Ulduzlar xoşbəxtdirmi?

 

 

 

“Yapon incəsənəti sözü axıradək deməməklə çox söz demək vəzifəsini öz üzərinə götürüb”.

V.Ovçinnikov

Kino ulduzu dedikdə, nədənsə, hər şeydən əvvəl cazibədar qadın gözəlliyi gəlir göz önünə. Bəlkə də, bir həqiqətdir ki, “ulduzlar” gözəl doğulurlar. Bu sözləri populyar yapon kinoaktrisası Komaki Kurixaraya da aid  etmək olar. Aktrisanı milyonlara sevdirən yalnız zahiri gözəlliyi deyil, həm də onun mənəvi zənginliyi, istedadı, işgüzarlığıdır. O, bir çoxlarından fərqli olaraq, sənət karyerasını özünün təkrarsız cazibədarlığı, gözəlliyi üzərində qurmayıb. Bu mehriban, xoşxasiyyət, zərif yapon qızı ulduzlar səltənətinə uzanan çətin, keşməkeşli yolu yalnız bacarığı, istedadı ilə keçib. Tamaşaçılar Komakinin səhnədə və ekranda yaratdığı bir-birindən fərqli, bir-birindən maraqlı obrazların, oynadığı rolların sorağındadırlar.

Bu vaxtadək onu yalnız ekranlardan görsəm də, köhnə tanışlar kimi söhbət edirik. Bu hissi məndə oyadan Komakinin hər bir hərəkətində, davranışında yaponluğunu saxlaması idi. Yapon qızları həmsöhbətlərinə qarşı son dərəcə diqqətli, nəzakətlidirlər. Ümumiyyətlə, yaponların söhbəti daha çox ritualı xatırladır, danışanda  nəzərlərini bir-birlərinin üzünə dikməkdən çəkinirlər, bunu mən müsahibimin davranışında da hiss edirdim. Gözlərini gözlərimdən yayındırmağa çalışsa da, məni diqqətlə dinləyir, suallara tələsmədən, nəzakətlə cavab verirdi. Aktrisanın söylədiklərindən mən müsahibimin həyat və yaradıcılığı haqqında məlumat almaqla yanaşı, həm də müasir yapon kinosu barədə onun fikir və düşüncələrini öyrənməyə çalışırdım.

Azərbaycan tamaşaçıları Komakini Aleksandr Mittanın “Moskva məhəbbətim mənim”, Sergey Solovyovun “Bəyaz gecənin melodiyaları” və “Ekipaj” filmlərindən tanıyırlar. Rejissor Mitta “Moskva məhəbbətim mənim” filminə Komakini təsadüfi dəvət etməmişdi. Kurixara bu film üçün əsl tapıntı idi. Aktrisa deyir: “Moskva məhəbbətim mənim” filminə dəvət almağım məndən ötrü gözlənilməz idi. Doğrusu, nə vaxtsa rus filmlərində çəkiləcəyimi ağlıma gətirmirdim. Filmin çəkilişinə ciddi hazırlıq gedirdi, Bolşoy teatrda mənimlə balet məşqləri aparırdılar.  Rus dilini də öyrənirdim. Deyim ki, rus dilinə, rus mədəniyyətinə məndə əzəldən maraq vardı, Tolstoyu, Dostoyevskini, Çexovu çox oxumuşam. Rusiya mədəniyyətilə bağlı tədbirlərdən qalmıram. Planetin ilk kosmonavtı Yuri Qaqarin o vədə Tokioya gələndə ona çiçək vermişdim...” Maraqlıdır ki, Komakinin ofisi də Tokionun “ruslar məhəlləsi” deyilən yerindədir – bir vaxtlar məşhur  kəşfiyyatçı, həmyerlimiz Rixard Zorge yaşayan küçənin iki-üç addımlığında. Komaki dedi ki, yapon ədəbiyyatının çoxmillətli sovet xalqı arasında yayılmasında rus dili önəmli rol oynayır. Yasunari Kovabatanı, Murakamini, Oeni, Kobo Abeni burda yaxşı tanıyırlar... Onun sadaladığı yazıçılardan Kobo Abe hələ 60-cı illərin ortalarında Bakıda olmuşdu.

