"Həyat hekayələri"
Səlim
Əzimovun bu adda yeni çapdan çıxmış
kitabına belə bir əlavə də edərdim: "Zəngin
bir ömrün və diyarın ensiklopedik toplusu".
Müəllif,
Azərbaycanımızın Ağdam adlı əsrarəngiz
bir diyarının mötəbər ağsaqqal
ziyalısı, ölkəmizdə, bəlkə də
dünyada çox az adama nəsib olan bir
ömür yaşayıb və yaşayır. Xudu Məmmədov,
Rafiq Əliyev kimi dünya şöhrətli alimlərin ilk təhsil
ocağı olan Novruzlu məktəbinin şöhrəti onun
adı ilə bağlıdır. 54 il bu məktəbə
rəhbərlik edən Səlim müəllim elə bu
göstəricisi ilə bəlkə də Ginnesin rekordlar
kitabına düşə bilər. Kitabın
ilk fəsli Xudu Məmmədovun "Xalqını tanıyan və
bilən - millətini təmsil edə bilər" sözləri
ilə başlayır və Səlim müəllim öz
kitabında böyük alimin bu sözlərini özündə
ehtiva edir.
Hər bir xalqın tarixi həmin xalqın
yaşadığı ölkənin tarixindən
ayrılmazdır. Səlim müəllim ilk fəsildə
Qarabağın ürəyi olan Ağdamın əsrlərdən
keçib gələn tarixinə qısa nəzər
salır. Bu diyarın X əsrdən başlayaraq Şəddadilərin,
XI əsrdə Səlcuqilərin, XII əsrdən Eldəgizlərin,
daha sonra monqolların, teymurilərin, Ağqoyunluların, Səfəvilərin
hücumlarına məruz qalmasından və XVII əsrdən
yerli əhalinin mübarizəsi sayəsində Qarabağ
xanlığının möhkəm qərar tutması, burada
kənd təsərrüfatının, sənətkarlığın,
ticarətin inkişafı, ədəbiyyat və incəsənət
korifeylərinin meydana gəlməsi və ona böyük
tarixi şöhrət qazandırmasından bəhs olunur. Kitabın bir böyük dəyəri də
ondadır ki, burada Sovet dönəmində yetişən
yüzlərlə görkəmli alimin, ədəbiyyat və
incəsənət xadiminin mükəmməl statistikası
verilir.
Səlim müəllimin öz nəsil şəcərəsinə
dair verdiyi məlumatlar da maraqlıdır. Nəsil-kökünü dəyərləndirə
bilməyən bir adam kökdən
ayrılmış barsız-bəhərsiz bir ağaca bənzəyər.
Səlim müəllimin öz nəsil-kökünü
və bütünlükdə şəcərəsini mükəmməl
işıqlandırması onun görkəmli ziyalı
obrazına da işıq salır. Müəllifin
ata-ana məhəbbəti haqqında yazdıqları
böyük tərbiyəvi dəyərə malikdir. Onun özünün həyat hekayəsi isə bir gəncin,
tələbənin, müəllimin, məktəb direktorunun
bitkin həyat manifestidir. Kitabda mənfur
qonşularımız olan ermənilərin müxtəlif xəyanətlərinə
dair faktların canlı nümunələri böyük tarixi
dəyərə malikdir.
1950-ci ildən başlayıb 1952-ci ilə qədər
Novruzlu məktəbində çalışan 45 müəllimin,
34 müəllimənin, 23 texniki işçinin hər biri
haqqında qısa məlumat verilməsi diqqətəlayiqdir. Uzun illər rəhbərlik
etdiyi Novruzlu məktəbinin tarixinə dair verilən məlumatlar,
məktəbin həyatında baş verən maraqlı hadisələr
dəyərlidir, hər bir məktəb üçün
örnəkdir.
Əsərin çox dəyərli bir fəsli Səlim
müəllimin həyatda olan və olmayan dostlarına həsr
olunub. Bu fəsildə onun varlığına və
yoxluğuna işıq saldığı adamların
statistikası da çox maraqlıdır. Bunlar nə az, nə çox, 500 nəfərə qədərdir.
Səlim müəllimin bu qədər adamı
adı, soyadı, ixtisası ilə yaddaşında
saxlaması özlüyündə nadir hadisədir. Və bunların bir çoxları ilə münasibətlərində
baş verən maraqlı hadisələrin qələmə
alınması onun qeyri-adi yaddaşından xəbər verir.
