Şərəfli insan

 

 

 

Xalq şairi, Milli Aviasiya Akademiyası

"Dil və ədəbiyyat" kafedrasının müdiri,

professor

Hamının əsli gedib Adəmə çatırsa,

demək hamı insandır.

O isə başdan-ayağa insaniyyətdir.

Nizami Gəncəvi

 

Əziz Arif müəllim!

Bu il Sizin yubileyiniz, bizim bayramımızdır. Gənclik illəri beləcə "xəbərsiz" gəlib keçir. Atanız, mənim müəllimim və gənclik dostum Mir Cəlal bu illəri "ömrün mənalı anları", "ömrün baharı" adlandırır və gənclərə müraciətlə yazdığı məktubunda deyirdi:"Gənclik elə bir yoldur ki, hamı onu keçməlidir".

O yolu hamının sırasında keçsəniz də, hamıdan seçildiniz.

Hələ yeddi yaşında ikən, Bakıda Qaqarin adına Pionerlər Sarayının fəal üzvü kimi, aeroplan modelini radio ilə idarə edəndə bilmirdiniz ki, tale də Sizi idarə edir; Moskvanın, Odessanın nüfuzlu ali təhsil ocaqlarına, akademik kimi şərəfli bir elmi ada, oradan da Milli Aviasiya Akademiyasının rektoru vəzifəsinə və nəhayət, kosmik tədqiqatlara qədər qarşınızda gözəgörünməyən sirli-soraqlı bir yol uzanırdı.

Mir Cəlal yenə o "Məktub"da deyirdi: "...əngin fəzalara yol açan, zəngin torpaqları kəşf edən, günəşi də, havanı da, suyu da insanın səadətinə xidmət üçün səfərbər edən yalnız arzu deyil, ağır, şərəfli, ardıcıl, aydın məqsədli zəhmətdir".

Haqqınızda olan bir elmi mənbədə isə oxuyuram: "O ilk sovet alimlərinin sırasında material və məmulatların elektromaqnit nəzarət üsullarının yaradılmasına başladı və öz həyatının 40 ildən artıq bir dövrünü elektromaqnit nəzarət fizikasının və yarımkeçiricilərinin parametrlərinin ölçülməsi metodlarının elmi əsaslarının inkişafına və tədqiqinə həsr etdi..

Akademik Arif Paşayev... yüksək və ifratyüksək tezliklər sahəsində materialların kontaktsız üsullarla tədqiqatlarının yaradıcısı hesab edilir".

Bu böyük elmi kəşfdir.

Sizin elmi təfəkkürünüz məntiqi olduğu qədər, diliniz və ifadə tərziniz də aydındır, səlisdir, cazibədardır. Sizdə ən mürəkkəb məsələləri təmkinlə, sadə və aydın izah etmək qabiliyyəti var. Bu, fərdi və fitri istedaddır.  Böyük atanızın ruhu Sizdə qərar tutub. Mən Elmi şuralardakı çıxışlarınız və müəllimlərlə görüşləriniz zamanı söylədiyiniz mülahizələri dinləyərək bu qənaətə gəlmişəm.

Sizdə gördüyüm ali əxlaq nümunələri, insanı saymaq və onu tək qoymamaq kimi çox incə duyğular, yetkin dünyagörüşü, humanizm, yüksək mədəniyyət və mədəni rəftar, hətta müşahidə etdiyim təbii bir utancaqlıq - üzünüzdəki o nur ürəyimdə həmişə dərin minnətdarlıq hissi oyadır.

Dünyanın fiziki hərəkət qanunlarını öyrəndikcə, kainatın sirrini açıb bəşəriyyətə xidmət edirsiniz. Buna görə də Beynəlxalq "Şərəf və Ləyaqət" Qızıl Ulduzundan tutmuş, dünyanın bir çox akademiyaları və tədqiqat institutları Sizi özlərinin ali orden və medalları ilə təltif edir,fizika-riyaziyyat məsələləri ilə bağlı beynəlxalq müzakirələrdə sədr, üzv, məsləhətçi kimi iştirakınızı, çıxışlarınızı biz də  görüb, eşidib sevinirik.