Komakinin nisgilli xatirələri o qədərdi ki, danışmaqla bitməz. Deyir: “Moskva məhəbbətim mənim” filminin çəkilişinə başlayanda “Rossiya” otelinin qapısı ağzında uğur rəmzi kimi boşqab sındırdıq, xatirə olaraq hərə bir qırıq götürdü. O boşqab qırığını əziz xatirə kimi saxlayıram.  “Moskva məhəbbətim mənim” filminin yaradıcılığımda xüsusi yeri var. Qəhrəmanımın taleyini yaşamaq, onun daxili aləminə varmaq, keçirdiyi hissləri canlandırmaq mənə elə   asan deyildi, çəkiliş meydanındakı ab-hava, tərəf-müqabillərimin və rejissorun təmkini məndə özümə olan inamı artırdı”.

“Moskva məhəbbətim mənim” filmi Komakidən ötrü həm də bir sınaq idi, o, sınaqdan uğurla çıxdı və bunun nəticəsi idi ki, aktrisa sonradan yeni rus filmlərinə dəvət aldı. Başlıcası bu idi ki, Kurixara oynadığı obrazların həyatını, onların hiss və həyəcanını daxilən yaşamağı bacarır. Aktrisa “Moskva məhəbbətim mənim” filmindəki Yuriko surəti ilə bunu bir daha sübut etmişdi.

Yaponiyalı balerina Yurikonun Moskvaya, Böyük Teatra yaradıcılıq təcrübəsinə gəlməsi, gənc heykəltəraş Volodya (Oleq Vidov) ilə məhəbbətinin faciəli sonu filmin süjetini təşkil edir. Uşaqlıqdan tutulduğu şüa xəstəliyi Yurikoda tədricən  özünü biruzə verir. Amerikanların Hirosima   Narasakiyə atom bombası atdıqları vaxtdan uzun illər keçsə də, bu dəhşətli silahın nəticələrindən Yaponiyada indi də ölənlər olur. Böyük arzularla yaşayan Yuriko da  bu qurbanlardan biridir. Filmin yaradıcıları aktual  bir mövzuya toxunurlar. Adama elə gəlir ki,  Yuriko rolunda başqa aktrisa çəkilsəydi, film adicə melodram çərçivəsindən kənara çıxa bilməzdi. Balerina Yuriko obrazını bütün dolğunluğu ilə canlandırmaqda Komakiyə Tokio balet məktəbini bitirməsi, şübhəsiz, ciddi təsir etmişdi. Qəribə təsadüfdür – Komaki Yaponiyaya atom bombası atılan ildə anadan olub.

Sergey Solovyovun “Bəyaz gecənin melodiyaları” filminin süjeti də ayrı-ayrı ölkələrdən olan iki gəncin məhəbbəti ilə bağlı hadisələr üzərində qurulub. Mövzu yaxınlığına baxmayaraq, Komaki  hər iki filmdə canlandırdığı obrazların fərdi xüsusiyyətlərini, mənəvi dünyasını ustalıqla aça bilir.

Yaponiyada çəkiliş prosesi bir qədər fərqlidir. Məsələn, aktyor filmin bəstəkarını tanımır, onun üzünü də görmür. Musiqi çəkiliş bitdikdən sonra bəstələnir. Rus filmlərində isə əksinədir, musiqi bəstəsi çəkiliş ərəfəsində, demək olar ki, paralel şəkildə aparılır. Komaki buna çox böyük önəm verir  deyir ki, bəstəkar İsaak Şvarts “Bəyaz gecənin melodiyaları” filminin musiqisini yazdıqca onları mənə dinlədirdi. Mən ilk dəfəydi ki,  belə iş şəraitinə düşürdüm və deyim ki, bu çox da xoşuma gəlirdi. Oynadığım obrazın roluna girməkdə musiqi mənə çox kömək etdi və o musiqi parçaları indi də mənim yadımdadır.

