Azərbaycan Televiziyasının efirə
çıxmasından 58 il keçir
Efir məkanının
töhfələri
Ötən əsrin ortalarından başlayaraq dünyada
geniş və sürətlə yayılan televiziya
kanalları hələ də tamaşaçıları
öz cazibə orbitində saxlamaqdadır. Danılmaz
faktdır ki, televizor sadəcə mənzilimizin qiymətli,
maraqlı əşyası deyil, həm də həyatımızın
vacib atributlarından biridir. İstər-istəməz
ailəmizin sevimli üzvünə çevrilmiş (ona qonaq
demək düz çıxmır, çünki həmişə
bizimlədir - F.X.), bu sehirli aləmin hər bir
tamaşaçının maraq dairəsinə, zövqünə,
dünyagörünüşünə uyğun töhfələri
var. Bugünkü internet əsrində belə,
günümüzün müəyyən saatlarında biz
mütləq televiziyaya baxmalı oluruq. Əlbəttə,
sevdiyimiz proqramlar da var, heç baxmadığımız da.
Əlbəttə, təqdim olunan verilişlərin
mükəmməl olub-olmaması, peşəkar tələblərə
uyğun gəlib-gəlməməsi başqa mövzunun
söhbətidir. Bu məqalədə bu il
efirə çıxmasından 58 il ötən doğma
televiziyamızdan danışmaq istərdik.
Dünyada
ilk televiziya verilişi yayımlanan gündən iyirmi il sonra Azərbaycanda mavi ekranın - "sehirli
qutu"nun əvvəlcə addım-addım, sonra isə daha
sürətlə insanların qəlbini fəth etməsi
dövrü başladı. 1956-cı il
fevralın 14-də ilk dəfə efirə çıxmaqla
Bakı studiyası (indiki AzTV) məmləkətimizin
ictimai-siyasi və mədəni həyatında misilsiz iz buraxdı,
xalqımıza möcüzəli anlar yaşatdı. Həmin gün efirin ilk görüntüsü
unudulmaz aktrisamız Nəcibə Məlikovanın siması və
"Göstərir Bakı" kəlməsi ilə
yaddaşlarda qaldı.
Yüz
yaşa doğru
Sovet dövründə Azərbaycanda yalnız bir
televiziya və radio fəaliyyət göstərirdi. Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra
teleradio şirkətlərinin sayı da artdı.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri"
QSC-nin nəzdində AzTV ilə yanaşı "Mədəniyyət"
və "İdman Azərbaycan" kanalları da fəaliyyət
göstərir. ANS, İctimai Televiziya,
"Lider", ATV, "Space", "Xəzər" kimi
ölkəmiqyaslı kanallar nəinki respublikamızda, sərhədlərimizdən
kənarda da özünə tamaşaçı
auditoriyası toplayıb. Sovet dönəmində
Naxçıvan və Qarabağ kimi bölgələrdə fəaliyyət
göstərən regional telekanalların sırası Gəncə,
Sumqayıt, Mingəçevir, Quba, Tovuz, Şəki, Zaqatala,
Yevlax, Xaçmaz və cənub rayonlarına qədər
genişlənib. Bundan başqa, ABŞ, Kanada və Rusiya
kimi xarici ölkələrdə "Günaz",
"AzCan", "İnterAz" kimi telekanallar mövcuddur.
Qeyd edək ki, bu illər ərzində məhz Azərbaycan
Televiziyası paytaxt və bölgələrdə yaradılan
bütün kanallar üçün böyük məktəb
olmuşdur. Ötən dövrün keşməkeşli və
ziddiyyətli yollarından keçən AzTV bütün
sınaqlardan şərəflə çıxmış və
ölkə teleməkanının birincisi statusunu qoruyub
saxlamışdır. Hazırda 58
yaşlı telekanalın "AzTV" loqosu müqəddəs
dövlət bayrağımızın rənglərini
özündə əks etdirərək,
paytaxtımızın ən yüksək məkanlarından
birində ucaldılmış müasir korpusun üzərindən
hər gün bütün şəhərə işıq
saçır. Böyük azərbaycanlı Heydər
Əliyevin qayıdışından sonra maddi-texniki
bazasını gücləndirmək istiqamətində irəliləyən
AzTV İlham Əliyevin prezidentliyi dövründə bu sahədə
sürətli və köklü dəyişikliklərə
nail olub. Məhz bu siyasətin nəticəsində
bu gün əminliklə demək olar ki, ölkənin əsas
telekanalı iri media holdinqə çevrilib.
