Ədəbiyyatın layiqli sıra nəfəri
Son iki-üç ildə kitabları, imzaları ilə ədəbi
mühitdə, cəmiyyətdə yaxşı tanınan, necə
deyərlər, üzdə olan filoloqlarımız - ədəbiyyatşünas
və tənqidçilərimiz bir-birlərinin ardınca 60 yaşın arxasını yerə
vururlar.
Yaddaşım məni aldatmırsa, indiyə qədər bu
sıradan Azərbaycan MEA-nın müxbir üzvləri Kamal
Abdulla və Teymur Kərimlinin, filologiya elmləri doktorları
Rəhim Əliyev, Şirindil Alışanov, Kamran Əliyevin
(yaddan çıxanlar varsa üzürlü saysınlar!)
yubileyləri qeyd olunub. Bəndeyi-həqir də fəal elmi
yaradıcılıqdan uzaq düşməsinə baxmayaraq
ötən il həmin sıraya qoşuldu.
Bu
günlərdə Azərbaycan MEA Nizami adına
Ədəbiyyat İnstitutunun kollektivi və ədəbi
ictimaiyyət daha bir tanınmış alimin - filologiya elmləri
doktoru, professor Asif Rüstəmlinin 60 illiyini qeyd etməyə
hazırlaşır.
Asifin özündən əvvəl imzasını
tanımışam. Müxtəlif ədəbi məcmuələrdə,
qəzet və jurnallarda əsasən XX əsrin əvvəllərində
yaşayıb-yaratmış ədəbiyyat xadimlərimiz
haqqında yeni fakt və materiallara əsaslanan məqalələri
diqqətimi çəkirdi. Mən də
eyni tipli araşdırmalara üstünlük verdiyimdən
yazılarını maraqla oxuyurdum. İndi yadımda
deyil, kimsə yüksək elmi təhlil səriştəsi ilə
seçilən bu yazıların müəllifinin haradasa
"montyor", yaxud buna bənzər işdə
çalışdığını mənə demişdi. Sonra özünü də gördüm. Ara-sıra Ədəbiyyat İnstitutuna, Əziz Mirəhmədovun,
Yaşar Qarayevin, yaxud İslam Ağayevin yanına gəlirdi.
O zaman bir
neçə ay idi ki, İnstitutda elmi işlər üzrə
direktor müavini vəzifəsində işləyirdim. Direktorumuz, mərhum Yaşar Qarayev yalnız İnstitut
deyil, daha geniş miqyasda gənc alimlərlə işi məşğul
olacağım prioritet sahələrdən biri kimi müəyyənləşdirmişdi.
Ona görə də, digər gənc həmkarlarımla
bir sırada Asif Rüstəmli ilə də
maraqlanırdım, İnstitutla əməkdaşlığının
daha geniş və səmərəli olması üzərində
düşünürdüm. İlk
tanışlığımız da elə bu zəmində
oldu. Dörddə bir əsrdən çox
davam edən ədəbi əməkdaşlığımız,
səmimi dostluq münasibətlərimiz beləcə
başlandı. Bu, səhv etmirəmsə,
1987-ci ilin oktyabr ayında olmuşdu. Növbəti
ilin yanvarında isə Asif Rüstəmli artıq müsabiqə
yolu ilə Ədəbiyyat İnstitutunun əməkdaşları
sırasında yer tutmuşdu.
Həmin
dövrdə 36 yaşı və kifayət qədər elmi-ədəbi təcrübəsi
olan Asifin ştatdakı yeganə boş yer olan baş
laborantlığa razılaşmayacağını
düşünürdüm. Əslində bunu
etməyə haqqı da vardı. Çünki xidmətləri
ilə müqayisədə təklif olunan iş həqiqətən
də adekvat deyildi. Lakin Asif üçün öz taleyini elm
məktəbi və məbədi saydığı Nizami
İnstitutu ilə bağlamaq o qədər daxildən gələn
və bütün varlığı ilə can
atdığı bir arzu idi ki, o vəzifənin
böyük-kiçikliyi, adı və sanbalı barədə
əsla düşünmədi və tərəddüdsüz
öz qərarını verdi.
