Əliqismət Lalayev: "Biz gəlirik..."

 

 

 

-Əslində biz bu  yola 104 il əvvəl çıxmışıq-xalqımızın maariflənməyə, mədəniyyətə, dünyaya inteqrasiyaya daha çox ehtiyacı olan bir dövrdə.  Bu yolun o qədər labirintləri, nahamar cığırları, keçilməz döngə və dalanları olub ki. Hərdən onun ümumi mənzərəsini göz önünə gətirəndə insanı qürur hüssi ilə yanaşı, bir həyəcan və qorxu da bürüyür. Bu məşəqqətlərə, əzablara, çətinliklərə tab gətirən sələflərimizin həmişəyaşar xatirəsi önündə bir daha baş əymək, bu sənət məbədini yaşatmaq, milli teatrımızın, musiqimizin inkişafına qayğı göstərənlərə, yaradıcı insanların zəhmətini dəyərləndirənlərə min alqış demək keçir könlümüzdən.

 

Müsahibim, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəcənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev söhbətə bu sözlərlə başladı.

 

 

 

- Əliqismət müəllim,  teatrınızın 3 illik təmir müddəti  başa çatdı və bu qocaman sənət məbədi ömrünün ikinci yüzilliyini yeni libasda, yeni görkəmdə, yeni ab-havada və yeni yaradıcılıq əhval -ruhiyyəsində qarşıladı. İllərdən bəri yaddaşlarda Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi yaşayan teatrın adı da yeniləndi. Bir sözlə, 21-ci əsrin başlanğıcında teatr öz tarixini yenidən yazmağa başladı. Necə bilirsiniz, adının dəyişilməsi onun məzmununa və ideya formatına təsir edəcəkmi?

 

- Əlbəttə! Şübhəsiz ki,  teatrın yenidən qurulması, daha dəqiq desək, onun həm daxili, həm də xarici görkəminin inanılmaz dərəcədə dəyişməsi, salonun və səhnənin ən müasir texniki avadanlıqlarla təchiz edilməsi, yaradıcı heyətin iş şəraitinin son dərəcə yaxşılaşdırılması, tamaşaçıların özlərini bizim teatrda daha rahat hiss etməsi, səhnədə cərəyan edən hadisələri işığın, müxtəlif effektlərin köməyi ilə daha yaxşı izləməsi üçün gözəl imkan yaradılıb. Əslində teatr sonuncu dəfə 1998-ci ildə təmir olunmuşdu. Bildiyiniz kimi, 2010-cu ildə teatrımız özünün 100 yaşını qeyd etdi və Azərbaycan Respublikasının Prezidenti, mədəniyyətimizin böyük dostu və hamısı cənab İlham Əliyevin Sərəncamı ilə əsaslı təmirə dayandırıldı. Nəhayət bu ilin payızında biz tamamilə yeni, dünyanın bir sıra məşhur teatrları ilə bəhsə girə biləcək bir binaya köçdük. Fürsətdən istifadə edib dövlətimizin başçısına yaradıcı insanlara, teatr sənətinə göstərdiyi bu diqqət və qayğı üçün bütün kollektivimizin adından təşəkkür edir və minnətdarlığımızı bildiririk.

 

Teatrın adının dəyişdirilməsinə gəlincə...Əvvəllər biz ancaq Musiqili Komediya  janrında yazılmış əsərlər qoymağa məcbur idik, çünki teatrın adı bunu tələb edirdi. Bilirsiniz ki, həmişə teatrın repertuarı məhz yaxşı əsər sarıdan korluq çəkib. Çünki təqdim olunan əsərlərin əksəriyyətində söz olub, süjet xətti, dialoq olub, lakin bəzi  yazıçı-dramaturqlarımızın  bəstəkarlıq qabiliyyəti, musiqi duyumu olmadığından, bizim səhnənin tələblərini yetərincə dəyərləndirmədiklərindən, onların təqdim etdikləri əsərlərə də quruluş vermək və ya bu mətni musiqiyə yatımlı eləmək böyük çətinliklər yaradıb. Bəzənsə,  əksinə, bəstəkar çox gözəl musiqi nümunələri yaradıb, lakin onun sözlə ifadəsi özünü doğrultmayıb, libretto zəif olub.  Beləcə illər boyu musiqili  komediya janrı kimi ilk baxışdan asan, əslində isə çox mürəkkəb bir janrda yeni əsərlər nadir hallarda meydana gəlib. İnanırıq ki, Musiqili Teatr olmağımız bizi bu "buxovlardan" xilas edəcək, yaradıcı heyətimiz nəhayət ki, müxtəlif janrlarda öz qüvvəsini sınaya biləcək.

