İstiqlalımızın Bayraqdarı

 

 

Ulu öndərimiz Heydər Əliyev hələ 22 il öncə - 1992-ci ildə, Naxçıvan  Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışarkən, Türkiyəyə rəsmi səfəri çərçivəsində Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı qəbrini ziyarət etmiş, məzarı üstünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi" barədə imzaladığı Sərəncamla onun fəaliyyətinin bu günkü müstəqil dövlətimizin varlığı üçün daşıdığı əhəmiyyəti yüksək dəyərləndirmişdir.

İyirminci əsrin əvvəlləri. Cəhalətlə oyanışın, qatı mühafizəkarlıqla yeni düşüncənin üz-üzə gəldiyi bir zaman. Bu həm   fanatik qafalarla  maarifçi təfəkkürün, para ilə əxlaqın, yabançılaşma  ilə özünəqayıdışın,  müti təbəəçiliklə milli özünüdərkin və nəhayət, imperializmlə milli müstəqillik ideallarının toqquşduğu bir zaman idi.  Bu toqquşmadan sıçrayan qığılcımlar demək olar ki, dünyanın hər tərəfində sosial təlatümlər yaradır, hər yerdə siyasi inqilablar, milli hərəkatlar, hərbi çaxnaşmalar, hətta cəmiyyətləri və dövlətləri üz-üzə qoyan irimiqyaslı savaşlar tüğyan edirdi.

Məhz belə bir zamanda dünyaya göz açan Məhəmməd Əmin Rəsulzadənin gəncliyi zamanın bu təlatümlərinə bir tufan kimi qarışdı. Bu həmin zaman idi ki, sinfi ziddiyyətlərin doğurduğu 1905-1907-ci illər rus inqilabı ictimai-siyasi ədalətsizliyi aradan qaldırmağın əsas ideologiyası kimi sosial-demokratiya platformasını önə çıxarmışdı. Azərbaycanda isə mövcud  cəmiyyəti yeniləşdirməyin əsas xəttini Mirzə Fətəli Axundzadə ilə başlayan və sonrakı onilliklərdə xalqımızın  tərəqqipərvər nümayəndələrinin fəaliyyəti ilə genişlənən maarifçilik hərəkatı təmsil edirdi. Əsas istiqamətində sırf mədəniyyət hadisəsi olan Azərbaycan maarifçiliyinin gənc yetirməsi - Məhəmməd Əmin Rəsulzadənin məhz sinfi, milli, irqi ayrı-seçkiliyə qarşı mübarizə əzmi onu həm də beynəlmiləl sosial-demokratiya hərəkatına cəzb edir və bu onun inqilabi dünyagörüşünü formalaşdırırdı. Nəticədə hər iki ideologiyanı öz zəkasında dahiyanə şəkildə sintezləşdirən gənc M.Ə. Rəsulzadə inqilabi maarifçilik təfəkkürünə sahib olan bir şəxsiyyət kimi hələ 20 yaşında ikən Azərbaycan sosial-demokratiyasının ilk təşkilatı olan "Hümmət"in yaradıcılarından biri kimi siyasət meydanına atıldı.

Gərgin ideya axtarışları Rəsulzadəni   türk xalqlarının böyük mədəniyyət və dövlətçilik tarixinə, zamanında bu tarixdə  layiqli yer almış Azərbaycanın öz milli varlığına pərəstişə gətirib çıxardı. Məhz bu təməl üzərində Məhəmməd Əmin Rəsulzadənin milli istiqlal ideologiyası təşəkkül tapdı. Dünyada sürətlə cərəyan edən, tamamilə gözlənilməz nəticələr ortaya çıxaran hadisələr  Məhəmməd Əmin Rəsulzadəni addım-addım Azərbaycan dövlətinin müstəqilləşməsi labüdlüyünə aparırdı. Onun seçimi "İnsanlara hürriyyət, millətlərə istiqlal!" ideallarını gerçəkləşdirəcək bir mübarizənin yolu oldu. O dünyanı çulğayan  sarsıntılar və çaşqınlıqlar içərisində bir an belə tərəddüd etmədən və yanılmadan, müdrik bir zəka ilə öz  Həqiqətinə doğru irəlilədi. İrəlilədikcə də öz həqiqətini bütün çevrəsinin, ətrafındakı toplumun, başçılıq etdiyi siyasi birliyin və nəhayət, bütöv bir millətin Həqiqət Yoluna çevirə bildi və özü də bu Möhtəşəm Yolun öndərinə çevrildi. Beləcə, türk dünyasının nicat ulduzu parladı və bütün türk dünyasına nicat yolunu - Milli İstiqlal yolunu göstərdi. Bir an belə nəfəs dərmədən Milli İstiqlal ideyasının tənətənəsinə doğrü yürüdü. Bu yürüş təkcə Azərbaycanın taleyində deyil, özünü tamamilə itirmək təhlükəsi qarşısında dayanan dünya türklüyünün tənəzzülündə möhtəşəm bir  dönüş yaratdı, türkün  öz böyüklüyünə və möhtəşəmliyinə inamını özünə qaytardı.