Aktrisa öz üzərində yorulmadan çalışır, dediyinə görə, onun adi iş günü çox vaxt 12-14 saatdan az olmur. Məşqlər, yaradıcılıq görüşləri, çəkiliş, teatr – Komakinin hər günü beləcə gərgin keçir. Ancaq bu gərginlik onu yormur. Bir çoxlarından fərqli olaraq, Komaki sənətdə asan yol axtarmır və çətinlikdən zövq almağı bacarır. Bax, elə ona görə də Komaki Kurixaranın öhdəsindən gələ bilmədiyi, bacarmadığı rol yoxdur. Onun yaradıcılıq diapazonu olduqca genişdir. Rejissor İmainin “Tərbiyə oyunu”, Todanın “Təpədəki əncir ağacı” filmlərinin də müvəffəqiyyət qazanmasında bir aktrisa kimi Komakinin rolu az olmayıb.

Yaponiya ənənələr ölkəsidir. Milli teatrın bu gün də populyar olması, sevilməsi yaponların bu qədim sənətə sönməz məhəbbətindən irəli gəlir. Müasir dövrdə kino və televiziya ilə çətin rəqabətdə belə, teatr öz populyarlığını saxlayır. Yapon tamaşaçıları teatr səhnəsindən Avropa klassiklərinin, müasir yazıçıların əsərləri ilə də tanış olurlar. Komaki də belə əsərlərin səhnələşdirilməsində az iştirak etməyib. “Hamlet”dəki Ofeliya, “Üçüncü Riçard”dakı Anna, “Otello”dakı Dezdemona, “Üç bacı”dakı İrina, “Anna Karenina”dakı Anna və digər rolları ilə tamaşaçı qəlbinə asanlıqla yol tapıb, sevilib.

Çexovun “Albalı bağı” əsərini səhnələşdirmək üçün tanınmış rejissor A.Efros Yaponiyaya dəvət edilmişdi. Komaki xatırlayaraq deyir: “Yaponiyada Çexov yaradıcılığına sonsuz maraq var. “Albalı bağı” əsəri də çox populyardır. Efros Ranevskaya rolunu mənə təklif edəndə, doğrusu, inanmadım. Bu, məndən ötrü əsl xoşbəxtlik idi”.

Onun yaradıcılığı kinodan daha çox teatrla bağlıdır. İşlədiyi teatr xüsusidir. “Hayn-za” – “Aktyorlar teatrı” adlanır. “Hayn-za” ölkənin mütərəqqi teatrlarındandır. Teatr Komaki üçün həyat deməkdir və o, bütün varlığı ilə səhnəyə bağlıdır. Digər sənət adamları kimi, Komaki də öz populyarlığını,  səhnə formasını qoruyur, bunları itirmək çox şeyi itirmək deməkdir. Əmək haqqını da yalnız oynadığı rola, işinə görə verirlər. Teatr aktyorun  əlavə qazanc yeri reklam çəkilişləridir, kinodur. Aktrisa otuzdan çox filmdə çəkilib, onun ekran qəhrəmanları da teatrda olduğu kimi tamaşaçılara yaxındır, doğmadır. Komaki teatrda da, kinoda da özünü sevdirməyi bacarır və aktrisanın özünü sevdirə bilməsi isə yaratdığı obrazları, personajları sevdirə bilməsi deməkdir. Onun qəhrəmanları məhəbbətə, sevgiyə sadiq olan, həyat eşqilə yaşayan qızlar, qadınlardır. Müasir dövrdə yapon kinosunda müxtəlif cərəyanların, mövzuların, açıq-saçıq səhnələrin yer aldığı bir vaxtda Komaki bu təsirlərdən uzaqdır. Onun qəhrəmanları mənən saf və nəcibdirlər. Bu baxımdan, Komakinin Keya Kumainin “Sinobuqava restoranı” filmindəki rolu səciyyəvidir. Bu film Yaponiyada 1972-ci ilin ən yaxşı ekran əsəri kimi qiymətləndirilmişdir. Filmin müvəffəqiyyət qazanmasında  baş rolun ifaçısı kimi Komakinin də zəhməti az deyil. Komaki bu filmdə xörəkpaylayan Sino obrazını yaradıb. Sino ucuz bir restoranda işləyir. Bir dəfə o, tələbə Tesura ilə tanış olur. Gənclər bir-birlərini sevirlər. Rejissor Keya gənclərin problemlərlə dolu həyatını ustalıqla təsvir edir, onların uşaqlıq illərinin acı xatirələri canlanır ekranda.