Təbii
ki, yalnız qüvvə və potensialına inanan, elmi cameəyə
qoşulmaq, sevdiyi sahədə çalışmaq
üçün hər şeyə hazır olan adam belə addım atardı. Aradan vur-tut
üç il keçəndən sonra kollektivin tanınmış
üzvlərindən birinə çevrilən Asif Rüstəmli
gələcəkdə müstəqil Folklor İnstitutu kimi fəaliyyət
göstərəcək, o vaxtlar isə Folklor Sarayı adlanan
elmi-mədəni mərkəzin müdiri idi. Burada onun yalnız elmi deyil, həm
də təşkilatçılıq qabiliyyəti üzə
çıxdı. 1995-ci ildə Türkiyədəki
uzun müddətli elmi ezamiyyətdən sonra
qayıtdığım İnstitutda artıq filologiya elmləri
namizədi alimlik dərəcəsinə yüksəlmiş
Asif Rüstəmli yeni yaradılmış Elmi nəşrlər
bölməsinə rəhbərlik edirdi.
Asif böyük elmə gəldiyi ilk gündən
işin çətinindən yapışdı. Qarşısına milli mədəniyyət
tariximizin öyrənilməmiş, yaxud az
öyrənilmiş sahələrini, əsərlərini və
müəlliflərini araşdırmaq vəzifəsi qoydu. Təbii ki, hər hansı mövcud mətni
araşdırıb dəyərləndirmək də alimdən
yüksək peşəkarlıq, elmi-nəzəri biliklər
tələb edir. Naməlum adları və
imzaları üzə çıxarmaq, siyasi-ideoloji səbəblərə
görə unudulmuş, yaxud unutdurulmuş əsərləri
yenidən xalqın mənəvi sərvətinə
çevirmək isə bundan qat-qat çətin, eyni zamanda
şərəfli və gərəkli işdir. Asif düşünülmüş şəkildə
çətinliyi ilə seçilən ikinci yolu tutdu. Və
az müddət ərzində bu sahədə
tanınan, nüfuzlu mütəxəssislərdən biri kimi
formalaşdı.
Elmi işçi kimi fəaliyyətə
başladığı ilk günlərdən o, mətnşünaslıq,
ədəbiyyat tarixçiliyi və ədəbiyyatşünaslığın
kəsişmə nöqtəsində
çalışmağı daha üstün tutdu. Belə çoxcəhətli
axtarışların və tədqiqatçılıq fəaliyyətinin
nəticəsi kimi adı haqsız yerə unudulmuş görkəmli
mollanəsrəddinçi şair Bayraməli Abbaszadənin
(1869-1926) həyat və yaradıcılığından bəhs
edən "Tufanlardan keçən ömür"
monoqrafiyası (Bakı,"Sabah" nəşriyyatı,
1995) meydana çıxdı. Asifin kitabı həcm
etibarı ilə şairin özünün sonuncu dəfə
1964-cü ildə işıq üzü görən
"Seçilmiş əsərləri"ndən
böyük idi. Bu da onun çoxlu yeni
materiallar üzə çıxardığını,
müxtəlif mətbuat orqanlarında "Hammal" təxəllüsü
ilə çap olunan Bayraməli Abbaszadənin naməlum əsərlərini
tapdığını göstərirdi. Sonrakı
illərdə də mövzu ətrafında
axtarışlarını davam etdirən və adı çəkilən
monoqrafiyanın daha təkmil variantını ortaya qoyan tədqiqatçı
XX əsr Azərbaycan ədəbiyyatının iddiasız və
təvazökar bir nümayəndəsini naməlumluq
dumanları arxasından çıxarmağa, yenidən ədəbi
dövriyyəyə qaytarmağa müvəffəq olmuşdu.
