“Kitab oğrusu”:
savaş alovları arasında ümid qığılcımı
Markus Zusakla “tanışlığım”
onun “The Messenger” (“Elçi”,
türkcə nəşrində
“Hiç kimse sıradan deyildir”) kitabıyla başlayıb. Orijinaldan oxumasam
da, o qədər asan və sadə,
axıcı dili vardı ki, onun oxumadığım kitablarına marağım
yaranmışdı. Yazıçıya şöhrət gətirən
kitabı “Kitab oğrusu”nun elektron variantını yenicə oxumağa başlamışdım
ki, bestsellerin filmə çevrildiyi xəbərini oxudum.
Bakıdakı kinoteatrlarda da nümayiş olunan “Kitab
oğrusu”na internetdə baxdım. Və bir daha əmin oldum ki, Markus Zusak gələcəkdə
ən önəmli klassiklərdən sayılacaq. Kitabından çox da fərqlənməyən film
bəzi duyğuları olduğu kimi çatdıra bilməsə
də, sözlərin yerinə danışan güclü
aktyor oyunu bütün hiss-həyəcanı
tamaşaçıya hiss etdirir.
Müharibə
və filmlər
Dünya
müharibələri, alman-yəhudi, faşizm, kommunizm problemləri
haqqında məşhur filmlər az deyil.
Hər birinin də öz yeri və unudulmaz səhnələri
var. “Şindlerin siyahısı”, “Pianoçu” kimi filmlərə
musiqini və real hadisələri də əlavə etsək,
dünya kinosunun şedevrlərinin az olmayan payı müharibə
mövzusuna düşür. Məncə, “Kitab
oğrusu” da bu siyahıya adını yazdırmağı
bacardı. İki saatdan bir az çox davam edən filmdən
xəbərin olmadan “zərbə” alırsan, müharibənin
acısını, gətirdiyi aclığı, ölüm
qorxusunu və qoxusunu hiss edirsən. Müharibə
insanlığın arxa planda qaldığı, unudulduğu,
yalnız silahların və siyasətin
danışdığı bir zamandır. Filmdə
yəhudilərin qırğınına aid xüsusi səhnə
yoxdur, digər müharibə filmlərindən fərqli olaraq
savaşın dəhşətini silahların və alovların
üzərindən deyil, insan taleyindən
görürsünüz.
EPİZOD:
Filmin qəhrəmanının alman atası qonşudakı yəhudini
aparanlara etiraz edərkən əsgərlər onu itələyib
yıxırlar. Sonra qızcığaz bu barədə evlərində
gizlətdikləri yəhudi Maksdan soruşur:
“- Axı, o nə etdi ki?
– Heç bir şey, sadəcə, insanlara
insanlığını xatırlatmaq istədi”.
Film də, kitab da ölümün və yaxud, bizim təbirimizcə
desək, Əzrayılın diliylə anladılır. Ölüm
müharibəni ən böyük qazancı hesab edir. Müharibəyə
gedənlər vətənlərini, ailələrini qorumağa
getdiklərini zənn edirlər, ancaq əslində, onlar
ölümün qucağına qaçırlar.
Balaca
ümid simvolu – kitab oğrusu Lizel
Filmin ilk
epizodları... Lizelin anası siyasi təqiblərə
məruz qaldığı üçün balaca oğlunu və
qızını yeni ailəyə vermək qərarına gəlir.
Lakin elə qatarda ikən oğlan ölür və
anasından ayrı düşməyın acısından azad
olur. Ölüm Lizellə ilk dəfə
qarşılaşır... Qardaşını
yol üstündə adsız bir qəbirstanlıqda dəfn edərkən
qəbirqazanın cibindən düşən kitab Lizeli ilk
oğurluğa sövq edir. Oxumağı bacarmayan bir
qız oxumaq üçün kitab oğurlayır...
Və
Lizel yeni ailəsinə qovuşur... Burdakı ailəsinə az sonra isnişən qız yazıb
oxumağı bilmədiyi üçün məktəbdə
lağa qoyulur. Beləliklə, “kitab oğrusu”
yeni atasıyla bir yerdə hərfləri və sözləri
öyrənməyə başlayır. İlk
oxuduğu kitab “Məzarçılar üçün
bildiriş” olur. Dövlətlər
yıxılıb, yeni dövlətlər qurularkən, adətən
köhnə yazılanlar silinir və hər şey yenidən
yazılır. Eləcə də, Hitler
Almaniyasında intellektuallığı bir xəstəlik hesab
edən faşistlər kitabları yandırmaq qərarına
gəlirlər. Münxendə əhali əllərinə
keçən bütün kitabları meydanda tonqala atır, cəhalətin
üzünə qapılarını taybatay açırlar.