Bütün bunlar Azərbaycanın müasir dövrdə inkişaf səviyyəsini, potensial gücünü və elmin, təhsilin dinamik inkişaf  ritmini göstərən fərəhli haldır.

Ədəbiyyatı, şeiri-sənəti müasir estetik tələblər səviyyəsindən qiymətləndirirsiniz.

Vaxtilə "Literaturnaya qazeta"nın səhifələrində "fiziklər və liriklər" diskussiyasını xatırlayıram. Siz də böyük sələfləriniz kimi sözün "cazibə qüvvəsini"  duyur və dəyərini çox düzgün təyin edirsiniz.

Hələ dünən, Bakıda İçərişəhərdə Mir Mövsüm Ağanın qonşuluğunda, gənc yazıçı Mir Cəlalın kirayə etdiyi balaca bir evdə İmam nəslinin pak, təmiz uşaqları böyüyürdü.

Bəşər övladı kimi o da bir halal yazıçı əməyi ilə böyütdüyü övladlarının cəmiyyətdə sayılıb-seçilməsini, xoşbəxtliyini görmək istəyirdi. Bu onun atalıq haqqıydı.

O böyük insan millətin mənim kimi övladlarına da atalıq edir, getdiyim romantik yolun yarısında saxlayıb, həyatın daha sərt və real yollarını göstərirdi. "İş axtarma, adam axtar. Adam da mən", - deyə özünü nişan verir, universitetə, öz kafedrasına aparır, elmi rəhbərim olur, Sizin adınıza aldığı evi mənə bağışlayırdı.

Mən indi də ataəvəzi bir insanın ən əziz yadigarı olan bu tarixi evdə yaşayıram.

İsgəndər Makedoniyalının atası II Filipp eşidəndə ki, dostu Qapparx Evbeyski qəfildən ölüb, dünya fatehi ağır kədərini gizlədə bilmir. Ona deyirlər ki, yoxsa dostun kifayət qədər yaşamayıb? "Özü üçün yaşayıb, - deyir, ancaq mənim üçün yox. Çünki əvəzsiz dostluğu üçün sağlığında mən istədiyim kimi onun əvəzini çıxmağa gecikdim".

Bu müqəddəs hissi mən də yaşamışam. Mir Cəlal heç də məndən təşəkkür gözləmirdi. Yaxşılıq onun təbiətindəydi. Yəqin ki, II Filippin dostu da gözləmirdi.

Bəlkə bu izaholunmayan bir hissdir, sözlə də ifadə etmək çətindir, gərək yaşayasan.

Böyük fransız yazıçısı Mişel Monte dostluq haqqında - insan ancaq ahıl yaşlarında və həyatda bərkiyəndən sonra düzgün fikir söyləyə bilər deyir.

Bu ola bilsin ki, həqiqətdir.

Mir Cəlalın böyük dostluğunu bəlkə mən də indiki yaşımda daha düzgün dərk etməyə başlayıram.

Aristotel dostluğu "iki bədəndə bir ürək" kimi qiymətləndirirdi.

Gəncliyimdə bu mənim ağlıma gəlməzdi.

Qədim dünya şairi Menandr dostluğun bəlkə də əlçatmaz olduğunu bilərək deyirdi: "Xoşbəxt o kəsdir ki, heç olmasa əsl dostun kölgəsini görmək ona nəsib olsun".

Mən Mir Cəlalın qapısını açmaqla, taleyimin qapısını açdım. Burada Mir Cəlal müəllimin dostları - görkəmli elm və ədəbiyyat xadimləri ilə tanış oldum, Püstə xanımın açdığı süfrələrdə çörək kəsdim. O evə tələbə kimi getmişdim, o evdən elmlər namizədi, alim, şair titulları ilə çıxdım.

Bu gün Sizin yanınızdayam.

Bir şeirimdə mən o günləri xatırlayıram:

 

Dilim söz tutandan əlim haqdadı,

mənim səadətim o ocaqdadı.

