Naxçıvan Muxtar Respublikasının yaradılması ölkəmizin həyatında mühüm hadisədir

 

Naxçıvan Muxtar Respublikası-90

Bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 ili tamam olur. Muxtar respublikanın yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini və onun xalqımızın həyatında əlamətdar hadisə olduğunu nəzərə alan ölkə Prezidenti İlham Əliyev 2014-cü il yanvarın 14-də Sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır".

Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Bunu nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2014-cü ili muxtar respublikada "Muxtariyyət" ili elan etmiş və Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planında 2014-cü ildə muxtar respublikanın idarə və təşkilatlarında, elm və təhsil müəssisələrində bir sıra tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə görüləcək işlərə artıq başlanılmışdır.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının ildönümü müxtəlif vaxtlarda dövlət səviyyəsində qeyd olunmuşdur. 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə 40, 1974-cü ildə 50 illik yubileyləri keçirilmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının 75 (1999), 80 (2004), 85 (2009) illik yubileyləri qeyd edilmişdir. Ölkəmiz Muxtar Respublikanın 90 illik yubileyini yüksək əhval-ruhiyyə və böyük nailiyyətlər qazanmaqla qeyd edir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb tarixi inkişaf yolu keçmişdir. Naxçıvan ərazisində hadisələri mürəkkəbləşdirən XIX əsrin 20-ci illərində Azərbaycan torpaqlarına köçürülən, özlərinin dövlətlərini yaratmağa cəhd edən ermənilər olmuşdur.

1918-ci ilin may ayında Azərbaycan torpağında yaradılan Ermənistan (Ararat Respublikası) dövləti 9,8 min kv. km ərazidə yerləşmişdi. Bununla kifayətlənməyən Ermənistan Azərbaycana qarşı 7,9 min kv.km ərazi iddia edirdi. İdda etdiyi ərazilər içərisində Naxçıvanı ən vacib hesab edirdi. Belə bir uydurma fikir irəli sürürdü ki, "Naxçıvan və Şərursuz Ermənistan yaşaya bilməz". Ermənilərin xülyalarının gerçəkləşməsi üçün bir sıra dövlətlər ona siyasi dəstək verməklə yanaşı, iqtisadi və hərbi yardım göstərirdilər. Azərbaycan Demokratik Respublikasının düşdüyü çətin vəziyyətlə əlaqədar o, Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. Bu vəziyyəti obyektiv qiymətləndirən Naxçıvan əhalisi, yerli ziyalılar, Müsəlman Milli Şurası bütün imkanları və qüvvələri ilə erməni daşnaklarına qarşı inadla mübarizə aparırdı. Naxçıvanın erməni işğalına düşməsinə imkan vermir, hər vəchlə Azərbaycanın tərkibində qalmağa çalışırdılar.

1920-ci il aprelin 27-də bolşevik Rusiyası Azərbaycanı işğal edəndən sonra Naxçıvan bölgəsində ermənilər daha da fəallaşdılar. Rusiya rəhbərləri Azərbaycan torpaqları hesabına Ermənistanı sovetləşdirmək istəyirdi və onları şirnikləndirirdi.

Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. Ermənistan hökuməti bildirirdi ki, əgər Azərbaycan Şərur-Dərələyəz qəzasından və Naxçıvan rayonundan imtina edərsə, o da öz növbəsində Qarabağ və Zəngəzurun Azərbaycana birləşdirilməsinə razılıq verər. Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov bu təklifi rədd edərək, qədim Azərbaycan torpaqları olan Naxçıvan və Culfa ərazilərinin dərhal sovet qoşunları tərəfindən tutulmasını və Azərbaycana birləşdirilməsini təkidlə tələb edirdi.

Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular.

1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri N.Nərimanova göndərdiyi məktubda yazırdı: "Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir..."

