Xalq artisti Məzahir Süleymanovun portret cizgiləri

 

 

Azərbaycan Respublikasının Xalq artisti Məzahir Süleymanov. Bu ad çoxminli oxucularımıza yaxşı tanışdır. Çünki bu sənətkarı həm teatr və həm də televiziya ekranlarında tez-tez görürlər. Və onun çox ustalıqla, böyük sənətkarlıqla yaratdığı obrazlara maraqla tamaşa edirlər. Bəziləri onu oynadığı müsbət obrazlarda sevir və bəziləri də yaratdığı mənfi obrazlara görə yamanlayırlar. Deməli, aktyor oynadığı hər bir obrazı sevərək yaradır və bu obrazın ərsəyə gəlməsində, tamaşaçılar tərəfindən məhəbbət və nifrət qazanmasında böyük zəhmət sərf edir. Onu qırx ildir ki, tanıdığıma görə və quruluş verdiyim çoxlu tamaşalarda maraqlı obrazlar yaratdığına görə mən, onun haqqında qətiyyətlə bu sözləri deyə bilərəm: "Məzahir Süleymanov çox zəhmətkeş, çox məsuliyyətli insan olduğuna görə, yaratdığı hər bir rola da bu zəhmətkeşlik və məsuliyyətlə yanaşdığına görə oynadığı rolları obraz səviyyəsinə yüksəldə bilir. Bu isə hər aktyora nəsib olan ali varlıq və xüsusiyyət deyil. Bu müqəddəsliyi yalnız ustad sənətkarlar bacarır".

Əziz oxucular gəlin birlikdə Məzahir Süleymanovun həyatda və sənət yollarında keçdiyi yola və qısa tarixçəyə nəzər salaq. Ona siz də mənimlə razılaşacaqsız.

Məzahir Həbulla oğlu Süleymanov, 1944-cü ilin 29 yanvar tarixində Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərindəki Razin qəsəbəsində yerləşən 2 nömrəli texniki peşə məktəbini bitirərək, çilingər peşəsinə yiyələnib. Bir müddət ayrı-ayrı müəssisələrdə işləyib. Sonra 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə( axşam şöbəsinə) daxil olub. Sonra ordu sıralarına gedib. Dörd il hərbi dəniz donanmasında xidmət edib. Ordu sıralarından qayıdandan sonra 1967-ci ildən təhsilini həmin institutda davam etdirib.

 