Həmid Araslını mən orda gördüm,

Şəfaət Mehdiyev süfrə başında,

Şıxəli Qurbanov cavan yaşında,

Lev Tolstoyu da divarda gördüm.

Köynəyin üstündən qayış kəməri,

sözdən doğulmuşdu söz peyğəmbəri.

Orda salam verdim mən bir insana,

ADU-nın rektoru Cəfər Xəndana.

Cavid, Mirzə Cəlil,Vurğun və Mehdi

o evdə həmişə təriflənərdi.

Üç oğul anası Püstə xanım da,

bir dəfə əyləşdi gəlib yanımda.

Mənə "oğlum" dedi, "dördüncü oğlum",

anasız vaxtımda - analı oldum.

Elmira, Ədibə şux bacıydılar,

qızlar anasına duaçıydılar.

Tofiq də, Eldar da çıxmaz yadımdan,

Biri o birindən daha mehriban.

 

Arif - bir nəsilin kişi gözəli!

Onda Moskvanın tələbəsiydi.

Onda yadımdadı, bircə təsəlli,

o da Mir Cəlalın tərbiyəsiydi.

Arif də o evdə söz yiyəsiydi,

böyük qardaş idi, ilk oğul payı.

Mir Cəlal Arifə nə deyəsiydi.

arxası yoxuydu ondan savayı,

Anası deyirdi amma sözünü :

- Arif, bax, qızlardan gözlə özünü.

Moskva böyükdü, o boyda şəhər,

bilim, deyirlər, belə bir təhər...

Gözəgəlimlisən sən də, maşallah,

sonra da deyirdi, qorusun allah...

Anası dedikcə, Arif danırdı,

gözəllik üstündə o danlanırdı.

Mir Cəlal kənarda gülümsəyirdi,

özü öyrətmişdi Püstə xanımı,

demişdi belə de, o da deyirdi,

Mir Cəlal kənarda gülümsəyirdi...

 

Hafiz az danışan, asta yeriyən,

amma fikri yeyin, sözü şax deyən.

O da Moskvanın tələbəsiydi,

səsi - atasının eyni səsiydi.

Bəzən danışanda qucaqlayırdım,

Mir Cəlaldan ötrü mən ağlayırdım.

Aqil zarafatda əvəzsiz idi,

heyif, dünyasını dəyişdi, getdi...

 

Mən indi gördüm ki, ruhlar oyaqdı,

Ruhlar dünyasında bu dünya haqdı.

Bu axşam Ay doğub ayna sularda,

İşığı hardadı, gör özü harda?!

Deyir, elə bilmə mən unutmuşam,

Soruşma yerimi, hardayam, şair,

Göydə də yoluna çıraq tutmuşam,

Mənəm, Mir Cəlalam, mən Ayam, şair.

Allahım, nə deyir o böyük insan?

deyir, xatırla ki,

xatırlanasan...

 

Evinizdə, Mir Cəlalın yanında gördüyüm və bu şeirdə adlarını çəkdiyim, çəkmədiyim şəxsiyyətlərin şəxsiyyətli oğlanlarını Akademiyada Sizinlə yanaşı görəndə, mən də ürəyimdə təkrar edirəm ki, "ataların yolu - oğulların yoludur".

Bu yol əslində millətin yoludur.

Milli mədəniyyətlərin təqdimatında və təhlilində belə bir kulturoloji qayda var ki, əsrlər boyu qazanılan mənəvi dəyərlər bu nəsildən o biri nəslə ötürülməsə, ona özgələr sahib çıxar, millət isə mankurtlaşa bilər.

Sizin süddən, sümükdən gələn təbiətiniz elədir ki, şəxsiyyət kimi milli və bəşəri keyfiyyətləri yaşadırsınız.

"Yaxşılıq", "Xeyirxahlıq", "Dostluq" kimi insani hisslər və duyğular kim bilir hələ lazım olduğu qədər öyrənilibmi? Qədim Roma tarixçisinin şahidi olduğu bir hadisəni qısaca danışmaq istəyirəm.