1920-ci ilin avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlandı və onun şərtlərinə görə Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilirdi. Qarabağ, Zəngəzur və Naxçıvan isə yenə də "mübahisəli vilayətlər" elan olunurdu. Bununla Rusiya Azərbaycan torpaqları hesabına Ermənistanı sovetləşdirmək siyasəti yürüdürdü. N.Nərimanov Moskvaya göndərdiyi teleqramlarda Azərbaycanda sovet hakimiyyəti qurulana qədər mübahisəsiz sayılan vilayətlərin indi nədənsə mübahisəli sayılmasına qarşı ciddi etirazını bildirirdi.

1920-ci il oktyabrın 28-də Sovet Rusiyası ilə daşnak Ermənistanı arasında başqa bir müqavilə imzalandı. Bu müqavilədə Azərbaycanın rəyi nəzərə alınmadan Zəngəzur və Naxçıvan Ermənistana güzəşt edilirdi. Bolşevik Rusiyası bu yolla Ermənistanda sovet hakimiyyəti qurulması üçün zəmin hazırlamaq, ermənilərin rəğbətini qazanmaq istəyirdi.

Ermənistan SSR yaradıldıqdan sonra (1920, 29 noyabr) Azərbaycan ərazisinə iddialar daha da artdı. 1920-ci il noyabrın 30-da AK(b)P MK Siyasi və Təşkilat bürolarının birləşmiş iclasında N.Nərimanovun verdiyi bəyanat və ertəsi gün qəzetlərdə onun saxtalaşdırılmış şəkildə dərc olunması erməni iddialarının daha da artmasına səbəb oldu. N.Nərimanov Ermənistan SSR yaradılması münasibətilə təbrik göndərilməsini təklif etmiş və demişdi ki, "Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur".

Qərarda da, N.Nərimanov çıxışında da, 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında onun elan etdiyi bəyannamədə də Naxçıvan haqqında məsələ qaldırılmamışdı. Qəzetlərdə dərc olunmuş bəyannaməyə aşağıdakı fikir əlavə edilmişdi: "Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının ayrılmaz ərazisidir". Bu sözlər, ola bilsin, diplomatik mülahizələrə görə, Q.Orconikidze, S.Kirov və onların həmfikirləri tərəfindən ora daxil edilmişdi. Həmin fikir ermənilərin yeni addımlar atmasına təkan verdi və dekabrın 25-də onlar Zəngəzurda "Azad Sünik hökuməti" təşkil etdilər. Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın əlinə keçdi.

N.Nərimanov və onun yaxın silahdaşlarının qəti mövqeyi və prinsipiallığı sayəsində Naxçıvanı Ermənistana birləşdirmək cəhdi baş tutmadı. 1920-ci il dekabrın 2-də Aleksandropolda (Gümrüdə) Ermənistanın daşnak hökuməti ilə Türkiyə arasında imzalanmış müqaviləyə əsasən sonradan Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə yolu ilə xüsusi idarəçilik yaradılmalı idi və Ermənistan onun işinə qarışmamağı öz öhdəsinə götürürdü. Həmin müqaviləyə əsasən türk generalı Veysəl Ünüvar özünü müvəqqəti fövqəladə komissar elan etdi, öz dəstələri ilə Şərur da daxil olmaqla Ermənistanla sərhəd məntəqələrini tutdu.

1920-ci il dekabrın 28-də Ermənistan SSR Hərbi İnqilab Komitəsi bəyannamə ilə çıxış edərək Naxçıvanın müstəqilliyini tanıdığını elan etdi.

Naxçıvanda əhalinin narazılığı get-gedə artırdı. Bununla əlaqədar Azərbaycan İnqilab Komitəsinin üzvü, ədliyyə komissarı B.Şahtaxtinski Naxçıvana göndərildi. Naxçıvanda, Ordubadda, Şərurda və b. yerlərdə Naxçıvanın Ermənistana verilməsinə qarşı böyük mitinqlər keçirilirdi. Əhalinin əksəriyyəti Azərbaycanın tərkibində müstəqil Naxçıvan Sovet Sosialist Respublikasının yaradılmasını tələb edirdilər.1921-ci ilin yanvar ayında Naxçıvan respublikasında onun Azərbaycan SSR tərkibinə daxil olması barədə rəy sorğusu keçirildi. Rəy sorğusu nəticəsində respublika əhalisinin 90 faizi Naxçıvan diyarının Azərbaycan SSR tərkibində qalmasına tərəfdar çıxdı.

