Ədəbi istiqlal mücahidi
Tarixə
və millətə ən böyük xidmət
azadlığın yolunu göstərmək, onu nurlu əməllərlə işıqlandırmaqdır.
Bu ülvi ideala, pak qayəyə hərə bir vasitə ilə nail olur: tarixçi faktlarla, döyüşçü
silahla, şəhid qanı və canı ilə, filoloq ədəbi-bədii
irslə. Ədəbiyyat yolu - əbədiyyət
yoludur. Elə buna görə
də o, ən çətin yoldur. Ədəbiyyatdan əbədiyyətə
yol almış görkəmli ədəbiyyatşünaslarımızdan
biri AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun
baş elmi işçisi, filologiya elmləri doktoru, professor Asif Rüstəmlidir. O, sözün
həqiqi mənasında ədəbi
istiqlal mücahididir. Xüsusilə
son 20 ildə Asif
Rüstəmli hər
yerdə əsas fiqurlardan biridir- Bakı və Tiflis arxivlərində, muzey fondlarında, televiziya ekranlarında, radio dalğalarında,
ən müxtəlif ədəbi yığıncaqlarda...
Ədəbiyyat söhbəti,
istiqlal mövzusu, 31 mart soyqırımı, Qarabağ
dərdi harada dilə gətirilsə Asif orada məruzə
edir. Özü də elə belə yox, ürəklə, ehtirasla, yanğı və pafosla, əsl vətəndaş qeyrəti
və ziyalı cəsarəti ilə. Çünki bütöv
Azərbaycan idealı ilə
yaşayan
professor Asif Rüstəmli konkret olaraq Qarabağda, Ağcabədinin Qiyaməddinli
obasında dünyaya gəlib. 1988-ci ildən o Nizami
adına Ədəbiyyat
İnstitutuna gəldiyi
gündən - əsrin
dörddə birindən
- bir çərəkdən
artıq oturub-durduğumuz müddətdə
elə bir gün olmayıb ki, Asif Qiyaməddinli elindən, anasından söhbət salmasın. Güclü, fədakar tədqiqatçı
olması səbəbindəndir
ki, o, böyük xronikaçı, salnaməçi
kimi dəqiq faktlarla söhbət edir.
Asif
arxivdə təkcə ən dəyərli faktı tapmaq və qeydə almaqla kifayətlənmir,
fakta tarixin fəzasında nəzər
salmağı, faktın
məna haləsini təsvir etməyi, faktı kontekstdə təqdim etməyi bacarır. Düz on il öncə "Ədəbi istiqlaldan əbədi istiqlala" adlı ön sözlə çap olunmuş "Ədəbi
istiqlalımız" kitabında
fədakar tədqiqatçı
A.Rüstəmli fakta münasibətini belə açıqlayır: "Tədqiqatçı
üçün
faktların axtarışı,
ona istinad prinsiplərindən
qat-qat
əzablıdır. Faktların
izi ilə illərlə yol getmək, arxiv qovluqlarının saralmış vərəqləri arasında
gözlərin nurunu, təkrarsız ömrün
qiymətli anlarını
səpələmək olar...
Lakin faktlar axtarışının uğuruna
öncədən təminat
yoxdur. Nəticədən asılı olmayaraq faktların axtarışına sərf olunan ömür tədqiqatçı
üçün ən mənalı ömürdür".