Bəlkə də bu iki gənci yaxınlaşdıran onların keçmişinin oxşarlığı, eyniliyidir. Həyatın çətinliklərini, ağrı və acısını hələ lap kiçik yaşlarından dadmış Sino və Tesura indi özlərini xoşbəxt sayırlar. Uşaqlıq illəri acınacaqlı keçsə də, artıq hər şey geridə qalıb. Sino milli geyimdə – kimonoda gözəl və cazibədardır və onu daha da cəlbedici, yaraşıqlı göstərən isə həm də daxili gözəlliyi, saflığıdır. Bu rol Komakinin yaradıcılığı üçün çox xarakterikdir. Rejissor Marikavanın “Gəncliyimin gözəl günləri” filmində isə Komakinin yaratdığı Keyo Komiyo obrazı bir çox fərdi xüsusiyyətlərinə görə Sinodan  fərqlənir. Keyko Komiyo həyatda daha mübarizdir. Varlı bir qəzet sahibi Keykonu güclə ona ərə getməyə vadar edir. Əvvəlcə o, həqiqi simasını gizlətməyi bacarır, dondan-dona girir, məqsədinə çatandan sonra isə əsl üzü açılır, məlum olur ki, qadın onun üçün əşyadan başqa bir şey deyil. Hətta o,  fikrini açıqca bildirməkdən belə çəkinmir. Keyko isə ərinin əksinə olaraq, tamam başqa təbiətli adamdır. Əlbəttə, o, həyat yoldaşının məhəbbətinə, sevgisinə qarşı birə-beş cavab verə bilər, onu qiymətləndirərdi, amma ərinin simasızlığı, qəddarlığı onda ikrah hissi oyadır. Adətən, yapon qadınları ərlərinə qarşı çox diqqətli, itaətkardırlar. Bu, yapon əxlaqıdır. Saf və ülvi məhəbbətinin qarşılığını, cavabını  görməyən Keyko özündə bu qəddarlığa qarşı bir qüvvə hiss edir, qarşıda onu yeni həyat gözləyir. Bu filmdə də Komaki özünəməxsus oyunu ilə fərqlənir. Hansı rolda oynayırsa-oynasın, Komakinin qəhrəmanları ona doğmadır.

    – Yaponiyada çəkilən filmlərin əksəriyyəti təəssüf ki,  həyat hadisələrindən, mövcud problemlərdən kənarda qalır, – Komaki Kurixara deyir. – İl ərzində ölkədə çəkilən yüzlərlə filmdən çoxu sadəcə olaraq pornoqrafiyadır. Kinoteatrlarda Amerika filmləri üstünlük təşkil edir və bu filmlərin yapon kinosuna təsiri açıqca duyulur. Ölkədə problemlər çoxdur: işsizlik, cinayətin artması – bütün bunlar yalnız mütərəqqi  kinematoqrafçıları narahat edir, düşündürür.