Afrikada konsul vəzifəsində çalışan bir Roma məmuru öz quluna göz verib işıq vermirmiş. Nəhayət, qul qaçır. Afrika səhrasında gedib bir mağaraya sığınır. Gecəyarısı görür ki, böyük bir şir içəri girdi. Qorxub daha da küncə sıxılır. Şir onu görüb yaralı pəncəsini irəliyə uzadır. O, şirin pəncəsindən iri bir tikan çıxarır, palçığı təmizləyir, şir rahatlanıb yuxuya gedir. Səhərisi ovladığı heyvan ətinin ən yaxşı yerini ona verir.

Beləliklə, qul mağarada üç il yaşayır. Axırda darıxır, dözə bilməyib Romaya, insanların içinə qayıdır. Konsul bundan xəbər tutub qulu həbs etdirir və ona ölüm cəzası kəsdirir. Qulu Kolizeydə qladiatorlar vuruşan meydana çıxarırlar ki, şirlər parçalasın. Hücum edən şir onu tanıyır və dayanır. Yaxınlaşıb pəncəsini  çiyinlərinə qoyur, üzünü yalayır. Tamaşaçılar bu səhnəyə heyrət edirlər, qulun və şirin üstünə gül-çiçək yağdırır, pul kisələri atırlar. Məlum olur ki, həmin şiri də tutublarmış.

İmperator qulu çağırıb bu sirri, bu əhvalatı soruşur. O da olduğu kimi danışır. İmperator oradaca qulu azad edir, şiri də ona bağışlayır.

Mən Mətbuat və İnformasiya  nazirinin müavini işlədiyim illərdə nəşriyyat məsələlərinə baxırdım. 1995-ci ilin dekabrında Füzulinin yubileyi ilə əlaqədar əsərlərinin yeni nəşri Prezident Aparatında müzakirə olundu və kitabların buraxılması bizə tapşırıldı. Ancaq Füzuli əsərlərinə aid nəşrlər siyahısında Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabının adını görmədim. Bəlkə də həyatımda birinci və axırıncı dəfə vəzifəmdən istifadə edib, onun kitabını mətbəəyə göndərdim. Əsər çıxan kimi kitabı aparıb avtoqrafla Püstə xanıma bağışladım.

Onun sevinci mənə bəsiydi.

Atamı bir yaşımda ikən itirdiyimdən "ata", "arxa", "dayaq", "kimsə" kimi hissləri mən ilk dəfə Mir Cəlalın şəxsində yaşamışdım. Atasız vaxtımda atalı, anasız vaxtımda analı olmuşdum.

Bunlar mənim tale payım idi.

İsgəndər Makedoniyalı Aristoteli, Atatürk Ziya Göyalpı özlərinə mənəvi ata saydıqları kimi, mənim də mənəvi atam Mir Cəlal olub.

O, yazıçı və mütəfəkkir alim idi. Bunu müasirləri də, ondan sonrakı ədəbi mühit də təsdiq etdi. Bədii yaradıcılığından əlavə, onun elmi tədqiqatları bu gün belə alimlərimizin stolüstü kitabıdır.

Yuxarıda adını çəkdiyim "Füzuli sənətkarlığı" Azərbaycan ədəbiyyatşünaslığında Mir Cəlalın elə bir elmi-nəzəri-fəlsəfi tədqiqat əsəridir ki, burada Füzuli yaradıcılığı həm ərəb-fars poetikası tələblərinə uyğun şəkildə-ümumşərq estetik fikrinin incəlikləri, həm də müəllifin yaşadığı mürəkkəb epoxanın, mövcud ədəbi prosesin sənətdən və sənətkardan istədiyi fəlsəfi meyarlar zəminində təhlil edilmişdir.

Füzuli poeziyası - muğamdır.

Mən bu yaxınlarda çap etdirdiyim və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya ithaf etdiyim "Sözü tara verin..." poemamda böyük Füzulini və onun böyük tədqiqatçısı Mir Cəlalı xatırlayıram:

 

Qəzəl - Füzulinin könül ahıymış,

qəzəl - şerimizin intibahıymış!

"Az et sözü..." deyən

                                   söz allahıymış.