Elə bilirik ki, bu sətirlərdə
Asif həm öz alim mövqeyini,
həm də gördüyü işin mahiyyətini hamıdan dəqiq və müfəssəl təqdim edir. Yəni Asif Rüstəmli fədakar tədqiqatçıdır. O çətinliklə
tapılmış faktın
qədrini bilir, onu məhəbbətlə
sığallayır, sənətkarlıqla cilalayır. A.Rüstəmlinin ilk böyük
əsəri düz 20
il öncə -
1994-cü ildə Bayraməli
Abbaszadə (Hammal) haqqında namizədlik dissertasiyasıdır. Bu əsərin
yeni "Bayraməli Abbaszadə: mühiti və mücadiləsi" (2014) adlı
monoqrafik nəşrinə
"Mollanəsrəddinçi şairin taleyi" adlı ön sözdə akademik İsa Həbibbəyli yazır: "Təəssüf
ki, son dövrlərdə
arxivlərdə axtarışlar
aparmaq, yeni fakt və sənədləri aşkara çıxarmaq,
əlyazmaları üzərində
işləmək ənənəsi
zəifləmişdir. Elmi-ədəbi meydanda olan ədəbi-tarixi faktların böyük əksəriyyəti
30-50-ci illərdə aşkara
çıxarılmışdır. Bu cəhətdən Asif Rüstəmli yeni nəsil arasında arxivlərə
və kitabxanalara önəm verən mənbəşünas bir
tədqiqatçı kimi
diqqətimi cəlb edir. Böyük uğurla doktorluq dissertasiyası müdafiə etdikdən
sonra da arxivlərin, kitabxanaların,
muzeylərin qapılarını açmaqda davam edir". Həqiqətən də bu gün Asif arxivi yaxşı bilən, arxivdə illərin bozarmış tozunu udmaqdan həzz alan, saralmış və əprimiş vərəqlərin unudulmaqda
olan həqiqətlərini müasir elmin və gələcək
nəsillərin xidmətinə
verən görkəmli alimimizdir. Arxivlə işləmək
xüsusi bir tədqiqatçılıq mədəniyyətidir. Saralmış vərəqlərin mühitinə
səmimiyyətlə girməsən,
əprimkədə olan vərəqləri
məhəbbətlə tumarlamasan arxivdən canlı ədəbi-tarixi mühitə heç nə gətirmək mümkün deyil. Asif bunu bacarır. Asif Rüstəmli arxivin həm faktını, həm də ruhunu ədəbiyyatşünaslığa gətirdi.
Filologiya
elmləri doktoru
(2011), professor (2013), Azərbaycan Yazıçılar Birliyinin
üzvü (1996), AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun
Elmi Şurasının üzvü
(2003), İnstitut Həmkarlar
İttifaqının sədri
(2010), BDU-nun nəzdində Dissertasiya Şurasının üzvü (2013) əziz dostumuz, görkəmli ziyalı və vətəndaş
Asif Rüstəmli 8 ədəbi-nəzəri kitabın,
200-dən artıq ədəbi-nəzəri,
tənqidi-publisistik məqalənin
müəllifidir. Asif
Rüstəmli beynəlxalq
ədəbi aləmdə,
xüsusilə
türk dünyasında
öz məruzə və çıxışları
ilə tanınan alimdir.
O, Ankarada (1991), Bağdadda (1994), Tehranda
(1995), Təbrizdə (1998), Bəsrədə (1999), Urmiyada
(2004 və 2011), Varşavada
(2007), Tomskdə (2008), Elazığda
(2008, 2012, 2013), Budapeştdə (2010) və Diyarbəkrdə
(2013) keçirilən beynəlxalq elmi konfranslarda ədəbiyyatımızın tarixi və nəzəri problemləri ilə bağlı məruzələrlə çıxış edib.
Əlbəttə, belə
çoxcəhətli fəaliyyət
təsirsiz qalmamış,
təəssübkeş Azərbaycan
alimi Asif Rüstəmli Ankaradakı Azərbaycan Kültür Dərnəyinin mükafatına
(1994), "Cəfər Cabbarlı
mükafatı"na (2010), Varşava Universitetinin
"Sertifikat"ına (2007), Elazıx valisinin xüsusi mükafatına (2010), Türk
ədəbiyyatı vəqfinin
"Türk Ədəbiyyatına
Xidmət Baratı"na
(2013) və s.
mükafatlara layiq görülüb.
Faktsız mühakimə seyrçilikdir.
Elə buna görə də professor A.Rüstəmlinin ədəbi-elmi xidmətlərini əks etdirən bir neçə faktı da qeyd etməliyik:
Asif Rüstəmli klassik ədəbiyyatşünasların
ənənələrini davam etdirərək səmərəli
tərtibçi- mətnşünaslıq
fəaliyyəti
göstərmişdir. O, Ulu öndər Heydər Əliyevin milli sərvətimiz olan ədəbi-mədəni
irsini toplayıb tərtib edərək "Nəcib
mənəvi idealların
tərənnümü" (2000) adlı kitab çap etdirmiş,
"Ədəbiyyatın yüksək borcu və amalı"
(1999) kitabının redaktoru olub.
