Abbasqulu ağa Bakıxanovun əlyazma irsi
A.BAKIXANOV – 220
Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri, böyük mütəfəkkir, alim, şair Abbasqulu ağa Bakıxanov özündən sonrakı ədəbiyyat, fikir tariximizə əhəmiyyətli təsir göstərmiş, akademik Feyzulla Qasımzadənin sözləri ilə desək, “müasir mədəniyyətimizin banilərindən biri” olmuşdur. O, bir sıra elm sahələrinə – tarix, fəlsəfə,
astronomiya, coğrafiya, qrammatika, etika, ilahiyyata dair qiymətli əsərlər,
Azərbaycan və fars dillərində şeirlər
yazmış, maarifçiliyin inkişaf etdirilməsi, Azərbaycanda
Şərq və Avropa mədəniyyətlərinin birləşməsi,
keyfiyyətcə yeni bir mərhələyə qədəm
qoyulması sahəsində Mirzə Fətəli Axundzadənin
sələfi olmuşdur. Abbasqulu ağanın zəngin
yaradıcılığını tədqiq edərkən, təbii
ki, ilkin mənbə kimi onun əsərlərinin əlyazmalarına
müraciət edirik. Bu gün ədibin əsərlərinin
bizə məlum əlyazmalarının əsas hissəsi AMEA
Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda saxlanmaqdadır. Ədibin
həyat və fəaliyyətinə dair bir sıra sənədlər
Sankt-Peterburq, Tiflis və Kazan arxivlərindədir. Yazıçının əlyazma irsi barədə
qeydlərimiz onun əsərlərinin əlyazmaları, şəxsi
kolleksiyasına daxil olan əlyazma kitabları və şəxsi
arxivi haqqında məlumatdan ibarətdir.
A.Bakıxanovun bizə məlum olan ilk iri həcmli bədii
əsəri 1820-ci ildə, 26 yaşında Qubada yaşayarkən
Azərbaycan dilində yazdığı
“Riyazül-qüds”dür. Bədii sənətkarlıq
xüsusiyyətləri ilə seçilən, əsasən nəsrlə,
eyni zamanda nəzmlə, məqtəl janrında
yazılmış bu əsər Kərbəla vaqiəsindən
bəhs edir. Əsərin əsas
qaynağı XVII-XVIII əsrlərdə yaşamış din
xadimi Məhəmməd Bağır Məclisinin “Cəlaül-üyun”u
olsa da, burada Məhəmməd Füzulinin “Hədiqətüs-süəda”sının
da təsirini görmək mümkündür.
“Riyazül-qüds”ün elm aləminə məlum olan yeganə
əlyazması M.Füzuli adına Əlyazmalar İnstitutunda
D-140 şifri altında saxlanır, h.1258-ci (m.1842) ildə, əsər
yazılandan 22 il sonra ədibin sağlığında
köçürülmüşdür. Əsərin katibi
Haqverdi bin Məşhədi Ocaqverdi Qarabağidir. Avropa
istehsalı olan kağıza köçürülmüş,
91 vərəq həcmində olan mətn gözəl nəstəliq xətti ilə
yazılmışdır.
