsi səbəbindən belə olur. Dayandur fitrətən elə insandır ki, bircə göz qırpımında qardaş, məsləkdaş və taledaş obrazı ilə adama doğmalaşır, onilliklərin sirr yerinə dönür. Bu xüsusiyyət onun şeirlərində sıx-sıxdı. Hər şeirinin, sözünün ovqatı belədi. O
"Bezib bu dünyadan, canımdan cana,
Gələm gərək səni unutmaq üçün"
deyiminin səmimiyyəti ilə mənim poetik ovqatıma doğma və yaxındı. Bu ovqat bizim aramızda qırılmaz dostluq-qardaşlıq teli kimidi, daha çox etibarlı, daha çox güvənəklidi. Dayandur Sevgin daha çox qəmdən, kədərdən, hər kəsə tanış problemlərdən yazır. Ancaq o özü bu problemlər içində itib-batmır, bədbinliyə qapanmır və adam haradasa ondakı nikbinliyə sözün yaxşı mənasında həsəd aparır. Onun bir insan olaraq təbiət, xarakter özünəməxsusluğu ən yaxın dostları üçün yaxşı mənada bir mövzu yeridi. Ətrafında olan ən fərqli insanları bir araya gətirən bağ kimidi. Bu barışdırıcı, tərbiyəedici xislət onun şeirlərinə də hopub. Dayandur şeirlərində öz yaşından böyük görünür. Gözünün oduyla qızdırdığı könül həmdəmini saçının qışında üşüdəcəyi ehtiyatkarlığı, əndişəsi onun şair obrazını dolğunluğu ilə ortaya qoyur. Mən onu Dayandur olaraq tanıdım, Sevginsə onun mübarək şair imzasını dil ucuna sevərəkdən gətirdi.
Nə günüm bir gündür, nə gecəm gecə,
Verdiyin dərdlərə dözüm mən necə?
Gərək qız qalaydı Həvva eləcə,
Gərək əkməyəydi Adəm adamı...
Oxuyuram və tam səmimiyyətimlə elə bilirəm ki, bu, Dayandur Sevgindən daha çox mənim öz könül pıçıltılarımdı, haçansa şeir dəftərimin bir varağına köçürmüşəm, qalıb. Eyni zamanda da bu onun - o birinin şeiridi. Nədən ki, bizim hər birimiz dünyanın gəlimi-gedimi boyunca arzuolunmaz çox müşküllərlə qarşılaşmışıq, yığvalın belə olmasını heç istəməmişik və məhz həmin zaman bu şeirdə ifadə olan fikirlə baş-başa dayanmışıq, qəhrimiz, etirazımız belə olub, ancaq Dayandur bu qəhrin uğurlu poetik ifadəsini tapa bilib, təəssüfün, pəjmürdəliyin dolğun şəklini verə bilib.
Dayandur Sevgin yazanda ki, "İlahi, nə olar, bir qorxu göndər" - oxucu bunun cəmiyyətə xətər gətirəcək bir arzu olmadığının fərqində əlbəəl olur. Ona görə ki, bu istək bəndə qorxusundan azad olmaq diləyinə hesablanıb və bu dilək həm də bizim özümüzün ən qeyzli anlarımızın diləyidi. Onun təəssüfü və qeyzi həyat həqiqətlərindən qaynaqlanır, ordan gəlir:
İndi muzeylikdir dar ağacları,
İndi sözdən asır adam adamı.
D.Sevgin "Dərələr özünü şəhid elədi, dağları göylərə qaldırmaq üçün" müşahidəsində dəqiq və təkzibolunmazdı.
Şeirlərinin birində "Nə yaxşı işıqlı adamlar var, İlahi!" şükranlığı yaşayır D.Sevgin və bu şeir qız balam Könülün də dil əzbəridi. Tez-tez oxuyur, sözarası işarə edirəm ki, o işıqlı adamlardan biri də elə Dayandur Sevginin özüdü. Onu oxuduqca həyatın görünən və görünməyən hər bir üzü adamın alnına dirənib qalır. Və deməyə bilmirsən ki, haqlısan, qardaş! Doğrudan da sən deyən kimidir:
Sıfırdan başlanır, sıfırdan həyat,
Sıfırdan gedirik milyona doğru.
Zirvəyə yol gəzir, hamı zirvəyə,
Yüz minə can atır bir ona doğru.
GÜLAYƏ
525-ci qəzet.-
2014.- 4 fevral.- S.7.