Məhz
Asif müəllimin bir mətnşünas kimi zəhməti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu
M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti"
(1990) və "Bolşeviklərin
Şərq siyasəti"
(1994) əsərləri hələ
XX əsrin 90-cı illərinin əvvəllərində ərəb qrafikasından müasir əlifbaya çevrilərək
lüğət və
şərhlərlə çap olunmuşdur. Ümumiyyətlə,
sovet dönəmində yasaq edilmiş əsərlərdən
ibarət 15
kitabın tərtibçisi olan Asif Rüstəmli Türkiyənin Elazıx vilayətinin 45 şairinin əsərlərini
tərcümə edərək
"Elazıx çələngi"
(2010) kitabını "Qardaşlığın
təməli, dostluğun
məhvəri" adlı
geniş ön sözlə çap etdirib. Həmçinin məşhur türk yazıçısı Əhməd
Kabaklının
"Harput əfsanələri"
(2012) A.Rüstəmlinin tərcüməsində
"Yazarların xocası
və ucası" adlı ön sözü ilə Azərbaycanda işıq üzü görüb.
Faktlar bizə imkan verir deyək ki,
A.Rüstəmli bir türkçü, mətinşünas və
naşir kimi çağdaş türk ədəbiyyatına
səmərəli xidmət
göstərməkdədir. Görkəmli alimin 60 illik yubileyinə həsr olunmuş bu yazıda onun bəzi kitablarının adlarını qeyd etməmək olmaz: "Çırpınırdı
Qara dəniz"
(1992), "Tufanlardan keçən
ömür" (1995), "Susmaz duyğuların səltənətində" (2002), "Ədəbi istiqlalımız"
(2004), "Cəfər Cabbarlı:
həyatı və mühiti" (2009), "Mütərcim
Cəfər Cabbarlı"
(2011) və s. Bu kitabların
üçü
Cəfər Cabbarlıya
həsr olunub.
Ümumiyyətlə, Asif XIX əsrin son, XX əsrin ilk çərəyinin tədqiqatçısıdır. Bu isə Azərbaycanda şərəfli, mürəkkəb, ziddiyyətli və zəngin milli -mənəvi intibah dövrü idi. XIX əsrin maarifçilik hərəkatı XX əsrin önlərində "Füyuzat" və "Molla Nəsrəddin" ədəbi məktəblərini, bu zəmində Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Hüseyn Cavid, Abdulla Şaiq, Məhəmməd Hadi, Abbas Səhhət, Səid Səlmasi kimi şəxsiyyətlərin təmsil etdiyi XX əsr romantizmini, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, M.Rəsulzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Cəfər Cabbarlı ilə təmsil olunan XX əsrin tənqidi realizmini, özlüyündə isə bu ədəbi cərəyanlar iki qüvvətli məfkurə istiqamətini - türkçülük və azərbaycançılığı formalaşdırdı. Tarixin öz razılığı ilə bu məfkurələr birləşərək Şərqdə ilk demokratik respublikanın yaranmasına səbəb oldu. XX əsrin önləri bənzərsiz şəxsiyyətlər epoxası idi: Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əlibəy Hüseynzadə, Üzeyir Hacıbəyli, Hüseyn Cavid və Cəfər Cabbarlı!
Asif Rüstəmli bunlardan sonuncunu seçdi və ədəbiyyatşünas -tədqiqatçı
taleyini onu bütövlükdə öyrənməyə,
C.Cabbarlının totalitar sovet
ideologiyasından xilas etməyə, Azərbaycan xalqına, gələcək
nəsillərə əsl Cəfər Cabbarlını təqdim etməyə həsr etdi...