2006-cı ildən başlayaraq, AzTV təkcə
maddi-texniki baxımdan deyil, həm də yaradıcılıq
baxımından yenidən ölkə teleməkanında təkanverici
amilə çevrilib. Məhz bu kanal əvvəlki
bayağı, süni və zövqsüz veriliş və
proqramlardan imtina edərək, həyatın qalmaqaldan və
kriminaldan ibarət olmadığına diqqəti çəkdi.
Efirdə yalnız milli-mənəvi dəyərləri,
yüksək zövqü aşılayan veriliş və
proqramlar, filmlər, tamaşalar göstərilməyə və
musiqilər səsləndirilməyə başlandı. Əlbəttə, Azərbaycan hakimiyyətinin
ictimai-siyasi, iqtisadi-sosial, mədəniyyət və incəsənət
sahələrində köklü dəyişikliklərə
nail olmaq məqsədilə qəbul etdiyi qərarlar,
keçirdiyi irimiqyaslı tədbirlər teleməkanın fəaliyyətinə
də təsir etməyə bilməzdi.
Hazırda
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də fəaliyyət
göstərən AzTV, "Mədəniyyət" və
"İdman Azərbaycan" kanallarında folklordan tutmuş
Azərbaycan tarixini, ədəbiyyatını, elmini, incəsənətini,
kültürünü və idmanını əhatə edən
müxtəlif və olduqca yüksək səviyyədə
hazırlanmış veriliş və proqramlar göstərilir,
dövlətçilik ənənələri, vətənpərvərlik,
azərbaycançılıq, turançılıq,
maarifçilik, sağlam həyat tərzi təbliğ edilir,
informasiya təhlükəsizliyi təmin edilir. "Səhər",
"Əbədi abidələr", "Zamanın
sorağında", "Poeziya", "Ovqat", "Səadət",
"Musiqi xəzinəsi", "Xəbər var",
"Zaman və məkan", "Klassik irsimizdən",
"Azərbaycan dili", "Azərbaycan tarixi", "Azərbaycan
Respublikasına xidmət edirəm!", "Çələng",
"Dünya rəqsləri", "Rəqsin dili",
"Zəka nuru", "Mühazirə", "Məclisi-üns",
"İdrak", "Turan", "Teleafişa", "Təmas
nöqtəsi", "Kinosalnamə", "Keyfiyyət
möhürü", "Sabaha doğru", "Ailə həkimi",
"Kənd saatı",
"Bağçılıq",
"Olimp", "Şahmat klubu", "Bəbək"
və sair verilişlər bu qəbildəndir.
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anarın "Poeziya", görkəmli
alim Vasim Məmmədəliyevin "Haqqın dərgahı",
millət vəkili, filoloq-alim Nizami Cəfərovun
"Azarbaycan dili", tarixçi alim Kərim
Şükürovun "Azərbaycan tarixi",
tanınmış filoloq Füzuli Bayatın "Klassik irsimizdən",
yazıçı-publisist Akif Əlinin "Zaman və məkan",
Şəfəq Əlixanovanın "Ovqat", sənətşünas
İlham Rəhimlinin "Sərbəst söhbət",
"Teatr", "Pərdə açılanda", Aydın
Kazımzadənin "Kinosalnamə" veriliş və
proqramlarını aparması, vacib mövzuları əhatə
etməsi, dialoqların canlı qurulması maraqla izlənilir.
AzTV intellektual oyunların nümayişinə
üstünlük verir. "Nə, harada, nə vaxt", "Breyn-rinq",
"Parlaq zəka", "Min bir sual",
"İntellekt", "Mən azərbaycanlıyam",
"Çoxbilmişlərdənsinizmi?" kimi verilişlər
tamaşaçılar arasında böyük populyarlıq, rəğbət
qazanıb. Dövlət başçısı
İlham Əliyevin xüsusi önəm verdiyi "Nə,
harada, nə vaxt" və "Breyn-rinq" sayəsində
ölkədə əsl "intellektuallar ailəsi"
formalaşıb.
AzTV digər
elektron KİV-lərdən fərqli olaraq böyük xəzinəyə
zəngin "Qızıl Fond"a, simfonik, estrada,
xalq çalğı alətləri orkestrlərinə, xor
kollektivlərinə malikdir. Ölkənin birinci xanımı,
millət vəkili Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə
keçirilən muğam müsabiqələrinin, beynəlxalq
musiqi festivallarının sayəsində AzTV gənc solistlərin
sırasını genişləndirib, ekran-efirə yeni simalar
və əsrarəngiz səslər gəlib.