Ölkəmizdə
1988-ci ildən genişlənən müstəqillik
savaşına Asif də öz layiqli töhfələrini verdi. Həm də bunu XX
yüzilliyin əvvəllərində milli mücadilənin
önündə gedən görkəmli şəxsiyyətlərin
adlarını dirçəltmək, onların
çağdaş dövrün ruhuna uyğun əsərlərini
yenidən siyasi və ədəbi gündəmə gətirmək
yolu ilə həyata keçirdi. Bu gün anadan
olmasının 130 illiyi dövlət
başçısının sərəncamı ilə qeyd
edilən milli dövlətçilik ideyasının banisi və
ilk cümhuriyyətimizin
qurucularından birinin - Məhəmməd Əmin Rəsulzadənin
"Azərbaycan Cümhuriyyəti" (Bakı, 1990),
"Bolşeviklərin Şərq siyasəti" (Bakı,
1994) kitabları Asifin ərəb qrafikasından
transliterasiyası əsasında
kütləvi tirajla (50 000 nüsxə) çap olunaraq həqiqi
tarixini öyrənmək istəyən, on illərlə belə
kitabların həsrətini çəkən Azərbaycan
oxucuları arasında yayılmışdı.
Bu qəbildən
olan və yenə də zəhmətkeş tədqiqatçı
alim Asif Rüstəmlinin gərgin əmək, ciddi
araşdırmalar bahasına hazırladığı başqa
bir əsər - Azərbaycan Cümhuriyyəti xarici işlər
nazirinin müavini, müstəqil dövlətimizin
İrandakı ilk səfiri Adil xan Ziyadxanın (1869-1954) həqiqi
vətənpərvərlik təəssübü və yurd
sevgisi ilə qələmə alınmış "Azərbaycan"
kitabı mənim "Yoxdan bayraq yaradanlardan biri" adlı
ön sözümlə 1993-cü ildə işıq
üzü görmüşdü.
Azərbaycanda
istiqlalçılıq ideyalarına və milli mücadilə
tarixinə maraq Asifi təbii olaraq bu mübarizənin ən atəşin
tərənnümçülərindən birinin -
böyük yazıçı-dramaturq Cəfər
Cabbarlının mühiti, həyatı, şəxsiyyəti
və yaradıcılığı ilə daha yaxından məşğul
olmağa vadar etmişdi. Onun
araşdırmalarına qədər Azərbaycan ədəbiyyatı
tarixinə daha çox sovet ideologiyasının təqdim
etdiyi rəsmi Cabbarlı məlum idi. Əlbəttə,
həmin Cabbarlı da istedadının möhtəşəmliyi,
yaradıcı fantaziyasının gücü, xalqına və
vətəninə məhəbbəti ilə diqqəti çəkirdi.
Lakin sovet ədəbiyyatşünaslığının
təfsirində böyük sənətkar onu bizə daha da
yaxınlaşdıran, doğmalaşdıran əsas özəlliyindən
- sağlam milliyyətçilik və
türkçülük duyğularından, Cümhuriyyət
heyranlığından tamamilə arıdılaraq təqdim
edilmişdi. Bu mühüm xüsusiyyətlərin
Cabbarlı şəxsiyyətinə və
yaradıcılığına Asif Rüstəmlinin tədqiqatları
nəticəsində yenidən qaytarıldığını
desəm, yəqin ki, böyük mübaliğəyə yol
vermiş olmaram.
Cabbarlışünas-alim
kimi Asifin arxivlərdə və dövrü mətbuat səhifələrində
apardığı son dərəcə diqqətli, hətta deyərdim
ki, mikroskopik tədqiqatlar Cəfər Cabbarlının o vaxta
qədər geniş ədəbi ictimaiyyətə yerli-dibli məlum
olmayan, yaxud sadəcə adları bilinən 6 pyesini, 4 hekayəsini,
30-dək lirik və satirik şerini, 60-a yaxın ədəbi-tənqidi
və publisist məqaləsini aşkara çıxarmağa
imkan vermişdi. İlk baxışdan bir qədər
qeyri-inandırıcı görünsə də, "naməlum
Cabbarlı irsi" böyük ədibin
yaradıcılığının az qala
dörddə birini təşkil etməkdədir. Bütün bu əsərlər Asif Rüstəmlinin
tərtib, müqəddimə və şərhləri ilə
1996-cı ildə MEA-nın "Elm" nəşriyyatı tərəfindən
"Ədirnə fəthi" adı ilə çap
olunmuş və cağdaş filoloji fikirdə yekdilliklə
cabbarlışünaslığa töhfə kimi dəyərləndirilmişdir.
