Azərbaycanda vətəndaş cəmiyyəti
təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və
fəaliyyəti (davamı)
"SƏFA"
CƏMİYYƏTİ
"Səfa"
Mədəni-maarif
cəmiyyəti 1910-cu ildə təşkil
olunmuşdu.
Hələ 1909-cu ilin mart ayında "Kaspi" qəzeti
Çəmbərəkəndində və köhnə
müsəlman qəbiristanlığında məscid və məktəb
binası tikilməsi üçün ianə toplanması barədə
xəbər verirdi. Məscidin tikilməsini Əjdər bəy
Aşurbəyov öz üzərinə
götürmüşdü. Murtuza Muxtarov
isə məktəbin tikilməsi üçün 10 min manat
pul ayırmışdı. Həmin məktəb
binası "Səfa" cəmiyyəti üçün
tikilmişdi. Onun təşkilatçıları
əksərən maarifpərvər ziyalılar idi. Cəmiyyət milli mədəniyyət və maarifi
inkişaf etdirmək məqsədi daşıyırdı.
Onlar şəhərdə və bir neçə
kənddə kitabxana və qiraətxana
açmışdılar. Bakıda "Səfa"
yeganə bir məktəb idi. İkimərtəbəli
bu məktəb binası 1910-cu ildə varlı ziyalılardan
Əlibala Zərbəliyev tərəfindən tikilmiş
(hazırda Lermontov küçəsində bu məktəbin
yerində bağ salınmışdır).
"Səfa" milli teatrın inkişafı ilə
daha çox maraqlanırdı. Özünün
xüsusi teatr truppası var idi. Dövrün
görkəmli aktyorları və tanınmış
yazıçı və dramaturqlar bu truppa ətrafında
toplaşmışdılar. Hazırladıqları
tamaşalara "Nicat" cəmiyyətinin ayrı-ayrı
aktyorlarını dəvət edirdilər. Cəmiyyətin
fəaliyyətində Səməd Mənsur, Dadaş
Bünyadzadə, Məhəmməd Əmin Rəsulzadə,
Əliabbas Müznib, Hüseyn Ərəblinski, Abbas Mirzə
Şərifzadə, Cahangir Zeynalov və başqaları
yaxından iştirak edirdi.
Bəzən tanınmış adamları cəlb etmək
üstündə "Səfa" ilə "Nicat" cəmiyyətləri
arasında ixtilaf baş verirdi. Hər kəs istəyirdi
ki, məşhur aktyorları öz tərəflərinə
çəksin. Lakin "Səfa" cəmiyyətinin
aktyorlarını hər vasitə ilə şirnikləndirib
öz tərəfinə çəkmək istəyən
"Nicat" cəmiyyətinin cəhdləri puça
çıxırdı. Məsələn,
"Nicat" çox çalışırdı ki, Səməd
Mənsuru öz tərəfinə çəksin. Səməd Mənsur isə "Səfa"ya sadiq
qalırdı. Səməd Mənsurun getməməsi
"Səfa"nın mövqeyini daha da
möhkəmlətdi. Bundan əlavə "Səfa"
görkəmli aktyor Abbas Mirzə Şərifzadənin də
tez-tez baş rollarda çıxış etməsinə nail
olurdu. Doğrudur A. M. Şərifzadə
"Nicat"ı həmişəlik tərk etməmişdi.
Lakin onun "Səfa" truppasında baş
rollarda çıxış və hətta rejissorluq etməsi
tamaşaçılar qarşısında "Səfa"
truppasının nüfuzunu xeyli qaldırmışdı.
1917-ci ildə "Səfa" cəmiyyəti fəaliyyətini
dayandırır.
BAKI
BƏHAİ "RUHANİ" CƏMİYYƏTİ
1909-cu
ilin oktyabrında Bakı şəhər qubernatoruna Musa
Nağıyevin, Ağakişi Əliyevin, Əşrəf Kərimovun,
Baba Səmədovun və İsmayıl İbrahimovun Bakı bəhai
"Ruhani" cəmiyyətini təsis etmək
üçün ərizə verilmişdi.