Bir çox sənətkarlar dünya kinosunun böhran içərisində olduğu fikri ilə barışmaq istəmirlər. Bəlkə də, onlar üçün həyatlarını həsr etdikləri bir sənəti itirməkdən qorxunc, dəhşətli heç nə yoxdur. Ancaq nə etməli? Yaponiyada da tamaşaçıların, təbii ki, bununla əlaqədar kinoteatrların, filmlərin sayının azalması kinematoqrafçıları narahat etməyə bilməz. Bu gün  kinonu düşdüyü böhrandan nə xilas edə bilər? Hələlik, bu sual cavabsız qalır. Ancaq ümidsizliyə qapılmaq da doğru olmazdı. 70-ci illərdə kinoda “çəhrayı dalğa”nın – pornoqrafiya, karate filmlərinin, necə deyərlər, partlayış yaratması, sürətlə yayılması müəyyən dövrdə kinonu yenidən diqqət mərkəzinə gətirdi. Pornoqrafiya filmləri televiziyada göstərilmədiyindən tamaşaçılar kinoteatrlara  axışırdılar. Televiziya əsasən reklam hesabına yaşayırsa, kino yalnız satılan biletlərdən gələn pulla dolanır.

– Bu gün bir vaxtlar dəbdə olan şəhvət filmlərinə münasibət dəyişmişdir. – Komaki deyir: – Bu, kinoda ötəri bir cərəyan idi. Küçə və xiyabanlarda bu cür filmləri tanıdan reklamlar da gözə dəymir. Əsl sənətkarlar, mütərəqqi fikirli kinematoqrafçılar mövcud çətinliklərə baxmayaraq, öz sözlərini deməkdən çəkinmirlər. Koxey Oqurinin “Bulanıq çay”, Taku Tinzonun “Okinavalı oğlan”, Kaneta Sindonun “Bu gün yaşayıb, sabah ölməli” və digər filmlər müasir Yaponiyanın mövcud problemlərinə toxunur. Yutaka Osavanın çəkdiyi “Müəllim” filminin qəhrəmanı ilə mənim Yurikomun faciəli taleyi arasında oxşarlıq var. Bu filmdə də əsərin qəhrəmanı gənc qadın həyatının çiçəkləndiyi bir vaxtda şüa xəstəliyindən məhv olur.

Yaponiyada sənət adamları bu mövzuya dəfələrlə müraciət etmişlər. Hirosima və Narasakiyə atılan atom bombalarının dəhşətlərini, faciəsini göstərən ilk ekran əsəri “Hitiey” sənədli filmi olub. Film atom bombalarının partlayışından sonra  çəkilib, ancaq bu kino lenti nədənsə, uzun  illər ekran üzü görməyib. 1950-ci ildə “Naqasaki zəngləri” adlı bədii filmi çəkilsə də, rejissor atom faciəsini tam kəskinliyi ilə aça bilməmişdi, çünki amerikan işğalı vaxtı buna yol verilmirdi. O vədə Amerikanı tənqid etmək  qəti qadağan idi. Bu film Naqasaki tibb kollecinin keçmiş professoru, filmin çəkilişindən bir il sonra şüa xəstəliyindən – leykemiyadan ölmüş Takasi Naqainin memuarı əsasında yaradılmışdır.

Komaki deyir ki, 1952-ci ildə Amerikanın Yaponiya üzərindəki işğalı götürüləndən sonra yapon tamaşaçılarının gözləri qarşısında atom faciəsi yenidən canlandı və yalnız sənədli deyil, bədii filmlərin də toxunduğu aktual mövzuya çevrildi. Mütərəqqi kino sənətkarlarından Kaneta Sindo 1952-ci ildə çəkdiyi “Hirosimanın uşaqları” filmində atom faciəsini yaşamış yaponların həyatını bədii və canlı boyalarla təsvir edir. Bir il sonra isə Xideo Sekiçavanın “Hirosima” filmi ekranlara çıxır. Bu filmin çəkilişinə Yaponiya müəllimlər ittifaqı maliyyə yardımı göstərmişdir. Sonradan da yapon kinematoqrafları bu mövzuya dəfələrlə müraciət etmişlər. Görünür, nə qədər atom təhlükəsi mövcuddur, yapon kinematoqrafçıları bu mövzunu unutmayacaqlar. Komaki Kurixara deyir ki, yapon sənətkarlarının narahatlığı bütün bəşəriyyətin, insanlığın narahatlığı, təşvişidir. Amerikalı bir nəfər Kaneto Sindonun “Hirosimanın övladları” filminə baxdıqdan sonra demişdir: “Əgər mən dünya hökmdarı olsaydım, bu filmi bəşəriyyətin, insanlığın icbari dərs vəsaiti edərdim!”