Kitabda
Ağdamın düşmən əlinə keçməsinin
xəyanətkar rəhbərlərin əməllərilə
bağlı olmasına dair maraqlı faktlar var. 10 il ağdamlılarla işləyib onların
böyük fədakarlığına yaxından bələd
olan bir şəxs kimi Səlim müəllimin
aşağıdakı sözlərinə sözün tam mənasında
haqq qazandırıram. "Mən həmişə
demişəm, indi də deyirəm, ermənilər
ağdamlılardan qorxurdular. Ağdam uzun
illər ermənilərə göz dağı
olmuşdur". Və müəllifin
ümidverici qənaəti də çox dəyərlidir.
"Mənfur ermənilər bilməlidirlər
ki, şəhidlərimizin "(Ağdam şəhidlərinin
sayı 6 mindən çoxdur) qanı yerdə qalan deyil.
Yəqin ki, əvvəlkindən də gözəl,
yaraşıqlı Ağdam yenə yaranacaqdır".
Müəllifin
dediyi: "Biz ayrılığı gördük, sinəmiz
dağlandı, zirvələrə gedən yollarımız
üzümüzə bağlandı, lakin kiminsə yanında
kövrəlmədik, içimizdə ağladıq,
yurd-yuvamız xəyanətə qurban getdi, alnımıza
"qaçqın-köçkün" damğası vuruldu.
Yükümüz dərd-qəm şələsi
oldu. Bu gün üzümüz, qəlbimiz
gülmür, dupduru gözlərimizdə sevgi odu alovlanır.
Yurd-yuva yadımıza düşəndə isə
ürəyimiz alışıb yanır" sözləri hər
bir ağdamlının qəlbini alovlandırmaya, dərin
düşüncələrə qərq etməyə bilməz.
Müəllifin
Ağdam rayonundan olub Qarabağ döyüşlərində
"Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülənlərin (16 nəfər), "Azərbaycan
Bayrağı" ordeni ilə təltif edilənlərin (22 nəfər),
"Hərbi xidmətə görə" medalı ilə təltif
olunanların (15 nəfər), Novruzlu kəndi uğrunda
döyüşlərdə həlak olanların (20 nəfər)
siyahısını kitaba daxil etməsi də həmin
adamların adlarının əbədiləşdirilməsi
baxımından önəmlidir.
Səlim müəllim pedaqoji fəaliyəti
dövründə birgə çalışdığı 65
müəllimin hər birinin hansı illərdə işlədiyini
göstərməklə, ayrı-ayrı müəllimlərin
pedaqoji nailiyyətlərindən bəhs etməklə
onların hər birinə olan həssas münasibətini əks
etdirir.
Müəllifin ailə məhəbbətinə həsr
etdiyi bölmələr də diqqəti cəlb edir. Burada bu məhəbbətin
bütün incəlikləri özünə yer tapıb.
Ailə məhəbbətinin ülviyyəti elə
təbii boyalarla nəql olunur ki, bunları oxuyan hər kəs
bu məhəbbətin isti nəfəsini duymaya bilməz.
Ömür-gün yoldaşını itirməyilə Səlim
müəllimin düçar olduğu qəm-kədər
yükü elə ağır olub ki, bunu oxuyan hər kəs
böyük onun dərdinə şərik olmaya bilməz.
Kitabda diqqəti cəlb edən daha bir məqam Səlim
müəllimin dostları ilə olan münasibətidir. Bu münasibətlərdə
onun özünün "dostu axtar tap, tapdınsa qoru" kəlamı
özünə möhkəm yer tutub. Onun
ayrı-ayrı dostlarının timsalında
axtardıqları isə bütöv şəxsiyyətini səciyyələndirən
faktorlardır.
Səlim müəllimi sözün tam mənasında
böyük vətəndaş adlandırıram. Bu göstərici
isə onun uzun illər ərzində ona tapşırılan vəzifənin
öhdəsindən ləyaqətlə gəlməsindədir.
Öz dostlarını dəyərləndirərkən
bu keyfiyyəti də önə çəkir. Onun
işlətdiyi başqa bir "Ata xəzinə,
qardaş arxa, dayaq, dost hər ikisidir" kəlamı da dostlarına verdiyi dəyərin
diqqətəlayiq təzahürüdür.