1972-ci ildə həmin ali məktəbi bitirərək, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqi- Dram Teatrına işləməyə gəlib. Qırx ildən çoxdur ki, o, bu teatrda aktyor kimi çalışır. Bu illərdə adi aktyordan pillə-pillə yüksələrək, Xalq artisti adını alıb. Bu da əlbəttə, oynadığı rolların sayəsində olub. Bu gün çoxlu aktyorlar onun oynadığı rollar siyahısını izlədikdə, Məzahir Süleymanovun yaratdığı obrazlara həsəd apara bilərlər. Bu rollar Azərbaycan klassiklərindən tutmuş, dünya klassiklərinin əsərlərinə qədərdir. Milli dramaturqlarımızın ən maraqlı pyeslərindən tutmuş, dünya klassiklərinin inci əsərlərinə qədərdir. Bu tamaşaların sayı isə yüzdən çoxdur. Çoxusu da əsas və baş rollar. Məzahir Süleymanov özünün fitri istedadına və zəhmətkeşliyinə görə teatrda işlədiyi bu illərdə demək olar ki, bütün tamaşalarda oynayıb. Çünki teatrda quruluş verən rejissorlar çox istəyiblər ki, belə istedadlı aktyor onların hazırladığı tamaşada rol oynasın. Və onların müəllifi olduğu tamaşa tamaşaçılar tərəfindən sevilsin. Axı hər bir rejissor itedadlı aktyorla işləməyi xoşlayır. Mənim qənaətimə görə Məzahir Süleymanov Azərbaycan teatr tarixində oynadığı və təkrarsız formada yaratdığı bu obrazlarla əbədi qalacaq. "Arşın mal alan"da Soltan bəy, "Ölülər"də Hacı Həsən, " Müsyo Jordan və Dərviş Məstəli şah"da Müsyor Jordan, "Afət"də Qaplan, "Adamın adamın"da Tərs Tahir, "Dəyirman"da Sarı Qasım, "Sabir Rüstəmxanlının portret cizgilərin"də Cavad xan, "Məlikməmmədin yeni sərgüzəştlərin"də Şeytan, "Domoklın qılıncı"nda Arxitektor, "Bayramın birinci günün"də Vəli Əfəndi, "13-cü sədr"də Prokuror, "Müfəttiş"də Bələdiyyə rəisi, "Evlənmə"də Podkolyosnıy, "Varlı ev"də Beçir, "Qocaların məhəbbətin"də Qaqutsa, "Bir köpək vardı"da Çoban, " Şahzadə və Dilənçi"də Lord Hetford, "Uşağa bir üç yazın"da Temiçkin, "Qarağaclar altında məhəbbət"də Efraim Kebot və başqaları. Mənə elə gəlir ki, Sumqayıt teatrının tarixində hələ heç bir akytora nəsib olmayıb ki, bu qədər rollarla Azərbaycan teatr tarixinə düşsün. Məhz buna görə də Məzahir Süleymanovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Ona 2006-cı ildə Əməkdar artist, iki ildən sonra isə Xalq artisti fəxri adları verilib. Əməyi yüksək mükafatlara layiq görülüb.

 

70 yaşlı sənətkar bu gün də teatrın səhnəsində və televiziya tamaşalarında, filmlərində həvəslə çalışır. Bir-birindən maraqlı obrazlar yaradaraq, tamaşaçılarını sevindirir.

 

Onun haqqında yazdığım portret cizgilərini bu fikirlərlə də bitirə bilərdim. Amma Məzahi Süleymanovu qırx ildən bəri tanıdığımdan onun haqqında deyiləsi sözlərim çoxdur. Ona görə Məzahiri bir insan və sənətkar kimi təhlil etmək istəyirəm. Çünki insanlıq və sənətkarlığın hər ikisi eyni bərabərdə, eyni ölçüdə hər bir sənətkarda olmur.

 

İlk öncə onu vurğulamaq istəyirəm ki, Məzahirin ürəyində nə varsa, dilində də odur. O, özü saf olduğuna görə həmişə haqqı müdafiə edir. Həmişə haqqın yanında olub. Heç kimə məddahlıq eləməyib. Öz işinin xatirinə heç bir rejissora və teatr rəhbərinə yaltaqlanmayıb. Çünki o, xarakteri bütöv və möhkəm insandır. Xarakterindəki bütövlük oynadığı bütün rollarda özünü göstərib. O, çox yaxşı yol yoldaşıdır. Uzun illər biz onunla həm Azərbaycan respublikasının rayonlarında və həm də keçmiş Sovetlər məkanında qastrol səfərlərində olmuşuq. Məhzahir Süleymanov özünün insaniyyətliyini, dözümlülüyünü, yoldaşa qarşı diqqətini həmişə yaxşı formada büruzə verib. Heç vaxt özünü başqalarından üstün tutmayıb. Düşdüyümüz çətin məqamlarda belə, səbr və dözüm nümayiş etdirib. Altı ay Dağıstan Respublikasında qastrolda olduğumuz müddətdə isə mən və orada olan kollektiv bunun tam şahidi olmuşuq.

 

70 illik yubileyi ərəfəsində Məzahir Süleymanova bir neçə sualla müraciət etdim. İlk sualım belə oldu.

 

- Teatra gəlişinizi necə xatırlayırsız?