1917-ci ilin qaynar hadisələrində və 1918-ci ilin əvvəllərində sürətlə bir-birini əvəzləyən ziddiyyətli siyasi gedişlərin burulğanında öz  əqidəsindən bir addım belə geri çəkilməyən Rəsulzadə öz məsləkdaşları ilə birgə ilk milli dövlətin yaranmasına doğru əzmkarlıqla irəlilədilər. Bu müqəddəs mübarizə ilkin olaraq 1917-ci ilin aprelində Bakıda keçirilmiş Birinci Ümumqafqaz Müsəlmanları qurultayında M. Ə. Rəsulzadə tərəfindən irəli sürülmüş "Azərbaycan türklərinin milli-ərazi muxtariyyəti" ideyasından  boy ataraq 1918-ci ilin  28 Mayında  müstəqil Azərbaycan dövlətinin elan edilməsinə qədər gərgin və keşməkeşli bir yol qət etdi. Əvvəlcə Tiflisdə, sonra Gəncədə, nəhayət, Bakıda möhkəmlənən Azərbaycan Xalq Cümhuriyyəti çox amansız tarixi sınaqlar qarşısında ikən, Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları varlığına təməl qoyduqları bu dövləti qoruyub saxlamaq üçün gözlənilməz çətinliklərdən keçir, hətta məhv olmağın bir addımlığında yalnız böyük zəka, düzgün seçim, ədalətli və sağlam siyasət, çevik diplomatiya sayəsində yeni doğulmuş kövrək milli dövləti xilas edə bilirdilər. Artıq bu zamandan etibarən M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, əsas ideoloqu və strateqi kimi təkcə milli dövlət quruculuğunun ideya-nəzəri məsələləri ilə deyil, həm də bilavasitə siyasi praktikası ilə məşğul olur.

M.Ə.Rəsulzadə tərəfindən imzalanmış ilk beynəlxalq sənəd 1918-ci ilin 4 iyununda  Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperatorluğu arasında bağlanan "Sülh və dostluq haqqında" müqavilə oldu. Bu müqavilə yenicə yaranmış Azərbaycan dövləti üçün həyati əhəmiyyət kəsb edirdi. Xalq Cümhuriyyətinə düşmən münasibət bəsləyən  bolşevik-daşnak qruplaşmalarından təşkil olunan və Rusiyadan idarə olunan Bakı Soveti ölkənin paytaxtında və əyalətlərdə təxribatlar törədib, çevriliş etməyə cəhd göstərirdilər. Faktiki olaraq onlar ikihakimiyyətlilik yaradıb, milli hökumətin Bakıya gəlməsinə imkan verməyəndə, vəziyyət daha da gərginləşdi. 1918-ci il iyunun əvvəllərində Bakı Sovetinin silahlı birləşmələri milli hökumətin yerləşdiyi Gəncə üzərinə hücuma keçəndə, hələ  yetərincə hərbi qüvvəyə malik olmayan Cümhuriyyət rəhbərləri  Osmanlı imperatorluğu ilə bağlanmış məhz həmin müqaviləyə əsaslanaraq, türkləri köməyə çağırdılar. Türk ordusunun dəstəyi ilə Bakı Sovetinin qoşunları məğlubiyyətə uğradılsa da, hadisələrin sonrakı gedişi daha dramatik proseslərə yol açdı. Belə ki, çox mürəkkəb və çətin bir dövrdə həm də "ilhaqçılar" ölkəmizin Türkiyəyə birləşdirilməsini təkid edirdilər. Türk ordusunun komandanı Nuru Paşanın "ilhaqçılarla" razılığa gəlməsi isə vəziyyəti daha da çətinləşdirdi. Lakin Cümhuriyyət rəhbərləri Nuru Paşanı inandıra bildilər ki, Azərbaycanın Türkiyə tərəfindən ilhaq edilməsi Birinci Dünya müharibəsində məğlub durumda olan və müəyyən öhdəliklər qarşısında qalan Osmanlı dövlətinin xeyirinə yox, ziyanına olardı. Türk hərbçiləri ilə kompromis əldə olunduqdan sonra  Cümhuriyyət rəhbərləri Britaniya hərbi qüvvələrinin komandanı, əvvəllər "Azərbaycan" sözünü eşitmək belə istəməyən, Azərbaycanı  Rusiyanın bir parçası hesab edən general V.M. Tomsonu da əvvəl-axır milli hökumətin tərəfinə çəkə bildilər.