Mir Cəlal fəlsəfi bir iş yazırdı,

Mir Cəlal muğama giriş yazırdı. 

Mir Cəlalın "fəlsəfi işi" və "muğama girişi" onun "Füzuli sənətkarlığı" əsəriydi. Çünki bu əsəri oxuyanda ürəyimizdə, qulağımızda Füzuli qəzəllərinin ruhundan, vəznindən gələn bir muğam səslənir:

 

...Min ildi yol gəlir söz qafiləsi,

vəzni köhnəlir, nə qafiyəsi.

Nə dillər yorulur əzbər deməkdən,

bir ürək boylanır min bir ürəkdən.

Qəzəl silkələyir yer kürəsini,

Yaydıqca bir eşqin son naləsini.

...Deyin, Mir Cəlala qalxsın məzardan,

xeyir-dua versin qız nəvəsinə,

eşq olsun o Muğam Abidəsinə!

Mir Cəlal deyirdi ki, "...heç vaxt mən gücsüzəm, mənim yaratdığım vecsizdir deməyin".

Siz heç vaxt demədiniz. Geninizdən gələn istedad qoymazdı ki, özünüzdən kiməsə şikayət edəsiniz.

Ümumiyyətlə, Sizin kimi şəxsiyyətlər şikayət etmirlər. Əksinə, əl tutur, kömək dururlar.

Böyük Elmi şuraların birində rektor köməkçisi t.e.d. Ənvər müəllim kürsüdən sinədəftər uzun bir siyahı elan etdi. Kömək və yardım göstərdiyiniz təşkilatların siyahısı idi.

Onlardan birinə, Bilgəhdəki qocalar evinə bizim akademiyanın nümayəndə heyətilə birlikdə mən də getmişdim. Göndərdiyiniz hədiyyələri təqdim etdik. Sonra akademiyanın özfəaliyyət kollektivi gözəl çıxış etdi.

Bu Sizin Bilgəhdə keçirdiyiniz unudulmaz Novruz bayramıydı. Mən də orada şeirlər oxudum. İndilərdə də zəng vurur, xahiş edirlər ki, Sizə salam söyləyim.

Burada, akademiyada və ətrafınızda da elə bir əlaqə, ünsiyyət, bəlkə də sadəcə ziyalılıq mühiti yaratmağa nail olmusunuz ki, milli-mənəvi dəyərlərə, insani keyfiyyətlərə üstünlük verilir.

Akademiyanın  Elmi şuralarında adətən birinci olaraq mütəxəssislərin aparıcı elmi məruzələri oxunur və onların müzakirəsi zamanı yeni tədqiqatların aviasiyada, sənayedə və kənd təsərrüfatında vacibliyi, nəzəri və praktiki əhəmiyyəti barədə Sizin söylədiniz mötəbər fikirlər istiqamətverci olduğundan, qaldırılan məsələlər həllini tapır, istehsalatda, kənd təsərrüfatında tətbiq edilir.

Razılıq hissilə demək istəyirəm ki, elmimizin də, elmi potensialı olan gənclərin də inkişafında, yetişməsində, cəmiyyətdə özlərini tapmasında Sizin görkəmli Şəxsiyyətiniz və təbiətən Xeyirxahlığınız ilham, enerji qaynağı kimi həmişə əsas stimula çevrilir.

Siz elmin, mədəniyyətin müxtəlif sahələri ilə müntəzəm məşğul olduğunuz üçün tədqiqatlarınız da elmi açıqlamalar üstdə qurulur və onların yeniliyi məzmun zənginliyi diqqəti cəlb edir.

Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın baş redaktorluğu ilə 2008-ci ildə nəşr etdirdiyiniz "İngiliscə-azərbaycanca-rusca aviasiya terminləri lüğəti" (tərtibçilər, t.e.d. R.Cəfərzadə, M.Musayeva və G.Məmmədova) Azərbaycan aviasiya tarixində ilk dəfəydi.

Lüğətdə müasir mülki aviasiyaya aid və onun müxtəlif sahələrini əhatə edən yeddi mindən çox terminlər və onların izahı, əlavə olaraq çoxlu məlumatlar verilmişdir.

Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinə həsr etdiyiniz ilk "aviasiya terminləri lüğəti"nə giriş sözündə yazdığınız kimi, bu lüğət "...aviasiya sahəsində hazırlanan sənədlərdə dilimizin saflığını qorumağa xidmət edəcəkdir".

Mən Milli Aviasiya Akademiyasının müəllimi kimi bunların şahidiyəm. Vaxtilə burada azərbaycanca bir arayış, bir təqdimat yazmağa müəllim, ziyalı, tələbə tapılmırdı. Bu il həmin lüğətin davamını (yenidən üç cilddə) çapa hazırlamısınız. Bu günlərdə işıq üzü görməlidir. Sizi əvvəlcədən təbrik edirəm.

Mətbuat və İnformasiya nazirliyi ləğv ediləndə, mən müavin vəzifəsində işləyirdim. Hamımız işsiz qaldıq.

Artıq dünyada Mir Cəlal yox idi. Amma dünya Mir Cəlalsız deyildi.

Sizin yanınıza, Milli Aviasiya Akademiyasına məni Hafiz müəllim göndərdi:

- Arif müəllim çağırıb, get, gör nə deyir.

Özünəməxsus səmimiyyətlə qısa və aydın dedi.

Ürəyimə nə isə dammışdı. O elə-belə zəng eləməzdi. Yəqin nazirliyin ləğv olunduğunu eşidib...

Belə də oldu.

Mənimlə mehriban, gülərüzlə görüşdünüz. Kefimi-halımı soruşdunuz...

Məni təzəcə təşkil etdiyiniz "Humanitar fənlər" kafedrasına 0,5 ştata işə götürdünüz. Əmrim də o vaxtdan, 1997-ci ildən verildi.

Hafiz müəllimə zəng vurub razılıq etdim. O da sevindi, məni təbrik etdi və dedi ki, Arif müəllimin yanında yaxşı olacaq.

Böyük təsəlli idi.

Yaxşı oldu. Elə indi də yaxşıdır, Hafiz müəllim.

Qardaşları Tanrı qorusun.

Milli Aviasiya Akademiyasının müəllimi kimi olduqca xoşdur ki, dərs dediyim tələbələr indi "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin aviaşirkətlərində ən müasir tipli xarici təyyarə və helikopterlərlə dünyanın yaxın və uzaq ölkələrinə uçurlar.

Bunlar Sizin böyük və gərgin xidmətinizlə bağlıdır.

Cəmiyyətin Prezidenti Cahangir Əsgərov yazır ki, "Milli Aviasiya Akademiyası ölkəmizdə yeni aviatorlar yetişdirən yeganə təhsil ocağıdır və bu ocağın rəhbəri Arif Mir Cəlal oğlu Paşayevdir".

Siz hələ 24 yaşında ikən, 1958-ci ildə "Gənclərə sözüm" məktubunda Mir Cəlal görün nə yazırdı:

"...bu gün bir təyyarə modeli düzəldən pionerin sabah təyyarə mühəndisliyinə meyli daha qüvvətli olacaqdır..."

Siz böyük elm xadimi, akademik olmaqla yanaşı, həm də dünyanın görkəmli təyyarə mühəndisi sayılırsınız.

Mir Cəlal Sizin gələcəyinizi neçə il qabaqcadan görmüş, düzgün müəyyən etmişdir.

Bir dəfə sual verdim:

- Mir Cəlal müəllim, oğlanlarınızın ikisini (Sizi və Hafiz müəllimi nəzərdə tuturdum) dəqiq elmlər sahəsinə qoymusunuz. İkisi də fizikdi.

Onda elə düşünürdüm ki, yazıçının uşaqları gərək ədəbiyyat fakültəsində, kimya aliminin uşaqları gərək kimya fakültəsində oxusunlar və s.

- XXI əsr dəqiq elmlər əsri olacaq, - dedi.

Yanılmamışdı.

Bizim dərs dediyimiz gənc pilotlar da Sizin yetirmələrinizdi.

Təqdim etdiyiniz diplomlarla, ora

dakı imzanızla fəxr edirlər.