Hər
cür müqayisə nisbi və zərərli olsa da, deməliyəm
ki, akademik Məmməd Arifdən sonra Cabbarlı irsinin öyrənilməsinə
ikinci ruhu, ikinci nəfəsi Asif
Rüstəmli gətirmişdi. Məhz bunun da nəticəsində
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə çap edilən
C.Cabbarlının 4 cildlik "Əsərləri"nin tərtibi
ona həvalə olunmuşdur. Asifin bu mühüm nəşrə
yazdığı "Bədii həqiqətlər
ustası" adlı geniş, əhatəli müqəddimə
müasir dövrdə Cabbarlı
yaradıcılığına tamamilə yeni, ideoloji ştamp
və qəliblərdən təmizlənmiş münasibəti
özündə əks etdirir. Cəfər Cabbarlının
ölkəmizin Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan
ədəbiyyatı" seriyasından buraxılan təxminən
50 m.v. həcmindəki "Seçilmiş əsərləri"
də Asif Rüstəmli tərəfindən
hazırlanmışdır.
Onun
Cabbarlı haqqındakı sanballı tədqiqatının -
"Cafer Cabbarlı: Hayatı. Seneti. Mücadilesi" kitabının 2011-ci ildə
qardaş Türkiyədə nəşr edilməsi təkcə
ədəbiyyatşünaslıq elmimizin beynəlxalq
uğurlarından sayılmamalıdır. Bu
həm də bir zamanlar ən "sədaqətli sovet
yazıçılarından" biri sayılan
Cabbarlının yaradıcılıq və idellarının
bərpası, onun yenidən ümumtürk mədəniyyəti
və düşüncəsi kontekstinə qaytarılması
kimi dəyərləndirilməlidir.
Bütün bu axtarışların məntiqi sonucu kimi
Asif Rüstəmlinin Cabbarlı sənəti haqqında
doktorluq dissertasiyası müdafiə edəcəyi tamamilə
gözlənilən idi. 2011-ci ilin noyabrında Naxçıvan Dövlət
Universitetinin Elmi Şurasında uğurla müdafiə olunan
"Cəfər Cabbarlı və ədəbi-mədəni
mühit" adlı həmin sanballı elmi araşdırma
müəllifin iyirmi ildən çox davam edən
ardıcıl və məqsədyönlü tədqiqat fəaliyyətinin
bəhrəsi kimi ortaya çıxmışdı.
Asifin elmi axtarışlarının mərkəzindən
qırmızı xətlə keçən başlıca
mövzu milli istiqlal məfkurəsinin bədii ədəbiyyatda
təzahürü, daha konkret desək, istiqlal ədəbiyyatı
mövzusudur. Vaxtı ilə Abbas Səhhət
deyirdi ki, Sabir İranın Məşrutə inqilabına bir
ordudan artıq xidmət göstərmişdir. Eyni
sözləri XX əsrin əvvəllərindəki Azərbaycan
şair və yazıçılarının xalqın milli müstəqillik
mübarizəsinə verdikləri böyük töhfə
haqqında da söyləmək mümkündür. 1918-ci il mayın 28-də Tiflisdə elan olunan
Misaqi-Milli təkcə siyasətçilərin deyil, həm
ürəkləri öz milləti, xalqı ilə bir vuran Azərbaycan
ədəbiyyatı nümayəndələrinin zəhmətinin
bəhrəsi idi. Milli mübarizənin
önündə gedən siyasətçilərin çoxunun
yaradıcı şəxsiyyətlər olduğunu göz
önünə gətirsək Azərbaycandakı müstəqillik
savaşında sözün necə yüksəkliyə
ucaldığını təsəvvür etmək
mümkün olar. Bu maraqlı və aktual mövzu, yəni
müstəqillik savaşına ədəbiyyatın töhfəsi,
habelə onun bədii fikirdə inikası Asif Rüstəmlinin
2004-cü ildə çapdan çıxan mühüm tədqiqatının
- "Ədəbi istiqlalımız" kitabının əsasını
təşkil edirdi.