Ötən ildən başlayaraq, Azərbaycan Televiziya və
Radiosunun musiqi kollektivlərinin Beynəlxalq Muğam Mərkəzi
ilə birgə keçirdiyi layihə isə ictimaiyyətdə
xüsusi rəğbət doğurub. Təsadüfi deyil ki,
musiqi əsərlərinin gənc nəslə
çatdırılması və yeni istedadların üzə
çıxarılması məqsədini daşıyan bu
layihəni Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev
"gözəl təşəbbüs" kimi dəyərləndirib.
AzTV-nin təqdim etdiyi layihələr arasında
nüfuzlu "Oskar" mükafatının və Kann kino
festivalının təqdimat mərasimləri xüsusi yer
tutur. AzTV-nin
şərhçisi Minijə Cəfərli və peşəkar
sinxron tərcüməçi Nazim Hüseynov neçə
illərdir ki, kino aləminin bu iki özəl hadisəsini
böyük bacarıq və istedadla, həm də ətraflı
şəkildə Azərbaycan tamaşaçısına
çatdırırlar. Bu məqam artıq Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən də təsdiq olunub.
Bu dövlət qurumunun AzTV-yə göndərdiyi
təşəkkür məktubunda canlı reportajın hətta
Rusiyanın "Pervı" kanalında yayımlanan proqramdan
daha dolğun olduğu vurğulanıb.
Bir sözlə, bizim ana televiziyamız həmişə
dövlətçiliyin, milli-mənəvi dəyərlərin
keşiyində dayanıb. İndi 58 yaşı
tamamlanan ana televiziyamızın xalqımıza
çatdıracağı bir müjdənin arzusundayıq.
Gün o gün olsun ki, erməni
tapdağında qalan torpağımızın
işğalçılardan azad edilməsi xəbərini məhz
sevimli kanalımızdan - AzTV-dən eşidək.
Zamanın
aynası - arzularımızın
ünvanı
Bugünkü teleməkanımızın bir cəhətinə
də toxunmadan keçmək olmur. Bu da milli-mənəvi
dəyərlərin qorunmasında, onun təbliğində
yorulmadan axtarışlar aparan İctimai Televiziya ilə AzTV
arasında sağlam rəqabətin formalaşmasıdır.
Şübhəsiz ki, son illər ərzində
aparılan islahatlar öz bəhrəsini verir.
Yəqin
ki, çoxlarının yadındadır, 2005-ci il avqustun 29-da Bakıda möhtəşəm
tarixi bir hadisə gerçəkləşdi. Ölkə
Prezidenti İlham Əliyev yeni televiziyanın rəmzi düyməsini
sıxmaqla Azərbaycanda İctimai Televiziya və Radio
Yayımına xeyir-dua verdi. Beləliklə
də, demokratik inkişaf yolunu seçmiş Azərbaycan
növbəti dəfə söz və mətbuat
azadlığı prinsipinə sadiqliyini təsdiqlədi.
Ölkədə teleməkanın
inkişafı üçün yaradılmış münbit
şəraitdən bəhrələnən İTV artıq 8
ildən çoxdur ki, hər kəsin arzularının
gerçəkləşdiyi bir tribunaya çevrilib.
İTV-nin yeni baş direktorunun işə prinsipial tərzdə
köklənməsi bu kanalın fəaliyyətinə təzə
ab-hava gətirib. Kollektivdə yaradıcılıq
axtarışlarına, nəzərəçarpan dəyişikliklərə
rəvac verilib. Təqdirəlayiqdir ki,
İTV Azərbaycan teleradioməkanının ən
yaxşı təcrübəsindən, eləcə də
dünya teleradio yayımlarının örnəklərini
öyrənməklə işinin faydalı qurulmasına
çalışır. Bu səbəbdən də
İTV-nin hazırladığı verilişlərin əksəriyyətində
klassika ilə müasirliyin vəhdəti hiss olunur. Bu gün tamaşaçı rəğbəti
qazanmış və maraqla izlənən proqramların sadəcə
adını çəkmək kifayət edər ki, İTV-nin
zənbilindəki töhfələrin müxtəlifliyindən,
zənginliyindən xəbər tutaq. Məsələn,
"Yeni Gün", "Qarabağ sərvətləri",
"Yurd inciləri", "Salam, əsgər",
"Açıq dərs", "Ortaq məxrəc"
"Dil və cəmiyyət", "Ötən illərin nəğmələri",
"Muğam sədası", "Nəğmə dolu bir
ürək", "Xatırlananlar", "Ekspromt",
"Azərbaycan təbiəti", "Torpaq", "Gənclik
həyatı", "Avtomaniya", "Qolf aləmi",
"Yeni stil" kimi verilişlər
baxımlılığı ilə seçilir.
