“Aparılan məhkəmə-hüquq
islahatları bu sahədə xeyli keyfiyyət dəyişikliyi yaradıb”
NATİQ ABDULLAYEV: “VƏTƏNDAŞ
CƏMİYYƏTİNİN QURULMASI ÜÇÜN
HÜQUQİ İSLAHATLARIN DÜZGÜN
İSTİQAMƏTDƏ APARILMASI VƏ İNKİŞAF
ETDİRİLMƏSİ ZƏRURİ ƏHƏMİYYƏT
DAŞIYIR”
Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti tərəfindən
hüquqi dövlət
quruculuğunun və vətəndaş cəmiyyətinin
inkişaf etdirilməsinə
xüsusi diqqət yetirilir. Ulu öndər Heydər
Əliyevin hakimiyyəti
dövründə əsası
qoyulan bu prinsiplər hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Heç şübhə yox ki, vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi,
eləcə də hüquqi dövlət quruculuğunda hüquqi islahatların əhəmiyyətli
rolu var. “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyinin sədri Natiq Abdullayevlə söhbətimizi də bu istiqamətdə qurduq.
– Ölkədə aparılan
hüquqi islahatlarla bağlı hansı fəaliyyətiniz var?
– Təşkilatımız qarşısına
qoyduğu məqsədləri
həyata keçirmək
üçün aşağıdakı
istiqamətlərdə daha
ardıcıl və məqsədyönlü işlər
aparır. Hüquqi islahatlarda, idarəçilikdə
innovasiyaların tətbiqi,
innovasiya layihələrinin
hazırlanması və
həyata keçirilməsinin
dəstəklənməsi; innovasion cəmiyyətin formalaşmasının hüquqi
əsaslarının yaradılması
və möhkəmləndirilməsi;
məhkəmə-hüquq islahatları
çərçivəsində vətəndaş cəmiyyətinin
inkişafının mühüm
amillərindən biri
olaraq mübahisələrin
məhkəmədən kənar
alternativ vasitələr-mediasiya,
konsiliasiya, arbitraj vasitəsilə həlli üsulları barədə
beynəlxalq təcrübənin
ölkəmizdə tətbiqinə
nail olmaq; hüquqşünas
kadrların peşəkarlığının
artırılması, xüsusən,
özəl sahələrdə
çalışan hüquqşünasların
ixtisasartırma kurslarına
cəlb edilməsi, ali məktəblərin yuxarı kurslarında oxuyan və yaxud ali məktəbləri
yenicə bitirmiş məzunların praktiki hüquqşünaslıq vərdişlərinə
yiyələnməsi, yüksək
ixtisaslı kadrların
yetişdirilməsi; hüquqi
islahatların təkmilləşdirilməsinə
dəstək vermək
məqsədilə beynəlxalq
təcrübənin öyrənilməsi;
beynəlxalq mütəxəssislərin
cəlb edilməsi ilə yeni qanun
layihələrinin hazırlanması,
qanunvericilik təşəbbüsləri
ilə çıxış
etmək bu sıradan olan tədbirlərdəndir. Qarşısına
qoyduğu məqsədlərə
çatmaq üçün
“Hüquqi İslahatlara
Yardım Mərkəzi”nin nəzdində Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi; Hüquqi İnnovasiya İnkişaf
Mərkəzi; Hüquq
Təlim-Tədris Mərkəzi
kimi əsas fəaliyyətinə uyğun
üç istiqamətdə
müstəqil qurumlar
yaradılıb. Şübhəsiz ki, bu məqsədlərə
nail olmaq üçün
beynəlxalq təcrübənin
öyrənilməsi və
öz fəaliyyətimizdə
tətbiq edilməsinin
müsbət səmərə
verə biləcəyini
düşünürük. Bu istiqamətdə mütəxəssislərimiz ciddi
araşdırmalar aparırlar.
Həmçinin, Mərkəz öz
fəaliyyətində hüquqi
islahatların, innovasiya
layihələrinin həyata
keçirilməsi ilə
məşğul olan dövlət qurumları və ictimai təşkilatlarla ciddi əməkdaşlıq əlaqələri
qurur. “Hüquqi
İslahatlara Yardım
Mərkəzi” fəaliyyətə
başladığı müddət
ərzində qarşısına
qoyduğu məqsədlərə
çatmaq üçün
öz daxili imkanları hesabına bir çox tədbirlər görüb.
