Yas mərasimlərində Quran hansı dildə oxunmalıdır?
Bu gün bu sual ən müxtəlif
səviyyələrdə, hətta
Milli Məclisin plenar iclasında belə müzakirə olunur. Mövzunun son iki həftədə
cəmiyyətdə geniş
əks-səda doğurduğunu
nəzərə alaraq
professor, fəlsəfə elmləri
doktoru Rafiq Əliyevin məsələyə
münasibətini dərc
etmək qərarına
gəldik. Bununla sözügedən
mövzunun ya daha ətraflı ictimai müzakirəsinə,
ya da müvəqqəti
olaraq dayandırmaq imkanının olmasına
aydınlıq gətirmək
istədik. Nəticənin
necə olmasından asılı omayaraq, ortada danılmaz bir həqiqət var: bu gün
sözügedən məsələ
cəmiyyət üçün
birinci dərəcəli
əhəmiyyət daşımır.
Söhbətin girişində oxucuları
bir neçə tanınmış şəxsin
rəyi ilə məlumatlandırmaq istəyirik:
İki həftə əvvəl Milli Məclisin sədri hörmətli Oqtay Əsədov plenar iclas zamanı
dini mərasimlərdə
Quranın Azərbaycan
dilində oxunmasının
vacib olması fikrini səsləndirdi:
"Bizim dinimizin əsas kitabı "Qurani-Kərim"dir. Quran Azərbaycan
dilinə tam səlisliyi
ilə tərcümə
olunub. "Qurani-Kərim"
ərəb dilində
oxunanda insanların 80
faizi onu başa düşmür.
Bəziləri ərəb dilində
oxuyur, sonra Azərbaycan dilinə tərcümə edirlər.
Bakının bəzi kəndlərində
mərasimlərdə "Qurani-Kərim"dəki
surələr Azərbaycan
dilində oxunur.
Qurandakı sözlər Azərbaycan
dilində deyilməlidir
ki, insanlar onu anlasınlar. Əgər bu kəlamlar bizə lazımdırsa, öz dilimizdə deyilsin ki, hamı
da başa düşsün".
Milli Məclis
sədrinin irəli sürdüyü bu təklif cəmiyyətdə
birmənalı qarşılanmadı. Yerli mətbuatda
din adamlarının mövzu
ilə bağlı açıqlamaları ardıcıl
yer almağa başladı.
Onlardan biri - "Məşədi
Dadaş" məscidinin
axundu Hacı Şahin Həsənli
"İnsan ruhunun şəfası olan Quranın məhz ərəb dilində oxunması böyük əhəmiyyət kəsb
edir", - deyərək
irəli sürülən
təklifin əleyhinə
olduğunu bildirdi:
"Qurandakı sözlərdə
elə bir ilahi təsirli məzmun, məna var ki, onlar
birbaşa insanın daxili aləmini öz təsiri altına salır".
Ölkənın tanınmış ilahiyyatçılarından
biri Elşad Miri isə Oqtay
Əsədovun Quranın
Azərbaycan dilində
oxunması ilə bağlı irəli sürdüyü təklifə
bir qədər başqa mövqedən yanaşdı: "Spiker namazın Azərbaycan dilində qılınmasını,
azanın bu dildə verilməsini istəmir. Oqtay Əsədov sadəcə
bu gün "Qurani-Kərim"in insanlara
ərəbcə, mənasını
başa düşmədən
çatdırmanın əhəmiyyətli
olmadığını bildirmək
istəyir. Əslində deyilənlərdə həqiqət
var. Quran bizim oxuyub, öyrənib, dərk edib, yaşayıb, yaşatmağımız üçün
göndərilib. Quran ölülər üçün
deyil. "Yasin" surəsinin 70-ci ayəsində bildirilir ki, kitab dirilər
üçündür. Biz isə Quranı
ölülərin kitabına
çevirmişik. Bəli, bu
gün Quran Azərbaycan
dilində öyrənilməlidir.
