"...Toyunda deyil, yas mərasimində iştirak etmək qismət oldu"
Bahar Muradova
şəhid Eşqin Quliyevdən
yazdı:
Milli Məclisin
(MM) sədr müavini
Bahar Muradova Azərbaycan Ordusunun fevralın 6-da şəhid
olmuş əsgəri
Eşqin Quliyevin Füzuli rayonundakı dəfn mərasimində iştirak edib. B.Muradova bununla
bağlı öz kədərini "facebook"
sosial şəbəkəsində
ifadə edib. B. Muradova statusunda yazıb ki, bir millət vəkili kimi ona E. Quliyevin toyunda deyil, yas mərasimində iştirak etmək qismət olub: Onun qeyd etdiyinə
görə, çox ağır dəqiqələr
idi, Azərbaycan bayrağının üzərində
asılmış şəkildə
bir cüt göz aramsız olaraq bizi izləyirdi,
bu gözlər həm də ciddiyyət və məsuliyyət ifadə edirdi. Vitse-spiker sonra qeyd edib
ki,
özünə arxayınlıq və inam da vardı
onlarda, öz gücünə, cəsarətinə və
dəyanətinə inam: "Bütün
bunların arxasından
isə bir kədər və qayğı oxunurdu onlarda. Sevinci isə çox
axtardım, tapmadım.
Elə bil alnına tuşlanan güllə səsindən perik düşmüş, daha rahat, daha təhlükəsiz
bir yerdə gizlənmişdi. Əmisi
Vaqif kişi
onun haqqında çox həzin, titrək səslə, ancaq qürurla danışırdı - "Bahar
xanım, vallah, desəm inanmazsınız.
Eşqini elə bil ki, yüzlərlə ağır, samballı və müdrik ağsaqqal kişilərdən
yoğurub yapmışdılar.
Heç
25 yaşlı gənc
bir oğlana bənzəmirdi. Bir az da qaraqabaq və qapalı görünərdi
həmişə. Böyüklə böyük, kiçiklə
kiçik idi. Həyatın gözəllikləri, rəngarəng zövqlərinə
marağı, əyləncə
və vaxt keçirməklə arası
yox idi. Heç kimin qəlbinə dəyməz, heç kəsin sözünü çevirməzdi. Hansı işə
buyursan, canla-başla yerinə yetirər, heç nədən şikayətlənməzdi. Özündən böyüklərin
gözlərinə çox
az hallarda
baxardı. Daim öz aləmi və iç dünyası ilə baş-başa idi elə bil. (bunları söyləyərkən
dodaqları səyriyir,
lakin özünü ələ alaraq sözünə davam edir). Bu da bizim öz dədə-baba
torpaqlarımızdır. Kəndimiz Aşağı Seyidəhmədli
isə işğal altındadır, bütün
evlərimiz dağıdılıb.
Biz bu yerlərə
qayıdıb yenidən
məskunlaşanda öz
qəbristanlığımız yox idi. Dünyasını dəyişənləri digər kəndlərin qəbristanlığında, ya
da məskunlaşdıqları
yerdə basdırardıq.
Sonra kənd ağsaqqalları yığışdıq,
bir az
yuxarıda təpənin
başında qəbristanlıq
üçün yer müəyyənləşdirdik. İndi orada 300-dək həmkəndlimiz
dəfn olunub. Artıq Eşqinin də son mənzili ordadır- atasının yanında. Daha danışa bilmir,
başını aşağı
salıb susur, özünü ələ
aldıqdan sonra sözünə davam edir. "Neynəmək
olar, ay qızım, hər kəsin bir taleyi var,
hərə bu dünyadan bir cür köçür.
Onun da qisməti beləymiş. Amma şərəfli
ölüm hər şeydən üstündür.
Bir təsəllimiz var ki, o, bu torpağın
azadlığı yolunda,
namus, qeyrət üçün vuruşub,
bu yolda da şəhid olub. Vallah qürur duyuruq,
fəxr edirik ki, o, özü bu yolu seçdi,
"mənim yerim ön cəbhədir"-deyib, cəsarətlə irəli atıldı. Düşmənlə
üz-üzə ən
sonuncu mövqedə, təmas xəttindən
200 metr ara
məsafəsində xidmət
edirdi. Döyüş yoldaşları da
deyir ki, hərbi tapşırıqları
yerinə yetirəndə
heç öz təhlükəsizliyinin qeydinə
qalmaz, səngərin üzərinə qalxaraq düşmənin həmlələrinə
cəsarətlə cavab
verərdi. Həmin gecə
də belə olub, deyirlər. Doğrudur, mən orda olmamışam,
yalan danışa bilmərəm. Əsgər yoldaşlarının
söylədiklərini deyirəm.