Klassik ədəbiyyatı
mükəmməl bilən Abbasqulu ağa ilk gənclik illərindən
ömrü boyü Azərbaycan və fars
dillərində şeirlər yazmışdır. Bir müddət onun şeirlər
külliyyatının əlyazması itmiş
sayılırdı. Belə hesab edilirdi ki,
əsərin yeganə əlyazma nüsxəsini F.Bodenştedt
özü ilə Almaniyaya aparmışdır. Akademik
F.Qasımzadə yazırdı: “F.Bodenştedt 1844-cü ildə
Tiflisdən Almaniyaya qayıdarkən Mirzə Şəfinin və
A.Bakıxanovun şeirlərini özü ilə aparır,
orada bunları alman dilinə çevirərək, nümunə
üçün bir neçəsini “Şərqdə min bir
gün” əsərində nəşr etdirir”. Görkəmli
ədəbiyyatşünas Firidun bəy Köçərlinin
özünün “Azərbaycan ədəbiyyatı” əsərində
adını çəkdiyi Bakıxanovun farsca “Miratül-cəmal”
adlı şeirlər toplusu barədə bir müddət əldə
məlumat olmamışdır. Şairin şeirlər
külliyyatını AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunda aşkar edən, sonra da buradakı farsdilli
şeirləri dilimizə çevirən görkəmli əlyazmaşünas
alim Məmmədağa Sultanova görə, tapılan şeirlər
toplusu elə “Miratül-camal”dır. O, yazır: “Əsərin
adından da məlum olur ki, bu şeirlər məhz “Surətin
güzgüsü” olmalıdır. Bakıxanovun
əlyazma külliyyatında isə bir-birinin ardınca
yazılmış belə avtobioqrafik surətlər vardır.
Buna görə də biz həmin əsərləri
birlikdə “Miratül-cəmal” adlandırır, şairin
öz surətinin güzgüsü hesab edirik”. A.Bakıxanovun
Əlyazmalar İnstitutunda tapılmış
şeirlər külliyatına fars dilində
yazılmış əsərlər: “Mişkatül-ənvar”
adlı didaktik məsnəvisi, “Miratül-cəmal” adı
altında birləşmiş müxtəlif mənzumələr
və şeirlər daxildir. Əgər “Mişkatül-ənvar”
(“Nurlar mənbəyi”) Nizami Gəncəvinin “Məxzənül-əsrar”
(“Sirlər xəzinəsi”) məsnəvisinə
yazılmış nəzirədirsə, “Miratül-cəmal”a
“Ərzi-əhval”, “Xəyalın uçuşu”, “Firəng məclisi”
kimi kiçik poemalar, mənzum hekayələr, müxtəlif
janrlarda yazılmış lirik şeirlər daxil
edilmişdir. “Mişkatül-ənvar” məsnəvisinin
1829-cu ildə yazılması barədə məlumatımız
vardır. Qüdsinin demək olar ki,
bütün farsdilli poetik əsərlərinin
toplandığı bu avtoqraf külliyyat Əlyazmalar
İnstitutunda M-120 şifri altında qorunur. Nəstəliq xətti ilə
köçürülmüş, 91 vərəqdən ibarət
əlyazmanın sərlövhələri qırmızı, əsas
mətni isə qara mürəkkəblə
yazılmışdır. Hər səhifə
iki sütun və 16 beytdən ibarətdir. Kitabın üzərindəki qeydlərdən
görünür ki, o əldən-ələ
keçmişdir. Əlyazmanın son ağ
vərəğində hicri 1262-ci (m.1845) il tarixi göstərilmişdir.
Kitabı Quba şəhərindən əldə
edərək Əlyazmalar İnstitutuna təqdim etmiş
Əşrəf Qarabaği 1948-1950-ci illərdə Azərbaycanın
müxtəlif yerlərindən əlyazmaların toplanması
ilə məşğul olmuşdur.