 

Beləliklə, Rusiyanın Birinci Dünya müharibəsində Antanta daxilində müttəfiqi olmasına baxmayaraq, regionda Rusiyanın mövqelərini  zəiflətmək və Bakı neftinə sahib olmaq niyyəti ilə Böyük Britaniya Cənubi Qafqaz dövlətlərinin müstəqilliyə keçid prosesinə dəstək verdi.

M.Ə.Rəsulzadə mürəkkəb tarixi zamanda Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti və diplomatiyası qarşısında duran vəzifələrin "yeni doğulmuş Azərbaycanın məhvinə yol verməməkdən" ibarət olduğunu göstərirdi. Rəsulzadə və onun məsləkdaşları bu vəzifəni yerinə yetirmək üçün özlərindən çox-çox böyük və qüdrətli qüvvələrin önündə kifayət qədər çevik diplomatik manevrlər etməklə, hətta bəzən "iki pisdən nisbətən əlverişlisini" seçmək, həmin qüvvələrin maraqlarını "Azərbaycan nöqtəsində" uzlaşdırmaq, xüsusilə ölkə daxilində ikihakimiyyətlilik yaratmağa çalışan bolşevik-daşnak (rus və erməni) qruplaşmasını zərərsizləşdirmək məcburiyyəti qarşısında qalırdılar.

1918-ci ilin 24 iyununda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə İstanbula gələn Azərbaycan nümayəndə heyətinin Osmanlı Türkiyəsi ilə apardığı siyasi-diplomatik danışıqlar Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi faktının qəbul edilməsinə və dövlətimizin siyasi subyekt kimi tanınmasına bünövrə qoydu. Nümayəndə heyəti Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni Türkiyədən sonra bu ölkədəki İran Konsulluğuna da təqdim etdi. İstiqlal Bəyannaməmizi geri qaytaran İranın Azərbaycanın Xarici İşlər Nazirliyinə verdiyi notada isə iddia olunurdu ki, İran Azərbaycanı müstəqil bir dövlət kimi tanımır və Cümhuriyyət ərazisi guya İranın ayrılmaz bir hissəsini təşkil edir. Lakin Azərbaycan diplomatiyası İranın bu əsassız mövqeyinin beynəlxalq siyasətdə heç bir dayaq tapmamasına nail ola bildi. Cümhuriyyət liderləri Cənubi Qafqaz dövlətləri arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsində də obyektiv mövqedən çıxış etdikləri üçün (mövcud tarixi, siyasi, milli-etnik, coğrafi şərtləri əsaslandırmaqla), özlərinin haqlı olduğunu sübut edir və regionda qarşılıqlı anlaşmaya, sülh proseslərinə yol açırdılar. Nəhayət, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında bir suveren dövlət, müstəqil siyasi subyekt kimi tanınması gənc Azərbaycan diplomatiyasının böyük tarixi qələbəsi oldu.

Bütün təzyiq və təhdidlərin davam etdiyi bir zamanda Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura dövlət quruculuğunu durmadan həyata keçirərək qısa bir zamanda hakimiyyət bölgüsünün əsaslarını yaratmağa nail oldular. 1918-ci il dekabrın 7-  parlamentin ilk təsis iclasını açan M.Ə.Rəsulzadə millət vəkillərinə müraciət etdi: "Möhtərəm millət vəkilləri! Azərbaycan Cümhuriyyətinin ilk parlamentini açmaq səadətinin, siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə fəxr edirəm. Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti də dəxi elan etmiş oldu. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqlarıdır... Səadət - hürriyyət və istiqlaldadır. Bunun üçün də, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç rəngli bayrağı Milli Şura qaldırmışdır. Türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropanın azadlıq ideyalarını təmsil edən bu bayraq daima başlarımızın üstündə dalğalanacaqdır. Bir dəfə qaldırdığımız bayraq, bir daha enməyəcəkdir!" 