 

  - Siz teatra rəhbərlik etməyə başlayandan bəri bu istiqamətdə ilk uğurlu təcrübələriniz də olub. Məsələn, Qoqolun "Evlənmə" əsəri kimi. Hələ siz bir az da irəliyə gedib tamaşada əsas rolların ifası üçün Milli Dram Teatrında yetərincə  ciddi-tragik obrazlar yaradan iki qüdrətli sənətkarı- Xalq artistləri Məleykə Əsədovanı və Şükufə Yusubovanı dəvət etmişdiniz və bu eksperiment tamaşaçılar üçün də, elə teatrın özü üçün də gözəl bir yenilik oldu. Daha sonra "Kimyagər" əsəri - şöhrətli Afaq Bəşirqızının bənzərsiz Kimyagər obrazı, M.F.Axundzadənin yaradıcılığına yeni baxış, bəstəkar, Xalq artisti Siyavuş Kəriminin bənzərsiz musiqisi.

 

- Dünya teatrlarında belə uğurlu cəhdlər həmişə olub və bu gün də bu ənənə davam etdirilir. Bizim çox sıx əməkdaşlıq ediyimiz Sverdlovsk teatrındakı həmkarlarımız da "Yekaterina" adlı ciddi əsərə müraciət etmişdilər və maraqlı bir tamaşa yaratmağa müvəffəq olmuşdular. Biz illər boyu formalaşmış stereotipi-Musiqili Komediya Teatrında yalnız komik əsərlər, gülüş doğuran yüngül komik məzhəkələr oynamalıyıq möhürünü sındırdıq və mənə elə gəlir ki, "Evlənmə"də, "Kimyagər"də  gözəl bir örnək, həm də ümidverici bir başlanğıc oldu. Qeyd edim ki, bu tamaşalar müxtəlif nominasiyalarda Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülüb. Biz bundan sonra musiqili əsərlər, mini-operalar, rəqs və mahnılarla zəngin müzikllər, muğam operaları da tamaşaya qoymaq niyyətindəyik və özünə, yaradıcılığına güvənən yazarları, bəstəkar və ifaçıları əməkdaşlığa dəvət edirik. Biz böyük məmnuniyyətlə gənc rejissorlar, vokalçılar, aktyorlar, dirijorlar, rəssamlarla iş birliyi qurmaq istəyirik. Bilirsiniz, nəyəsə "pisdir!" deyib üstündən xətt çəkmək ən asan və məsuliyyətsiz işdir. Təəssüf ki, bu gün teatrların qapısının haradan açıldığını belə bilməyən, ümumiyyətlə, sənətdən çox-çox uzaq olanlar teatrlar haqqında mənfi fikir formalaşdırmağa çalışır, kiminsə illər öncə zövqünü oxşamayan bir əsər barədə dediklərini əlində dəstəvuz edib, camaatı teatrdan uzaq salan primitiv yazılarla çıxışlar edirlər.  Belələri unudurlar ki, həyat daima inkişafdadır, bu gün bütün Azərbaycan yaxşı mənada dəyişir, inkişaf edir, siyasi, iqtisadi, elmi-mədəni sahədə qazandığı uğurlarla dünyanı heyrətə gətirir. Teatrlarımıza yeni gözlə baxmağa, onlar üçün əsər yaratmağa çalışmaq məncə, "səmərəsiz tənqidetmə şakəri"ndən daha faydalı və məqbul sayıla bilər.

 

- Ötən illərdə dəvət olunmuş rejissorlarla da işlədiniz. Bəhram Osmanov "Evlənmə"ni hazırladı, gürcüstanlı rejissor Koça Kapanadze "Xanuma"ya quruluş verdi.