Naxçıvan əhalisinin böyük əksəriyyətinin bir neçə illik inadlı mübarizəsi və rəy sorğusunun nəticəsi Naxçıvanın ərazi statusunu həll etdi. Rusiya tərəfi Naxçıvanın müsəlman əhalisinin iradəsi ilə hesablaşaraq və eləcə də Azərbaycan bolşeviklərinin millətsevər hissəsinin mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq məcburiyyətində qaldı.

...XX əsrin 20-ci illərində Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında həll olunmamış məsələləri nizama salmaq mühüm bir iş kimi qarşıda dururdu. Bunun üçün yeni bir konfrans çağırmaq və orada bu məsələləri həll etmək lazım idi. Razılığa əsasən belə bir konfrans Qars şəhərində keçirildi. Qars konfransı 1921-ci il sentyabrın 26-da başladı, oktyabrın 30-da müqavilə bağlanması ilə sona çatdı. Konfransda Moskva müqaviləsinin maddələri bir daha təsdiq edildi. Bu müqavilə ilə Naxçıvanın sərhədləri bir daha dəqiqləşdirildi və bundan sonra bu məsələyə baxılmayacağı qərarlaşdırıldı. Naxçıvan Respublikasının sərhədləri belə müəyyən edildi: "Üçbucaq təşkil edən zonada yerləşən Naxçıvanın ərazisi Urmiya kəndindən başlayan düz xətt boyunca Arazdəyən stansiyasına qədər, yenə də düz xətt boyu qərbi Daş Burun dağına (3142 m), suayrıcı xətlə şərqi Daş Burun dağından (4108 m) keçib Cəhənnəm dərəsi ilə bulaqdan (cənub) keçib, suayrıcı xətt üzrə Bağırsaq dağından (6607 və ya 6587 m) keçmiş İrəvan dairəsi və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi boyunca 6629 m yüksəkliyindən Kömürlü dağa (6839 və ya 6930) və oradan (3080) yüksəkliyindən Sayat Dağı (7868) Qurd Qulaq kəndi və Həməsür dağına (8160), 8022 yüksəklik Quru Dağa (10282) və bundan sonra keçmiş Naxçıvan qəzasının inzibati sərhədi daxilində müəyyən edilmişdi".

Beləliklə, RSFSR hökumətinin, ingilislərin və amerikalıların ermənipərəst mövqeyinə, erməni daşnaklarının ciddi cəhdlərinə və silahlı mübarizələrinə baxmayaraq, Naxçıvan əhalisinin qətiyyəti, dönməz iradəsi, Türkiyənin prinsipial mövqeyi və B.Şahtaxtinski kimi siyasi xadimlərin səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı.

1921-ci il aprelin 4-də Naxçıvan SSR İnqilab Komitəsi təşkil olundu: Ə.Qədimov - İnqilab Komitəsinin sədri, eləcə də Xalq Komissarları Sovetinin sədri; Ə.Abbasov - Səhiyyə komissarı; Ş.Əliyev - Daxili işlər, Poçt, Teleqraf komissarı; A.Şadlinski - Naxçıvan qarnizonunun rəisi; Mehdiyev - Xalq Təsərrüfatı Şurasının sədri; Bənəniyarski - Maliyyə komissarı; A.Rüstəmov - Təhsil və Ədliyyə komissarı; Məmmədov - Ərzaq komissarı və Musayev - Fəhlə-Kəndli müvəkkili.