İctimai TV-nin fəaliyyətə başlaması ölkə mədəniyyətinin və incəsənətinin dünya miqyasında tanınması və təbliği istiqamətində yeni bir mərhələnin əsasını qoydu. Dünyanın ən böyük musiqi yarışması sayılan "Eurovision" mahnı müsabiqəsinin məhz bu televiziya vasitəsilə yayımlanması İTV-yə yeni imic gətirdi. Bu baxımdan, İctimai TV-nin "Böyük səhnə" layihəsi isə xüsusi qeyd olunmağa layiqdir. Çünki onun sayəsində Azərbaycanın builki "Eurovision" təmsilçisi məlum olacaq. "Böyük səhnə"də səslənən ifalar, perfomanslar zamanı heç bir nöqsana yol verilməməsi, ukraynalı peşəkarlarla birlikdə məşqlərin yüksək səviyyədə keçirilməsi zövqlü tamaşaçıda yalnız rəğbət oyadır. Ötən illərdən fərqli olaraq, bu il İTV rəhbərliyi Gənclər və İdman Nazirliyi ilə birgə insanları qıcıqlandıran və qeyri-peşəkar qiymətləndirməyə yol açan SMS səsverməsindən tamamilə imtina edib. Qeyd etmək lazımdır ki, əvvəlki dövrdə SMS səsverməsi cəmiyyətdə kifayət qədər narazılıq yaradırdı. Peşəkarlardan ibarət münsiflər heyətinin isə bu il ən istedadlı və əsrarəngiz səsə üstünlük verəcəkləri heç bir şübhə doğurmur.
Avropa Yayım Birliyinin üzvü kimi İTV-nin beynəlxalq əlaqələri getdikcə genişlənməkdədir. İTV indi böyük həvəs və peşəkarlıqla Türkiyə, Macarıstan, Polşa, Koreya, Rumıniya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq edir, mübadilə proqramları həyata keçirir və beynəlxalq telelayihələrin ölkəmizdə eksklüziv yayımçısına çevrilir. Məsələn, Vyana Filarmoniya orkestrinin konserti, Olimpiya oyunları kimi bütün dünyada maraqla izlənən böyük layihələri məhz İTV Azərbaycan tamaşaçısına təqdim edir.
Maraqlı bir faktı da etiraf edək ki, İTV bugün reytinq ardınca qaçmır, şöhrət özü onun ünvanını seçir. Bunu İTV-nin son aylar qazandığı beynəlxalq və yerli əhəmiyyətli mükafatlar da təsdiqləyir. Moskvada keçirilən Beynəlxalq televiziya və kinofilmlər festivalına "Qağayı" filmi ilə qatılan İTV-nin yaradıcılıq məhsulu "Ən yaxşı sənədli film" nominasiyasında qalib oldu. 2013-cü ilin sonunda isə İctimai Televiziya və Radio Yayımları Şirkəti "Azeri Bussiness Award" milli mükafatının laureatları sırasına daxil edildi.
İTV-də rəhbər seçiminin uğurlu nəticələri hazırda yaradıcı qüvvələrin düzgün istiqamətləndirilməsi və təqdim olunan verilişlərin keyfiyyətində özünü göstərir. Bu baxımdan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyevin İTV rəhbərliyi ilə bağlı bir neçə ay əvvəl söylədiyi maraqlı fikir diqqəti cəlb edir: "Təcrübəm və intuisiyam mənə deyir ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu, öz pedaqoji karyerası ərzində yüzlərlə incəsənət mütəxəssisi yetişdirmiş, milli ziyalılıq ənənələrinə sadiqliyini gənc yaşlarından əməlləri ilə təsdiqləmiş əməkdar incəsənət xadimi Cəmil Quliyev İctimai Televiziyanın işində köklü dəyişikliyə nail ola biləcək". Professor öz proqnozunda haqlı çıxdı. Çox qısa zaman kəsiyində Azərbaycan tamaşaçısının maraqla izlədiyi telekanallardan biri də məhz İTV oldu.
Sonda bütün həmkarlarımızı Azərbaycan televiziyasının efirə çıxdığı gün münasibətilə ürəkdən təbrik edir, onlara şərəfli və çətin işlərində yeni nailiyyətlər arzulayıram.
Flora XƏLİLZADƏ
əməkdar jurnalist
525-ci qəzet.-
2014.- 14 fevral.- S.4.