Bəhaistlər dini-kosmopolitizmin təliminin
davaçılarıdır və İranda XIX əsrin
ortalarında yaranmışdır. Bəhaizm elmlə
dinin birləşdirilməsi ehtiyacını və şəxsi
mülkiyyətin müdafiəsini vacib sayırdı. XX əsrin
başlanğıcında bəhaizmin müəyyən qədər
yayılması Azərbaycanda da baş verdi.
Cəmiyyətin nizamnaməsi 1910-cu ilin yanvarında
Bakı cəmiyyətləri və ittifaqları haqqında
işlər üzrə iclasda təsdiq edilmişdi. Cəmiyyət öz
qarşısında Bakı quberniyası ərazisində bəhaizm
tərəfdarlarının arasında savadın və ibtidai
təhsilin yayılmasını hədəf qoyurdu: məktəblərə
dəstək göstərmək, dərsliklər
çıxarmaq, kitabxana-qiraətxana açmaq,
tamaşaları və ədəbi axşamları qaydaya
salmaq, kasıb bəhaistlərin orta təhsil müəssisələrinə
daxil olmasına kömək etmək və s.
1910-cu
ilin fevralında "Ruhani" cəmiyyətinin üzvlərinin
yığıncağı oldu.Gizli səsvermədə aşağıdakılar
şuranın üzvləri seçildi: A. M. Nağıyev, A.
K. Əliyev, Şeyx Ələkbər Gorani, A. Kərimov, M. Q.
Əsədullayev, M. Tahirov, İ. Uskul, A. V. Yaqubov, A. Z. Quliyev,
A. M. Nağıyev isə fəxri sədr seçilmişdi.
Hər il cəmiyyət tərəfindən bəhaist
uşaqlarının tərbiyəsinə və təhsilinə,
şagirdlərin təliminin (təhsilinin) ödənişinə,
dərsliklərə vəsait ayırır, kasıb bəhaistlərə
maliyyə dəstəyi olurdu. 1915-ci ildə
İdarə Heyəti müharibədən zərər çəkmişlərin
xeyrinə 200 rubl vəsait ayırdı.
Beləliklə,
xeyriyyə cəmiyyətləri ayrı-ayrı şəxslər
kimi Azərbaycan xalqının maariflənməsinə öz
payını verdi, Azərbaycan
mesenatlığı tarixində dərin iz qoydu. Xeyriyyə cəmiyyətlərinin fəaliyyətinə
ana dilinin inkişafı, məktəblərin
açılışı, kitabxanalar, axşam maarifləndirici
kursları daxil idi. Qeyd edək ki, mesenatlıq - bu
yalnız ayrı-ayrı şəxslərin təsirli
qayğısı deyil, bacarıqla hazırlanmış iş, institut idi.
Azərbaycanda mədəni-maarifçilik cəmiyyətlərinin
yaradılmasında milli burjuaziyanın nümayəndələri
bilavasitə və fəal iştirak edirdilər.
Sonda qeyd
etmək lazımdır ki, dövrün əhəmiyyətli
hadisələri ilə əlaqədar olaraq xeyriyyəçiliyin
yüksək inkişaf etdirilməsinə Azərbaycanın
başqa sahibkarlarının da fəaliyyətini aid etmək olar.
AZƏRBAYCANDA
SƏHİYYƏNİN İNKİŞAFINDA İMKANLI
İŞ ADAMLARININ İŞTİRAKI
Azərbaycan
milyonçuları və iş adamları səhiyyənin
inkişafına öz töhfəsini artıq mövcud olan
klinikaları dəstəkləməklə deyil, həm də
yeni xəstəxana
binalarının tikintisini maliyyələşdirərək
verirdi. Şuşada yerli sahibkarların ianələri
sayəsində 1890-cı illərin sonunda üçmərtəbəli
xəstəxana tikilmişdi.
1899-cu ildə Azərbaycan sahibkarları "Körpələr
evi" cəmiyyəti üçün əhəmiyyətli
töhfəni xəstələr üçün uşaq
klinikasının şəxsi binasının tikintisinə
verdilər.
Onların sırasında H. Z. Tağıyev, Mustafa Rəsulov,
Hacı Əli, Baba Babayev, Hacı Nemət Seyidov, İmamverdi
Vəliyev və başqaları var idi.