Balaca Lizel isə hər kəs getdikdən sonra bir kitabı
“xilas edib” paltosunun altında gizlədir... Tarixə nəzər
saldıqda yandırılan kitabxanalar, kitablar, əlyazmalar,
qadağan olunmuş əsərlərin az
olmadığını görərik. Bəlkə
də bu gün cəhalətin tam cənginə düşməməyimizin
səbəbi hər kitab yandırılan tonqallardan xilas olunan
kitablar, onları xilas edən “Lizel”lərdir. Bəlkə
də, kim bilir, kitablar heç
yandırılmasaydı, cəhalət və
savadsızlığın kökü də kəsilərdi...
Sonra bələdiyyə
müdirinin evindəki kitabları görəndə qəhrəmanımızın
sevincdən az qalır ürəyi
partlasın. Bir müddət ordakı
kitabları oxuyan qızcığaz müəyyən səbəblərdən
kitabları oğurlayıb oxumaq məcburiyyətində
qalır. Etiraf edim ki, uşaq vaxtı mən
də kitab oğurlamışam. Kitabları “məndən
başqa onların qədrini heç kim
bilmir” deyə düşündüyüm üçün
oğurlayırdım. Qohumlardan, qonşulardan... Oğurladığım kitabları da heç vaxt
kitab şkafımda bərk-bərk qoruyub saxlamazdım. Oxumaq istəyənlərə verirdim. Ancaq sovet dövründə çap olunan
kitabların 17-ci səhifəsini ya qaralayırdım, ya da
aşağısını kəsirdim, çünki həmin
səhifədə aid olduğu qurumun, kitabxananın
möhürü olurdu. Amma bu kitab oğurluqları
heç də Lizelin oğurluğu qədər həyatımı
təhlükəyə atmırdı...
Kitabları oxumağı öyrənən Lizel bizə
Bernard Şlinkin “Qiraətçi”sini xatırladır. Hər ikisi
müharibəni göstərmədən onun fəsadları
haqqında roman və filmdir, qəhrəmanlar
aclığın, müharibənin və qorxunun içində
kitablara maraq göstərir. Burda kiçik
bir ironiya var. Adolf Hitler də sözlərin və
kitabların köməyi ilə hakimiyyətə gəlmişdi.
Eyni zamanda sözləri və cümlələri
gözəl ifadə edə bildiyi üçün
Almaniyanın yarıdan çoxunu özünə inandıra bilmişdi.
Ancaq Markus Zusakın qəhrəmanı sözləri
və oxuduğu kitabları ilə sevdiyi insanlara kömək
etməyə çalışır. Kitablardan ətrafında
baş verən hadisələri anlamağa başlayır,
ancaq öz uşaq düşüncəsiylə Hitlerə bir
səbəblə nifrət edir, anasını onun əlindən
aldığı üçün...
Lizelin əsl
anasına yazdığı, lakin heç vaxt ona
çatmayacaq məktub: “Əziz anam, bu gün Fürerin
(Hitlerin) doğum günüdür. Kaş ki, mənim
doğum günüm olaydı, bəlkə o zaman gəlib məni
görərdin”. Rolunun öhdəsindən
gəlməyi bacaran 14 yaşlı kanadalı aktrisa Sofi Neliz
bundan əvvəl “Cənab Lazar” filmində məktəbli
Alisa rolunu oynayıb.
Dostu və həmyaşıdı Rudi (Nico Lierş)
xarakterinə görə filmin ən maraqlı
obrazlarındandır. Rudiyə azyaşlılar üçün xüsusi təlim
və tədris mərkəzinə çağırış
gəldikdə Lizelə deyir “Böyümədən ölmək
istəmirəm”... Rudi Lizelin kitab
oğurladığını görüb: “Heç
ağlına gəlmir ki, mətbəxə də baxasan? Biz burda acından ölürük” –deyir. Balaca alman uşaq dünyanın ən sürətli
qaçan insanı olmaq istəyir. Onun
qaçış səhnəsi Tom Henksin oynadığı
“Forest Qamp” filmini xatırladır. Lakin Rudi
üzünü gözünü qaraya boyayıb kumiri kimi zənci
olunca daha sürətli qaçacağını fikirləşir.
Atası buna etiraz edəndə isə uşaq
ağlıyla zəncilərdən niyə nifrət edildiyini
anlamır. Məhəllədə özündən
böyük olanlardan fərqli olaraq onun dünyası hələ
rənglərə, millətlərə və dinlərə
bölünmür...
“Allah
ikinizi də öldürsün:səni də,
Hitleri də...”
Filmin
dramatik və daha ağır hissələrini Hans
və Roza ifa edir. Cofri Ruş və Emili Uatsonun
oynadığı ər və arvad rolu klassik nazi Almaniyası
haqqında çəkilən filmlərdəki ailələrdən
fərqlidirlər. Onlar üçün
millətçilik, dövlətçilik
anlayışından irəlidə insanlıq gəlir, evlərində
gizlətdikləri yəhudini alman zabitlər taparsa, həyatlarının
sonu gələcək.