Öyrənməyə çalışan insanlar görəcəklər
ki, həqiqətən
də "Qurani-Kərim"
bizim üçün
imiş. Ümid edirəm
ki, Oqtay Əsədovun dedikləri
söz olaraq qalmayacaq. Bunun ardından isə
Quranın izahlı açıqlamaları, video materialları,
kitabları, televiziya verilişləri hazırlanacaq.
Bütün bunların həyata
keçməsi Azərbaycan
üçün nailiyyət
olacaq".
Millət vəkili Fazil Qəzənfəroğlu da
Oqtay Əsədovun fikrini təsdiqlədi, bunun vacibliyini söylədi və izah etdi ki,
eşitdiklərimizi başa
düşməliyik.
Çox keçmədi ki, mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin
sədri şeyxülislam
Hacı Allahşükür
Paşazadə də Milli Məclis sədri Oqtay Əsədovun dini mərasimlərdə Quranın
Azərbaycan dilində
səsləndirilməsi təklifinə
münasibət bildirdi. Münasibət
qısa və yaddaqalan oldu: "Quranın yas mərasimlərində Azərbaycan
dilində oxunması müzakirə mövzusu ola bilməz".
Bütün bu olaylara və
misal gətirmədiyimiz
digər rəylərə
"İrşad" İslam
Araşdırmaları Mərkəzinin
direktoru professor Rafiq Əliyevin münasibətini
öyrəndik. Cavabın qısa olmadığını,
lakin maraqlı tərəfini nəzərə
alaraq onu bütövlüklə oxucuya
təqdim edirik:
Öncə bildirmək istərdim ki, ölkənin qanunvericilik orqanı olan Milli Məclisin
sədri hörmətli
Oqtay Əsədovun verdiyi təklif ictimai rəyi öyrənmək nöqteyi-nəzərindən
ciddi əhəmiyyət
kəsb edir. Bu, onu göstərir ki, ölkə rəhbərliyi üçün
ictimai rəy vacib amillərdən birinə çevrilməkdədir.
İkinci məqam odur ki, mən müzakirəsi
mümkün olmayan sualların içində
yalnız Allahın varlığını görürəm. Qalan bütün
məsələlər, o cümlədən
müqəddəs kitabın
məzmunu və orada yer tapmış
ayələrin, onların
insanlara necə çatdırılmasının söhbət, dialoq mövzusu olmağında heç bir qəbahət görmürəm.
Verilən təklif isə
hətta bu dediklərimi də əhatə etmir. O, yalnız İlahinin bizə göndərdiyi kəlamları müsəlmanlara
onların başa düşəcəyi dildə
çatdırılmasından bəhs edir.
Bütün dediklərimlə yanaşı, onu da qeyd etmək istərdim ki, ölümündən sonra insanın "ilahi dosyesi" bir daha açılmamaq şərtilə həmişəlik bağlanır. Bu "ömür dəftəri"nə nəyisə əlavə etmək, yaxud da nəyisə ixtisara salmaq mümkünsüzdür! Bu, Quranda da, hədislərdə də təsdiqlənir.