1921-ci ilin sonunda Naxçıvan respublikasında sovetlərə seçkilər keçirildi. 1922-ci il yanvarın 25-də Naxçıvan SSR-in Birinci Sovetlər qurultayı oldu. Qurultay diyarda sovet və təsərrüfat quruculuğuna dair mühüm qərarlar qəbul etdi. Naxçıvan İnqilab Komitəsi ləğv olundu, Naxçıvan İcraiyyə Komitəsi və Naxçıvan SSR Xalq Komissarları Soveti yaradıldı.

1922-ci il mayın 22-də AK(b)P MK Rəyasət Heyəti Naxçıvan diyarı haqqında Əsasnamənin və Naxçıvan SSR Konstitusiyasının layihələrinə baxdı. Əsasnamədə deyilirdi: "Naxçıvan diyarı ASSR-in qəyyumluğu altında muxtar respublika elan edilərək, Naxçıvan Sovet Sosialist Respublikası adlandırılsın".

1922-ci ilin noyabrında V.İ.Leninin sədrliyi ilə RK(b)P MK Siyasi Bürosu Naxçıvan Muxtar Respublikası yaradılmasının zəruriliyi haqqında qərar qəbul etdi.

1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında dekret verdi. Dekretdə deyilirdi: 1. Naxçıvan ölkəsi Azərbaycan SSR-in protektoratlığında Naxçıvan SSR-ə çevrilsin. 2. Naxçıvan SSR haqqında əsasnaməni hazırlamaq üçün Vəlibəyov, Bağırov, T.Şahbazi və A.Axundovdan ibarət komissiya yaradılsın və komissiya bir həftə müddətində həmin layihəni hazırlasın. Komissiyanın hazırladığı əsasnamə 1924-cü il martın 23-də Azərbaycan MİK tərəfindən təsdiq olundu.

Bu vaxtlar muxtar qurum kimi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hazırlanır və 1926-cı il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər qurultayı Naxçıvan respublikasının ilk Konstitusiyasını qəbul edir. Konstitusiyanın ikinci maddəsində deyilirdi: "Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir".

Müasir dövrdə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1995-ci il noyabrın 12-də qəbul edilmiş yeni Konstitusiyada Azərbaycan dövlət sistemində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasının statusu müasir, yeni şəraitə uyğun olaraq dəqiq şəkildə müəyyən edilmişdir. Yeni Konstitusiyada "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət, Azərbaycan Respublikasının ayrılmaz hissəsi" hesab edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlandı və 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi. Konstitusiyanın birinci maddəsində göstərilir: "Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır... Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir".

Müstəqillik illərində çətinliklərlə qarşılaşan, erməni basqınları ilə üzləşən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qorunmuş və inkişafı təmin edilmişdir. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Vasif Talıbov Heydər Əliyev siyasi kursunu uğurla davam etdirdi. V.Talıbovun rəhbərliyi ilə bölgənin üzləşdiyi problemlər müəyyənləşdirildi və onların həllinə başlanıldı. Muxtar respublikanın xarici əlaqələri xeyli artdı. Keçid məntəqələri istifadəyə verildi, sərhədyanı ticarət canlandırıldı. İqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verildi, yeni iş yerləri yaradıldı, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edildi. Naxçıvan Muxtar Respublikasında iri miqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişləndi, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğının yeni mərhələsi başlandı, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 və 85 illik yubileylərində dərin məzmunlu çıxışlar, muxtar respublikada son illərdə görülən işlər, həyata keçirilən quruculuq tədbirləri böyük öndər Heydər Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsini bir daha göstərir. Ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan öz dirçəliş dövrünü yaşayır və muxtariyyət statusu qazanmasını və Naxçıvan Muxtar Respublikasının 90 illiyini fərəhlə qeyd edir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, "Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir".

 

İsmayıl HACIYEV,

AMEA Naxçıvan Bölməsinin

sədri, akademik

525-ci qəzet.- 2014.- 5 fevral.- S.4.