A.Bakıxanovun
poetik irsindən danışarkən onun ana dilində
yazdığı müxtəlif
mənbələrdən götürülmüş “Göstərir”,
“Gəlsin, gəlmədi”, “Olur”, “Əbəs”, “Olubdur” rədifli,
“Gün üzdə ay tüluimi, ya gün kəmanıdır”
misrası ilə başlanan qəzəllərini, “Arasında”
rədifli mənzum məktubunu, “Bismillah”, “Özgələr”,
“Dönübdür” rədifli müxəmməslərini, “Təbriz
əhlinə xitab” şeirini, İ.Krılovdan etdiyi
“Eşşək və bülbül” təmsilinin tərcüməsini
xüsusilə qeyd etmək istərdik. Şairin müasirlərinin,
ondan sonra gələn sənətkarların
yaradıcılığına müəyyən təsir
etmiş bu əsərlər vaxtı ilə bəzi təldiqatçılar
tərəfindən toplanaraq mətbu orqanlarda çap
edilmişdi. F.Köçərli “Azərbaycan ədəbiyyatı”
kitabına onun “Bismillah”, “Gəlsin, gəlmədi”, “Olur”,
“Arasında” rədifli şeirlərini, “Təbriz əhlinə
xitab”ını, İ.Krılovun “Eşşək və
bülbül” təmsilinin tərcüməsini
salmışdır. Şairin azərbaycanca şeirlərindən
biri “Zakavkazski vestnik” qəzetinin 1847-ci il
3-cü nömrəsində “Tatarskaya pesnya” adı ilə
çap edilib. Əsəri polyak şairi Lada
Zablotski polyak dilinə, Y.P.Polonski isə polyak dilindən
ruscaya çevirmişdir. Ədibin
“Bismillah” rədifli müxəmməsi 1861-ci ildə Mirzə
Əbülhəsən Vəzirov Zuinin dərsliyində, ikinci
dəfə isə “Füyuzat” məcmuəsində çap
edilmişdir.
Abbasqulu ağa yaradıcılığının erkən
dövrünün məhsulu – iki gəncin məhəbbətindən
bəhs edən “Kitabi-Əsgəriyyə” adlı Azərbaycan
dilində yazılmış nəsr əsəri 1861-ci ildə
Mirzə Əbülhəsən Vəzirov tərəfindən
Peterburqda nəşr edilib. Əsərin əlyazması
Rusiya Elmlər Akademiyası Sankt-Peterburq filialı
kitabxanasında saxlanılır. Mikrofilmi
AMEA Əlyazmalar İnstitutunda vardır.
XIX əsrin 20-ci illərinin sonlarından Abbasqulu ağa
filoloji, elmi fəaliyyətlə də məşğul
olmuşdur.
O, Rusiya-Türkiyə müharibəsi zamanı 1829-cu ildə
rus əsgərlərinin Axalsix, Ərzurum və Bəyaziddə
müsadirə etdiyi əlyazmaların siyahısını tərtib
edir (əsli M.E.Saltıkov-Şedrin adına
kitabxanadadır). “Dərbəndnamə” əlyazmasını
türk və fars dillərindən rus dilinə
tərcümə edir. 1838-ci ildə Tiflis müctəhidinin
xahişi ilə abunəçisi olduğu
“Ensiklopediçeskiy leksikon” məcmuəsində
çıxmış vəhhabilərə dair məqaləni
fars dilinə çevirir. Həmin
tərcümə B-2482 şifri altında Əlyazmalar
İnstitutunda saxlanmaqdadır.
Məlumdur
ki, Abbasqulu ağanın 1829-cu ildə yazdığı və
Rusiyada ilk fars dili qrammatikası olan
“Qanuni-Qüdsi” hökumət mükafatına layiq
görülmüşdür. Əsərin fars
dilində orijinalı “Qanuni-Qüdsi” 1831-ci ildə, “Kratkaya
qrammatika persidskoqo yazıka” adlı rus dilinə tərcüməsi
isə 1841-ci ildə dərc edilib. “Qanuni-Qüdsi”nin nüsxələri
– M-47, B-562 şifrli əlyazmalar, IX-427 nömrəli çap kitabı Əlyazmlar
İnstitutundadır. B-562 şifrli əlyazma 90
səhifədən ibarətdir, h.1257-ci (m.1841) ildə
köçürülüb. M-47 şifrli
nəfis nüsxə Məhəmməd Qarabaği adlı
katib tərəfindən h.1243-ci (1828) ildə Ərzurumda
orijinaldan köçürülüb. IX-427-ci
nömrə altında saxlanan çap kitabı isə h.1257-ci
(m.1841) ildə Tiflisdə nəşr edilib.