Ölkəmizin dünyaya açılması, elmi-mədəni əlaqələrin genişlənməsi elm adamlarımız üçün yeni imkanlar yaratmışdır. Asif Rüstəmli daim bu imkanları layiqincə dəyərləndirmiş və onlardan maksimum yararlanmağa çalışmışdır. O, indiyə qədər İraqda, İranda, Türkiyədə, Rusiyada keçirilən müxtəlif beynəlxalq elmi tədbirlərin iştirakçısı olub. 1994-cü ildə Füzuli yubileyində iştirak məqsədi ilə Bağdada və Kərkükə səfərimiz, ərəb və türkman alimləri ilə görüşlərimiz, Babil, Samirə, Nəcəf, Kərbəla ziyarətimiz indiyə qədər yaxşı xatirimdədir. İki min kilometrə qədər yolu köhnə avtobuslarla qət etdiyimiz İraq səfəri Asifi mənə həm də yol yoldaşı kimi tanıtmış, məşhur rus ifadəsində deyildiyi kimi, onunla "kəşfiyyata çıxmağın" mümkünlüyünü göstərmişdi. Onun son illərdə səfir kimi çalışdığım Polşa və Macarıstanda keçirilən beynəlxalq elmi konfranslarda fəal iştirakını da burada ayrıca qeyd etmək istərdim.
Ədəbiyyatşünas-alim kimi Asif Rüstəmlinin fəaliyyət dairəsi genişdir. O, Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun professorudur. Dövrü mətbuat və televiziyada ədəbi maarifçiliklə məşğul olur. Bakı Dövlət Universiteti nəzdindəki Müdafiə Şurasının üzvü kimi elm kadrların hazırlanmasına töhfəsini verir. Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü və İnstitut Həmkarlar Komitəsinin sədridir. Çoxsaylı kitablarla yanaşı həm də bir neçə sənədli filmin ssenari müəllifidir. Hətta bir mahnının sözlərini yazıb...
Ən başlıcası isə səmimi və xeyirxah insandır. Həsəd, paxıllıq hissindən uzaqdır. Dostun uğuruna sevinməyi bacarır. Ən kiçik yaxşılığı da dəyərləndirir. Həmkarları haqqında sevgi ilə, ürək genişliyi ilə danışır. Həmişə köməyə, yardıma ehtiyac olan yerə tələsir. Çətinliklərlə üzləşsə də, şikayətlənməyi sevmir. Sabit, sadiq dövlətçilik mövqeyi ilə seçilir.
Uzun illər sıx ünsiyyət saxladığım, müxtəlif şəraitlərdə görüb müşahidə etdiyim Asifin xarakterinin, həyat tərzinin səciyyəvi cəhətlərindən biri də onun iddiasızlığıdır. Asif başını aşağı salıb öz işini görməkdən, ədəbiyyatın sıra nəfəri olmaqdan qürur duyan alimdir. Öz gördüyü işlərdən daha çox, söz sənətimizin, mədəniyyətimizin böyük simalarını, diqqətəlayiq hadisələrini təbliğ etməyə can atır. Bütün bunlar isə fərdi mənəvi xüsusiyyətlərlə bir sırada həm də yaşın, təcrübənin gətirdiyi fəzilətlərdir.
İnanıram ki, zəhmətlə birləşən bu fəzilətlər 60-da da, 70-də də, həyatının sonrakı onilliklərində də Asif Rüstəmlinin ayrılmaz yol yoldaşı olacaqdır.
Vilayət QULİYEV
525-ci qəzet.-
2014.- 14 fevral.- S.7.