Sufi təfəkkürünün böyük nümunəsi elmi
ictimaiyyətimizə bir töhfə kimi
Farsdilli
ədəbiyyatın görkəmli
tədqiqatçısı, tanınmış şərqşünas
alim, AMEA-nın Akademik Ziya Bünyadov
adına Şərqşünaslıq
İnstitutunun mənbəşünaslıq
və yazılı abidələrin tədqiqi
və nəşri şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov özünün yeni dəyərli əsərləri
və tərcümələri
ilə daima elmi ictimaiyyəti sevindirir.
Mehdi Kazımov respublikamızda
sufi ədəbiyyatının
ən görkəmli tədqiqatçılarından biridir. Alimin bu sahədəki fəaliyyətində orta
əsrlər sufi fikrində böyük iz qoymuş ən görkəmli sufi müəlliflərindən olan
Nəcm əd-Din Razi yaradıcılığı
da önəmli yerlərdən birini tutur. Daha əvvəl Nəcm
əd-Din Razinin "Eşq və əql"ini farsca orijinaldan tərcümə
etmiş M.Kazımov bu dəfə həmin müəllifin
"Mirsad əl-ibad
min əl-məbdə ilə-l-mə`ad" ("Allah bəndələrinin
yolu başlanğıcdan
qayıdışa qədər")
əsərinə müraciət
etmişdir. O, bu
əsəri fars
dilindən rus dilinə tərcümə
edərək, "Ön
söz" və qeydlərlə kitab şəklində oxuculara
çatdırmışdır.
İnstitutdan AzərTAc-a bildirmişlər
ki, elmi ictimaiyyətə akademik V.Məmmədəliyevin və
tarix üzrə fəlsəfə doktoru E.Ağayevanın elmi redaktorluğu ilə təqdim edilən bu kitab sufiliyin
və bütövlükdə
islamın problemləri,
orta əsrlər fəlsəfəsi, ədəbiyyatı
və mədəniyyəti
məsələləri ilə
bağlı tədqiqat
aparan mütəxəssislər
üçün böyük
töhfədir.
1177-ci ildə Reydə
anadan olmuş Nəcm əd-Din Razi həyatının çox hissəsini vətənindən uzaqlarda
- Suriyada, Misirdə, Hicazda, İraqda, Xorasanda və başqa yerlərdə keçirməli olmuşdur. Ömrünün sonunu Bağdadda keçirmiş və
1257-ci ildə həmin
şəhərdə dünyasını
dəyişmişdir.
Sufi nəzəriyyəçisi kimi tanınan Nəcm əd-Din məhsuldarlığı ilə
seçilmiş və
bir çox nəsr və nəzm əsərlərinin
müəllifi olmuşdur. Onun əsərləri sırasında
"Mirsad əl-ibad"dan
savayı "Mərmuzat-i
Əsədi", "Mənarət
əs-sayerin", "Risalət
ət-teyr", "Sirac
əl-kulub", "Eşq-ü
əql" və digərlərini qeyd etmək olar. Yaradıcılığının zənginliyi ilə seçilən müəllifin
sufi mühitində,
ziyalı dairələrində
ən çox tanınmış əsəri
məhz "Mirsad əl-İbad" olmuşdur.
Bu əsəri ilk olaraq
bir qrup dərvişin xahişi ilə yazan Nəcm əd-Din Razi məşhur sufi şeyxi
Şihabəddin Əbu
Həfs Ömər Sührəverdi ilə görüşündən sonra
yenidən bu işə qayıtmış
və onu 1223-cü ildə tamamlamışdır.
Professor Mehdi Kazımov
təqdim etdiyi kitaba yazdığı
"Ön söz"də
Nəcm əd-Din Razinin həyat və yaradıcılığı
haqqında məlumat verir, onun əsərlərindən
ətraflı söz açır. M.Kazımovun rus dilində
tərcüməsində təqdim
olunan "Mirsad əl-İbad" 5 fəsil
və 40 yarımfəsildən
ibarətdir. Bu əsər
sufi nəzəriyyəsi
və praktikasının
kompleks məsələlərinə
həsr olunmuşdur. Əsərin
giriş hissəsində
bütün fəsil və yarımfəsillərin
adları göstərilir
və əsərin yazılmasının məqsədi
qeyd edilir.
Müəllif əsərinin girişi olan birinci fəslin 3 yarımfəslində onun əhəmiyyətini qeyd edərək faydalarından söz açır. Burada təqdim edilən tarixi məlumatlar müəllifin həyat yolunun müəyyən mərhələlərini öyrənməyə kömək edir.
Beş yarımfəsildən ibarət olan ikinci fəsildə ruhların təbiətindən, mülk və mələkut aləmindən, insanın yaradılışından söz açılır, ruhun cismə daxil olması izah edilir.
"İnsanların mövcudluğu haqqında" adlanan üçüncü fəsil əsərin ən böyük və mərkəzi qismidir və burada 20 yarımfəsil yer alır. Burada Həzrət Məhəmmədin peyğəmbərlik missiyası, insanın bədəninin tərbiyəsi, ruhunun və qəlbinin təmizlənməsi məsələlərinə toxunulur. Növbəti yarımfəsillərdə insanın ruhi kamilləşməsi üçün şeyxə ehtiyacdan bəhs olunur, şeyxlərin, müridlərin malik olduqları keyfiyyətlər göstərilir. Müəllif burada, həmçinin zikrin əhəmiyyətini qeyd edərək zikr etməyin qayda və üsulları, yeri və zamanı barədə söz açır.
"Xoşbəxt və bədbəxt ruhların qayıdışı" adlanan 4-cü fəsildə müəllif insan şəxsiyyətinin sakitləşdirici, ruhlandırıcı, qınayıcı və hökm edən ruhlarını qeyd edərək onların hansı kateqoriyalı insanlara aid olduğunu göstərir və ruhun da bu və ya digər kateqoriyaya aid olmasından asılı olaraq, cənnətə və ya cəhənnəmə yol alacağını qeyd edir.
"Müxtəlif qrup insanların yolu" haqqında 5-ci fəsildə orta əsrlər cəmiyyətinin nümayəndələrinin həyat tərzi əks olunur. Əxlaqi-didaktik xarakter daşıyan bu fəsil hakim zümrələrdən tutmuş sənətkarlara, əkinçilərə qədər müxtəlif təbəqələrdən olan insanların mövqeyi, davranışı, maraqları və yollarının xüsusiyyətlərinə həsr olunmuşdur.
Kitabın sonunda M.Kazımov əsərdə rast gəlinən bəzi sözlərin izahını 447 qeyddə verir, həmçinin hədislərin, şəxs adlarının və coğrafi adların göstəricisini təqdim edir.
525-ci qəzet.- 2014.- 13 fevral.- S.7.