Azərbaycanın siyasi rəhbərləri dünyanın mürəkkəb və ziddiyyətli zamanında idarəetmə formasına görə, plyuralist mövqelərə, çoxpartiyalılıq və hakimiyyət bölgüsü prinsiplərinə əsaslanan Parlament Respublikasının klassik nümunəsini yaratdılar. Azərbaycan Parlamentində qəbul edilmiş Seçki Qanununa əsasən, "seçki gününə kimi 20 yaşı tamam olmuş hər iki cinsdən olan Respublika vətəndaşları" Müəssisələr Məclisinə keçirilən seçkilərdə iştirak hüququ aldılar, səsvermədə kişi və qadınların hüquq bərabərliyi təmin olundu. Hələ həmin dövrdə, müasir parlamentarizmin bir çox parametrlərinə görə, gənc dövləti mütərəqqi qanunlar üzərində qurmaq təşəbbüslərinə  görə, Azərbaycan Parlamenti dünyanın ən qabaqcıl ölkələri sırasında dayanırdı. Milli Şuranın sədri və Azərbaycan Parlamentində hakim partiyanın rəhbəri Məhəmməd Əmin Rəsulzadə dövlətin tərəqqisinin parlamentarizm yolunu o dövrün ən optimal variantı hesab edir və bu parlamentdə mühüm qanunların hazırlanması və millət vəkillərinin ümumi səs çoxluğu ilə qəbul edilməsi üçün əlindən gələni əsirgəmirdi. Azərbaycan Parlamentində demokratiyaya siyasi-hüquqi əsasların yaradılması bu prosesin cəmiyyətin içərilərinə doğru yayılmasına, genişlənməsinə və dərinləşməsinə təkan verirdi. Məhəmməd Əmin Rəsulzadə bu prosesin güclənməsi üçün parlamentdən mətbuata qədər bütün vasitələri hərəkətə gətirməyə çalışırdı. O, demokratik mükalimədən doğan həqiqətin daha inandırıcı olacağına, cəmiyyətdə dəstəklənəcəyinə əmin idi. Çünki demokratiya prosesinin özü cəmiyyəti fakt və hadisələr üzərində düşünməyə və sərbəst nəticə çıxarmağa kökləyir. O əmin idi ki, insanlar demokratiyanın doğuluşunu görməsələr, onun həqiqətinə və bu həqiqətin qələbəsinə inanmayacaqlar. Ona görə də böyük siyasətçi göydən endirilən demokratiyanın yox, təfəkkürdən, real işdən doğulan demokratiyanın tərəfdarı idi. M.Ə. Rəsulzadə həm də demokratiyaya - insanlığın, bəşəri dəyərlər sisteminin inkişafına  təminat yaradan vacib amil kimi yüksək dəyər verirdi. Lakin İstiqlalımızın düşmənləri yenicə yaranmış dövlətimizi məhv etmək məqsədlərində olduqca inadkar idilər. Ona görə də Milli Şuranın sədri M.Ə.Rəsulzadə yenicə müstəqillik qazanmış Azərbaycan Xalq Cümhuriyyətində milli təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini onun "dirilik şərti" kimi irəli sürürdü. Məhz onun təşəbbüsü və təklifi ilə Azərbaycan Parlamenti "Dövlətin müdafiəsi məqsədilə Hökumətin tərkibində fövqəladə səlahiyyətlərə malik xüsusi orqanın yaradılması" haqqında qərar qəbul etdi. Həmin qərara əsasən, 9 iyun 1919-cu ildə Dövlət Müdafiə Komitəsi yaradıldı və iyunun 14-dən etibarən bütün ölkə ərazisində hərbi vəziyyət elan edildi. Ermənistanın  Qarabağ və Naxçıvana, Gürcüstanın isə qərb bölgələrimizə iddiaları Azərbaycanın bütün sərhədləri boyunca vəziyyətin son dərəcə ağır olduğunu göstərirdi. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hərbi qüvvələrinin ayıq-sayıqlığı, getdikcə güclənməsi, həm də Qafqaz regionunda Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin yeritdiyi praqmatik xarici siyasət nəticəsində ölkəmizin indikindən xeyli böyük olan o zamankı sərhədlərini Sovet hakimiyyəti illərinədək qoruyub saxlamaq mümkün olmuşdu. Fəqət yüz illik əsarətin doğurduğu ağrı-acıların sağalmağa başladığı, milli-mənəvi yaraların sarındığı Cümhuriyyət ömrü öz sonuna yaxınlaşırdı.