Qurandan surə və ayələr oxuyan mollaların əksəriyyətinin kəmsavad olduğunu vətəndaşlarımızın çoxu yaxşı başa düşür. Quranda yazılanların mənasını dərk etmədən özlərini guya ərəb dilini bilən bir adam kimi "təqdim edən" zavallı mollaların dinimizin müqəddəs kitabına qazanc vasitəsi kimi baxmaları bizə yaxşı bəllidir. (Bu, onların yaşayışı üçün gəlir mənbəyidir. Unutmayaq ki, onlar sosial cəhətdən ən az müdafiə olunan vətəndaşlardır. İradımız əslində onlara aid edilməməlidir). Bu sahədə yetərli qədər savad sahibi olmadıqlarını bildikləri üçün onlar çox da iddialı deyillər. Şiə icmasının rəhbəri Hacı Şahin Həsənlinin müsahibəsindəki "Quranın gizli və sirli mənaları var" fikrinə isə münasibət bildirmək və ya onun dedikləri ilə bağlı yeni fikir irəli sürmək niyyətində deyiləm. Həyatda hər şey mümkündür, xüsusilə də əgər söhbət müqəddəs kitablardan gedirsə. Müqəddəs kitablar müzakirə, fikir mübadiləsi, dialoqu qadağan etmir. Belə olsaydı, kəlam elmi yaranmazdı, cildlərlə Quranı şərh edən kitablar yazılmazdı. Mütləq olan yalnız Allahdır. Amma ortada inkar olunmaz bir həqiqət var - Quran oxuyan mollaların 85-90 faizindən çoxu nəinki surə və ayələrdəki sözləri düzgün tələffüz etmir, üstəlik, heç özləri də oxuduqlarının mənasını anlamırlar. Onları dinləyənlər isə nədən söhbət getdiyini bilmədikləri üçün yas mərasimində hər kəs öz işi ilə, həmsöhbəti ilə məşğul olur. Əlbəttə əgər mollanın gurultulu səsindən imkan tapırlarsa.
Qazanc yerinə çevirdikləri qəbiristanlıqda əlini, üzünü və bədəninin digər hissələrini gün ərzində bir dəfə də olsun yumayan, qəbirlər arasında tozun-torpağın içində gəzməyə məcbur olan mollalar tərəfindən Quranın necə qüsurlu oxunmasının dəfələrlə şahidi olmuşuq. Onların çirkli əlləri ilə ciblərindən çıxartdıqları əzik-üzük vərəqdəkilər isə çox zaman Quranın müəyyən kiçik hissəsi və ya bəzi surələrin kiril hərfləri ilə yazıldığı dəftər olur. Bunu müqəddəs kitaba qarşı yalnız hörmətsizlik kimi dəyərləndirmək mümkündür. Quran isə hamının bildiyi kimi, ilahi kitab olaraq özünə qarşı xüsusi hörmət, mənəvi və cismanı saflıq, təmizlik tələb edir.
Bütün bunları nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, yas mərasimlərində və qəbiristanlıqlarda Quranın təsadüfi mollalar tərəfindən oxunmasının özü islam dəyərlərinə uyğun deyil. Amma nə etmək olar ki, bu hal ölkəmizdə artıq uzun əsrlərdir ki, insanlara fiziki zərər yetirməyən, əksinə bəzən mənəvi rahatlıq gətirən ənənə halına çevrilib. Təxminən iyirmi il Türkiyə hökumətinin də Quranı türk dilində oxunması ilə bağlı irəli sürdüyü təklif əhalinin əksəriyyəti tərəfindən qəbul olunmamışdı. Bu gün isə orada həmin mövzu artıq unudulub, türklərin təbirincə desək, "bu məsələ söz konusu deyil". Yeri gəlmişkən onu da deyim ki, yaxınımızın rəhmətə getməsindən sonra keçirtdiyimiz yas mərasimləri - cümə axşamları, "üç", "yeddi" və "qırx" vermək adətinə müsəlman ərəb ölkələrində nadir hallarda rast gəlinir. Qəbir üstünə getmək isə onlarda heç də vacib əməl hesab olunmur. Həmin ölkələrdə buna istisna hallarda rast gəlmək mümkündür. Buna baxmayaraq, məzar üstündə Quran oxumaq ərəb ölkələrində də savab əməl sayılır. Deməli, Quranın surə və ayələrində nə yazıldığını müəyyən qədər dərk edən ərəbdilli ərəblər də yas mərasimlərində Quran oxumağı və qəbirləri ziyarət etməyi zəruri dini adət hesab etmirlər. Ola bilsin ki, bu, islamın formalaşması zamanı bütpərəstlərə qarşı olan sərt münasibətdən irəli gəlmişdir. İnsanı bütləşdirmək islam dinində günah sayılan əməllərdəndir. İfadəmə görə üzr istəyirəm, heç onlarda molla "vəzifə"si də yoxdur. Yalnız "lisenziyalı mollalar" Azərbaycan variantıdır və bizi digər müsəlmanlardan fərqləndirən cəhətlərdən biridir.
