Şərqin opera
janrında əsər yaradan ilk qadın bəstəkarı - Şəfiqə
Axundova
UNUDULMAZ SƏNƏTKARIN 90
İLLİYİ ƏRƏFƏSİNDƏ ONUN
"GƏLİN QAYASI" OPERASI YENİDƏN TAMAŞAYA QOYULUB
Bu il Azərbaycan
bəstəkarlıq məktəbinin
görkəmli nümayəndəsi,
Azərbaycan Respublikasının
Xalq artisti, "Şöhrət" ordenli
Şəfiqə Axundovanın
90 illik yubileyi qeyd olunur. Bu,
ilk yubileydir ki, musiqi ictimaiyyəti Şəfiqə xanımsız
keçirir. Təəssüflər olsun ki, Şəfiqə
xanım keçən
ilin 26 iyulunda həyatla vidalaşıb.
Bu yubileyi onsuz
keçirmək çox
çətindir. Axı o, daim
həyat eşqi ilə yaşayan, ruh yüksəkliyi göstərən bir insan idi.
Bu məramla əlaqədar bu ilin 29 yanvarında
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında istedadlı bəstəkar
Şəfiqə xanımın
yaradıcılığının zirvə əsəri olan "Gəlin qayası" operası yenidən səhnəyə
qoyuldu. Sürəkli alqışlarla qarşılanan
operanın tamaşası
nəinki bəstəkar
yaradıcılığının, eləcədə Azərbaycan
xalqının tarixi abidəsi, yaddaşlarda qalan silinməz səhifəsidir. Məhz
bu əsərlə Şəfiqə xanım opera janrına
müraciət edən
ilk qadın bəstəkarımızdır.
Şəfiqə Axundova 1924-cü ildə Azərbaycanın qədim
Şəki şəhərində
anadan olub. Onun musiqi
sənətinə gəlişi
özünün keşməkeşli
tarixi ilə bağlıdır. Belə ki,
həyat səhifələrinin
musiqi ilə bağlamasında əsas və başlıca səbəb onun Üzeyir Hacıbəyli ilə rastlaşması olur. Onu da qeyd edək ki, Şəfiqə
xanım Ü.Hacıbəylinin
sonuncu tələbəsi
idi. Ü.Hacıbəyli
ilk musiqi savadı almaq üçün kiçik yaşlı Şəfiqəni tanınmış
bəstəkarımız Hacı
Xanməmmədovun tar sinfinə
göndərmişdir. O, bir
il müddətində
əvvəlcə Hacı
Xanməmmədovun, daha
sonra isə Ağabacı Rzayevanın
sinfində tar ixtisası
üzrə təhsili
alırdı. Bu illərdə o, geniş surətdə muğamlara yiyələnmiş, onların
düzgün nota salınmasını
mənimsəmiş, eləcə
də xalq musiqisinin, şifahi ənənəli professional musiqinin
əsas janrı olan muğamlara dərin yiyələnməsinə
böyük köməklik
göstərmişdi. Bəlkə də əsərlərində
dominantlıq təşkil
edən xalq musiqisinə olan böyük sevgi, vurğunluq bilavasitə onun ilk musiqi təhsilinin təsiri nəticəsində baş
vermişdir. Bəstəkarın hər bir əsərində
milli ruh, sanki əsərlərin əsas qayəsinə çevrilmişdir. Axı onun
heç bir əsəri milli ahəng intonasiyalarından
kənarda qalmamışdır.
Şəfiqə xanımın yaradıcılığının
yeni inkişafı Azərbaycan Dövlət Konservatoriyasına daxil olması ilə başladı. O buraya bəstəkarlıq ixtisası
üzrə təhsilini
professor Boris İsakoviç Zeydmanın sinfində alırdı. Üzeyir Hacıbəylidən isə,
Azərbaycan xalq musiqisinin əsaslarını,
muğamların nota yazılmasını
öyrənirdi. Onun bir bəstəkar kimi yetişməsində və
püxtələşməsində iki böyük şəxsiyyətin böyük
və əvəzsiz rolu olmuşdur. Artıq konservatoriyada təhsil aldığı ilk illərdə
o bir sıra
instrumental pyeslər, romanslar
və mahnılar yazmışdı.
Ş. Axundovanın ilk irihəcmli
əsəri simfonik orkestr üçün yazdığı "Pambıq
toplanışı" (1948) musiqi lövhələridir.
Hələ o zaman respublika
Bəstəkarlar İttifaqının
plenumunda təqdir olunmuş bu əsər ilk dəfə
Azərbaycan Dövlət
Simfonik Orkestrinin ifasında, məşhur dirijorumuz Niyazinin təfsirində səslənmişdi.
Bu illərdə o, "Cahanda",
"Nə gözəl",
"Fəqan etməz
idim" romanslarını,
"Beşik başında",
"Zəfər marşı",
"Ana vətən", "Zəfər bizimdir" mahnılarını yazır.
Yeri gəlmişkən, onu da bildirək ki, bəstəkar bütün fəaliyyəti
ərzində vokal musiqiyə ürəkdən
bağlanmışdır. İlk sınaq, ilk yaradıcılıq
uğuru gətirdi.
O vaxtdan həyatının
sonuna kimi bəstəkar öz "mahnı qələmini"
yerə qoymamış,
300-ə qədər vokal
əsərlərini yaratmışdır.