28 aprel 1920-ci il. Rusiya imperiyası bu dəfə çar qoşunları ilə deyil, XI Qırmızı Ordu ilə Azərbaycana soxuldu, beynəlxalq birliyin tanıdığı müstəqil dövləti - Azərbaycan Xalq Cümhuriyyətini devirdi. Hərbi müdaxilə prosesində amansız işğal, talan, özbaşınalıq, hətta rus-erməni alyansı tərəfindən soyqırım həyata keçirildi. Bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətinin adına bağlı nə vardısa dağıdır, bütün etiraz və üsyan dalğaları rəhmsizliklə yatırılırdı. Azərbaycan xalqının müstəqil düşüncə sahiblərinin böyük əksəriyyəti 1937-1938-ci illərdə  kütləvi şəkildə, daha sonra isə ayrı-ayrılıqda repressiyaya uğradıldı. Məmməd Əmin Rəsulzadə və onun ölümdən qurtulmağa macal tapmış məsləkdaşları qürbətə - sonu görünməyən mühacirətə üz tutmalı oldular. Lakin onların Türkiyə və Avropa dövlətlərinə sığınması sadəcə məcburi mühacirət deyildi. Bu, sözün əsl mənasında Vətənlə birgə mühacirət idi. Onlar Azərbaycanı özləri ilə birgə ürəklərində qürbətə aparmış  mücahidlər idi.  Mühacirətdə olduğu, minbir çətinliklə qarşılaşdığı 35 illik bir zaman kəsiyində "Mücahidlər öndəri" Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətçiliyinin ideoloqu missiyasını daha böyük mübarizə ruhu ilə yerinə yetirdi. Onun mühacirət həyatı, özünün dediyi kimi, "Azərbaycan davasına" həsr olunmuş fırtınalı bir ömür yoluna çevrildi. Cümhuriyyətin mücahidləri, xüsusilə M.Ə.Rəsulzadə 1950-ci illərin ortalarına qədər həm o zamankı milli-demokratik dövlətimizin mənafelərini, həm də yenidən rus əsarətinə düşmüş xalqımızın mənafeyini beynəlxalq miqyasda fəal siyasi-diplomatik fəaliyyətləri ilə müdafiə etdilər. İyirminci əsrin birinci yarısında, xüsusilə 1930-1950-ci illərdə dövlətlərarası münasibətlərin barışmaz siyasi-ideoloji mübarizə ilə müşayiət olunduğu bir zamanda M.Ə.Rəsulzadə sanki Azərbaycan dövlətinin xaricdə rəsmi səlahiyyətə malik olan nümayəndəsi kimi onun milli mənafelərini beynəlxalq miqyasda müdafiə edirdi. İkinci Dünya müharibəsi ərəfəsində, müharibə illərində və hətta müharibədən sonra beynəlxalq münasibətlərin kifayət qədər dramatikləşməsi, SSRİ-nin dünya savaşından qalib çıxması,  Şərqi Avropanı işğal edərək burada sosialist rejimləri qurması, bütün qonşu dövlətlərə meydan oxuması və beynəlxalq sistemin kommunist dövlətləri qütbünü yaratması, "soyuq" müharibənin başlaması dünyada nə qədər gərginlik yaratsa da bu illərdə ölkədən-ölkəyə mühacirət etmək məcburiyyətində qalan M.Ə. Rəsulzadə sarsılmaz bir qətiyyətlə "Azərbaycan davasını" beynəlxalq müstəvidə davam etdirmək yolundan geri çəkilmədi. "Azad və məhkum insanlar", "azad və məhkum xalqlar" təzadını yer üzündən silmək iradəsilə, millətinə və bəşəriyyətə yalnız fayda verməyi düşünən və bu amalın "milli dövlət" və "dünya birliyi" formasında "dialektik açarını" taparaq, bütün fəaliyyəti ilə onun reallaşmasına çalışan M.Ə. Rəsulzadə XX əsrdə humanizm əsaslı klassik milli ideologiyanın yaradıcılarından biri kimi dünya humanitar mədəniyyəti tarixində özünəməxsus yer qazandı.