 

- Mən Azərbaycan Dövlət İncəsənət İnstututunun axşam şöbəsində təhsil almışam. O vaxtlar da axşam şöbələrində oxuyanlara təyinat verilmirdi. Biz özümüz teatrlara müraciət edib, iş tapmalı idik. Amma həmin vaxt mən institutun rektoru, böyük ziyalı, yüksək təşkilatçı insan, sənətşünaslıq elmləri doktoru Rahib Hüseynova müraciət etdim. O, məni diqqətlə dinlədi və dedi ki, gəl səni təyinatla göndərək Naxçıvan Dövlət Musiqili-Dram Teatrına. Həmin teatra cavan aktyorlar lazımdır. Mən razılaşdım. Təyinat götürüb, Naxçıvana getdim. Naxçıvan indi çox gözəl, müasir şəhərə çevrilib, onda isə belə deyildi. Həmin vaxt teatr qastrolda olduğuna görə rəhbərliklə görüşə bilmədim və yenidən axşam Bakıya qayıtdım. Teatr rəhbərliyi ilə görüşə bilmədiyimə sevindim. Bəlkə də bu işin xeyrinə oldu. Yenidən institututa qayıtdım. Əhvalatı olduğu kimi Rahib müəllimə dedim. Onlar da məsləhət bildilər ki, Sumqayıt teatrına gedim. Çünki bu teatr üç il idi ki, açılmışdı və aktyor kadrlarına ehtiyac vardı. Həmin vaxt teatrın direktoru Salman Dadaşov və baş rejissor da Ağakişi Kazımov idi. Ağakişi müəllim mənim kurs rəhbərim, əməkdar incəsənət xadim Əşrəf Quliyevlə söhbət edəndən və müəllimim də məni tərifləyəndən sonra ən aşağı dərəcə ilə işi götürdülər. Beləliklə, 1972-ci ilin noyabr ayından mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrında işə başlamışam.

 

Teatrda ilk rolum isə Rannetin "Azmış oğul" pyesində Lembit olub.

 

- Yüzdən artıq tamaşalarda çıxış edibsiniz. Bu rollardan hansılar sizin üçün daha əzizdir?

 

-Açığı, aktyor üçün bütün rolları əziz olur, amma bəziləri müəyyən səbəblərə görə fərqlənir. Məsələn, elə Xuqayevin "Varlı ev" faciəsindəki Beçir obrazı. Bu rol məndən başqa üç aktyora da verilmişdi. Mən bu rolu oynamaq istəmirdim. Qorxurdum ki, bu rol məndə alınmaz. Çünki Beçirin çox dəhşətli, ağır xarakteri vardı. Bu rolu oynamaq üçün aktyordan yüksək peşəkarlıq, cingiltili, sərt templi, amiranə səs tələb olunurdu. Bir neçə monoloqu isə çox ucadan və əsəbi səslə demək lazım idi. Buna da səs dözməzdi. Qırılardı. Mənə elə gəlirdi ki, bu rolu oynamaq mənim üçün hələ tezdir. Amma rejissor məni inandırdı ki, sən bu rolu yaxşı oynaya bilərsən. Baxmayaraq ki, məndən başqa iki aktyora da bu rol verilmişdi. Amma rejissor mənə daha çox inandı. Böyük səbrlə mənimlə məşq elədi. Səs tembrimi qurdu. Hətta mən pıçıltı ilə danışanda belə ən arxada əyləşən tamaşaçılar aydın eşidirdilər. Deyilənə görə, mən bu rolu çox yaxşı oynadım. Bunu təkcə tamaşaçılar yox, teatr mütəxəssisləri də dedilər. Qəzetlər bu haqda resenziyalar yazdılar. Azərbaycan televiziyası bu tamaşanı çəkdi. İndi bu tamaşa televiziyanın qızıl fondunda qalır. Bu gün də bəzi tamaşaçılar həmin rolumu xatırlayıb, oyunumdan məmnun olduqlarını bildirirlər.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

525-ci qəzet.- 2014.- 5 fevral.- S.7.