Biz hər dəfə
bu mahnıları böyük həvəs və maraqla dinləyirik. Bu janrda müntəzəm çalışan sənətkarın
bəstələdiyi ürəyəyatımlı,
səmimi melodiyalı
mahnılar tez- tez konsert salonlarında,
radio dalğalarında, mavi
ekranda eşidilir.
Şəfiqə Axundovanın yaradıcılığı
özünün müxtəlif və rəngarəng səciyyəliyi
ilə seçilir. O,
öz qələmini musiqinin bir çox
janrlarında sınamışdır.
Onun yaradıcılığı kiçikhəcmli
pyes, mahnı və romansdan tutmuş, irihəcmli əsərlər - opera, operetta, simfonik süitaya qədər bütün janrları əhatə edir. Bəstəkarın əsərlərinin janr müxtəlifliyi ilə yanaşı rəngarəng mövzu palitrasını da göstərmək düz
olar. Belə ki, Vətən
torpağının gözəllikləri,
saf məhəbbət,
dostluq, qüdrətli
insan əməyi onun əsərlərində
incəliklə vəsf
olunur.
O, şərqin qadın bəstəkarları arasında
ilk dəfə olaraq
opera janrına müraciət
etmişdir. Həmin opera 1974-cü ildə yazıçı Süleyman
Rəhimovun eyniadlı
povesti üzrə İskəndər Coşqunun
librettosu əsasında
yazılmışdı. Qeyd edək ki, Şəfiqə xanım əvvəlcə
"Gəlin qayası"
radiopyesinə musiqi yazmış, həmin pyesdən "Könül
təranələri" mahnısı
müğənnilərimizin repertuarına düşmüş,
tez bir zamanda
məşhurlaşmış və müstəqil yaşamaq hüququ qazanmışdır.
Ş.Axundovanın özünün də etiraf etdiyi kimi,
pyes efirdə səsləndikdən sonra
onun ürəyində
xoş bir arzu - bu mövzuda
opera yazmaq arzusu baş qaldırmışdır. Nəticədə Şəfiqə xanımın
belə maraqlı, milli ruhlu əsəri
meydana gəldi.
Hazırda yubiley ərəfəsində
yenidən operanın tamaşaya qoyulması böyük sevincə səbəb oldu. Operanın
başlanmasından əvvəl
giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, tanınmış
musiqişünas, sənətşünaslıq
namizədi Lalə Hüseynova çıxış
edərək bəstəkarın
yaradıcılığı, onun ən məşhur
əsərləri haqqında,
eləcə də
opera haqqında ətraflı
söhbət açdı.
2 pərdə və 5
şəkildən ibarət
olan operada əsas rolları Xalq artisti Nəzakət
Teymurova (Gülbahar), Xalq artisti Mənsum
İbrahimov (Camal), Xalq artisti Şahlar
Quliyev (Xan), Əməkdar artist Gülüstan
Əliyeva (Sənəm),
Əməkdar artist Sahibə
Abbasova (Camalın anası) və başqaları oynayırlar.
Tamaşanın dirijoru Əyyub
Quliyev, quruluşçu
rejissoru əməkdar
incəsənət xadimi
Hafiz Quliyevdir. Əsas qəhrəmanları
oynayan məşhur ifaçılarımız böyük
məharətlə bu
günki tamaşanı
da həyata keçirdilər.
Operada qarşılıqlı
sədaqətin, ülvi
eşqin riyakarlıq üzərində təntənəsi
tərənnüm olunmuşdur. Əsərin ən ümdə məziyyətlərindən biri
muğamla müasir musiqinin üzvi sürətdə bağlılığıdır.
Bu operanı çox zaman Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilə tutuşdururlar. Üzeyir Hacıbəylinin opera yaradıcılığında olduğu kimi burada da muğam parçalarına geniş yer ayrılmışdır. Demək olar ki, bütün nömrələrdə xalq musiqi intonasiyaları, muğamlarımız öz geniş ifadəsini tapır. Klassik opera nömrələri ilə muğamın sintezləşməsini Şəfiqə xanım çox maraqlı şəkildə yarada bilmişdir. Əlbəttə, bu işdə onun qarşısında bir örnək kimi Üzeyir bəyin muğam operaları dururdu.
Operada həmçinin bəstəkarın mahnı janrına olan böyük sevgisi də çox aydın duyulur. Əsas obrazların bir çox ariyalarında Şəfiqə xanımın özünəməxsus musiqi dili, mahnıvariliyi, melodiyanın aparıcı rol daşıması, melodiyanın oxunaqlılığı operaya xarakterikdir. Sözlər ilə melodiyanın həmahəngliyi, üzvi surətdə bir-biri ilə uzlaşması, eləcə də ifaçıların çox düzgün tərzdə dinləyicilərə çatdırılması operanın xalq tərəfindən sevilməsini, yüksək səviyyəli olmasını bir daha sübut etdi.
Əvvəldə qeyd etdiyimiz kimi, bu il Şəfiqə xanımın 90 illiyi, eləcə də "Gəlin qayası" operasının 40 illiyi qeyd olunur. İnanırıq ki, "Gəlin qayası" operası, eləcədə bəstəkarın məşhur mahnıları daima səslənəcək, hələ neçə-neçə nəsildən olan musiqisevərləri sevindirəcək.
Leyla ZÖHRABOVA
musiqişünas,
fəlsəfə
doktoru.
525-ci qəzet.- 2014.- 4 fevral.- S.7.