İndi dünyanın bir çox ölkələrindən gələn gənclər də bizim Akademiyada təhsil alırlar.

Bir xarici tələbəm var. İkinci kursda oxuyur. O da deyir: "Mən Arif müəllimin tələbəsiyəm".

1994-cü ildə Əfqanıstanın Bəlx şəhərində anadan olub. Bakıda yaşayır. Atası da Əfqanıstandan gəlib Qarabağ müharibəsi zamanı bizim sıralarımızda vuruşmuşdur.

Tələbəm Şərifi Qasimdən evdə hansı dildə danışdığını soruşdum:

- Dəri dilində və Azərbaycan dilində danışırıq, - dedi. Fars dilinə yaxın dillərdəndi.

Mən də tələbəmə onun üçün yeni bir məlumat verdim:

- Bizim dahi şairimiz Nizami Gəncəvi əsərlərini dəri dilində yazıb. "İsgəndərnamə"nin bir neçə yerində bu dilin şərəfinə yüksək fikirlər söyləyir:

 

"Saf şeir yaratmaq Nizaminin işidir,

Dəri dilində şeir yaratmaq da Nizamiyə layiqdir.

Bu gözəl dastanı elə deyər ki,

Oxumasından beyin işıqlanar..."

(sətri tərcümə)

 

Bu ona görə beləydi ki, böyük şairin yaşadığı zəmanədə fars dili saray ədəbi dili olduğu üçün bir qayda olaraq, dəftərxana işləri o dildə aparılır, saraylarda yaranan ədəbi əsərlər, qəzəl, qəsidə və s. farsca yazılırdı.

Azərbaycanın başqa böyük şairləri Nəsimi, Füzuli də ərəb və fars dillərində görkəmli sənət nümunələri yaratmışlar.

Bizim Milli Aviasiya Akademiyasında vaxtilə yeddi ixtisas üzrə təlim keçilirdisə, indi iyirmi bir ixtisas üzrə mütəxəssis hazırlanır. Akademiyada altı fakültə və iyirmi  dörd kafedra fəaliyyət göstərir.

Onlardan biri də mənim rəhbərlik etdiyim "Dil və ədəbiyyat" kafedrasıdır. Müəllimlərimiz müxtəlif humanitar fənlər üzrə mühazirələr oxuyur, proqram və dərs vəsaitləri yazırlar. Onların bir neçəsi Sizin vaxtınızda müdafiə edərək elmi dərəcələr almışlar və yaratdığınız bu münbit mühit üçün minnətdarıq.

Sizin təşəbbüs və təklifinizlə yazdığım "Kulturologiya" (Dünya mədəniyyəti tarixi) dərsliyi də bir neçə ildir ki, burada tədris olunur.

Bizim kafedranın texniki ali təhsil ocağında yaradılması da Sizin elm və təhsil sahəsində apardığınız islahatların məntiqi nəticəsidir.

Siz bu günlərdə akademiyada yenidən əsaslı struktur dəyişiklikləri apararaq, elm və təhsilin, təlim və tədris işlərinin böyük perspektivlərini əks etdirən bir əmr imzalamısınız.

Bu yeni fakültələr, kafedralar, təcrübə laboratoriyaları, kosmik informasiya sistemləri, iqtisadi və mühasibat idarəsinə tapşırıqlar - əslində rəqəmlərin poeziyası, akademiyada bir akademiya və bir rektorun Manifestidir.

Yubileyiniz mübarək, Arif müəllim!

Böyük ailənizə, cansağlığı, səadət arzulayıram.

Sokrat deyirdi: "Sağlamlıq - hələ hər şey deyil, amma hər şey - sağlamlıq yoxsa, heç şeydi.

 

Arif deyirik ki,

arifləşək biz,

sən ki, məna verdin bu ada, tanrım.

Arif olmasaq da bizim birimiz,

Arifsiz olmayaq dünyada, tanrım.

Bakı, 10.02.14

 

Nəriman HƏSƏNZADƏ

525-ci qəzet.- 2014.- 13 fevral.- S.4.