Belə ki, mütəxəssislərimizin hazırladığı
2000-ə yaxın hüquqi
termini əhatə edən
izahlı “Rusca-azərbaycanca
hüquq lüğəti”
və “Vərəsəlik:
Normativ aktlar, Qərarlar, Şərhlər
(1923-2000-ci illər)” kitablar
və bir çox digər nəşrlər kütləvi
tirajla oxucuların ixtiyarına verilib. Mərkəz
qarşısına mübahisələrin
alternativ həlli ilə əlaqədar olan digər üsullarla konsaltinq xidmətlərinin və bu kimi kitabların
hazırlanmasında və
nəşrində əsas
məqsəd vətəndaşların
hüquqi cəhətdən
maarifləndirilməsi işlərinə
kömək etməkdir.
Təşkilatımız Azərbaycanda mübahisələrin
məhkəmədənkənar, arbitraj yolu ilə
həlli istiqamətində
atılan addımların
davam etdirilməsi və təkmilləşdirilməsi
üçün müəyyən
işlər görüb. Yeri gəlmişkən
qeyd edək ki, “Hüquqi İslahatlara Yardım Mərkəzi” əməkdaşlarının
mübahisələrin alternativ
üsullarla həlli sahəsində kifayət qədər nəzəri və təcrübi bilikləri vardır.
Belə ki, təşkilatımızın təsisçiliyi
ilə, hüquq varisliyi qaydasında yenidən təşkil olunaraq, hazırda “Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi” adlanan “İnternational Commercial Arbitraton”
Cəmiyyəti 2002-ci ildən
yaradılıb və
fəaliyyətə başlayıb.
“İnternational Commercial Arbitraton”
Cəmiyyəti “Beynəlxalq
Arbitraj haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, 11 noyabr 2003-cü ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsini
təsis etmiş,
BKAM-ın arbitrlərini
seçmiş, BKAM-ın
katibliyini və aparatını təşkil
etmiş, BKAM-ın Əsasnaməsini təsdiq
edib.
2008-ci ildə “İnternational
Commercial Arbitration” Cəmiyyəti hüquqi varislik qaydasında “Hüquqi İslahatlara Yardım Mərkəzi”nin təsisçiliyi ilə yenidən dövlət qeydiyyatına alınmaqla,
adı dəyişdirilərək
“Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi” kimi yenidən təşkil olunub. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin hüquqi varisi olduğu “İnternational
Commercial Arbitration” Cəmiyyəti fəaliyyəti dövründə,
həmçinin, 2004-2007-ci illərdə müstəqil
surətdə Azərbaycanda
arbitraj ideyasının
fəal təbliğatçısı
olaraq, nəzdində yaradılan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin
təşkili və inkişafı istiqamətində
əməli tədbirlər
görmüşdür. BKAM Almaniya, Rumıniya, Misir, Türkiyə, Hindistan, Birləşmiş
Ərəb Əmirlikləri,
İtaliya, Avstriya və s. kimi beynəlxalq arbitraj və mediasiya sahəsində zəngin təcrübəsi olan ölkələrdə fəaliyyət
göstərən analoji
qurumlarla qarşılıqlı
əməkdaşlıq sazişləri
bağlamış, müxtəlif
formatda bu əlaqələrini inkişaf
etdirir. “İnternational
Commercial Arbitration” Cəmiyyəti
2003-2008-ci illərdə beynəlxalq
arbitraj sahəsində
2 kitab, 4 broşür
(Azərbaycan, ingilis və rus dilərində)
buraxaraq, öz daxili imkanları hesabına “Arbitraj” qəzetini nəşr etdirib.
Hazırda BKAM-ın icraatında
iqtisadi mübahisələrə
dair bir neçə iş vardır ki, bu da mübahisələrin
həllinin alternativ üsullarına sahibkarların
inamının nəticəsidir.
İndi
təşkilatımızın nəzdində fəaliyyət
göstərən Azərbaycan
Arbitraj və Mediasiya Mərkəzi arbitraj və mediasiya sahəsində beynəlxalq əlaqələrini
davam etdirir, xüsusən, iqtisadi mübahisələrin alternativ
həlli üsullarının
ölkəmizdə təbliğində
fəal iş aparır, həmçinin,
müstəqil arbitraj
və mediasiya qurumu kimi beynəlxalq
aləmdə ölkəmizi
layiqincə təmsil edir.