1907-ci ildə öz nəhəng var-dövlətinin
üçdə birini vəsiyyət edən Hacı Baba
Aşurov vəfat etdi. Bu kapitalın bir hissəsinə Bakıda
müsəlman xəstəxanasının tikintisi nəzərdə
tutulmuşdu və bunu H. B. Aşurov hələ sağ ikən
arzu edirdi.
1912-ci ildə
Romanovlar sülaləsi hökmranlığının 300
illiyinin qeyd edilməsi şərəfinə Bakı Qadın
"Müqəddəs Nina" təhsil müəssisəsi
yanında xəstəxananın binasının tikintisinə
H. Z. Tağıyev tərəfindən 20 min rubl ianə
edilmişdi.
13 aprel 1914-cü ildə "Uşaq xəstəxanası"
cəmiyyətinin təşəbbüsü ilə xəstəxana
binasının təməlqoyma işləri
başlamışdı. Təməlqoyma günü cəmiyyətin
mənfəəti üçün A. M. Nağıyev və
H. Z. Tağıyev hər biri 10 min rubl verməklə
böyük töhfələr etmişdilər.
Yerli sahibkarların xanımları da sağlamlıq mərkəzlərinə
ianələr vermişdi. Məsələn,
1918-ci ildə Z. Səlimxanova uşaq xəstəxanası və
müsəlman uşaq evinə 5500 rubl
bağışladı. Eyni ehtiyaclara S.
Tağıyeva tərəfindən də ianə
alınmışdı.
Şübhəsiz ki, bu sahədə ən mühüm
hadisə A. M. Nağıyev tərəfindən maliyyələşdirilən
şəhər xəstəxanasının əsas
binasının tikintisi oldu. Bu tikintiyə 300 min
rubl ayrılmışdı. 1913-cü ilin 7 fevralında
Bakı Dövlət Dumasının deputatlar heyəti - K. A.
İretski, M. R. Vəkilov, M. Sultanov və Q.Məmmədovun
başçılığı ilə Ağa Musa
Nağıyevlə görüşüldü və ona hədiyyə
üçün şəhər rəhbərliyinin minnətdarlığı
çatdırıldı. Çıxışdan
sonra M. Nağıyev qeyd etdi ki, bu onun bütün
ömrünü keçirdiyi şəhərin əhalisi
qarşısındakı bir borcudur.
Min ədəd xəstə çarpayısı yerləşəcək
xəstəxana şəhərciyinin layihəsinin
reallaşdırılması 10 ilə müəyyənləşmişdi. Burada
aşağıdakı sayda yerlər müəyyənləşmişdi:
cərrahlıq korpusu - 250; terapevt - 400; yoluxucu bölmə -
200; dəri-zöhrəvi - 50; vərəm - 50; əsəb -
50.
Bakı sakinlərinin minnətdarlıqla
adlandırdıqları "Nağıyev xəstəxanası"
yalnız şəhərdə səhiyyənin böyük mərkəzi
olmadı, həmçinin səhiyyə peşəkarlarının
hazırlanmasında mühüm rol oynadı.
BİRİNCİ
DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ
ZƏRƏRÇƏKMİŞLƏRƏ KÖMƏK
Milli sahibkarlar Qırmızı Xaçın Bakı
bölməsinin hər bir təşəbbüsünə
cavab verərək, böyük əhəmiyyətli dəstəyin
göstərilməsinə çalışırdılar. Qırmızı Xaç tərəfindən
yaradılmış "Qadın dərnəyi"nə əhəmiyyətli
töhfələr verərək, şəhər Dövlət
Xəstəxanasının açılması, həmçinin
"İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin
binasında müsəlman xəstəxanasının
yaradılmasını milli burjuaziya öz vətənpərvərlik
borcu kimi qiymətləndirirdi.
Qeyd edək
ki, müharibənin ilk günlərindən ianələr
yığılmağa başlandı: M. Nağıyev - 10 min
rubl, Dadaşov - 2500 rubl, Ş. Əsədullayev varisləri -
2 min rubl, İ. Səfərəliyev - bir min rubl, M. Aşurbəyov
- 500 rubl və başqaları. Qırmızı
Xaçın xeyrinə həmçinin müsəlman maarifləndirici
cəmiyyətləri tərəfindən təşkil edilən
xeyriyyə tamaşalarından da vəsaitləri gəlirdi. Beləliklə, 1914-cü ilin oktyabrında
"Nicat" maarifləndirici cəmiyyətinin təşkil
etdiyi tamaşalardan Qırmızı Xaçın fonduna 1230
rubl daxil oldu.