Əbədi müstəqilliyimizin o aydın və işıqlı günü yalnız 36 il sonra gəldi - 1991-ci ilin 18 oktyabrında. Məhəmməd Əmin Rəsulzadənin və digər Cümhuriyyət liderlərinin ömrünün sonunadək qəlblərində yaşatdıqları milli müstəqillik və respublikaçılıq idealları səksəninci illərin sonu və doxsanıncı illərin əvvəllərində yenidən xalqımızın milli-azadlıq hərəkatına ruh verdi - Yer üzünə Cümhuriyyətin varisi kimi möhtəşəm Azərbaycan Respublikası doğuldu. Böyük Rəsulzadə Mücadiləsi  Əbədi İstiqlalımızın gəlişi ilə sona çatdı.

Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti, intəhasız yaradıcılığı Azərbaycanda, Türkiyədə, Avropada, eləcə də dünyanın digər ölkələrində öyrənilir və araşdırılır. Təkcə Azərbaycanın deyil, dünyanın onlarla qəzet və jurnalı, nəşriyyatı məhsuldar yaradıcılığı qibtə doğuracaq M.Ə.Rəsulzadənin böyük yaradıcılıq irsini  indiyədək çap edib və etməkdədir. Əsərlərindəki konseptual mövqeyini həm yığcam fikirlərində, həm də geniş tədqiqatlarında Vətənə məhəbbət eşqi ilə sərgiləyən M.Ə. Rəsulzadənin Azərbaycanda 24, Türkiyədə 22, İranda 3, Rusiyada 1, Avropa ölkələrində (Polşa, Almaniya, Fransa, Britaniya) 8 kitabı nəşr olunub.

Siyasət, mədəniyyət və mənəviyyat tariximizin ayrılmaz bir parçası olan, 130 illiyini ehtiramla qeyd etdiyimiz M.Ə.Rəsulzadənin uca şəxsiyyətinə onu yaxşı tanıyanların, müasirlərinin, məsləkdaşlarının verdiyi dəyər Azərbaycanın mütəfəkkir siyasətçisinin monumental obrazına realist bitkinlik verir. Onun insanlarda dərin inam və etimad doğuran kamil xarakterinin və natiqlik məharətinin üstün keyfiyyətlərini hələ Azərbaycan Parlamentinin ilk iclasında müşahidə etmiş yeni dövr mədəniyyətimizin yaradıcılarından biri - dahi Üzeyir bəy Hacıbəyli  M.Ə.Rəsulzadəni  "nikbin", "açıq" və "gülərüz", "yerə baxmaq adəti olmayan", "sözlərinin dəruni-qəlbdən söyləndiyini eşidənlərə hiss etdirən", "hər cümləsinin axırında alqışlar yağan" bir şəxsiyyət kimi yüksək dəyərləndirirdi.

Özümdə cəsarət tapıb bu böyük İnsanın şərəfinə deyilmiş sözlərdən daha uca, daha şərəfli bir söz tapmağa çalışırkən nəzərlərim evimin pəncərəsindən mavi Xəzərə tuşlanır, onun qoynundakı bir ucalıqda ləpələnən üçrəngli bayrağı seyr edirəm. Xəzri əsəndə Qərbdən, gilavar əsəndə Şərqdən görünən möhtəşəm İstiqlal bayrağımız sanki Məhəmməd Əmin ruhuna layla çalırmış kimi dalğalanırdı. Onun qayəsi də, onun həyat amalı da elə bu deyildimi?!

Bəli, tariximizin ən həlledici məqamında ucaldılmış Cümhuriyyət bayrağımız bu gün başımız üstündə qürurla dalğalanır - Müstəqil Dövlətimizin bir də heç zaman enməyəcək bayrağı! Müasir Azərbaycanımızın banisi Heydər Əliyevin müstəqillik ideallarına sədaqətlə tarix meydanına yenidən gətirdiyi və ona əbədi ömür bəxş etdiyi Cümhuriyyət bayrağı!

Bayrağımızın əbədi olması arzusu ilə.

 

Cavanşir Feyziyev

Milli Məclisin deputatı,

Fəlsəfə doktoru

525-ci qəzet.- 2014.- 4 fevral.- S.2;5.