– Natiq müəllim, qanunvericiliyin təkmilləşdirilməsi
sahəsində nə
kimi təşəbbüsləriniz
olub?
– Mərkəzin əməkdaşları tərəfindən beynəlxalq təcrübəyə və milli qanunvericilik bazasına əsaslanmaqla “Mediasiya (vasitəçilik) haqqında” və Münsiflər məhkəməsi haqqında Qanun layihələri hazırlanır. Yaxın vaxtlarda yeni layihələr müvafiq dövlət qurumlarına və ictimaiyyətin müzakirəsinə təqdim ediləcək. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində də “Hüquqi İslahatlara Yardım Mərkəzi”nin orijinal tədbirlərin həyata keçirilməsini planlaşdırır. İlk növbədə müxtəlif qanunvericilik aktlarının günün tələbləri və beynəlxalq təcrübəyə müvafiq səviyyədə təkmilləşdirilməsi üçün artıq 10-a yaxın təkliflə Azərbaycan Respublikasının Milli Məclisinə, Prezidentin İcra Aparatına, Nazirlər Kabinetinə müraciətlər təqdim olunub. Dəyişən cəmiyyətdə qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətimizin, müvafiq qurumların daim diqqət mərkəzindədir. Təşkilatımız da öz əməkdaşlarının və digər mütəxəssislərin praktiki fəaliyyəti, ayrı-ayrı şəxslərin, dövlət, ictimai və özəl təşkilatların müraciətləri əsasında aşkar olunan problemli məsələlərin vaxtında və peşəkarlıqla həllini tapması üçün əsaslandırılmış təkliflər hazırlayaraq müvafiq orqanlara təqdim edir. Ümumiyyətlə, yeni qanunların hazırlanmasında və qüvvədə olan qanunların təkmilləşdirilməsində iştirak etmək, ayrı-ayrı qanunların, normativ-hüquqi aktların tətbiqi mexanizminin səmərəliliyini öyrənmək, qanunvericiliyin tətbiqi təcrübəsindəki nöqsanların aradan qaldırılmasında fəal iştirak etmək təşkilatımızın fəaliyyətinin əsas istiqamətlərindən biridir.
“Hüquqi İslahatlara Yardım Mərkəzi” respublika hüquqşünaslarının qüvvəsini cəmiyyətin daha da demokratikləşdirilməsi prosesinə, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, cəmiyyətin mənafeyinin mühafizəsinə, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi və genişləndirilməsinə səfərbər etmək niyyətindədir. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunmasında beynəlxalq təcrübənin öyrənilməsi, hüququ pozulmuş şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə daha asan şəkildə müraciət etməsinə yardım, bütövlükdə hüquqi yardımın təkmilləşdirilməsinə çalışmaq mərkəzin davamlı fəaliyyət sahələrindən biridir. Mərkəzin fəaliyyət istiqamətlərindən biri də hüquqşünas peşəsinin nüfuzunun artırılması, hüquqşünasların peşə hazırlığının, peşə etikasının təkmilləşdirilməsi, xüsusən, vəkillərin və nümayəndəlik fəaliyyəti ilə məşğul olan praktiki hüquqşünasların müxtəlif sahələr üzrə ixtisaslaşmasına yardım göstərməkdir.
Hazırda mərkəzin mütəxəssislər qrupu qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir beynəlxalq hüququn və beynəlxalq əlaqələrin əsas xüsusiyyətlərini, beynəlxalq hüququn və beynəlxalq təcrübənin ən yeni innovasion üsullarını araşdırır. Beynəlxalq hüquq ittifaqları və təşkilatlarla birbaşa əlaqələrin yaradılması, beynəlxalq səviyyəli ekspertlərlə qarşılıqlı əməkdaşlığın qurulması da mərkəzin önəm verdiyi məsələlərdəndir. Bu məqsədlə mərkəzin əməkdaşlarının xarici ölkələrə ezam olunması, xarici mütəxəssislərin ölkəyə dəvət olunması, beləliklə fəal təcrübə mübadiləsi aparılmasına diqqət yetirilir.
AQİL
525-ci qəzet.- 2014.- 15 fevral.- S.30.