Görkəmli
ədibin 1830-cu ildə fars dilində yazdığı 2 fəsildən
ibarət “Kəşfül-qəraib” əsəri Amerikanın
Xristofor Kolumb (1446-1506) tərəfindən kəşf
olunmasından və Yer kürəsinin qərb hissəsini təşkil
edən bu qitənin təsvirindən bəhs edir. Əlyazması Rusiya Elmlər Akademiyasının
Sankt-Peterburq filialı kitabxanasında V-8031 (609d) şifri
altında saxlanır.
Ədibin
1832-ci ildə fars dilində
yazdığı “Təhzibül-əxlaq” (“Əxlaqın
düzəldilməsi”) əsəri uşaqların və gənclərin
tərbiyəsinə həsr edilmişdir, pedaqogika və
psixologiyaya aid elmi və nəzəri məsələləri əhatə
edir. Əsərin iki əlyazma nüsxəsi
A-153 (v.56b-97b) və S-195-ci şifrlər altında
Əlyazmalar İnstitutunda saxlanılır. Onun pedaqogikaya həsr etdiyi ikinci əsəri “Kitabi-nəsihət”
və ya “Nəsihətnamə” kiçik müqəddimə və
103 ibrətamiz nəsihətdən ibarətdir. Əsərin əlyazma nüsxələri M-124,
A-777, A-58, D-395, B-2462, D-367, M-129, S-283 şifrləri altında
Əlyazmalar İnstitutunda saxlanılır. Bu nüsxələrdən M-124 şifrli ən nəfisini
h.1325-ci (m.1907) ildə Seyid Rza ibn Mir Hüseyn Qubalı
adlı katib əsas nüsxədən
köçürüb. A-777 şifrli əlyazmada
eyni zamanda müəllifin rübailəri köçürülmüşdür.
1835-ci ildə Abbasqulu ağa formal məntiqə həsr
etdiyi “Eynəl-mizan” (“Tərəzinin gözü”) əsərini
ərəb dilində yazmış, onun əsas nüsxəsi
1840-cı ildə Kazan Universitetinə, A.K.Mirzə Kazım bəyə
bağışlamışdır. 1971-ci ildə
Ə.Əhmədov və Z.Məmmədov həmin nüsxəni
aşkar edərək Azərbaycan dilinə çevirmişlər.
A.Bakıxanov XIX əsrin 30-cu illərinin sonlarında,
böyük polyak astronomu N.Kopernikin ölümünün 300
illiyinə hazırlıq gedən bir vaxtda kosmoqrafiya məsələləri
ilə məşğul olmağa başlamışdı. 1839-cu ildə o, fars dilində astronomiyaya dair “Əsrarül-mələkut”
(“Kainatın sirləri”) risaləsini yazmış, sonra əsərini
ərəb dilinə tərcümə etmişdir. Müəllifin qeydinə görə bu, natamam
qalmış “Ümumi coğrafiya” əsərinin “riyazi hissə”si
kimi nəzərdə tutulmuşdu. “Əsrarül-mələkut”un B-3860 (v.57a-65b) və B-4498 (v.43b-48a) şifrli
iki əlyazma nüsxəsi Əlyazmalar İnstitutunda
saxlanır. Ədib Türkiyə yolu ilə Həcc səfərinə
gedərkən 1846-cı ildə İstanbulda “Əsrarül-mələkut”un bir nüsxəsini Osmanlı imperatoru Sultan
Əbdülməcidə təqdim etmişdir. Əsər
sultanın tapşırığı ilə türk alimi Həyatizadə
Seyid Şərif tərəfindən türk dilinə tərcümə
və şərh edilərək “Əfkarül-cəbərut
fi əsrarül-mələkut” adı ilə 1848-ci ildə
İstanbulda nəşr edilib. Bakıxanov
Həcc səfəri zamanı vəfat etdiyinə görə,
kitabı görməmişdir. Həmin
kitabın bir nüsxəsi XII-19-cu nömrə altında
Əlyazmalar İnstitutunda saxlanır.