Dünya şöhrətli alim, akademik Xudu Məmmədov
haqqında çox yazılıb və bundan sonra da heç
şübhəsiz, yazılacaq. Çünki belə
adamlar canlı tarixə çevrilir və onun səhifələrindən
heç vaxt düşmür. Bu kitabda da
onun haqqında çox deyilir. Lakin indiyədək
yazılanların heç birinə bənzəmir. Buna görə də Səlim müəllimin Xudu Məmmədov
haqqında yazdıqlarından bəzilərini daha geniş
oxucu kütləsi olan qəzet səhifəsinə
köçürməyi lazım bilirəm.
"Balaca Xudu təbiəti çox sevirdi. O, sadəcə təbiət
aşiqi, təbiət vurğunu deyildi, təbiətdə
baş verən hər şeylə maraqlanırdı. Xırda bir tapıntı onu sevindirirdi. Bizim kəndin yaxınlığında Qar-qar
çayı var. Sel gələndə axıb Araz
çayına qədər gedir. O, tez-tez Qar-qar
çayının yatağına gedib nə isə
axtarardı. Bir gün məktəbə gələndə
cibindən qarğa, sağsağan yumurtasına oxşayan
üç-dörd qoz boyda boz rəngli xırda daş
çıxarıb bizə göstərdi və dedi ki, bunun adına "zəy" deyirlər. Dedi ki, bu
daş bulanıq suyu duruldur. O, bankada bulanıq su tapıb gətirdi
və əlindəki daşın hər ikisini bankaya saldı.
5-10 dəqiqədən sonra su dupduru, göz
yaşı kimi oldu. Biz çox təəccübləndik.
Bir gün o, bizi yenə təəccübləndirdi.
Müharibə illərində çox şey
tapılmırdı, o cümlədən də kibrit. O,
günlərin birində yenə cibindən boz rəngli bir
daş çıxardı, dedi ki, istəyirsiniz daşla ocaq
qalayım. Biz onun danışığına,
elədiklərinə mat qamışdıq. Məktəbin qoca, yaşlı gözətçisi
var idi. Onu çağırdı ki, baba, gəl
bura. Baba papiros çəkən idi.
Dedi baba, gətir papirosunu yandırım. Kişi
cibindən tütün torbasını çıxardı, bir
qəzet parçasının arasına tütün doldurdu və
dayandı. Dedi, bala, spiçkam yoxdur. Xudu
cibindən yastı bir daş çıxartdı, kişidən
bıçaq alıb daşa sürtdü, bərkdən
daşa vurdu, daşdan qığılcım
çıxdı, baba papirosunu yandırdı. Dedi buna
çaxmaq daşı deyirlər. Baba
daşı Xudunun əlindən aldı və "ay
çoxbilmiş, bunu hardan almısan"soruşdu. Dedi, "Qar-qar
çayından".
Bu parça sonralar canlı əfsanəyə
çevrilmiş Xudu Məmmədovun elə anadan böyük
tədqiqatçı kimi doğulmasının parlaq nümunəsidir.
Müəllif
onun haqqında yazdıqlarını faşizmin həbs
düşərgəsində can vermiş böyük tatar
şairi Musa Cəlilin bir sözü ilə bitirir:
"Xoşbəxt o adamdır ki, öləndən sonra
yaşayır". Və müəllif: "Bəli, Xudu müəllim
ölməyib, o, onu sevənlərin qəlbində həmişə
yaşayır və yaşayacaq".
Belə adamları yaşadan isə elə Səlim
müəllim kimi xalqın sevimli, ziyalı
övladlarıdır.
Kitabda verilmiş və Səlim müəllimə həsr
olunmuş xatirələr, yazılar da çox ibrətamizdir.
Kitab
gözəl şairimiz Əliağa
Kürçaylının (mənim 30 illik böyük dostum
olub və bir neçə kitabımda onun dost fədakarlığından
bəhs etmişəm) bir şeir bəndi ilə
yekunlaşır:
"Bircə
xatirəni yaşatsa insan,
Bütün ömrü boyu bəlkə bəsidir.
Ürəyi
kövrəldən, gözü yaşardan,
O uzaq illərin
xatirəsidir".
Bəs Səlim
müəllimin bu kitabında onlarda insanı kövrəldən,
göz yaşlarına səbəb olan xatirələri nəzərə
alsaq onun necə böyük bir iş gördüyünü
deməmək olarmı? Vətənimizi zənginləşdirən,
xalqımıza doğru yolu göstərən belə
ziyalılarımıza eşq olsun!
Sadıq Murtuzayev
Filologiya üzrə fəlsəfə
doktoru, "Qızıl qələm" mükafatı
laureatı
525-ci qəzet.-
2014.- 18 fevral.- S.8.