Cofri Ruş “Kralın nitqi” filmindəki obrazından sanki
çıxmayıb. Hətta deyərdim ki, oynadığı Hans
obrazı o qədər sakit, səbrli və nəcibdir ki,
adama elə gəlir ki, kral
rolunu davam etdirir. Ancaq zirzəmidə yaşayan yəhudi Maksa
bayırdakı havanın necə olduğunu bildirmək
üçün içəri qar yığıb orda qartopu
oynadıqda isə “zadəgan kral” sanki uşaq
şıltaqlıqıyla “Karib dənizinin
quldurları”ndakı Barbossaya çevrilir. Lizelin daha çox
qayğısına qalan Hans partiyaya
qatılmaqdan imtina edir və ailəsi ilə birgə
yarıac-yarıtox yaşayır. Öz akkardionu ilə
arvadını bezdirən Hans hava
hücumundan müdafiə zamanı girdikləri zirzəmidə
insanları ovundurmaq üçün akkardionda şən
mahnı ifa edir. Bir tərəfdə bomba və
partlayış səsləri, digər tərəfdə isə
elə akkardionun səsi qədər zərif ürəkli
Hansın ifası...
Əgər film Azərbaycanda və ya yaxın bir ölkədə
çəkilsəydi, ya da Markus Zusakın romanı
olmasaydı, qətiyyətlə deyərdim ki, Roza obrazı
“Bizim Cəbiş müəllim” filmindəki Şəfiqə
Məmmədovanın oynadığı obrazla tamamilə
eynidir. Hirsli
və acıqlı, deyingən qadın... Filmə baxarkən
adamda elə hiss yaranır ki, bütün olanlardan bezmiş
qadın ərinə tərəf qanrılıb deyəcək:
“Allah ikinizi də öldürsün, səni də, Hitleri də...”. Ərinin tənbəl olduğunu tez-tez
üzünə vuran və yaşadığı ərazidə
daha çox əzazil biri kimi tanınan Roza
insanlığını əsla unutmayan, ərinin,
övladlığa götürdükləri Lizelin və zirzəmidə
almanlardan gizlətdikləri yəhudi Maksın ac qalmaması
üçün zəngin ailələrin paltarlarını
yuyub ütüləyir. Emili Uatsonun qəhrəmanı
zahirən nə qədər güclü görünməyə
çalışsa da, daxilən o qədər zərif və
zəifdir. Ziddiyyətli xarakter filmə
daha çox maraq qatır, hansı situasiyada nə cür
davranacağını təxmin etmək olmur.
Yəhudi Maks (Ben Şnetser) da Rudi və Lizel kimi Hitlerə
nifrət edir.
Özünü müdafiə kimi üstündə
Hitlerin “Mənim mübarizəm” kitabını gəzdirir.
Hans və Rozanın evinə
sığınaraq gün üzünə həsrət
qalır. Bir neçə il zirzəmidə
yaşamaq məcburiyyətində qalır, ən yaxın
dostu Lizel o xəstə olanda bələdiyyə sədrinin
evindən oğurladığı kitabları başı
üstündə oxuyaraq onu tək buraxmır. Qəsəbədə
gecə həyəcanı veriləndə hər kəs
yeraltına sığınanda o, ilk dəfə çölə
çıxıb ulduzları seyr edir. Maksın
Lizeldən başqa heç kimi yoxdur, həm sirdaşı, həm
də əyləncəsi elə balaca
qızcığazdır. Kitabda Lizel haqqında belə
bir cümlə var: “Qardaşı qollarında
ölmüşdü, anası tərk etmişdi, amma yenə
də bir yəhudi olmaqdan yaxşıdı”.
Bələdiyyə sədrinin həyat yoldaşı isə
çirkabın içində olan hakimiyyətdə yanan tək
ümid işığıdır. O, Lizel üçün kitab
oxumağa şərait yaradır və sona qədər
qızın taleyi ilə maraqlanır. Filmin
Ölümün dilindən nəql edilməsi təsadüf
deyil. Filmi seyr edərkən onunla tez-tez
rastlaşacaqsınız. Filmin rejissoru
Brayn Perçival elə də məşhur bir isim deyil. Onun ən səs gətirən işi “Downton Abbey”
serialının heyətində olmasıdır. Həmin
serialın da mövzusu birinci dünya müharibəsi illərində sadə vətəndaşların
həyat tərzidir. Filmin musiqisi isə bu il
martda təqdim olunacaq Oskar nominantları arasındadır (Con
Vilyams).
Filmə baxarkan, eləcə də kitabı oxuyarkən
nə qədər soyuqqanlı olduğunuzu düşünsəniz
də, Ölümün, gerçək ölümün dilindən
danışılan hekayə sizi həm sarsacaq, həm
qorxudacaq, həm də boğazınızda düyün olub
qalacaq. “Kitab oğrusu” artıq 7-8 ildir ki ən çox
satılan kitablar arasındadır. Azərbaycanda
isə hələ də tərcümə olunmayıb. Yəqin
ki, filmindən sonra kitab bir neçə ay ərzində tələsik
tərcümə ilə satışa çıxarılacaq,
üzərində də filmin qəhrəmanlarının
şəkli...
Pərviz SADIQOV (Pero)
525-ci qəzet.- 2014.- 8 fevral.-S.9.