Cəfər Cabbarlı
haqqında ilk
monoqrafik tədqiqatı "Cəfər
Cabbarlının
yaradıcılıq yolu" əsərinin birinci hissəsini 1934-cü ildə Akademik Dram
Teatrındakı kabinetində rus dilində Əli Nazim dostu Cəfər Cabbarlıya oxumuşdu.
Həmişə özünü
həvəskar adlandıran əbədi
gənc- 35 yaşlı Cəfər bu yazını dinləyib doluxsunmuş,
onu böyük sənətkar
kimi təhlil
və təqdim edən 28 yaşlı məşhur tənqidçi
Əli Nazimi bağrına basmışdı. Sonra akademik Məmməd Arif eyni adlı
fundamental bir kitab yazdı.
1989-cu ildə görkəmli ədəbiyyatşünas və tənqidçi Rəhim Əliyevin "Cəfər Cabbarlının yaradıcılıq təkamülü" monoqrafiyası işıq üzü gördü. Bu onun doktorluq dissertasiyası və o zaman böyük dramaturq barəsində yazılmış ən ciddi elmi-nəzəri monoqrafiya - Cabbarlışünaslığın yeni mərhələsi idi. Düz 20 il sonra Asif Rüstəmli "Cəfər Cabbarlı həyatı və mühiti" (2009) adlı fundamental monoqrafiyası ilə Cabbarlışünaslığın sonuncu - istiqlal dövrü mərhələsinin əsasını qoydu. Çox zəngin arxiv sənədləri və faktlar əsasında Cəfər Cabbarlını yanlış "Azərbaycan sovet dramaturgiyasının, sovet ədəbiyyatının banisi" qəlibindən çıxarıb onu həqiqi simasında - Avropa təfəkkürlü, milli Azərbaycan ədibi kimi təqdim etdi. Asif bu sonuca və bu müvəffəqiyyətə birdən-birə deyil, uzun axtarışlardan sonra gəlmişdi. O, hər şeydən əvvəl Cəfər Cabbarlının sovet rejimi tərəfindən qadağan olunmuş milli-tarixi və türkçülük ruhunda olan əsərlərini "Ədirnə fəthi" adı ilə kitab halında nəşr etdi. Bu əsl ədəbi hadisə idi. 2002-ci ildə "Susmaz duyğuların səltənətində", həm bizdə, həm də Türkiyədə "Cəfər Cabbarlı: həyatı və mühiti", 2011-ci ildə isə "Mütərcim Cəfər Cabbarlı" kitabları bu böyük ədibi yeni yöndən, istiqlal məfkurəsi olan azərbaycançılıq fəlsəfəsinə dayaqlanan metodlarla mənsub olduğu xalqa və bütün türk dünyasına təqdim etdi.
Əsl alimin, ziyalının üzərinə böyük vəzifələr düşən indiki dövrdə Asif istiqlal məfkurəsi olan azərbaycançılıq ruhu ilə yazıb yaradır. Qədim türk əşirətlərindən gələn Vətən əxlaqı, kökü əski türk imperatorluqlarına gedən milli dövlətçilik amalı onu vətəndaş və ziyalı kimi səciyyələndirir. O, bu gün vüsətli iqtisadi - siyasi tərəqqisi ilə dünyanı heyrətə qoyan müstəqil Azərbaycanın nüfuzlu alimidir. Əsərləri millətin gələcəyinə xidmət edir. Asif Rüstəmli şəxsiyyət kimi öz dönməz prinsipləri və "Azərbaycan qayəsi" (M.Ə.Rəsulzadə) ilə yaşayır.
Ömrünün şərəfli 60-cı sənəsini iqtama yetirmiş görkəmli Azərbaycan alimi Asif Heydər oğlu Rüstəmli təəssübkeş ailə başçısı, sədaqətli dost, nəcib ziyalı və qeyrətli vətəndaşdır. Biz ona elmi axtarışlarında yeni uğurlar və növbəti onilliklərdə - 70-də, 80-də, 90-da, 100-də bizimlə görüşə bilməsi üçün tükənməz cansağlığı arzu edirik.
Nizaməddin
ŞƏMSİZADƏ
Vəfa
XANOĞLAN
525-ci qəzet.-
2014.- 14 fevral.- S.7-8.