Yenə də yarıyadək səngərdən qalxıb
atəş açırmış,
onu çəkib aşağı salıblar
ki, düş aşağı, müəyyən
olunmuş atəş
nöqtələrindən cavab
ver. Snayper gülləsi
də elə onu burada yaxalayıb.
Düşmən həmin nişan
nöqtəsində onu
başından vurub".
Yenə səsi titrəyir, ancaq elə bil kövrəldiyi üçün özünü günahkar sayır. Onun ruhu və bizi izləyən gözləri qarşısında zəif görünmək istəmir, özünü ələ alaraq sözünə davam edir. "Bahar xanım, bu hadisədən bir həftə əvvəl ona fiziki keyfiyyətləri və döyüş bacarıqlarını nəzərə alaraq, xüsusi hissələrdə xidmət etmək təklifi olunub. O isə qəti imtina edib. Ön cəbhədə qalmaq istədiyini deyib. Bir sözlə, öz taleyini şüurlu şəkildə özü seçdi,bu torpaq, bu xalq üçün canını belə əsirgəmədi. "Təki Vətən yaşasın" -dedi". Onu diqqətlə dinləyirəm. Bu sadə, müdrik ağsaqqal sanki bizə, onun dərdinə şərik olmağa gəlmiş Füzulinin icra başçısı Alı müəllimə, rayon ağsaqqallarına, idarə və müəssisə rəhbərlərinə və s. təskinlik verir. Elə bil çox kədərlənəcəyimizdən ehtiyat edir. Eşqinin toy mərasimində daha ürəklə iştirak etməli olan bizləri daha artıq ağrıtmaq istəmir. Dağ qüruru, dağ dəyanəti ilə dayanır qarşımızda. Sanki bayaqdan önümüzdə dayanan Eşqin adlı şəhidlik zirvəsi ilə yanaşı bir müdriklik zirvəsi də ucalır. Bu cəsarətin dözüm və mərdliyin ailədən, Eşqini yetirən, boya-başa çatdıran insanlardan qaynaqlandığını düşünürəm. Və heç nəyin həyatda təsadüfi baş vermədiyinə bir daha inamım möhkəmlənir. Dövlətimizə, xalqımıza təşəkkür edir. "Sağ olsun çox hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız. Çox böyük diqqət və qayğı göstərdilər. Yerli icra orqanları, rayon rəhbərləri bütün bu müddət ərzində yanımızda oldular, bizə dayaq durdular. Xidmət etdiyi hərbi hissə rəhbərliyi, döyüş yoldaşları çox böyük ehtiramla yanaşdılar hər şeyə. Yeni müdafiə nazirimizə uğur və cansağlığı arzulayıram. Bu məsələlərə diqqət çox yüksək səviyyədədir. Bizi qane edir. İnşallah qələbəyə inamımız böyükdür. Nə qədər ki, Eşqin kimi oğullar var, Azərbaycan dövləti öz vətəndaşının və əsgərinin yanındadır, inanırıq ki, biz öz torpaqlarımıza qayıdacağıq". O, bunu o qədər əminliklə söyləyir ki, insanda heç bir şübhə yeri qalmır. Düşünürəm, bu qoşa zirvəni fəth edən Vaqif və Eşqin Azərbaycanın dünəni və bu gününün vəhdəti timsalında sabahına uzanan müqəddəs bir yolun yorulmaz yolçularıdır. Vaqif kişi öz kökləri üzərində möhkəm dayanan Azərbaycan adlı bir ağacın gövdəsi, Eşqinlər isə onun günbəgün pərvazlanan qol-budağıdır. Bu kök o qədər möhkəmdir, onun yerləşdiyi bu torpaq o qədər münbitdir ki, qırılan hər budağın yerinə onlarca yenisi göyərəcək və hər zaman da yaşıl olacaq. Qəlbim iftixarla doludur. Azərbaycan adlı bir məmləkətin işğala məruz qalmış Füzuli bölgəsinin Aşağı Seyidəhmədli kəndində kədərdən boğula-boğula şəhid vermənin qürurunu yaşayan bir el ağsaqqalını dinləyirəm. Özüm danışmağa lüzum görmürəm. Zatən hər şey deyilmiş...".
K.Həmzəoğlu
525-ci qəzet.-
2014.- 12 fevral.- S.5.