Abbasqulu ağa Bakıxanov əsli Tiflis, Sankt-Peterburq
arxivlərində, kitabxanalarında saxlanan Qafqazın siyasi və
iqtisadi tarixinə dair araşdırmaların, qeydlərin
müəllifidir. Onun 1843-cü ildə fars dilində
yazdığı Azərbaycanın və Dağıstanın
tarixinə dair “Gülüstani-İrəm” əsəri
çoxillik tədqiqatların nəticəsidir. Akademik Ziya Bünyadovun “Azərbaycan
tarixşünaslığında orta əsrlərin son xronisti
və yeni dövrün ilk tarixşünası, tarixçisi”
adlandırdığı Abbasqulu ağa bu kitabında Şərq
tarixşünaslığı ənənələri ilə
Avropa elminin nailiyyətlərini birləşdirmişdir.
A.Bakıxanov faktiki olaraq xalqımıza Vətən
tarixini bəxş edən ilk alim olmuşdur.
Əlyazmalar İnstitutunda əsərin 8 əlyazma, bir
neçə çap nüsxəsi vardır. “Gülüstani-İrəm”
əsəri 1902-ci ildə Seyid Əzim Şirvaninin oğlu Mir
Cəfər tərəfindən Azərbaycan dilinə tərcümə
edilərək çapa hazırlanmışdır. 138 vərəqdən ibarət əlyazması
Əlyazmalar İnstitutunda M-193-cü şifr altında
saxlanır. Sonda mündəricat vardır.
Əlyazma Bəkir Çobanzadənin
kitabxanasında olmuşdur.
Yüksək elmi dəyəri nəzərə
alınaraq “Gülüstani-İrəm”in elmi-tənqidi mətni
tərtib edilərək 1970-ci ildə “Elm” nəşriyyatında
nəşr edilmişdir. Akademik Ə.Ə.Əlizadə, F.Babayev,
Ə.Ələsgərzadə, M.Sultanov və M.Azərli bu mətni
AMEA Əlyazmalar İnstitutunda saxlanan 5 əlyazma əsasında
tərtib etmişlər.
A.Bakıxanovun epistolyar irsindən ibarət M-308 şifri
altında Əlyazmalar İnstitutunda mühafizə edilən
“İnşa” adlı avtoqraf əlyazma böyük maraq
doğurur. Bunlar əsasən onun həyat yoldaşı Səkinə
xanıma və müxtəlif şəxslərə
yazdığı məktublardır. Bu məktubların
çoxu “cani-şirinü əzizi-mehriban” sözləri ilə
başlanır. Əlyazmada bəzi ərizə,
şeir, rübai və fərdlər də vardır. Məktublar
“Abbasqulu”, “Qəribi-məhcur Abbasqulu”, “Abbasqulu Bakıxanov”
kimi imzalanıb. Üzərindəki qeydlərdən
görünür ki, əlyazma bir neçə şəxsin
ixtiyarında olmuşdur.
A.Bakıxanovun Əlyazmalar İnstitutunda saxlanan əlyazma
kitabları kolleksiyası, şəxsi arxivi də böyük
maraq doğurur. Bütün bunlar ən müxtəlif
istiqamətlərdə tədqiqatlar üçün geniş
material verir.
Redaksiyadan:
Bu günlərdə filologiya elmləri doktoru Paşa
Əlioğlunun 55 yaşı tamam olur. Yubiley
münasibəti ilə Paşa müəllimi təbrik edir,
sağlam ömür, bol-bol yaradıcılıq
uğurları arzulayırıq.
Paşa ƏLİOĞLU
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun direktor əvəzi
filologiya elmləri doktoru
525-ci qəzet.-
2014.- 15 fevral.- S.22.