 

- Bu yaxınlarda Bakıya gələn Moskvadakı A.S. Puşkin adına teatrın bədii rəhbəri və direktoru  Yevgeni Pisarev teatrla, kollektivlə tanışlıqdan sonra Azərbaycan dramaturqlarının birinin əsərinə quruluş vermək üçün yenidən bizim şəhərə gəlmək arzusunda olduğunu bildirdi. Məşhur tacik rejissoru Sultan Usmanov da Bakıda bizim kollektivlə işləmək istəyini bildirib. Bu tanınmış yaradıcı insanlar yeni teatrımızın texniki imkanlarına elə valeh olublar ki, hətta Sverdlovsk tearının direkoru M.Safronov açıqca etiraf etdi:"Mən kollektivimlə bərabər Bakıya qastrola gəlmək istəyirdim, amma fikrimdən daşındım, qorxuram ki, mənim artistlərim sizdəki bu gözəl şəraiti görüb daha geri qayıtmaq istəməsinlər".Təbii ki, bu sözlər, teatrımıza olan bu maraq bizi daha səmərəli və məsuliyyətli işləməyə vadar edir, biz etimadı doğrultmaq üçün var gücümüzlə çalışmalıyıq.

 

- Deyirlər ki, teatr asılqandan başlayır. Amma mən bu sahəyə yetərincə bələd olan bir qələm sahibi kimi, bu məşhur deyimə bir balaca düzəliş vermək istəyirəm: Teatr yaxşı repertuardan, repertuar isə maraqlı, müasir və aktual əsərdən başlayır. Bəs sizin teatr yeni mövsümdə-yeni adıyla tamaşaçılara nələr vəd edir?

 

- Əlbəttə, haqlısınız, müasir tələblərə cavab verən, çox yüksək komforta və elektron-texniki avadanlığa malik olmaq hələ hər gecə anşlaqla qarşılanan tamaşa və ya ifası ilə bütün tələblərin fövqündə dayanan yaradıcılıq qrupu demək deyil. Biz birinci növbədə yaxşı əsərlər əldə etməliyik, dünya klassikasından nümunələri araşdırmalıyıq, milli adət-ənənəmizə söykənməklə dünyəvi ideyalar təqlin etməyə qadir pyeslər üzərində işləməliyik, Azərbaycanımızın nəhəng söz sərraflarının əsərlərinə müraciət etməli, eyni zamanda sevilən, lakin unudulmuş retro-tamaşaları bərpa eləmək istiqamətində qüvvələrimizi səfərbər etməli, yeni müəlliflərlə işbirliyinə nail olmalıyıq.

 

- Bir sözlə, "başınızı qaşımağa vaxtınız yoxdur!" Elə bu üzdən sizə hələlik sonuncu sualımı vermək istəyirəm, əminəm ki, yeni tamaşalar hazırlamağa başlayanda biz daha tez-tez ünsiyyətdə olacağıq. Yeni mövsümdə nələr olacaq?

 

- Çox qeyri-adi fikirlərimiz, maraqlı planlarımız, cəlbedici təklif və düşüncələrimiz var. Bir sözlə, biz yeni yaradıcılıq əzmi ilə, yeni qüvvə ilə və çox maraqlı repertuarla Azərbaycan Dövlət Musiqili Teatrında tamaşaçılarımızla görüşə hazırlaşırıq. Hazırda Azərbaycanın Xalq artisti, rejissor İranə Tağızadə "Bu bizik - Musiqili Teatr" adlı 2 hissəli burleskin hazırlıq məşqlərinə başlayıb. Mart ayının 10-da pərdələrimizi bu tamaşa ilə açacağıq. Açılış mərasimi həm də Milli Teatr  gününə təsadüf etdiyindən teatrda əsl bayram təntənəsi olacaq. Bəli, biz gəlirik!  Güman edirəm ki, 104 il bundan əvvəl başladığımız yolu indi daha inamla, daha qətiyyətlə və daha yaddaqalan böyük köç sovqatı ilə gəlirik.

 

Müsahibəni apardı: Telli PƏNAHQIZI

525-ci qəzet.- 2014.- 6 fevral.- S.7.