Ah, AQİL ABBAS, ah!
Sən ki Türkiyəni bu qədər sevirsən ,
sən ki Türkiyəni bu qədər yaxından təqib edirsən...
Türkiyədə qurdların
necə çaqqallaşdığını
yenimi öyrənirsən?
Türkiyə deyilən bu ölkədə Türkün
hələ qərib, Türkün hələ susqun, Türkün hələ də yaslı-yaralı olduğunu
yenimi eşidirsən?
150 ildir bu ölkənin boğazına
dişlərini keçirmiş
Avropa heyranlığını,
cəhalətini, yarımçıq
aydınını sənə
necə izah edim mən?
Türkiyənin o zəfərləriylə öyündüyümüz müharibələri
var ya ... Çanaqqala, Trablusqarp...
O döyüşlərin təməlində
yüz minlərlə
gənc tələbənin
qanı var. 1915-ci ilin
may ayında orta məktəblərdə yoxlama
aparıldığında bütün
lisey siniflərinin boş olduğu təsbit edilmişdi.Yəni
ölənlər 16-17 yaşındakı
uşaqlar idi.
Atatürk Respublikanı qurduğunda
oxuma-yazma bilənləri
məktəblərə müəllim
olaraq göndərirdilər. Çünki
müharibələr bu
ölkənin oxuyan insanını yox etmişdi...
Bu cəhalətin sonunda
da yeni bir
ölkə qurma həyəcanı, yoxsulluq
ancaq sənin görə bildiyin bu yarımçıq ziyalıları yetişdirə
bildi. Bu yarı
ziyalılar da çaqqallaşınca niyə
əhvalın pozulur ki?
Anadolu insanı
istiqanlı, saf, təmiz, duyğulu və imanlıdır. Bir əsgər görsünlər,
duyğulanıb ağlarlar.Vətən
mövzusu keçsin,
beş oğlunu
da versə: "Vətən sağolsun!"
deyərlər.
Amma qəzet
guşələrinə sahiblənənlər,
televiziyalarda hər gün minlərlə yalanı səpələyənlər,
yəni bu yarıoxumuşlar bu ölkənin baş bəlasıdırlar.
Bu yarımziyalılar bir neçə növdür. Kimisi ruhunu tamamilə şeytana satıb və öz xalqından nifrət edər, hər zaman: "Bizdən adam olmaz",
deyər, amma bu xalqın da çörəyini yeməkdən utanmazlar.
Bu yarımziyalılardan kimisi solçudur, amma sənin, mənim bildiyim solçulardan deyildirlər. Türk dediyində
bunu irqçilik anlarlar və xəyallarındakı xalqdan
qopuq utopik sosializmdə yaşamağı
seçərlər.
Bu yarımziyalılardan bir qrupu türkçüdür. Türk nədir,
harada yaşayar, hansı ləhcəni danışar, yemək mədəniyyətləri, fərqli
ənənələri nələrdir,
əsla araşdırmazlar.
Sadəcə "Türk,
Turan" kimi şüarlarla coşar
və ölkələrimizin
puluyla ildə bir neçə dəfə Antalya kimi tətil yerlərində toplanar, nitqlik edər, sonra da keyflərinə baxarlar. Bu səbəblə
də ikimiz də bilirik ki, 22 ildir ki,
türk dünyası
deyilən bu respublikalarda Avropa Birliyi kimi ortaq
bir mədəniyyət
xəyalı mövzusunda
bir addım belə atılmayıb.
Bu yarımziyalılardan bir qrupu islamçıdır. Bunların çoxu
yalnız osmanlıca bilir deyə tarixi Qədr Mısroğlu, Mustafa Müftüoğlu
kimi jurnalistlərdən
öyrəniblər və
tamamilə xəyal məhsulu mövzuları tarix sanarlar. Nə Halil İnalcığı,
nə Kamal Karpatı, nə də İlbər Ortaylını oxuyarlar.