İyirminci əsr kino sənətində dərin iz qoymuş Akira Kurosava, Kaneto Sindo, Sasuo Yamamoto kimi mütərəqqi sənətkarlar üçün həqiqi kinematoqraf daimi axtarış demək idi. Realist kinorejissor və tənqidçi Akira Kurosava yazırdı: “Yapon filmləri yapon simasının kino təcəssümüdür. Bu sima isə qəmgin də, şən də, fikirli də, qayğılı da olur. Ancaq hansı ifadəni yaşayırsa-yaşasın, bu, yapon simasıdır”.

Ölkədə tərəqqipərvər sənətkarların ekran əsərlərindən nəinki avropalılar, bəzən yaponların özləri də onlara məlum olmayan yeni bir dünya kəşf edirlər. Bu, humanizmi hər şeydən üstün tutmağı bacaran, həyatın keşməkeşlərindən keçib yaşayan və yaşamaq istəyən insanların dünyasıdır. Bu insanları səhnədə, ekranda yaşadan, onların həyatını yaşayan sənətkarlardan biri də Komaki Kurixaradır. Komakinin  ekran qəhrəmanları bir-birindən fərqlənir, ancaq onları hardasa ümumi məziyyətlər birləşdirir: bu, yapon qadınının zəngin mənəviyyatı, psixologiyasıdır, yapon xarakteridir.

– Komaki Kurixaranın ekrandakı obrazlara münasibəti necədir?soruşuram.

– Həm kinoda, həm də teatrda oynadığım rolların, personajların hamısı mənə əzizdir, – deyir. – Onlar arasında elələri də var ki, taleləri mənim həyatıma bənzəyir və mənə elə gəlir öz taleyimi yaşayıyam səhnədə, ekranda.

– Doğrusu, bir az tərəddüd edirdim, bir halda ki, söhbəti özünüz saldınız... – sözümün ardını gətirmədim.

– Şəxsi həyatımı nəzərdə tutursunuzsa, onu deyə bilərəm ki, Tokioda yaşayıram... – dedi. Nədənsə fikrini tamamlamadı...

Söhbət boyu onun yaraşıqlı sifətində yalnız təbəssüm gördüm. Təbəssüm yapon qadınlarında həmsöhbətinə hörmət əlamətidir və onlar ən çətin, kədərli anlarda belə nəzakətlə gülümsəməyi bacarırlar.

Xudahafizləşəndə Komaki yapon qızlarına xas nəzakətlə əllərini sinəsində cütləyib başını yüngülcə əydi.

Bir-iki addım atmağa macal tapmamış fotoreportyorların əhatəsinə düşdü. Çöhrəsindəki mülayim, sirli təbəssüm ona yönəlmiş obyektivlərdən süzülərək fotolentlərə köçdü.

Dünyanın məşhur kino ulduzları jurnalistlərin “Xoşbəxtsinizmi?” sualından nədənsə həmişə çəkiniblər. Maraqlıdır, görəsən, sənət kəhkəşanında bərq vurub sayrışan sitarələr arasında öz işığı, şəfəqi ilə seçilən bir ulduz – Komaki Kurixara bu suala necə cavab verərdi?..

 

Kamil Əfsəroğlu

525-ci qəzet.- 2014.- 8 fevral.- S.25.