Deməli, Azərbaycanda mövcud olan adətləri yalnız bizim babalarımız, əcdadlarımız formalaşdırıblar. Əslində isə vacib hesab etdiyimiz həmin əməllərin nə islam aləmi, nə də müsəlmanlarla ciddi bir bağlılığı yoxdur, bu, ümumislam ənənəsi deyil. Odur ki, bu ənənəni dəyişmək və ya islah etmək qərarını da biz özümüz verməliyik. Amma sözümün mahiyyəti başqadır: bütün müsəlmanlar, o cümlədən də Azərbaycanın islam ardıcılları tərəfindən fikir ayrılığı ilə qarşılanan və mənim fikrimcə, bir o qədər də zəruri əhəmiyyət kəsb etməyən bu məsələni geniş müzakirəyə çıxarmağa əsas varmı? Əslində bu, nəyi dəyişə bilər? Bu, kimə və necə fayda verə bilər? Əminəm ki, Quranın yas mərasimlərində insanlara Azərbaycan dilində çatdırılması və orada yazılanların öz dilimizdə başa düşülməsi heç mərasimin də xeyrinə deyil. Niyəsini açıqlamaq istəməzdim! Hələ bunun vaxtı deyil. Bu gün Azərbaycanda dini qurumlar, xüsusilə də islam təmayüllü icmalar - sünnilər, şiələr, nurçular, sələfizm tərəfdarları arasında kifayət qədər həll olunmamış problemlər, hətta qarşıdurmaya gətirən və onu gərginləşdirə bilən daha ciddi məsələlər mövcuddur. Bu problemləri dinc anlaşma yolu ilə həll etmədən, ümumi bir məxrəcə gəlmədən yeni mübahisə mövzusu ortaya atmaq əsla münasib olmazdı. Odur ki, əhəmiyyət nöqteyi-nəzərindən daha aşağı səviyyədə olan ikinci dərəcəli məsələlərlə qarşıdurmanı yalnız dərinləşdirə bilərik.
Başlıqda redaksiyanın qoyduğu suala cavab verirəm - fikrimcə, bu gün sözügedən məsələni müzakirəyə qoymaq hələ tezdir və o, müsbət nəticələnməz. Adət-ənənələr gözləyə də bilər. Uzun əsrlər boyu cəmiyyətə xələl gətirmədən mövcud olan həmin adətlər bir qədər də yaşasa, bundan kimsə zərər görməz. Nə vaxt dinin cəmiyyətdəki layiqli yerini və mövqeyini, hakimiyyətlə qarşılıqlı münasibətini praktiki müstəvidə dəqiq müəyyənləşdirsək, o zaman səlahiyyətli bir qurum kimi Qafqaz Müsəlmanları İdarəsi bu mövzunu özü müzakirəyə çıxara bilər. Bu, sırf həmin qurumun nizamnamə məsuliyyəti çərçivəsindədir. Demokratik, hüquqi və dünyəvi dövlətdə belə məsələlər qanunvericilik səviyyəsində həll edilmir. Bildiyimiz kimi, əxlaqi, mənəvi dəyərləri qanunla tənzimləmək mümkün deyil. Belə incə insan münasibətləri əsrlərin ələyindən keçib narınlanır, təmizlənir və nəsildən-nəslə ötürülür. Bu prosesdə adət-ənənələr əlavələrə, dəyişikliyə məruz qala bilər və bu, normal hal kimi qəbul olunmalıdır.
Rafiq Əliyev
fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.-
2014.- 13 fevral.- S.5.