İranın xaricində İslam
dünyasının hamısını
sünni bilirlər və Türkiyə dar günündə çağıracaq olsa, qaça-qaça arxamızca
düşəcəklərini sanırlar. Misir, Suriya kimi ölkələrdə türk
düşmənliyinin Avropadan
daha çox olduğunu belə bilməzlər. İslam dünyasının
min təriqət, məzhəb,
qəbilə, camaat arasında bölündüyünə,
hamısının bir-birini
kafir elan etdiyindən xəbərləri
yoxdur. Əfqanıstan
döyüşü çıxdığında
belə orada onlarla qəbilə, irq, məzhəb olduğunu bilmirdilər və sanırdılar ki, mücahidlər cihadı reallaşacaq, dərhal bir islam dövləti
qurulacaq.
Əsla araşdırma etməzlər. Statistika,
bölgə işləri , doktorluq tezisləri
onlar üçün
bilinməyən şeylərdir.
Çünki boş xəyallar
onlara daha çox xoş gəlir. Məsələn, Almaniyanın Türkiyəyə
göndərdiyi tələbələrin
hansı bölgədə
necə azan oxunur deyə, Türkiyədə
hansı xalqların yaşadıqlarını araşdırmaqları
üçün addım-addım
gəzməsi, hətta
ləhcələr üzərinə
bir çox doktorluq dissertasiyası yazılması onların marağını çəkməz.
Bu yarımziyalılardan bir qismi guya
Atatürkçüdürlər. Amma Atatürkü bir büt kimi düşünməkdən
başqa etdikləri bir şey yoxdur.Tək
arzuları 1930-cu illərdəki
kimi yaşamağımızı,
hamımızın qalstuklu,
hər zaman mərasimlər təşkil
edib marşlar oxumağımızı istəyərlər...
Amma Atatürkün əsas məqsədi nə idi, o mövzuda əsla baş yormazlar.
Ah, Aqil Abbas, ah!
Sən sanırsan
ki, oxumuş, ətrafını görən
Türkiyənin filmlərinin
ssenarilərini məlumatlı
alimlər, yazıçılar
yazacaqlar və Azərbaycanı da orda obyektiv göstərəcəklər. Haradadir o ziyalılar,
əziz dostum?
O ziyalılar Osmanlını
parçalayan imperialist ölkələr
tərəfindən illərcə
sürən döyüşlərdə
yox edildilər.O ziyalıların nəsli kəsildi. Onların nəsillərindən bir az qalmışsa
da onlara əsla nə qəzet, nə televiziya, nə də film ssenarisi verilir. Onların danışmalarına əsla icazə verməzlər.
Bu səbəbdən İstanbulda
minlərlə adam "hamımız
erməniyik" deyə
yürüşə çıxarlar.
Bu səbəbdən Türkiyə
gedib durduğu yerdə başını ağrıdar və Suriyaya, Misirə burnunu soxar.
Bu səbəbdən Uzun Həsənin paytaxtı olan və yüzlərlə
il türkmənlərin
yurdu olmuş Diyarı Bəkir Kürdüstanın paytaxtı
elan edərlər!
Bu səbəbdən türkün ən əhəmiyyətli 12 tayfasından biri olan avşar tayfasına mənsub bir sənətçi mən kürdəm deyər.
Bu səbəbdən bu ölkənin geri zəkalı ziyalısı burnunun ucunu görməz və yanındakı ölkədə 35 milyonluq türkün varlığından xəbəri belə olmaz!
Bu səbəbdən guya türkün tarixini yazan Səfəvi deyilincə onu fars olaraq anlar.
Bu səbəbdən bu ölkədə şərq türklərinin Yunus Əmrəsini, Şah İsmayılı kimsə bilməz !
Bu səbəbdən qurdların olduğu bir filmdə belə qurdlar çaqqallar kimi quyruq bulayarlar!
Bu səbəbdən deyirəm əziz, Aqil Abbas, ah!
Bu səbəbdən...
Orxan ARAS
525-ci qəzet.-
2014.- 12 fevral.- S.5.