Qırmızı Xaç Cəmiyyətinin Bakı
bölməsi tərəfindən yaradılmış
"Qadın Dərnəyi" təşkilatı öz fəaliyyətinə
görə Azərbaycan burjuaziyasının nümayəndələrinin
töhfələrinə borclu idi. Müxtəlif vaxtlarda "Qadın
Dərnəyi"nə yardım olaraq Qırmızı
Xaç Cəmiyyətinə ianə daxil oldu: B. Səfərəliyeva
tərəfindən bir min rubl, S. Tağıyeva tərəfindən
- 500 rubl, X. Aydəmirova tərəfindən - 750 rubl, T. Əsədullayeva
tərəfindən - 500 rubl. Bu təşkilata
böyük maliyyə dəstəyini İ. Hacınski, İ.
Əliyev, N. A. Əlizadə, Aşurbəyov qardaşları,
İsgəndərov qardaşları və başqaları
göstərirdi. 1915-ci ilin fevralında "Qadın Dərnəyi"nin xeyrinə Ağabala Quliyev 23 kisə un ianə
etdi.
Milli burjuaziya nümayəndələri yaralılar
üçün lazaretin açılışında da əhəmiyyətli
kömək göstərdilər. 1914-cü ilin avqustunda
Bakı qubernatoru V. V. Alışevskinin sədrliyi və
bütün xeyriyyə və maarifləndirici cəmiyyətlərin
iştirakı ilə Qırmızı Xaçın Bakı
bölməsinin iclası oldu, burada lazaretlərin yaranması
haqqında məsələ müzakirə olundu. İclasda "Səadət" mənəvi cəmiyyəti
sağalan xəstələr üçün lazaret kimi
işlənə biləcək şəxsi binasını təklif
etdi. Eyni vaxtda müsəlman cəmiyyətləri
"İsmailiyyə" xeyriyyə cəmiyyətinin
binasında lazareti açmaq arzusunda olduqlarını elan etdi.
1914-cü ilin sentyabrında Müsəlman
Xeyriyyə Cəmiyyətində Bakının çox
hörmətli müsəlmanları tərəfindən xəstələrə
və yaralı döyüşçülərə
yardım, həmçinin "İsmailiyyə"
binasında da müsəlman lazareti kimi fəaliyyət
üçün bölmə təşkil edilmişdi.
Komitə tərkibinə ümumilikdə 35 nəfər
olmaqla: M. Əsədullayev (sədr), M. Nağıyev, H. Z.
Tağıyev, M. Muxtarov, İ. Hacıyev, İ. B. Aşurbəyovlar,
N. Əmiraslanov və başqaları daxil idilər.
24 oktyabr 1914-cü ildə "İsmailiyyə
"binasında lazaretin açılışı münasibəti
ilə ibadət edilib və dualar oxunub. Açılışda
olmuş Bakı şəhər qubernatoru polkovnik P. İ.
Martınov sarayının inşaatçısı M.
Nağıyevin, ideya müəllifi H. Z. Tağıyevin və
xeyriyyə cəmiyyətinin sədri M. Ş. Əsədullayevin
şərəfinə ziyafət verdi . Lazaret zalın yan və qonşu otaqlarında yerləşirdi,
nəhəng təmtəraqlı zal isə yaralılar
üçün qış bağına çevrilmişdi.
Yüz çarpayıya hesablanmış lazaretin tibbi heyəti Müsəlman
Xeyriyyə Cəmiyyətinin hesabına saxlanılırdı.
1914-cü ilin sonunda yaralılara yardım
üçün "Əsas komitə" seçilmişdi,
komitənin tərkibinə milli sahibkarlığın
böyük nümayəndələri olan H. Z. Tağıyev,
M. Nağıyev, M. Muxtarov, M. Əsədullayev də daxil idilər.
(Ardı var)
Nəsiman Yaqublu
tarix elmləri namizədi
525-ci qəzet.-
2014.- 4 fevral.- S.6.